Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Yeni ildə görüləsi işlərimiz çoxdur

Yeni ildə görüləsi işlərimiz çoxdur

10.01.2012 [16:36]

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyev www.yap.org.az saytına müsahibə verib:
- Timuçin müəllim, ötən 2011-ci ili hansı xatirələrlə yola saldınız?
- 2011-ci ili xatırlayarkən ilk növbədə bunu qeyd etmək lazımdır ki, son illər Azərbaycan üçün, ümumiyyətlə, uğurlu olmuşdur və 2011-ci il də bu baxımdan istisna deyil. Zənnimcə, əsas nailiyyətlərimiz iqtisadiyyatın möhkəmləndirilməsində, qeyri-neft sektorunun inkişaf etdirilməsində, beynəlxalq layihələrin reallaşdırılmasında və digər sahələrdə müşahidə edilib. Bütün bunlar dövlət başçımızın ardıcıl, məqsədyönlü siyasətinin nəticəsidir.
Yola saldığımız 2011-ci ildə Bakının və digər şəhərlərimizin siması daha da gözəlləşmişdir. Yeni, möhtəşəm binaların tikilməsi, yolların və körpülərin salınması, yeni parkların, fəvvarələrin, konsert, idman komplekslərinin və digər obyektlərin istifadəyə verilməsi bir ziyalı kimi, bir azərbaycanlı kimi məni sevindirir.
Statistik məlumatlar göstərir ki, 2011-ci ildə respublikamızda 100 minə yaxın yeni iş yeri yaradılmışdır. Bu, yaxşı hadisədir. Əgər ölkəmizdə yeni iş yerləri açılırsa, deməli iqtisadiyyat da inkişaf edir, ölkənin iqtisadi potensialı qüvvətlənir, işsizliyin faizi aşağı düşür. Artıq neçə ildir ki, dünya iqtisadiyyatını bürümüş kəskin maliyyə böhranının təsiri 2011-ci ildə də bir çox ölkələrdə özünü göstərmişdir. Dünyanın əksər ölkələrində, o cümlədən iqtisadi baxımdan inkişaf etmiş ölkələrdə bu böhranın nəticələrini insanlar hələ də hiss edirlər. Lakin Azərbaycan bundan yan keçmişdir. Bu, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Onun siyasi kursunun layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən Azərbaycan dövlətçiliyinin düzgün inkişaf yolunda olmasının bariz göstəricisidir.
2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi uğurlu xarici siyasətimizin, diplomatiyamızın dünya birliyində nüfuz qazanmasının nümunəsi kimi dəyərləndirilə bilər.
2011-ci ilin yaddaqalan, xoş ovqat yaradan hadisələrindən danışarkən milli mədəniyyətimizin nailiyyətlərini də xatırlamamaq olmaz. Bədii təhsil sisteminin təmsilçisi olduğuma görə bu məsələ mənim üçün xüsusi çəkiyə malikdir. Azərbaycanın mədəniyyət xadimləri ötən illərdə olduğu kimi, 2011-ci ildə də bir sıra ciddi uğurlara imza atıblar. Respublikamızda muğam müsabiqələri, beynəlxalq festivallar, korifey sənətkarlarımızın yubileyləri keçirilmişdir. Azərbaycan mədəniyyətinin xarici ölkələrdə tanınması, muğam sənətimizin, digər sənət incilərimizin dünyanı heyran qoyması hamı kimi məni də fərəhləndirir. Bu mühüm işlərdə, həmçinin yeni xəstəxanaların, məktəblərin tikilməsində, paytaxtda və bölgələrdə abadlıq işlərinin aparılmasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın xidmətləri böyükdür.
- Hörmətli professor, Siz mədəniyyət və incəsənət sahəsindəki uğurlardan danışdınız. Siz həm də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektorusunuz. İlin mədəniyyət uğurlarının əldə olunmasında rəhbərlik etdiyiniz universitetin payı varmı?
- Əlbəttə var. Bütün dövlət tədbirlərində, qeyd etdiyim beynəlxalq festivallarda iştirak edən sənət adamlarının əksəriyyəti bizim universitetimizin müəllim və tələbələridir.
İstər 2011-ci ildə, istərsə də ondan əvvəlki illərdə tələbələrimiz peşəkar səviyyə nümayiş etdiriblər. Onlar həm Azərbaycanda, həm də xarici ölkələrdə keçirilən bir çox nüfuzlu beynəlxalq festivallarda uğur qazanmışlar. Bununla təmsilçilərimiz təkcə universitetimizi deyil, həm də Azərbaycan mədəniyyətini təbliğ edirlər. 2011-ci ildə tələbələrimiz bir çox beynəlxalq müsabiqələrin, festivalların iştirakçısı olmuş, mükafatlarla geri dönmüşlər. Kino sənəti sahəsində 2011-ci ildə Tiflisdə reallaşan “Amirani” Beynəlxalq Tələbə Film Festivalını xatırlamaq yerinə düşər. Tələbəmiz Rəşad Səmədovun “Səkkiz” adlı sənədli filmi və “Yuxu” adlı bədii filmi bu festivalda diploma layiq görülmüşdür. Aprel ayında Qazaxıstanda keçirilən “Bastau” I Beynəlxalq Tələbə Debüt Filmləri Kinofestivalında təmsilçimiz Murad Muradov “Kənar” filminə görə mükafat almışdır. İranda keçirilmiş başqa bir festivalda - “100 saniyəlik filmlər festivalı”nda tələbəmiz Röyal Əliyevin “Başdaşı” adlı filmi beynəlxalq jüri tərəfindən yüksək qiymət almışdır.
Teatr sənəti sahəsində də tələbələrimizin beynəlxalq miqyasdakı müvəffəqiyyətləri göz qabağındadır. Yola saldığımız 2011-ci ilin noyabr ayında Qazaxıstanın Almatı şəhərində keçirilən tələbələrin I Teatr Festivalında universitetimizin “Aktyor sənəti” fakültəsinin II və III kurs tələbələri iştirak etmiş, festivalın ali mükafatı olan “Qran-pri” mükafatını almışlar. Tələbələrdən Vaqif Əzizov, Səbinə Namazova və Aytən Hacıyeva xüsusi sertifikatlarla mükafatlandırılmışlar. Aydın məsələdir ki, xarici ölkədə “Qran-pri”nin alınması, onun məhz Azərbaycana gətirilməsi çox böyük hadisədir. Bu, Azərbaycan təhsilinin, o cümlədən bədii təhsilin nüfuzundan, onun beynəlxalq aləmdə tanınmasından xəbər verir.
ötənilki “Muğam” müsabiqəsində universitetimizin “Musiqi sənəti” fakültəsində təhsil alan Nigar Şabanova müsabiqənin laureatı adını qazanmışdır. Əlbəttə, “Musiqi sənəti” fakültəmizin tələbələrinin bu və digər nailiyyətləri tədrisin peşəkarlığından, burada çalışan böyük, nüfuzlu sənətkarların zəngin pedaqoji təcrübəsindən, tələbə ilə işləmək məharətindən irəli gəlir.
“Rəssamlıq sənəti” fakültəmizin tələbələri də ötən ildə uğurlar əldə etmişlər. Rəssam tələbələrimiz may ayında İstanbul Marmara Universitetinin təşkil etdiyi Beynəlxalq Tələbə Rəsm Sərgisində iştirak etmiş və mükafatlandırılmışlar.
- Məlumdur ki, yaxın gələcəkdə respublikamızda teatr təhsilinin 90 illiyi qeyd olunacaqdır. Hörmətli professor, bu elə Sizin universitetin 90 illiyi demək deyilmi?
- Doğrudur, bu, elə bizim universitetimizin 90 illiyi deməkdir. çünki, Şərq aləmində unikal hadisə olan ilk dövlət teatr təhsili məhz Azərbaycanda, 1923-cü ildə yaradılmışdır. Bu işdə unudulmaz sənətkarımız Şövkət Məmmədovanın xidmətləri böyükdür. Onun təşəbbüsü ilə yaradılmış Teatr məktəbi böyük inkişaf prosesi keçərək artıq neçə illərdir ki, universitet statusu qazanmışdır.
Şübhəsiz ki, bu əlamətdar tarixi hadisəyə universitetimiz ciddi hazırlaşır. Hazırda biz ali məktəbimizin tarixini işıqlandıran kitab üzərində işləyirik. Universitetimizin “Ədəbi yaradıcılıq və ekran dramaturgiyası” kafedrasının dosenti, hörmətli dramaturqumuz Əli Əmirli respublikamızda teatr təhsili tarixinə aid pyes üzərində işləyir. Yəqin ki, bu pyes yubileyə qədər tamaşaya qoyulacaqdır.
Fərəhli haldır ki, bugünkü gəncliyimiz vaxtilə teatr məktəbində çalışmış Cəfər Cabbarlı, Hüseyn Cavid, Aleksandr Tuqanov kimi ədəbi-bədii şəxsiyyətlərin, böyük sənətkarlarımız Rza Təhmasib, Mirseyfəddin Kirmanşahlı, Kazım Ziya, rejissurada Ədil İsgəndərov, Mehdi Məmmədov, Məhərrəm Haşımov, Tofiq Kazımov, musiqi sahəsində maestro Niyazi, Aleksandr Milovanov, Hacı Xanməmmədov, Lütfiyar İmanov, Gülarə Əliyeva, rəssamlıq sahəsində Tahir Salahov, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Lətif Kərimov kimi sənətkarların ənənələrini davam etdirməyə çalışırlar. Burada dərs demiş tanınmış nəzəriyyəçi alimlərimizdən Cəfər Cəfərov, Kərim Kərimov, Məmməd Cəfər Cəfərov, eləcə də, Əli Sultanlı, Feyzulla Qasımzadə, Əkbər Ağayev, Əhməd İsazadə və başqalarının fəaliyyəti digər korifey sənətkarlar kimi, 90 illiklə bağlı nəşr edəcəyimiz kitabda işıqlandırılacaqdır. Adlarını çəkdiyim bu görkəmli şəxsiyyətlərin hər birinin universitetimizin inkişafında, xüsusilə, tarixən daha zəngin ənənələri olan teatr təhsilinin, aktyor və rejissor peşəkarlığının inkişafında özünəməxsus, böyük xidmətləri olmuşdur.
- Siz teatr təhsilindən söz saldınız. Yaşadığımız dövrdə Azərbaycanda bu təhsilin inkişafı, dünya standartlarına uyğunlaşdırılması sahəsində nə kimi işlər görülür?
- Teatr təhsilinin inkişafı üçün, əlbəttə, müəyyən işlər görülmüşdür. Ancaq qarşıda görüləsi işlər çoxdur. Xüsusən teatr təhsilinin maddi-texniki bazasının möhkəmləndirilməsi, aktyor və rejissor ixtisasları üzrə təhsil alan tələbələrin beynəlxalq festivallarda iştirakına maneçilik törədən problemlərin aradan qaldırılması və nəhayət, Şərqdə ilk dəfə 90 illiyi qeyd olunacaq tədbirin dövlət səviyyəsində keçirilməsi teatr təhsilinin inkişafı üçün əlamətdar hadisə olardı.
Bununla belə, MDB ölkələri içərisində ilk dəfə məhz Azərbaycanda 2006-cı il 29 dekabr tarixində möhtərəm Prezidentimiz İlham Əliyevin “Teatr və teatr fəaliyyəti haqqında”, 19 fevral 2007-ci ildə “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” qanunları, eləcə də “”Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında” 18 may 2009-cu il tarixli Sərəncamı imzalaması bizi sevindirir. Bütün bunlar bizə ümid verir ki, teatr təhsilinin 90 illiyi haqqında da xüsusi sərəncam olacaqdır.
- Son olaraq sizə ənənəvi sual vermək istərdim. Yeni, 2012-ci ildən nə gözləyirsiniz?
- Hər bir insan gələcəyə ümidlə baxır və hələlik reallaşdıra bilmədiyi arzularını yeni ildə reallaşdırmaq arzusu ilə yaşayır. Hər bir azərbaycanlı kimi, mənim də yeni ildə baş tutacağını gözlədiyim ən böyük arzum torpaqlarımızın işğaldan azad olmasıdır. Arzu edirəm ki, növbəti ili qaçqın və məcburi köçkünlərimiz öz doğma el-obalarında qarşılasınlar. Məncə hər bir azərbaycanlı üçün bundan daha böyük arzu ola bilməz.
Paylaş:
Baxılıb: 985 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30