Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Beynəlxalq ictimaiyyət Prezident İlham Əliyevi gələn il keçiriləcək seçkilərdə də qələbəyə ən real namizəd sayır

Beynəlxalq ictimaiyyət Prezident İlham Əliyevi gələn il keçiriləcək seçkilərdə də qələbəyə ən real namizəd sayır

08.12.2012 [17:54]

Bu, bir daha onu deməyə əsas verir ki, Avropa strukturları Azərbaycanda həyata keçirilən siyasətdən, ölkəmizin inkişaf meyillərindən razıdır
Bildiyimiz kimi, bu günlərdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia açıqlamasında ölkəmizdə gələn il keçiriləcək prezident seçkiləri ilə bağlı fikirlərini bölüşərkən seçkiqabağı vəziyyətdən danışmağın hələ tez olduğunu deyib. Bununla belə o, seçkilərin nəticələri ilə bağlı ilkin proqnozlarını səsləndirib. Səfirin sözlərinə görə, Prezident İlham Əliyev gələn il keçiriləcək seçkilərdə qələbəyə ən real namizəddir: “Amma düşünürük ki, İlham Əliyevin bu seçkilərdə qalib gəlməyə daha çox şansı var, çünki O, xalq arasında tanınır”.
Aİ kimi nüfuzlu bir qurumun təmsilçisinin indidən belə bir fikir səsləndirməsi əslində, bir çox məqamlardan xəbər verir. Bu, o deməkdir ki, Qərb, o cümlədən, Avropa strukturları Azərbaycanda həyata keçirilən siyasətdən, ölkəmizin inkişaf meyillərindən razıdır. Azərbaycan Qərbin etimad göstərdiyi və yüksək dəyərləndirdiyi tərəfdaşlardandır. Ölkəmizin həm xarici, həm də daxili siyasəti buna imkan verir.
Azərbaycan regionda Qərbin arzuladığı sabitlik faktorunu təmin edib. Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi şəraitə malik olan bir bölgədə sabitliyin saxlanması siyasi iradə və ağıllı strategiya tələb edir. Bölgədə bir çox regional və qlobal güclərin bir-birinə zidd maraqlarının olmasına baxmayaraq, Azərbaycan regiondakı ciddi rəqiblərini sıradan çıxararaq Qərblə, o cümlədən, Avropa İttifaqı ilə uğurlu əməkdaşlığa nail ola bilib. Siyasi, iqtisadi, təhlükəsizlik, humanitar, mədəniyyət, idman və digər sahələrdə mövcud olan bu əməkdaşlıq, xüsusilə, enerji sferasında qlobal miqyaslı uğur sayıla bilər. Avroatlantik qurumlarla əməkdaşlığı təkcə Azərbaycanın özünün yox, bütövlükdə, regionun Qərbə inteqrasiyasını təmin edir.
Sözsüz ki, iqtisadi, təhlükəsizlik maraqları Aİ-nin müxtəlif dövlətlərlə əməkdaşlığında vacib aspektlərdir. Lakin o da həqiqətdir ki, Aİ tərəfdaşlarının demokratiya dəyərlərinə nə dərəcədə hörmətlə yanaşmasına böyük önəm verir. Bu baxımdan, Qərb Azərbaycanda görmək istədiyi daxili, siyasi, hüquqi, iqtisadi və mənəvi mühitin yaranmasının şahidi olur.
Qeyd etdiyimiz kimi, Azərbaycan Qərbə inteqrasiya edir və bu, irrasional qərbçilik şəklində deyil, düşünülmüş, məqsədyönlü və ağıllı siyasət vasitəsilə həyata keçirilir. Bu gün Azərbaycanın ictimai-siyasi həyatında demokratiyanın əsas prinsipləri təşəkkül tapıb. Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti qurulub. Müasir Qərb təcrübəsindən yararlanan Azərbaycanda uğurlu məhkəmə-hüquq islahatları aparılıb, demokratiya prinsiplərinə cavab verən qanunvericilik bazası formalaşdırılıb. Buna paralel olaraq, qanunun aliliyi, vətəndaşların hüquq və azadlıqlarının qorunması təmin olunur. Məhz hüquqi dövlətdə siyasi, ictimai, iqtisadi institutların normal fəaliyyəti mümkün olur, vətəndaşların hüquq və azadlıqları real həyatda öz əksini tapır.
Hazırda demokratik siyasi sistem, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu xətti ilə inkişaf edən Azərbaycan sosial, siyasi, iqtisadi, mədəni və intellektual transformasiyanı özündə əks etdirən hərtərəfli modernləşmə yolunda inamla irəliləyir. İqtisadi sahədə liberallaşma, genişmiqyaslı özəlləşdirmə tədbirləri, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya proseslərinin uğurla sürdürülməsi nəticəsində Azərbaycan iqtisadiyyatı keçid dövrünü başa vurub.
Ölkədə ənənə halını alan əfv fərmanları ilə hər il minlərlə məhbusa amnistiya elan edilməsi, korrupsiya və rüşvətxorluqla mübarizə, qanunun aliliyinin təmin edilməsi, sənədləşdirmə, qeydiyyat, vergi ödəmələri kimi proseslərin sadələşdirilməsi və digər çoxsaylı humanist qərarlar Azərbaycanın həqiqətən hüquqi bir dövlət kimi formalaşdığını təsdiqləyir. Eyni zamanda, Avropa İttifaqı, Avropa Şurası, ATƏT kimi təşkilatlarla əməkdaşlıq şəraitində həyata keçirilən bu tədbirlər Azərbaycanın Avropa təsisatlarına inteqrasiyasını sürətləndirib.
Hüquq və azadlıqların təminatı vətəndaş cəmiyyəti quruculuğunun fundamental şərtlərindəndir. Söz və vicdan azadlığının mövcud olduğu cəmiyyətdə KİV-lər azad fəaliyyət göstərir, qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti institutlarının yaranması və inkişafı mümkün olur. İldən-ilə vətəndaş cəmiyyəti institutlarının sayının funksionallığı artır, ictimai həyatdakı rolu möhkəmlənir.
KİV üzərindəki senzuranın aradan qaldırılması və mətbuatın inkişafına dövlətin dəstəyi ölkəmizdə söz və fikir azadlığı sahəsində köklü dəyişikliyə səbəb olub. Azərbaycanda möhkəm təməllərə söykənən vicdan azadlığı mövcuddur. Cəmiyyətdəki say nisbətindən asılı olmadan, ən müxtəlif dinlərin, konfessiyaların nümayəndələri ölkəmizdə sərbəst yaşayırlar.
Bu gün bir çox ölkələrdə, hətta inkişaf etmiş demokratik dövlətlərdə mədəniyyətlərin toqquşması yaşanır. Azərbaycan isə fərqli mədəniyyətlərin qovuşduğu bir məkandır. Ölkəmizdə mövcud olan tolerantlıq, dözümlülük mühiti müxtəlif mədəniyyətlər arasında inteqrasiya və paralel inkişafa səbəb olur. Harmoniyalı çoxmədəniyyətliliyin özünü də bir mədəniyyət saysaq, deyə bilərik ki, Azərbaycanda multikulturalizm mədəniyyəti mövcuddur.
Beləliklə, Azərbaycan həm xarici siyasət istiqamətlərinə, həm də daxili sosial, siyasi, iqtisadi inkişafın xüsusiyyətlərinə görə Qərbin görmək istədiyi standartlara sahib olan bir ölkədir. Bu səbəbdən, təsadüfi deyil ki, Qərb dövlətləri və təşkilatları Azərbaycanın Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf yolunu dəstəkləyir, ölkəmizdə gedən proseslərə, o cümlədən, seçkilər zamanı xalqın seçiminə güvənir və hazırkı iqtidarla əməkdaşlığı bundan sonra da davam etdirmək istəyir.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 1148 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Sosial

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31