Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycan yaxın illərdə Türkiyənin ən böyük sərmayədarına çevriləcək

Azərbaycan yaxın illərdə Türkiyənin ən böyük sərmayədarına çevriləcək

07.06.2012 [01:00]

Kənan Yavuz: SOCAR-ın inşa etdiyi STAR neft emalı zavodu Türkiyənin sənayeləşmə tarixində ən mühüm addımdır
Bakı Expo Mərkəzdə öz işinə başlayan 19-cu Beynəlxalq Xəzər Neft və Qaz, Neftayırma və Neft Kimyası sərgisində (“Casrian Oil & Gas-2012”) Azərbaycan Prezidenti İlham Əliyevin ziyarət etdiyi pavlyonlardan biri də, Türkiyənin “Petkim” şirkəti olub. SOCAR-Türkiyə şirkətinin sədri və “Petkim”in idarə heyətinin üzvü Kənan Yavuz dövlət başçısına Azərbaycan tərəfinin sərmayəsi ilə yenidən qurularaq genişləndirilən Türkiyənin bu nəhəng neft-kimya kompleksində aparılan işlər barədə ətraflı məlumat verib. öz növbəsində Azərbaycan Prezidenti kompleksin gələcək fəaliyyəti ilə bağlı tövsiyələrini bildirib. Əməkdaşımız fürsətdən istifadə edərək SOCAR-Türkiyə şirkətinin sədri Kənan Yavuzla görüşərək, çox yaxın illərdə Egey bölgəsinin mühüm sənaye kompleksinə çevriləcək bu meqalayihənin icra vəziyyəti ilə maraqlanıb:
- Kənan bəy, hazırda “Petkim”də Azərbaycanın sərmayəsi ilə inşa olunan STAR neft emalı zavodunun tikintisi hansı mərhələdədir?
- Bildiyiniz kimi, təməli ötən il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulmuş STAR neft emalı zavodunun ərazisində sahənin tikinti üçün hazırlanması işləri sürətlə davam edir. Hazırda, 150 yük maşını, hər gün 24 saat çalışır. ümumilikdə “Petkim” Əliağa kompleksi ərazisindən 10 milyon kubmetrdən artıq torpağın daşınması nəzərdə tutulur. Qeyd edim ki, zavod istismara buraxıldıqdan sonra Türkiyənin neft-kimya sektorunun xammaldan asılılığı minimuma enməklə yanaşı, Egey bölgəsinin iqtisadiyyatına böyük töhfə verəcək. Eyni zamanda, müəssisə Əliağa qəsəbəsini Türkiyənin önəmli sənaye mərkəzinə çevirəcək. Məlumat üçün bildirim ki, bu həftənin əvvəlində Hollandiyada neft emalı zavodu inşa edəcək şirkət öz təkliflərini açıqlayıb. Bütün işlərimiz planauyğun şəkildə həyata keçirilir və inşallah, heç bir problemlə üzləşmədən, 2015-ci ilin sonunda biz bu zavodun tikintisini başa çatdıracağıq.
- ümumilikdə, ARDNŞ tərəfindən “Petkim”ə hansı həcmdə sərmayə yatırılması planlaşdırılır?
- Məlumat üçün bildirim ki, “Petkim” kompleksi yarımadanın əsas hissəsini əhatə edir. Odur ki, hazırda, Türkiyədə “Petkim” deyəndə təkcə şirkət başa düşülmür, bu ifadə həm də tam bir sənaye kompleksinə çevrilmiş yarımada kimi qəbul edilir. Beləliklə, Azərbaycan Dövlət Neft Şirkətinin(ARDNŞ) Türkiyədə yaratmış olduğu SOCAR-Türkiyə şirkəti “Petkim” yarımadasında təqribən 9 milyard dollarlıq bir layihə gerçəkləşdirməyi planlaşdırıb. Növbəti mərhələdə isə bu sərmayələrin həcminin 17 milyard dollaradək artacağı nəzərdə tutulur. Həmin sərmayənin təqrirbən 5 milyard dollardan artığı STAR neft emalı zavodunun inşasına sərf olunacaq. 2015-ci ildə istifadəyə veriləcək və 10 milyon ton istehsal gücü olan zavodda əsasən, dizel yanacağı, müxtəlif çeşiddə yağlar istehsal olunacaq. Bu məhsullardan həm “Petkim”in daxili tələbatı üçün istifadə ediləcək, həm də xarici bazarlarda satılacaq. Məlumat üçün bildirim ki, “Petkim” indiyədək ildə 2 milyon ton xammalı xaricdən idxal etməkdədir. Zavodun istismara verilməsi “Petkim”i bu asılılıqdan qurtaracaq. Bundan əlavə, ARDNŞ-in sərmayələrinin bir hissəsi Türkiyədə qurmuş olduğu SOCAR-Power enerji şirkətinin inşasına yönələcək. 600 MVt gücü olacaq bu elektrik stansiya “Petkim” kompleksini fasiləsiz elektrik enerjisi ilə təmin edəcək. Stansiyada yanacaq kimi STAR neft emalı zavodunda istehsal prosesi zamanı yaranan tullantılar və daş kömürdən istifadə olunacaq. Elektrik stansiyasının tikintisi ARDNŞ-in müvafiq strukturları tərəfindən həyata keçiriləcək. Bu iki müəssisənin tikintisi demək olar ki, paralel aparılacaq və eyni vaxtda yekunlaşacaq. Sərmayələrin digər hissəsi isə konteyner limanının inşasına sərf olunacaq. Artıq bu məqsədlə, Hollandiyanın “APM Terminals” şirkəti ilə müvafiq sənəd imzalanıb. Limanın 2014-cü ildə istifadəyə verilməsi nəzərdə tutulur. Xatırladım ki, “APM” şirkəti konteyner daşımaçılığı sahəsində dünyanın ən böyük 3-cü şirkətidir. Odur ki, liman istifadəyə hazır olduqdan sonra, 30 il müddətinə beynəlxalq yüklərin daşınmasında böyük təcrübəyə sahib “APM”ə icarəyə veriləcək. Yeri gəlmişkən, qeyd edim ki, gələn ay İzmirdə limanın rəsmi təməlqoyma mərasimi təşkil ediləcək. Başqa sözlə, 2015-2016-cı illər üçün hədəflədiyimiz layihələr gerçəkləşdikdən sonra, SOCAR-Türkiyənin gəlirləri 15 milyard ABŞ dollarına çatacaq. Beləliklə, SOCAR-Türkiyə , “Koç” qrupundan sonra, Türkiyənin ən gəlirli ikinci böyük şirkətinə çevriləcək. Məlumat üçün bildirim ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən 2023-cü ildə Türkiyənin ticarət dövriyəsinin 500 milyard dollara yüksəldilməsi qarşıya bir hədəf kimi qoyulub. SOCAR-Türkiyə də eyni zamanda, 2015, 2023 və 2030-cu illər üçün özünün hədəflərini müəyyənləşdirib. Müxtəlif mərhələlərlə icra olunacaq bu layihələrin həyata keçirilməsi ilə, inşallah, SOCAR-Türkiyə həm ölkə iqtisadiyyatına yatıracağı sərmayə, həm də, malik olduğu gəlirləri ilə Türkiyənin birinci -lider şirkəti olacaq.
- Kənan bəy, proqnozlar öz yerində, amma, dünya iqtisadiyyatında gedən prosesləri də nəzərə almaq lazımdır. Böhran, rəqabətə davamlı məhsul istehsalı kimi məsələlər sizi narahat etmir ki?
- Əvvəla onu deyim ki, bizim istehsal etdiyimiz məhsullar dünya bazarlarında daim rəqabətə dözümlü olacaq. Bu, ilk növbədə onunla bağlıdır ki, müəssisələrdə xammal kimi öz neftimizdən istifadə olunacaq. ARDNŞ nefti Ceyhan limanından gəmilərlə STAR zavoduna gətirilərək burada emal olunacaq. Bu isə məhsullarımızın maya dəyərinə əsaslı şəkildə öz təsirini göstərəcək. Odur ki, dünya bazarlarındakı böhran, yaxud rəqabət bizi narahat etmir. Doğrudur, etiraf etməliyiəm ki, Türkiyənin iqtisadiyyatı müəyyən mənada Avropa iqtisadiyyatı ilə sıx bağlıdır. Avronun məzənnəsinin tez-tez düşüb-qalxması, eləcə də, dünya bazarlarında neftin qiymətinin “oynaması”, böhran səbəbindən satış bazarlarının sayının məhdudlaşması müəyyən dərəcədə ölkə iqtisadiyyatına da təsir edə bilər. Amma, ümid edirəm ki, bu təsir çox da böyük olmayacaq. çünki, Türkiyə iqtisadiyyatı hazırda çox sürətlə inkişaf edir. Türkiyə qardaş Azərbaycanın simasında özünə layiqli tərəfdaş tapa bilib. Azərbaycan regionun ən böyük enerji potensialına malik ölkələrindən biri, Türkiyə isə, enerjiyə- neft və təbii qaza ehtiyacı olan ölkədir. Təbii olaraq, Türkiyə öz qarşısına qoyduğu hədəflərə yalnız Azərbaycanla birgə nail ola bilər.
- Yeri gəlmişkən, ARDNŞ artıq bir sıra Avropa ölkələrində özünün yanacaqdoldurma şəbəkəsini yaradıb. Bu təcrübə Türkiyədə də gerçəkləşəcəkmi?
- SOCAR-Türkiyə olaraq, bu, bizim yaxın hədəflərimizə daxil deyil. Hələlik yuxarıda sadaladığım layihələr, eləcə də, bir sıra digər kiçik layihələrin, o cümlədən, yarımadada külək enerjisindən istifadəni nəzərdə tutan mərkəzin yaradılması layihəsinin reallaşmasına diqqət yetiririk. Amma, heç də istisna deyildir ki, qarşıdakı illərdə, ARDNŞ bir sıra Avropa ölkələrində uğurla həyata keçirdiyi bu layihəni-yanacaqdoldurma stansiyaları şəbəkəsini Türkiyədə də reallaşdıra bilər. Təbii, bunun üçün yeni neft emalı zavodunun tikintisinə ehtiyac duyulacaq.
- Layihələrin uğurlu alınmasında kadr potensialı böyük önəm daşıyır. Bəs bu istiqamətdə nə kimi işlər görülür?
- Məlum olduğu kimi, ARDNŞ “Petkim”in əvvəlcə 70 faizinə sahib idi. Kompleksin yerdə qalan 30 faiz səhmlərini də İstanbul birjası vasitəsi ilə əldə etdikdən sonra, ARDNŞ müəssisənin tamhüquqlu sahibinə çevrildi. Buna paralel olaraq, kadr potensialına da ciddi önəm verməyə başladı. Əvvəllər ARDNŞ-in strukturlarında çalışmış bir çox mütəxəssislər xarici ölkələrdən təkrar buraya dəvət olundular. ARDNŞ-in struktur bölməsi olan “Azərikimya” şirkətində çoxlu mütəxəssis-kadrlar çalışırlar. Onların təcrübəsindən də yararlanırıq. Eyni zamanda, 40 illik təcrübəsi olan “Petkim”in güclü kadr potensialı var. Hesab edirəm ki, həm Azərbaycan tərəfdə, həm Türkiyə tərəfində güclü neftçi-kimyaçı kadr potensialı mövcuddur və biz öz fəaliyyətimizdə bu potensial bazadan yararlanmağa çalışırıq. Amma bununla belə, yeni mütəxəssis kadrların hazırlığına da ciddi önəm veririk. Ən önəmlisi isə odur ki, Azərbaycan və Türkiyənin qardaşlıq simvoluna çevrilmiş “Petkim” layihəsi həm Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev, həm də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən dəstəklənir. Və bu dəstək bizi yeni-yeni nailiyyətlər əldə etməyə stimullaşdırır. Əminəm ki, SOCAR-Türkiyənin Avropanın ən nəhəng və rəqabətə dözümlü şirkətlərindən birinə çevriləcəyi gün çox da uzaqda deyil.
Səlim Loğmanoğlu
Paylaş:
Baxılıb: 1127 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30