Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ABŞ şirkəti Rubenin milyonlarına göz dikib

ABŞ şirkəti Rubenin milyonlarına göz dikib

09.10.2024 [09:16]

Separatçıya “azadlıq” tələbi, yaxud Vaşinqton-Paris ortaqlığının Vardanyan “səhifəsi”...

Qərbin qoruduğunu bəyan etdiyi “dəyərləri” tapdaması tendensiyası davam etməkdədir. İllərdir separatizmə qarşı “mübarizə” adı altında xəyali təbliğatlar aparan Qərb dünyasının iç üzü açılır - nəticə etibarı ilə ortadakı situasiya bunu deməyə əsas verir. Beynəlxalq, ədalət prinsipini, bəşəri insani dəyərləri bir göz qırpımında özünün korporativ maraqlarına qurban verən “demokratik dünya” fərqli coğrafiyalara fərqli standartlar üzərindən yanaşdığını faktoloji şəkildə sübut edir. Cənubi Qafqaza yanaşmada illərlə erməni işğalına göz yuman, vasitəçəlik adı altında təcavüzkarı qoruyan, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası üçün əməli fəaliyyət nümayiş etdirməyən Qərb yeni reallıqlarla da “barışmaq” istəmir. Azərbaycanın son 4 ildə bölgədə formalaşdırdığı siyasi situasiya nətcəsində ortaya çıxan mənzərə Qərbin ürəyincə deyil - halbuki, Azərbaycan 30 ildən çox davam etmiş işğal faktını aradan qaldırmaqla yanaşı, BMT TŞ-nın məlum 4 qətnaməsinin icrasını da yerinə yetirib. Dolayısı ilə Azərbaycan həm də Qərbin Ermənistan tərəfindən tapdanan nüfuzunu bərpa edib. 2023-cü il antiterror əməliyyatı ilə isə Azərbaycan özünün suverenliyini bərpa etməklə yanaşı illərlə separatizm yayan, Azərbaycan qanunlarını pozan, müxtəlif cinayətlərdə günahlandırılan separatçı xunta üzvlərini ədalət mühakiməsi qarşısına çıxardı. Bu, ali hüququn təntənəsidir - cinayətkarın törətdiyi cinayətin məsuliyyətini daşıması ədalətin və hüququn qələbəsidir. Amma deyəsən, Qərb üçün bu dəyərlər artıq aşınıb...

Köhnə-təzə “kampaniya” - məqsəd “pul qazanmaqdır”...

Söhbət ondan gedir ki, 2023-cü illin payızından indiyə qədər istər ABŞ-ın, istərsə də Aİ-nin birbaşa və ya dolayısı ilə nəzarətində olan strukturlar, yaxın mərkəzlər separatçıların “azad edilməsi” üçün dayanmadan piar aparmaqdadır. Xüsusilə, cinayətkar xuntanın üzvü, erməniəsilli oliqarx, Qarabağdakı separatçı rejimdə “dövlət naziri” olmuş Ruben Vardanyanın azad edilməsi uğrunda yorulmadan iş aparırlar. Ötən ilin payızında həbs edilən Vardanyanın azad edilməsi üçün ABŞ-da və Qərbdə ona işləyən PR maşınları yenidən işə düşüb. Vardanyan ətrafında aparılan “şou”nun təbliğatçıları və təşkilatçıları müxtəlif xarakterli, müxtəlif mənbəlidir. Bu cinayətkara Qərbin bəzi dairələri - USAİD, Samanda Pauer, ABŞ-ın EDELMAN PR şirkəti və s. dəstək verir. Xatırladaq ki,  piar maşını bu ilin aprelində də fəaliyyətini “gücləndirmişdi”. Yenə də eyni koordinatda fəaliyyət davam etdirilir. Uzun müddətdir Ruben Vardanyanla sıx əlaqələrə malik ABŞ-ın “Edelman” PR şirkəti onun azad olunmasını tələb edən kampaniyanı aktiv şəkildə davam etdirərək yeni bəyanat yayıb.

Vurğulandığı kimi, Ruben Vardanyanın həbsindən bir neçə ay sonra Qərbdə “Erməni məhbusları azad et” adlı petisiya başladıldı. Əslində petisiyanın adı erməni məhbusları ilə bağlı olsa da, əsas ideyası Ruben Vardanyanın azadlığına nail olmaqdır. Kampaniyanın müəllifi illərdir Ermənistan üçün müxtəlif səpkili kampaniyalar həyata keçirən və Ruben Vardanyanla sıx əlaqələri olan ABŞ-ın “Edelman” PR şirkətidir.

Vardanyandan milyonlarla pul “qoparan” şirkət yenidən öz ampluasında

Ruben Vardanyanın siyasi “kimliyi haqda” geniş danışmağa ehtiyac yoxdur - nəinki Azərbaycan cəmiyyəti, dünya ictimaiyyəti onun kimliyini, vaxtilə Qarabağa hansı məqsədlərlə gəldiyini, hətta hansı təxribatçı əməllər törətdiyini yaxşı bilir. Vardanyan 2022-ci ilə kimi Rusiya vətəndaşı, erməni lobbizminə pul ayıran milyarder kimi tanınıb. O, 2022-ci il sentyabrın 1-də Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçüb və burada qondarma rejimin “dövlət naziri” kimi fəaliyyət göstərməyə başlayıb. Daha sonra 2023-cü ilin sentyabrında Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilən Ruben Vardanyan Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri üzrə ittiham olunur. Ruben Vardanyan Rusiyanın hərbi hava nəqliyyatında önəmli rola malik “Volqa Dnepr” hava nəqliyyatı ilə daşınma şirkətinin idarə heyətinin üzvü olduğu üçün Ukraynanın sanksiya siyahısına daxil edilib və Ukrayna Məxfi Xidmət Orqanı tərəfindən axtarışdadır. Lakin biznes planlarını münaqişə tərəflərindən birinin maraqları üzərində quran bəzi böyük şirkətlər kimi “Edelman”ı da sadalanan faktlar maraqlandırmır. Bu şirkətin Ruben Vardanyanla əməkdaşlığı 2015-ci ilə gedib çıxır. Həmin il qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı dünyanın müxtəlif ölkələrində aktiv PR kampaniyalarının aparıldığı bir vaxtda şirkət Vaşinqtonda bu mövzuda konfrans təşkil edir. O zaman tədbirin təşkilatçısı, statusu hələ ki, yalnız moskvalı milyarder olan Ruben Vardanyan idi. Tədbirin təşkili üçün 250 min dollar vəsaitin xərcləndiyi bildirilir. Növbəti il “Edelman”ın Böyük Britaniya və İrlandiya üzrə baş direktoru Ed Uilyams “Avrora” mükafatının yaradılmasında şəxsən iştirakına dair qürurla açıqlama verir. Mükafatın həmtəsisçilərindən birinin yenə Ruben Vardanyan olması təsadüfi deyil. 2019-cu ildə isə “Edelman” Vardanyan və həyat yoldaşı Veronika Zonabend tərəfindən yaradılmış “Ermənistanın inkişafı təşəbbüsü” fondu ilə əməkdaşlığı genişləndirir.

Qalmaqallı “Edelman”...

Qeyd edildiyi kimi, “Edelman”ın adı bır sıra qalmaqallarda da xatırlanır. Bu baxımdan 1970-1980-ci illərdə tütün şirkəti ilə çalışaraq siqaret çəkməni məhdudlaşdırma siyasətinə qarşı çıxmasını, 90-cı illərdə “Microsoft”un maraqları üçün çıxış etməsini yada salmaq olar. Həmçinin ABŞ-da özəl həbsxanaların reputasiyasını bərpa etmək üçün gördüyü fəaliyyətləri, Cəmal Qaşıqçı İstanbulda qətlə yetirilən zaman şirkətin Səudiyyə Ərəbistanını təmizə çıxarmaq üçün bu ölkə ilə PR kampaniyasına dair müqavilə imzalamasını və başqa faktları sadalamaq olar. Bu xidmətləri qarşılığında şirkətin ildə 10 milyon dollara yaxın pul qazandığı bildirilir. Bu rəqəm həm də erməni diasporunun Azərbaycana qarşı kampaniya aparmaq üçün nə qədər pul xərcləməyi gözə aldığının sübutudur. Görünən odur ki, “Edelman” şirkəti Ermənistanın dünyaya tanıdılması və Ruben Vardanyanın maraqlarını müdafiə etməsi üçün var gücü ilə çalışıb, erməni lobbizmi isə bu istiqamətdə heç bir xərcdən çəkinməyib.

ABŞ-Fransa “ortaqlığı”...

Burada bütün kartlar açılır - aylardır ki, “siyasi məhbus” oyunu altında separatçıların azadlığı fonunda yalnız Vardanyana fokuslanmasının əsl səbəbi ortaya çıxır. Mövzunun birbaşa Vardanyana istiqamətlənməsinin bir səbəbi var - keçmiş oliqarxın maliyyə imkanı və Qərbin bu maliyyəni özünə istiqamətləndirmək həvəsi. Həm də bu işdə ABŞ tək deyil - ermənipərəst  müttəfiqi Fransa da onunla paralel olaraq bu məsələdə təmsil olunur. Kampaniya ilə əlaqədar saytda əlaqə bölməsində “Edelman” ilə yanaşı, Fransanın “Havas” şirkətinin də adı yazılıb - Fransanın Ermənistanı dəstəkləməsi ilə bağlı istənilən sübut nə qədər təəccüblü deyilsə, “Havas” şirkətinin əməkdaşlarının bir hissəsinin erməniəsilli ekspertlər olması da bir o qədər sual doğurmur.

Görəsən, haqqı və ədaləti, ədalətli mühakiməni özünün sadiq prinsipi elan etmiş Qərb niyə bu “pullu erməniyə” münasibətdə öz ənənələrinə xəyanət edir? Nə üçün, eyni məsuliyyəti daşıyan və dünyanın (hətta Avropanın) bir çox yerlərində separatizm toxumu yayanlar bu gün zindandadır, amma ölkəmizin suverenliyini pozmuş Vardanyana münasibətdə azadedilmə “kampaniyası” aparılır? Bu, hansı ədalətin göstəricisidir? Və ya bu ikili standart “hansı zərurətdən” irəli gəlir...

Sadiq İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 495 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30