Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İlk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərar Azərbaycanın böyük uğurudur

İlk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərar Azərbaycanın böyük uğurudur

13.12.2012 [01:51]

Məlum olduğu kimi, Avropa Olimpiya Komitəsi ilk Avropa Olimpiya Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi ilə bağlı tarixi qərar verib. Bu, Azərbaycanın inkişafına, sabitliyə, dünya idmanı və Olimpiya hərəkatının liderlərindən biri olmasına verilən qiymətdir. Ümumiyyətlə, bu gün öz inkişafına görə Cənubi Qafqazın lider ölkəsinə çevrilən Azərbaycan, eyni zamanda, dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Lakin buna heç də asanlıqla nail olunmayıb. Bu uğurun mərkəzində Azərbaycanda gənclərin dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunması, həmçinin, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi üçün atılan addımlar dayanır. Kimsəyə sirr deyil ki, ölkəmizin müstəqilliyinin ilk illərində dövlətin diqqət və qayğısından kənarda qalan gənclərin öz imkanlarını gerçəkləşdirməsi, cəmiyyətdə bilik və bacarıqlarına münasib yer tapması üçün şərait yox səviyyəsində idi. Təhsildəki böhranın, işsizliyin, mənəvi boşluğun yaratdığı vəziyyət gənclər arasında neqativ halların, cinayətkarlığın artmasına təkan verirdi. Digər tərəfdən, 1991-1993-cü illərdə yaşanan siyasi hərc-mərclik və hakimiyyətsizlik mühitində ayrı-ayrı şəxslər, qruplar öz siyasi ambisiyalarını, şəxsi maraqlarını həyata keçirmək məqsədilə gənclərdən alət kimi istifadə etməyə çalışırdılar. Bu vəziyyətə isə məhz Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda siyasi hakimiyyətə qayıdışından sonra son qoyuldu.
Ulu öndər gənclərə böyük etimad göstərirdi
Təsadüfi deyil ki, hələ 1993-cü ildə Ali Sovetin Sədri olarkən Ulu öndər sovetlər dönəmində xarici ölkələrə, o cümlədən, sovet respublikalarına oxumağa göndərilən gənclərlə, bir sıra gənclər təşkilatlarının rəhbərləri ilə görüş keçirdi, ölkəmizin keçdiyi yolları bir daha göz önünə gətirdi, xatırlatdı, gənclər siyasətinin formalaşması ilə bağlı ciddi fikirlər bildirdi. Ulu öndərin həmin görüşdəki çıxışı isə həm ölkə daxilindəki, həm də xaricdəki qüvvələrə təsirli bir mesaj oldu: “Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”.
Beləliklə, Ümummilli liderimizin bu çıxışını özünün fəaliyyət istiqaməti seçən, Heydər Əliyevdən böyük inam və etimad görən Azərbaycan gəncliyi tezliklə dövlətin və Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşdi. 1994-cü ildə Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər və İdman Nazirliyinin yaradılması isə gənclərimizin dövlət quruculuğu prosesindəki iştirakına əsaslı təkan vermiş oldu. Eyni zamanda, Ulu öndər Heydər Əliyevin diqqəti və qayğısı sayəsində gənclərimizin müxtəlif dövlət vəzifələrində çalışmasına şərait yaradıldı. Özəl sahələrdə də fəallaşan gənclər ictimai-siyasi həyatda aktiv rol oynamağa başladılar. Cənab İlham Əliyevin 2001-ci ildə YAP-ın II qurultayında partiya Sədrinin birinci müavini vəzifəsinə seçilməsi isə gənclərimizdə böyük ruh yüksəkliyi yaratdı.
Ulu öndər Heydər Əliyev, eyni zamanda, yeni nəslin müstəqil ölkəyə layiq tərbiyələnməsi və təhsil alması üçün təhsildə və mənəvi sferada islahatların həyata keçirilməsinə rəhbərlik edirdi. Onu da qeyd edək ki, müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında Ulu öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumu xüsusi rol oynadı. 1996-cı il fevralın 2-də keçirilən forum Ümummilli lider Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi oldu. Ulu öndərin həmin forumdakı çıxışı gənclərimiz üçün bir çağırış rolunu oynadı: “Gənclər özlərini Azərbaycanın gələcəyi naminə layiqincə hazırlamalıdırlar. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir. Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən ibarət olmalıdır”.
Təsadüfi deyil ki, 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə 2 fevral Azərbaycan tarixinə Gənclər Günü kimi düşdü. Ümummilli liderin gənclər siyasəti gənclərin inkişafı və onların potensialından cəmiyyətin tərəqqisi üçün istifadə edilməsində özünü göstərirdi.
Azərbaycanda Olimpiya hərəkatı məhz Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra dirçəlməyə başladı
Ulu öndər hər bir sferada olduğu kimi, idman sahəsində də gənclərin öz potensiallarını ortaya qoymasına şərait yaradırdı. Çünki gənclərin idmana cəlb olunması bu sahənin inkişafı ilə bərabər, ölkədə daha sağlam yeni nəsil yetişdirmək məqsədi daşıyırdı. Daha dəqiq desək, ölkəmizdə idmanın inkişafı, kütləviləşməsi, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının əsası məhz Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtmasından sonra bütün sahələrdə olduğu kimi idman sektorunda da əsaslı dönüş baş verdi. Azərbaycanda dağılmış idman infrastrukturu, demək olar ki, yox səviyyəsində olan Olimpiya hərəkatı məhz Ulu öndərin hakimiyyət gəlməsindən sonra dirçəlməyə başladı.
Belə ki, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) 1992-ci ildə yaradılsa da ilk illərdə bu qurumun fəaliyyəti o qədər də nəzərə çarpmırdı. MOK Azərbaycanın idman hərəkatına liderlik etmək iqtidarında deyildi. 1992-ci ildə Barselonada keçirilmiş XXV Yay Olimpiya Oyunlarında da ölkəmiz müstəqil dövlət kimi təmsil oluna bilmədi. Ölkəmizin beş idmançısı MDB-nin birləşmiş komandasının tərkibində Olimpiya Oyunlarında iştirak etməli oldu. Ümumiyyətlə, 1992-1997-ci illər arasında MOK-un fəaliyyətində qeyd olunmalı işlər əsasən, Avropa Yeniyetmələrinin Olimpiya Günlərində iştirak, Bakıda Beynəlxalq Qaçış Günlərinin keçirilməsini əhatə edir. Həmin dövr üçün qeyd olunmalı ən mühüm hadisə isə 1996-cı ildə Azərbaycanın müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılmasıdır. Bu tarixi hadisənin reallaşdırılmasında Ulu öndər Heydər Əliyevin böyük əməyi oldu. Ulu öndərin Atlanta Oyunlarına hazırlıq haqqında Sərəncamı, hazırlığın daim dövlət nəzarəti altında saxlanması, idmançılara dövlət tərəfindən diqqət və qayğının gücləndirilməsi öz bəhrəsini verdi. Belə ki, Azərbaycan Atlantada 23 idmançı ilə təmsil olundu və bir gümüş medal qazanıldı. Sərbəst üsulla güləşən Namiq Abdullayevin həmin yarışlarda qazandığı gümüş medal isə Azərbaycan milli Olimpiya komandasının Olimpiya Oyunlarında qazandığı ilk medal idi.
Cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə Azərbaycan idmanında, Olimpiya hərəkatında yeni və möhtəşəm mərhələnin əsası qoyuldu
Bu məqamda vurğulamaq yerinə düşər ki, MOK-un fəaliyyətinin birinci beşilliyində görülmüş işlər, ümumiyyətlə, lazımi səviyyədə qurulmamışdı və qənaətbəxş sayıla bilməzdi. İşdə əsaslı dönüş yaratmaq tələb olunurdu. Beləliklə, MOK-un 1997-ci ilin 31 iyulunda keçirilmiş növbəti Baş Məclisi komitənin yeni idarə heyətini müəyyənləşdirdi. Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Komitənin fəaliyyət istiqamətləri müəyyənləşdirildi. Bununla da Azərbaycan idmanında, Olimpiya hərəkatında yeni və möhtəşəm mərhələnin əsası qoyuldu. Bir qədər irəli gedərək qeyd edək ki, məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan planetin bir nömrəli idman yarışı olan Yay Olimpiya Oyunları kimi turnirə ev sahibliyi etmək iddiasını ortaya qoyub.
Həmin vaxtdan etibarən mərhələ-mərhələ həyata keçirilən siyasət Azərbaycan idmanının tarixində şanlı səhifələrin yazılmasına səbəb olub. Prezident İlham Əliyevin istər dövlət başçısı, istərsə də MOK rəhbəri kimi gördüyü işlər Azərbaycanı, demək olar ki, Olimpiya ölkəsinə çevirib. Ötən dövrə nəzər salanda Azərbaycanda idman və Olimpiya hərəkatının inkişafında nə qədər böyük məsafə qət edildiyinin şahidi oluruq. Belə ki, dövlət başçısının MOK rəhbəri kimi fəaliyyət göstərdiyi ötən illər ərzində gerçəkləşdirilən çoxistiqamətli siyasət nəticəsində ölkəmizdə idmançı ordusu, fiziki və mənəvi cəhətdən sağlam nəsil, müasir idman infrastrukturu yaradılıb. Bu gün Azərbaycada 30-dan çox müasir Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. İdman bazaları demək olar ki, ölkənin bütün bölgələrini əhatə edir. MOK-un fəaliyyətinə ən böyük qiyməti Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jaq Roqqe verərək deyib ki, Azərbaycan Milli Olimpiya Komitəsi başqa Olimpiya komitələri üçün örnək olmalıdır. İdmanda olan nailiyyətlər göz qabağındadır. Bunları danmaq mümkün deyil. Bu sahədə həyata keçirilən siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda idmanla məşğul olmaq böyük bir amilə çevrilib.
Yeri gəlmişkən, ölkəmizdə idman bölmələrinə müşahidə edilən axın bir daha göstərir ki, gənclərimiz, uşaqlarımız idmanla məşğul olmaq istəyirlər. İlk növbədə ona görə ki, idmançı olmaq çox şərəfli bir peşəyə çevrilib. Digər tərəfdən, idmanla məşğul olan, beynəlxalq yarışlarda böyük qələbələr qazanan idmançılar dövlət tərəfindən layiqincə mükafatlandırılır, onlara qayğı göstərilir.
Olimpiya oyunlarında qazanılan ardıcıl uğurlar
Beləliklə, Azərbaycanda idmanın inkişafı üçün gözəl şərait yaradılıb. Dövlət başçısının bu sahədə həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan beynəlxalq idman aləmində artıq öz layiqli yerini tutub və aparıcı idman ölkəsinə çevrilib. Bunu ötən dövr ərzində Olimpiya oyunlarında qazanılan uğurlar və idmançılarımızın əldə etdiyi medalların sayının artması da təsdiqləyir.
Bu statistikaya keçməzdən öncə bildirmək yerinə düşər ki, 1998-ci ildə respublikamız ilk dəfə Qış Olimpiya Oyunlarına qatılıb. Yaponiyanın Naqano şəhərində keçirilən XVIII Qış Olimpiya Oyunlarında respublikamız 5 idmançı ilə dörd yarışda təmsil olunub. 2002-ci ildə Azərbaycan ikinci dəfə Qış Olimpiya Oyunlarının iştirakçısı olub. ABŞ-ın Solt Leyk Siti şəhərində keçirilən bu oyunlarda idmançılarımız 3 yarışda iştirak ediblər. Olimpiya Oyunlarında qazanılan uğurlara gəlincə, məlumat üçün bildirək ki, 2000-ci ildə Sidney Olimpiadasında Azərbaycan 31 idmançı ilə 10 idman növü üzrə təmsil olunub və idmançılarımız 3 (2 qızıl, 1 bürünc) medal qazanıblar. Azərbaycan komanda hesabında 199 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü olub. Bu, həmin vaxta qədər ölkəmizin Olimpiya hərəkatı tarixində ən böyük uğur olmaqla yanaşı, dövlətin həyata keçirdiyi siyasətin məntiqi nəticəsi idi.
2004-cü ilin avqustunda Afinada keçirilən Olimpiya Oyunlarında isə idman tariximizdə ilk dəfə olaraq 5 medal qazanılıb. Belə ki, Sidney Olimpiya Oyunları ilə müqayisədə bu oyunlarda 38 idmançı ilə 12 idman növü üzrə uğurla mübarizə aparan Olimpiya komandamız nəticədə 1 qızıl və 4 bürünc medal qazanaraq 202 iştirakçı dövlət arasında medalların sayına görə 37, keyfiyyətinə görə 50-ci yeri tuta bilib. Bütün bunlar dövlət başçısı İlham Əliyevin təşkilatçılıq fəaliyyətinin uğurlu nəticələri kimi dəyərləndirilməlidir. Prezident İlham Əliyevin MOK xəttilə uşaq və gənclərin problemlərini ardıcıl olaraq həll etməsi, onların imkan və bacarıqlarını reallaşdırmaları üçün hərtərəfli və geniş şərait yaratması dövlətimizin fəaliyyətinin ən mühüm istiqamətlərindən birinə çevrilib.
Azərbaycan dövlət başçısının həyata keçirdiyi siyasət ötən hər il ərzində daha böyük uğurların qazanılmasına təkan verib. Məhz bunun nəticəsidir ki, 2008-ci il Pekin Olimpiadasında 44 lisenziya ilə 11 idman növündə təmsil olunan idmançılarımız tarixi zəfərə imza ataraq 7 (1 qızıl, 2 gümüş, 4 bürünc) medal qazanıblar. Bu artıq hədəflərin yüksəlməsinin, ölkəmizdə Olimpiya hərəkatının daha geniş müstəviyə qədəm qoymasının carçısı idi.
Hansı ki, biz “İdman ili” elan olunan 2012-ci ildə bunun şahidi olduq. Məlum olduğu kimi, 53 lisenziya ilə 16 idman növündə təmsil olunan ölkəmizin idmançıları London Olimpiadasında rekord sayda-10 medal qazanmaqla Azərbaycanın dünya Olimpiya hərəkatındakı lider mövqeyini bir qədər də möhkəmləndirdilər.
Bütün bu göstəricilər Azərbaycanda idmanın dinamik inikşaf tempinə malik olduğunu, idman uğurlarının davamlı xarakter daşıdığını bir daha təsdiqləyir. Yəni, sadalanan uğurların əsasında idmana dövlət tərəfindən göstərilən yüksək səviyyəli qayğı durur. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu bu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri, reallıqları və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi bu istiqamətdə davamlı inkişafın əldə olunmasını təmin edir.
Azərbaycan beynəlxalq müstəvidə idman ölkəsi kimi tanınır
Ümummilli lider Heydər Əliyevin siyasətini uğurla və uzaqgörənliklə davam etdirən Prezident İlham Əliyev idmanın inkişafının əhəmiyyətinə toxunaraq bildirmişdir: “Biz idmanın inkişafına geniş prizmadan yanaşırıq və kompleks tədbirlər görülür. Əlbəttə, ilk növbədə, dövlət siyasəti bu istiqamətdə çox uğurla aparılır. Dövlət siyasətinin nəticəsidir ki, bu gün biz Azərbaycanı dünya birliyinə idman dövləti kimi təqdim edə bilirik. Təsadüfi deyildir ki, 2012-ci il Azərbaycanda “İdman ili” elan edilmişdir. Bu, özlüyündə bir göstəricidir”.
Nəticə etibarilə, Azərbaycanın idman müstəvisində beynəlxalq nüfuzu güclənməkdə və bu istiqamətdə beynəlxalq aləmdə ölkəmizin uğurları artmaqdadır. Bütün bunların nəticəsi kimi, bir sıra mötəbər idman yarışlarının təşkil olunması Azərbaycana etibar edilir. Məsələn, London Olimpiadası başa çatdıqdan sonra avqust ayında Bakıda yeniyetmələr arasında sərbəst, yunan-Roma, qadın və çimərlik güləşi üzrə Dünya Çempionatı keçirildi. 16 ölkənin futbol komandalarının iştirakı ilə keçirilən FİFA U-17 qadınlararası Dünya Çempionatı isə artıq Azərbaycanın çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ənənəsinə sadiq olmasından xəbər verirdi. Məlumat üçün bildirək ki, FİFA prezidenti Yozef Blatter və digər rəsmi qonaqlar Dünya Çempionatının açılış mərasimində iştirak edərək mundialın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıblar.
Digər tərəfdən, uğurlardan bəhs edərkən 2012-ci ilin təkcə 9 ayı ərzindəki statistik rəqəmlərə diqqət çəkmək kifayət edər. Belə ki, bəhs edilən dövrdə ölkəmizdə 145 respublika, 33 beynəlxalq yarış keçirilib, 248 beynəlxalq yarışda və 83 təlim-məşq toplantısında idmançılarımızın iştirakı təmin olunub. Gənc və yeniyetmələrimiz dünya, qitə çempionat və birinciliklərində 83 qızıl, 125 gümüş və 182 bürünc medal əldə ediblər.
Bir sözlə, sadalananların nəticəsi kimi qeyd etmək olar ki, Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını və idmanın inkişafını təmin edib. Eyni zamanda, bir-birini əvəzləyən idman yarışları Bakının daha böyükmiqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını artırıb. Ölkəmizin Olimpiya Oyunları kimi planetin bir nömrəli idman yarışına ev sahibliyi etmək iddiasını ortaya qoyması və namizədliyini rəsmi şəkildə irəli sürməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır.
Məhz bu amilləri nəzərə alan Avropa Olimpiya Komitəsi 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul edib. Şübhəsiz, Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ölkəmizin çox böyük tarixi uğurdur. Prezident İlham Əliyev də xalqa təbrikində bu qərarı tarixi uğur kimi dəyərləndirib: “Bu, doğrudan da tarixi hadisədir. Çünki bu vaxta qədər Avropa Olimpiya Oyunları keçirilməmişdir və ilk oyunların Bakıda keçirilməsi böyük tarixi hadisədir, ölkəmizin böyük uğurudur”.
“Yeni Azərbaycan”ın Analitik Qrupu

Paylaş:
Baxılıb: 1096 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30