Azərbaycanda biliklər iqtisadiyyatının formalaşması inkişafın yeni strateji hədəflərindəndir
22.06.2012 [10:31]
- Rasim müəllim, qloballaşan dünyada informasiya texnologiyaları bütün fəaliyyət sahələrinə nüfuz edib. Bu gün cəmiyyət elə bir inkişaf dövrünü yaşayır ki, müasir texnologiyalar tətbiq edilmədən bu tərəqqiyə nail olmaq mümkün deyil. Bu mənada, Azərbaycanda İKT-nin inkişaf səviyyəsini necə dəyərləndirirsiniz?
- çağdaş dövrdə informasiya texnologiyaları cəmiyyətin həyatında mühüm rol oynayır. Bu gün modernləşmə prosesinin vüsət alması, ilk növbədə, informasiya texnologiyalarının dinamik inkişafını tələb edir. ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyən edilib. Prezident İlham Əliyevin İKT-nin inkişafı və tətbiqinin geniş miqyas almasına yüksək səviyyədə diqqət və qayğı göstərməsi sayəsində bu sahənin əhəmiyyətli inkişaf meylləri qeydə alınır.
Cari ildə keçirilmiş Davos İqtisadi Forumundan sonra hazırlanmış “Qlobal informasiya texnologiyaları hesabatı”nda Azərbaycanın 61-ci yerdə qərarlaşması bu sfera üzrə innovativ inkişafdan xəbər verir. Əlbəttə ki, belə bir inkişaf tempinin qeydə alınması Azərbaycanda bu sahədə məqsədyönlü siyasətin uğurla həyata keçirilməsinin göstəricisidir.
Amerikalı sosioloq və futuroloq, “Postindustrial cəmiyyət” ideologiyasının banilərindən biri Elvin Tofflerin təbirincə desək, “üçüncü dalğa” adlandırılan informasiya cəmiyyəti artıq Azərbaycanda bərqərar olmaqdadır. Telekommunikasiya infrastrukturu modernləşir, dünyanın qabaqcıl texnologiyalarından istifadə edilir və bu proses fasiləsiz olaraq davam edir. Bu gün hər bir Azərbaycan vətəndaşı informasiya texnologiyaları ilə bu və ya digər səviyyədə təmasdadır. Rəsmi statistikaya görə, Azərbaycanda hər 100 nəfərə 110 mobil telefon düşür və ölkə əhalisinin 60 faizindən çoxu İnternetlə əhatə olunub.
Bu yaxınlarda ölkəmizdə “Evrovision” beynəlxalq mahnı müsabiqəsi keçirildi. Azərbaycan İnterneti bu nüfuzlu tədbirin sınağından uğurla çıxdı. “Evrovision - 2012” müsabiqəsi çərçivəsində hər yerdə İnternetə çıxışı təmin etmək üçün lazımi infrastrukturun qurulması buna bariz nümunədir. Bakı şəhəri ərazisində turistlərə pulsuz olaraq istənilən yerdə şəbəkəyə çıxışa imkan verən İnternet köşkləri şəbəkəsinin genişləndirilməsi, müsabiqə biletlərinin onlayn satışı, qabaqcıl texnologiyaların imkanlarından geniş istifadə və elektron xidmətlər yüksək səviyyədə təşkil edilmişdir.
- İnformasiya cəmiyyətinin tələblərindən bəhs edərkən, istərdik, bu sosiumun əsas komponentlərindən danışasınız.
- İnformasiya əsrində cəmiyyətin idarə olunmasında, hakimiyyət orqanlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarından istifadə xüsusi yer tutur. Bütün bunların fonunda informasiya cəmiyyəti quruculuğu elə bir mərhələyə çatıb ki, ölkəmizdə bu cəmiyyətin idarə olunması missiyasını həyata keçirən elektron dövlət formalaşır. Bu, həm hakimiyyət orqanlarının fəaliyyətinin səmərəlilik səviyyəsini artırır, həm də hakimiyyət-vətəndaş münasibətlərinin inkişafına müsbət töhfələr verir.
Yeni cəmiyyətin formalaşmasında mühüm komponentlərdən biri İKT bazası əsasında göstərilən xidmətlər vasitəsilə dövlət idarəçiliyi orqanları, vətəndaş və biznesin qarşılıqlı effektiv fəaliyyət sisteminin, yəni “e-hökumət”in yaradılması və inkişafıdır. Bu gün Azərbaycanda İKT-nin milli inkişaf strategiyası, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)” həyata keçirilir. “e-dövlət”in tərkib hissəsi olan “e-hökumət”in bərqərar olması istiqamətində mühüm işlər görülür.
Dövlət başçısı İlham Əliyevin göstərişilə bütün qurumlar elektron xidmət sistemini tətbiq etməkdədir ki, bu da informasiya cəmiyyətinin təşəkkülündə mühüm əhəmiyyət kəsb edir. Elektron fəaliyyətin formalaşdırılması həm zamanın tələbidir, həm də vətəndaşların elektron xidmətlərin üstünlüklərindən istifadə etməsi baxımından zəruri şərtdir. çünki cəmiyyətin bütün üzvlərinin öz fəaliyyətlərində informasiya texnologiyaları vasitələrindən geniş istifadə etməsi digər amillərlə yanaşı, onların müəyyən problemlərinin həllində vacib rol oynayır, dövlət idarəçiliyində şəffaflığın və səmərəliliyin artırılması, o cümlədən həyat səviyyəsinin yaxşılaşdırılması baxımından da mühüm əhəmiyyət kəs edir. Deməli, onların əmək alətləri kompyuterlər, mobil telefonlar, veb-saytlar və s. olur. BMT-nin “Elektron hökumətə hazırlıq indeksi”nə görə Azərbaycanda “e-hökumət”in formalaşdırılması prosesi olduqca yüksək qiymətləndirilir. Bu da təsadüfi deyildir. Ona görə ki, ölkəmizdə elektron hökumətin qurulması dünya təcrübəsinə əsaslanır. Bu sahədə aparıcı ölkələrin nailiyyətləri ilə yanaşı, həm də uğursuzluqları öyrənilir. çünki elektron hökumətin qurulması təkcə texnoloji proses deyil. Burada texnoloji məsələlərlə yanaşı, qanunvericilik bazası təkmilləşdirilməli, normativ-hüquqi baza yenilənməli, bu sahə üzrə müvafiq biliklər artırılmalı, milli kadrlar yetişdirilməlidir.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun qarşısında duran vəzifələrdən biri də məhz elektron dövlətin qurulmasının elmi-nəzəri əsaslarının işlənməsi və əldə olunmuş nəticələrin praktik olaraq tətbiq olunmasıdır. Bu gün institutda “e-hökumət” quruculuğunun müxtəlif problemlərinə həsr olunmuş mühüm araşdırmalar aparılır, dissertasiya işləri müdafiə edilir.
- Məlumdur ki, demokratik dəyərlərin vüsət almasında informasiya texnologiyalarının yaratdığı imkanlar hüdudsuzdur. Bu texnologiyalar ictimai fikrə təsir baxımından güclü təbliğat vasitəsidirlər, böyük təsiredici imkanlara malikdirlər...
- Belə bir aksioma mövcuddur ki, informasiya cəmiyyətinin təşəkkül tapması istiqamətində davamlı və sistemli siyasət yürüdən ölkə, eyni zamanda, demokratik proseslərin inkişafına, onların daha da dərinləşməsinə geniş imkanlar yaradır. Belə ki, informasiyanın əldə edilməsi imkanlarının vətəndaşların əlindən alındığı bir ölkədə demokratiyadan bəhs etmək olmaz. İnformasiya, kommunikasiya demokratiyanın yanacağıdır, generatorudur. Bununla yanaşı, dövlət müstəqilliyini təmin edən ən mühüm komponentlərdən biri onun informasiya siyasətini, cəmiyyətin informasiya azadlığını təmin edən, xarici amillərdən asılı olmayan, yüksək imkanlara malik informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunan infrastruktura malik olmasıdır.
Bu gün informasiya texnologiyaları insanlar arasında münasibətlərin yaranmasında, o cümlədən bilik və təcrübə mübadiləsinin aparılmasında mühüm rol oynayır. İnsanlar bir-birilə operativ ünsiyyətə girir, informasiya mübadiləsi aparır. Deməli, bu sosiallaşma prosesini sürətləndirir və ictimai şüurun daha da inkişafı üçün zəmin yaradır. Əgər vaxtilə sosiallaşma, nəticə olaraq, ictimai şüurun formalaşması və inkişafı 100 illər tələb edirdisə, informasiya texnologiyalarının meydana çıxması sayəsində bu proses daha dinamik xarakter alıb. Hazırda İnternet, mobil telefon, sosial şəbəkələr və digər informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi nəticəsində fərdi insan resursları əsasında cəmiyyətin inkişafı üçün yeni, çox mühüm potensiala malik sosial kapital formalaşır. Bu proses eyni zamanda ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşmasına da böyük təkan verir.
Virtual dünyanın gətirdiyi təzahürlərdən biri də informasiya müharibəsidir. İnformasiya müharibəsi yeni cəmiyyətin ictimai-siyasi həyatında mühüm rol oynayır. Bəşər tarixinin 7-ci nəsil müharibəsi adlanan informasiya müharibəsinin digər müharibələrdən fərqli olaraq, sərhədi bilinmir və əsasən virtual xarakter daşıyır. Onun əsas aləti, silahı informasiyadır. Biz də bu vasitələrdən düzgün istifadə etməli, vacib bildiyimiz informasiyaları operativ olaraq ötürməyə çalışmalı və bu yolla Azərbaycan həqiqətlərini virtual məkanda dünyaya çatdırmalıyıq. Bu müharibədə informasiyanın ötürülməsinin müntəzəmliyi təmin olunmalıdır. çünki qarşı tərəf də dayanmır, onlar da öz informasiyalarını dünyaya ötürməkdə davam edirlər.
Biz bütün milli-mənəvi dəyərlərimizi, musiqimizi, elmimizi rəqəmsal formaya çevirməliyik. Onları müxtəlif dillərə tərcümə etdirməliyik ki, dünyanın hər yerində insanlar ölkəmiz, millətimiz, tarixi həqiqətlərimiz, milli-mənəvi dəyərlərimiz haqqında daha dəqiq məlumatlandırılsınlar. Bu işdə xüsusən də ziyalılarımız, alimlərimiz daha böyük təşəbbüs göstərməli, təbliğatın təşkili məsələlərində bütün qüvvələrini səfərbər etməlidirlər. Əgər belə olarsa, biz, informasiya müharibəsinə qarşı daha dayanıqlı olarıq.
Bütün bunların fonunda qeyd edə bilərik ki, demokratiya yolunu seçmiş Azərbaycanda informasiya cəmiyyətinin təşəkkül tapması istiqamətində təqdirəlayiq addımlar atılır. Cəmiyyətimizdə müsbətə doğru yeni keyfiyyət dəyişiklikləri qeydə alınır. Bu da Azərbaycanı dünyanın diqqət mərkəzinə çevirir.
- Elektron dövlət quruculuğu prinsipləri və tələblərinin müvəffəqiyyətlə həyata keçirilməsində başlıca amillərdən biri də bu sahədə yüksək ixtisaslı, peşəkar kadrların hazırlanmasıdır. İnstitutda bu istiqamətdə hansı işlər aparılır?
- Azərbaycanda biliklər iqtisadiyyatına inteqrasiya prosesinin vüsət alması inkişafın yeni strateji hədəflərindəndir. Bu proses İT və innovasiya sektorunda kadr hazırlığı siyasətinin təkmilləşdirilməsi məsələlərini zəruriləşdirmişdir. Bu isə, öz növbəsində, xarici dilləri mükəmməl bilən, informatika və İKT biliklərinə dərindən yiyələnən, beynəlxalq təcrübəni yüksək səviyyədə mənimsəyən mütəxəssislərə tələbat artımının göstəricisidir. Təsadüfi deyil ki, bu gün dünyanın inkişaf etmiş ölkələrində elektron dövlət quruculuğu prinsiplərinin müvəffəqiyyətlə həyata keçirilməsində bilavasitə iştirak edən aparıcı qüvvələr də məhz bu elmin dərinliklərinə yiyələnən, modern dövlət quruculuğu prinsiplərini mükəmməl bilən, İKT-nin müxtəlif fəaliyyət sahələrində səmərəli tətbiqi siyasətini uğurla həyata keçirən savadlı, kreativ, peşəkar və mobil şəxsiyyətlərdir.
İnformasiya Texnologiyaları İnstitutu da məhz bu hədəfləri rəhbər tutaraq yüksəkixtisaslı, böyük elmi-praktiki təcrübəyə malik kadrların yetişdirilməsi istiqamətində məqsədyönlü işlər aparır. İnstitutda gənc nəslin yeni cəmiyyətin tələblərinə uyğun olaraq formalaşması, milli kadr hazırlığı siyasətinin uğurla həyata keçirilməsi, lazımi biliklərin əldə edilməsində mühüm rol oynayan intellektual resursların artırılması, o cümlədən əhalinin kömpyuter billiklərinin artırılması, e-xidmətlərdən səmərəli istifadə üçün respublika üzrə regional tədris mərkəzlərində müvafiq kursların təşkili istiqamətində mühüm işlər aparılır ki, bu da e-dövlətin formalaşdırılmasında başlıca şərtdir.
Son illər elmin inkişafı və gənclərin keyfiyyətli təhsil alması ilə bağlı qəbul edilmiş dövlət proqramları da bu məqsədi daşıyır. Azərbaycanda hazırda yetərli qədər güclü elmi potensial vardır. Bu potensialdan məqsədyönlü şəkildə istifadə etmək lazımdır. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın əsas hədəfi də budur. İnstitut müvafiq nazirliklər, ali təhsil müəssisələri, komitə və təşkilatlarla da bu istiqamətdə həyata keçirilən innovativ layihələrdə yaxından iştirak edir.
ölkəmizdə informasiya cəmiyyətinin formalaşmasına bütün resurslar, eyni zamanda, universitetlərin, elmi-tədqiqat qurumlarının intellektual potensialı cəlb olunub. Bunun sayəsində biliklər iqtisadiyyatının formalaşması üçün etibarlı zəmin yaranır. Qeyd etmək lazımdır ki, artıq ölkələrin dünyadakı yeri, nüfuzu həm də bilik və savadla müəyyən edilir. Ona görə yeni cəmiyyətin tələblərindən olan biliklər iqtisadiyyatının formalaşmasına xüsusi diqqət yetirilməlidir.
- Yeni cəmiyyətin mühüm tərkib hissələrindən olan “e-elm”in vüsət alması dünyada diqqət mərkəzində olan məsələdir. Azərbaycanın İKT sahəsində elm siyasətini həyata keçirən qurum kimi bu istiqamətdə hansı tədbirlər görülür?
- ölkəmizdə “e-elm” siyasətinin bərqərar olması, dünyanın elmi şəbəkə qurumlarına inteqrasiya proseslərinin təşkili institutun qarşısında duran mühüm vəzifələrdəndir. İTİ-də bu istiqamətdə mərhələli şəkildə kompleks işlər həyata keçirilir. Bu yaxınlarda “e-elm”in şəbəkə platforması olan AzScienceNet elm kompyuter şəbəkəsinin İdarəetmə Mərkəzinin açılışı oldu. ölkədə “e-elm”in perspektivli inkişafında mühüm rol oynayan AzScienceNet AMEA-nın institut və təşkilatlarını zəruri olan şəbəkə xidmətləri ilə təmin edir. AMEA-nın elmi işçilərinin fəaliyyətinin yüksək səviyyədə, beynəlxalq tələblər əsasında qurulması məqsədlərinə xidmət edən Verilənlərin Emalı Mərkəzi (Data Center) yaradılıb. Bu isə, öz növbəsində, Azərbaycanın elmi-tədqiqat şəbəkəsinin Avropanın müvafiq şəbəkə infrastrukturuna inteqrasiyası baxımından mühüm addımdır.
Bu gün AzScienceNet-in istifadəçilərinə hostinq, distant təhsil, AZ-CERT, EduROAM və s. xidmətlərin göstərilməsi üçün şəbəkənin fəaliyyətinin yüksək səviyyədə təşkili istiqamətində texniki və təşkilati tədbirlər görülür. Aparılan bu işlər “Azərbaycan Respublikasında 2009-2015-ci illər üzrə Elmin İnkişafına dair Milli Strategiya” çərçivəsində həyata keçirilir.
- İnformasiya əsrində hər bir dövlətin sosial-iqtisadi qüdrəti, müdafiə qabiliyyəti və milli təhlükəsizliyi, cəmiyyətin mədəni-mənəvi tərəqqisi və xalqın rifahı elm və İT-nin inkişaf səviyyəsi ilə bilavasitə əlaqəlidir. Bu mənada ilin sonunda orbitə buraxılması planlaşdırılan Azərbaycanın süni peyki perspektiv baxımından nələr vəd edir?
- Azərbaycanın ilk süni peykinin Yerətrafı orbitə çıxarmağa hazırlaşması müstəqil Azərbaycan üçün çox böyük, taleyüklü hadisədir. çünki bir dövlət üçün ən mühüm strateji vəzifələrdən biri də müstəqil informasiya siyasətinin həyata keçirilməsidir. Əlbəttə ki, bunun üçün lazımi informasiya-kommunikasiya vasitələri, texnologiyaları olmalıdır. Peyk texnologiyaları, İnternet infrastrukturu qlobal informasiya-kommunikasiya sisteminin əsas manqalarıdır. Bu istiqamətdə Azərbaycan kifayət qədər nailiyyətlər əldə edib.
ölkəmizin Avropa və Asiya qitələri arasında əlverişli geoiqtisadi, coğrafi, eləcə də informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması, informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin orbitə çıxarılması Azərbaycanın regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Bu gün müstəqil informasiya siyasətini həyata keçirən və İKT infrastrukturuna malik olan Azərbaycanı informasiya blokadasına salmaq qeyri-mümkündür. Lakin bu siyasəti daha da inkişaf etdirmək və möhkəmləndirmək üçün peykin orbitə çıxarılması lazım idi. Azərbaycan, həm də seysmik zonada yerləşdiyi üçün təbii fəlakət zamanı yerüstü infrastruktur dağıla bilər. Ona görə də, vətəndaşlarımıza daha keyfiyyətli rabitədən istifadə imkanı yaratmaq, dövlət strukturlarının peyk rabitəsinə olan tələbatını ödəmək, regionlarda əhalinin teleradio yayımına artan tələbatını təmin etmək, ölkənin beynəlxalq rabitə kanallarının artırılması və kosmik fəzadan səmərəli istifadə etməklə iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və s. sahələri inkişaf etdirmək və digər zəruri vəzifələrin yerinə yetirilməsi üçün telekommunikasiya peykinə böyük ehtiyac var. Bu yaxınlarda telekommunikasiya peykinin istifadəyə verilməsi planlaşdırılır ki, bu da ölkəmizdə yeni bir sənaye sahəsinin - kosmik sənayenin formalaşmasına zəmin yaradır. ölkədə kosmik sənayenin yaradılmasına təkan verilməsi məqsədi ilə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın qəbulu qarşıya qoyulmuş strateji məqsədlərə - telekommunikasiya peyk şəbəkələrinin, kosmik informasiyanın qəbulu və emalı üzrə çoxfunksiyalı superkompyuter mərkəzinin yaradılması, bu sahə üzrə yüksəkixtisaslı, peşəkar mütəxəssislərin hazırlanması və s. nail olunmasında mühüm addımdır.
Nəticə etibarilə, İKT infrastrukturunu inkişaf etdirməklə Azərbaycan qlobal informasiya cəmiyyətinin və təhlükəsizlik sisteminin tərkib hissəsinə çevrilir. Bu, əlbəttə ki, 20 illik müstəqillik tariximizdə əldə etdiyimiz ən mühüm nailiyyətimizdir.
- Prezident İlham Əliyev ötən il “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması haqqında Sərəncam imzaladı. Cənab Prezidentin bu Sərəncamını necə qiymətləndirirsiniz?
- Azərbaycanın 2020-ci ilədək inkişafını özündə əks etdirəcək İnkişaf Konsepsiyasının hazırlanması olduqca taleyüklü məsələdir. Şübhəsiz, hazırki reallıqlar və nailiyyətlər Azərbaycan üçün parlaq perspektivlər vəd edir. Eyni zamanda, müxtəlif sahələr üzrə inkişafın yeni hədəflərinin müəyyənləşdirilməsi də xüsusi önəm kəsb edir. Məsələn, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində sistemli və ardıcıl işlər görülür. Təhsil və elm sahəsində təxirəsalınmaz tədbirlərin görülməsi, islahatların həyata keçirilməsi, kadr potensialının formalaşdırılması, şübhəsiz, hazırki reallıqlar əsasında uğurlu gələcəkdən xəbər verir. Eyni zamanda, İKT infrastrukturunun inkişaf etdirilməsi sayəsində informasiya cəmiyyəti və informasiya iqtisadiyyatı formalaşır ki, bu da inkişafın yeni əsaslarını formalaşdırır. Beləliklə, Azərbaycan yeni formasiyaya qədəm qoyur.
2020-ci ilə qədər qarşımızda duran əsas vəzifə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanda səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, o cümlədən elm və təhsilin inkişafında yeni nailiyyətlərin əldə olunmasıdır, müxtəlif fəaliyyət sahələrinin İKT ilə təminatı, inkişafın innovasiyalar əsasında təşkilidir. Elə “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da bütün bu məsələlər kompleks şəkildə öz əksini tapacaq.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

