Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Respublikanın şimal-qərb bölgəsinə səfərini başa çatdıran Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıya qayıdıblar

Respublikanın şimal-qərb bölgəsinə səfərini başa çatdıran Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıya qayıdıblar

13.09.2012 [16:06]

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Şəki şəhərinə gəliblər.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, Baş nazir Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Şəkinin Orta Zəyzid kəndi ərazisində naməlum türk əsgərinin məzarını ziyarət ediblər.
Dövlətimizin başçısı və qardaş ölkənin Baş naziri Qafqaz İslam Ordusunun 1918-ci ildə Azərbaycandakı və Dağıstandakı hərəkət marşrutlarını, həmçinin respublikamızdakı türk şəhid məzarlıqlarının yerləşdiyi məkanları əks etdirən stendə baxıblar.
Bildirilib ki, bu abidə XX əsrin əvvəllərində xalqımızı erməni-bolşevik qəsbkarlarından xilas etmək məqsədi ilə Azərbaycana gəlmiş türk ordusunun şəhid əsgərlərinin şərəfinə ucaldılıb. Abidənin ətrafında geniş abadlıq işləri görülüb, 2002-ci ildə məzarüstü abidə kompleksi yaradılıb.
Qeyd olunub ki, hazırda Azərbaycanda 7 türk şəhidliyi və 17 şəhid məzarı mövcuddur.
Prezident İlham Əliyev və xanımı, Baş nazir Rəcəb Tayyib Ərdoğan və xanımı abidənin önünə gül dəstələri qoyublar.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Baş nazir Rəcəb Tayyib Ərdoğan, xanımı Əminə Ərdoğan Şəki Xan sarayı ilə tanış olublar.
Mehriban xanım Əliyevaya və Əminə xanım Ərdoğana gül dəstələri təqdim olunub.
Sarayla tanışlıq zamanı məlumat verilib ki, XVIII əsrə aid olan bu nadir tarixi-memarlıq abidəsi şəhərin yuxarı hissəsində, “Yuxarı baş” Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Şərq memarlığının nadir incisi hesab olunan bu saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi, “Müştaq” təxəllüsü ilə şeirlər yazan Hüseyn xanın dövründə, təqribən 1762-ci ildə tikilib. İnşaat texnologiyasına görə Xan sarayının dünyada bənzəri yoxdur. Tikinti zamanı mismar və yapışqandan istifadə olunmayıb. Hər kvadratmetr şəbəkə bir-birinə geydirilən 5 min hissədən ibarətdir. Saray 1300 metr uzunluğunda qala divarları ilə əhatə olunub. Üç yüz kvadratmetr ərazisi olan ikimərtəbəli sarayda 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvan var. Sarayda xalq təsviri sənətinin bir çox növləri, xüsusilə XVIII-XIX əsrlərə aid maraqlı divar rəsmləri diqqəti cəlb edir. Bu rəsmlər əsasən həndəsi, nəbati, habelə süjetli və quşların təsviri həkk olunmuş naxışlardan ibarətdir. Sarayın ikinci mərtəbəsinin divarlarında təsvir olunan döyüş və ov səhnələri xüsusilə maraq doğurur. Şəki Xan sarayı indiyədək beş dəfə əsaslı bərpa edilib.
Diqqətə çatdırılıb ki, bu il iyulun 4-də Şəki şəhərində Şərq memarlığının ən nadir incilərindən hesab edilən Xan sarayının 250 illik yubileyi böyük təntənə ilə qeyd olunub.
Azərbaycan Prezidenti və Türkiyənin Baş naziri sarayın eyvanından Şəkinin qədim məhəllələrini seyr ediblər.
Şəki Xan sarayının önündə xatirə şəkli çəkdirilib.
Baş nazir Rəcəb Tayyib Ərdoğana və xanımına Xan sarayının 250 illik yubileyi münasibətilə hazırlanmış gümüş sikkələr hədiyyə edilib.
Prezident İlham Əliyevə, xanımına və Baş nazir Rəcəb Tayyib Ərdoğana, xanımına sarayın 250 illik yubileyi münasibətilə nəfis tərtibatda nəşr edilmiş kitablar təqdim olunub.
Dövlətimizin başçısı, xanımı və Türkiyənin Baş naziri, xanımı kitabları imzalayaraq bir-birinə təqdim ediblər.
Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan Şəkinin qədim sənətkarlıq nümunələrinə baxıblar.
Burada qonaqlara üzərində maraqlı rəsmlər həkk olunmuş daş nümunələr hədiyyə olunub.
Azərbaycan Prezidenti və Türkiyənin Baş naziri Şəki sakinləri ilə görüşüb söhbət ediblər.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Baş nazir Rəcəb Tayyib Ərdoğan, xanımı Əminə Ərdoğan XIX əsrin tarixi-memarlıq abidəsi olan Şəki Cümə məscidinə baş çəkiblər. Türkiyənin Baş nazirinə xatirə hədiyyəsi verilib.
Prezident İlham Əliyevə və Baş nazir Rəcəb Tayyib Ərdoğana Qurani-Kərim hədiyyə olunub.
Türkiyənin Baş naziri isə Qurani-Kərimin türkcəyə tərcümə olunmuş variantını məscidə bağışlayıb.
Azərbaycan Prezidentinə və Türkiyə Baş nazirinə Cümə məscidi və burada fəaliyyət göstərən Şəki İslam Mədrəsəsi barədə məlumat verilib. Mədrəsədə həm yerli, həm də Türkiyədən dəvət olunmuş müəllimlər dərs deyirlər. Azərbaycanda yeganə hafiz məktəbi bu mədrəsədədir. Burada tələbələrə Quranla yanaşı, ərəb dili və kompyuter texnologiyaları da öyrədilir.
Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan mədrəsənin tələbələri ilə görüşüb söhbət ediblər, xatirə şəkli çəkdiriblər.
Sonra məscidlə tanışlıq olub. Məlumat verilib ki, şəhərin mərkəzində yerləşən Cümə məscidinin həyətyanı sahəsi 700 kvadratmetrdir. Məscidin tikintisində yerli inşaat materiallarından - çaylaq daşı və bişmiş kərpicdən istifadə edilib. Minarəsinin hündürlüyü 24 metr olan məscidin taxtadan düzəldilmiş on pilləli minbəri şəbəkə ilə işlənib. İbadət zalının üç giriş qapısı və 44 pəncərəsi var.
Hündürlüyü iki metr olan mehrab nəbati ornamentlərlə işlənib. İkinci mərtəbədə isə qadınlar üçün ibadət zalı fəaliyyət göstərir.
Sonda xatirə şəkli çəkdirilib.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Şəkinin Kiş kəndindəki Alban məbədi ilə tanış olublar.
Məlumat verilib ki, bu məbəd eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. 2001-ci ildə abidədə “Kiş” layihəsi üzrə bərpa işlərinə başlanılıb, 2003-cü ilin sentyabrında məbədin açılışı olub. Layihə məşhur norveçli alim və səyyah Tur Heyerdalın dəstəyi ilə həyata keçirilib.
Bildirilib ki, Kiş kəndinin Maflar məhəlləsində yerləşən məbədin ərazisini əhatə edən divarların qalıqları bəzi yerlərdə indi də qalmaqdadır. Bu divar qalıqları məbədin özünün az qala Maflar məhəlləsi boyda bir əraziyə malik olduğunu göstərir. Məbədin həyətində uzunluğu 2 metrə qədər, eni 1 metrdən çox olan yastı tava daş var. Bu tarixi abidənin qülləsi, ona bitişik divarlar yerli materialla - şırım daşla hörülüb və kirəclə suvanıb.
Diqqətə çatdırılıb ki, 1981-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən aparılan arxeoloji qazıntı məbədin bünövrəsinin kasa şəklində olduğunu sübut edib. Misir ehramları da məhz bu cür bünövrə üzərində qurulub.
Qeyd edilib ki, Kiş məbədi nəinki Qafqaz Albaniyasında, eləcə də bütün Qafqazda təqribən iki min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir. Hazırda məbəd tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, Baş nazir Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan məbədin ilkin orta əsrlərə aid sərdabalarına baxıblar.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, xanımı məbədi gəzdikdən sonra Kiş kənd sakini İsmayıl İlyasovun həyətinə gəliblər.
Qonaqlar İlyasovlar ailəsinin üzvləri ilə söhbət ediblər.
Evin sakinləri Azərbaycan dövlətinin başçısının və Türkiyənin Baş nazirinin xanımları ilə birlikdə gəlişindən sonsuz sevinc hissi keçirdiklərini bildiriblər.
Daha sonra söhbət İlyas və Ənvər Süleymanov qardaşlarının qonşuluqdakı həyətində davam etdirilib.
Ev sakinləri qonaqlarla xatirə şəkil çəkdiriblər.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Baş nazir Rəcəb Tayyib Ərdoğan, xanımı Əminə Ərdoğan dünən Şəkidə XVIII əsrdə Şərq memarlığı üslubunda tikilmiş Yuxarı Karvansaray mehmanxana kompleksi ilə tanış olublar.
Məlumat verilib ki, Şəki sənətkarlıq və ticarət şəhəri olduğundan XVIII-XIX əsrlərdə burada çoxlu sayda bazar və karvansaraylar tikilmişdi. Azərbaycana gələn tacir və səyyahların qaldıqları və əsasən ticarətlə məşğul olduqları bu karvansaraylar şəhər həyatında mühüm rol oynayırdı. Karvansaraylar həm də ticarət sazişlərinin bağlanılması üçün xüsusi yer hesab olunurdu. Əvvəllər Şəkidə beş karvansaray binası mövcud olub. Onlardan yalnız ikisi - Yuxarı və Aşağı karvansaraylar indiyədək qalıb.
Ümumi sahəsi altı min kvadratmetr, hündürlüyü 14 metr olan kompleks 300-dən artıq otaq və zirzəmidən ibarətdir. Yuxarı Karvansaray öz ölçüləri və həcminə görə Azərbaycan ərazisində mövcud olan ən böyük karvansaraylardan hesab edilir. Bu karvansaraya bir qayda olaraq Türkiyə, Rusiya və İrandan tacirlər gəlib, burada uzun müddət ticarətlə məşğul olublar. Hazırda bu tarixi abidə mehmanxana kimi fəaliyyət göstərir. Karvansarayın əsas fasadı çaya baxır. Əsas girişin zəngin naxışlarla işləməli arxitekturası insanı valeh edir.
Sonra Yuxarı Karvansaray mehmanxana kompleksinin həyətində xatirə şəkli çəkdirilib.
Yuxarı Karvansaray mehmanxana kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, xanımı Əminə Ərdoğan birgə nahar ediblər.
Sonra Azərbaycan Prezidenti, xanımı və Türkiyənin Baş naziri, xanımı Şəkidəki Aşağı Karvansaray məhəlləsini gəziblər.
Qonaqlar məhəllədəki müxtəlif sənət növləri nümunələrinin cəmləndiyi mağazalara baxıblar.
Yerli sənətkarlar tərəfindən hazırlanan müxtəlif hədiyyəlik əşyalar qonaqlara təqdim olunub, xüsusilə Şəki ipəyindən hazırlanan geyim əşyaları daha çox maraqla qarşılanıb.
Bildirilib ki, Şəki tarix boyu öz sənətkarları ilə məşhur olub. Bu gün də bu qədim el ənənələrinin yaşadılmasına böyük diqqət göstərilir, onlar nəsildən-nəslə ötürülür.
Qonaqlara Şəki şirniyyatları da təqdim edilib.
Sonra Türkiyənin Baş nazirinə və xanımına Aşağı Karvansarayın bərpadan əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotostend göstərilib.
Məlumat verilib ki, Aşağı Karvansaray da Yaxın Şərqdə bu qəbildən ən böyük tikililərdən biridir. Hazırda kompleksdə əsaslı təmir və bərpa işləri görülür. Bu, dövlətimizin tarixi keçmişimizin qorunmasına olan həssas münasibətindən qaynaqlanır. Şəkinin özünəməxsus memarlıq üslubunu əks etdirən və 8 min kvadratmetr ərazini əhatə edən bu tarixi binada 200-dən çox otaq var. Burada tacirlərin mallarını saxlaması, alver etmələri, rahat yaşamaları üçün hər cür şərait olub. Aşağı Karvansaray özündə Şərq memarlıq üslubunu qoruyub saxlaya bilib.
Diqqətə çatdırılıb ki, Aşağı Karvansaray funksional xüsusiyyətlərinə görə başqalarından seçilir. Böyüklüyü, rahatlığı, səfalı bir məkanda yerləşməsinə görə Cənubi Qafqazda tayı-bərabəri yoxdur. Tikintidə Şəki memarlığının əsasını təşkil edən bişmiş kərpicdən, çay daşından, kirəmitdən, və digər yerli materiallardan məharətlə istifadə olunması binaya xüsusi gözəllik verir. Burada tağbəndlərdən istifadə edilməsi bu gözəlliyi daha da artırır. Yolüstü karvansaraylardan fərqli olaraq burada istirahət otaqları ilə yanaşı, müxtəlif görüşlərin keçirilməsi, müqavilələrin bağlanması və sair üçün xüsusi otaqlar da inşa edilib.
Bildirilib ki, Aşağı Karvansarayın dörd tərəfdən giriş qapısı var. Bu qapılar bağlandıqda karvansaray alınmaz qalaya çevrilir ki, bu da Şəki sənətkarlarının yüksək dünyagörüşünə və memarlıq bacarığına malik olduqlarını göstərir.
Karvansaray kompleksi ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirilib.
Şəki ilə tanışlıq zamanı ali qonaqlar sakinlərlə görüşüblər.
Dünən respublikanın şimal-qərb bölgəsinə səfərini başa çatdıran Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıya qayıdıblar.
Paylaş:
Baxılıb: 845 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30