Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayı keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayı keçirilib

06.02.2013 [03:13]

Dünən Heydər Əliyev Sarayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) IV qurultayı keçirilib.
AzərTAc xəbər verir ki, qurultayda üzv həmkarlar ittifaqları təşkilatlarından 1300-dək nümayəndə, eləcə də Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, digər beynəlxalq təşkilatların və xarici ölkələrin, o cümlədən Rusiya, Türkiyə, Ukrayna, Belarus, Özbəkistan, Konqo və s. həmkarlar ittifaqları mərkəzlərinin təmsilçiləri iştirak ediblər.
Qurultayı AHİK-in sədri Səttar Mehbalıyev açıb.
Azərbaycanın dövlət himni səsləndirilib.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev dövlətimizin başçısı İlham Əliyevin qurultaya təbrik məktubunu oxuyub.
Qurultay iştirakçıları Prezidentin təbrikini hərarətli alqışlarla qarşılayıblar.
Sonra gündəlik elan edilib, qurultayın rəhbər orqanları seçilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, bir sıra beynəlxalq təşkilatların, xarici ölkələrin həmkarlar ittifaqları təşkilatlarının nümayəndələri təbrik sözü söyləyiblər.
Təbrik çıxışlarında Azərbaycan həmkarlar ittifaqları hərəkatının inkişafından, işçilərin əmək hüquqlarının qorunmasında xidmətlərindən danışılıb, qurumun beynəlxalq əlaqələrinin genişlənməsindən söz açılıb.
Daha sonra Konfederasiyanın sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev AHİK-in ötən qurultayından keçən dövr ərzində görülmüş işlər barədə hesabat məruzəsi ilə çıxış edib.
S.Mehbalıyev bildirib ki, AHİK-in IV qurultayı əlamətdar hadisə - Konfederasiyanın yaranmasının 20 illik yubileyi ilə eyni vaxtda keçirilir. Qeyd edilib ki, III qurultaydan ötən beş ildə ölkəmizin sosial-iqtisadi həyatında əsaslı dəyişikliklərin baş verib, əhalinin maddi vəziyyəti yaxşılaşıb. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin qətiyyəti, dərin zəkası və uzaqgörən siyasəti nəticəsində əbədi müstəqillik qazanmış Azərbaycanın qüdrəti və nüfuzu Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət sayəsində artmaqdadır.
Bildirilib ki, qurultaylararası dövrdə “Həmkarlar ittifaqları haqqında” Qanuna, Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə edilmiş bir sıra mühüm əlavə və dəyişikliklər müəssisələrdə həmkarlar ittifaqı təşkilatlarının nüfuzunu artırıb, yüzlərlə yeni üzvlərin gəlməsinə şərait yaradıb, minlərlə əməkçinin iş yerini itirməsinin qarşısını alıb. Bu dəyişikliklər, həmçinin həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinin güclənməsinə, onların işəgötürənlərdən asılılığının azaldılmasına əsas verib.
Qeyd edilib ki, ötən dövrdə hökumətin, işəgötürənlərin və həmkarlar ittifaqlarının birgə səyi nəticəsində məşğulluğun səmərəliliyinin artmasına və işsizliyin azalmasına nail olunub. Ölkəmizdə işsizliyin səviyyəsi 2008-ci illə müqayisədə 6,1 faizdən 5,2 faizə enib. 2003-cü ilin IV rübündən başlayaraq respublikada 1,2 milyondan çox yeni iş yeri yaradılıb ki, bunun da təqribən 70 faizi daimidir. AHİK-in Azərbaycan Hökuməti və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə hər iki ildən bir bağladığı Baş Kollektiv Sazişdə nəzərdə tutulduğu kimi, son illərdə hökumət ölkədə məşğulluq imkanlarının yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirib.
Konfederasiya sədri ölkəmizdə qeyri-leqal məşğulluğun qarşısının alınması, işçilərin əmək hüquqlarının gücləndirilməsi, ümumilikdə əməkçilərin sosial-iqtisadi hüquqlarının qorunması üçün AHİK-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, ASK ilə birlikdə fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Bildirilib ki, ötən müddətdə AHİK-in və onun üzv təşkilatlarının fəaliyyətinin prioritet istiqamətlərindən biri də layiqli əməkhaqqı uğrunda mübarizə olub. Respublika həmkarlar ittifaqları minimum əməkhaqqının minimum yaşayış həddindən aşağı olmaması uğrunda kampaniyanı ardıcıl davam etdirir. Həmkarlar ittifaqlarının bu sahədə həmrəyliyinin müsbət təsiri olub.
Məruzədə vurğulanıb ki, Azərbaycanda sosial tərəfdaşlığın təmin olunmasında bu tərəfdaşlığın subyektləri - Nazirlər Kabineti, AHİK və ASK məntiqli və düşünülmüş siyasət yürüdür, bütün tərəflərin maraqlarına cavab verən mühüm bir vəzifəni həyata keçirirlər. Respublikada əmək, əmək münasibətləri, əhalinin məşğulluğu, təhlükəsizlik və əməyin mühafizəsi, əməkçilərin sosial təminatları və s. hüquqlar Baş Kollektiv Sazişdə də əksini tapıb.
Diqqətə çatdırılıb ki, Azərbaycanda sosial dialoqu gücləndirmək, onu beynəlxalq normalara uyğunlaşdırmaq məqsədi ilə AHİK-də “Sosial tərəfdaşlıq haqqında” qanun layihəsi hazırlanıb. Daimi fəaliyyət göstərən Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın Əsasnaməsinin layihəsi ekspertizadan keçirilmək üçün Beynəlxalq Əmək Təşkilatının Azərbaycandakı nümayəndəliyinə təqdim edilib.
Hesabat məruzəsində bildirilib ki, son illər aparılan iqtisadi islahatlarla əlaqədar əmək qanunvericiliyi təkmilləşdirilir. Həmkarlar ittifaqları islahatların əmək adamının istismarı hesabına həyata keçirilməsinin əleyhinədir və əmək münasibətləri sahəsində qüvvədə olan təminatların azalmasına razı deyildir. Bu, həmkarlar ittifaqlarının prinsipial mövqeyidir. Bizim bu mövqeyimiz Əmək Məcəlləsində edilmiş dəyişikliklərdə və əlavələrdə əksini tapıb. İndiyədək Əmək Məcəlləsinə aid verdiyimiz 60-dan çox rəy və təklifin əksəriyyəti qəbul olunub. Son beş ildə AHİK-in iştirakı ilə 113 qanunvericilik aktı və normativ sənəd qəbul olunub.
AHİK-in illik statistik hesabatlarının təhlili göstərir ki, hər il müəssisələrdə qeydə alınan nöqsanların yarıdan çoxunu əmək normalarının pozulması halları təşkil edir. Bu isə müvafiq qurumların və müfəttişliklərin vəziyyətə tam nəzarət edə bilmədiklərinə sübutdur. Bütün bunlar həmkarlar ittifaqlarını inzibati xətalar və cinayət qanunvericiliyini daha da sərtləşdirməyi tələb etməyə vadar edir. Belə ki, ötən müddət ərzində Azərbaycan Respublikası məhkəmələrində həmkarlar ittifaqı hüquqşünaslarının iştirakı ilə 113 əmək mübahisəsinə baxılıb. Bunların 50 faizini işçilər udublar. Bəzi hallarda isə müəssisənin bağlanmasının qarşısı alınıb, iş yerlərini qoruyub saxlamaq, işçilərin pozulmuş əmək hüquqlarını bərpa etmək mümkün olub. Bu dövrdə 9 min 974 adama təmənnasız hüquqi yardım göstərilib.
Bildirilib ki, hesabat dövründə respublika həmkarlar ittifaqlarına 864 min 818 ərizə və şikayət daxil olub və onların 98,2 faizi müsbət həllini tapıb. İşçilərin ixtisarı, işdən çıxarılması və digər hüquqların pozulması ilə əlaqədar 17 min 28 müraciət olub. Həmkarlar ittifaqları işçilərin qanunsuz işdən çıxarılması məsələsini nəzarətdə saxlayaraq onlara verilmiş hüquqların köməyi ilə tədbirlər görüblər. Son beş ildə 3 min 568 nəfərin müraciətinə AHİK-in rəhbər işçiləri tərəfindən baxılıb. Ərizə və şikayətlərin həllinə düzgün yanaşma nəticəsində AHİK-ə çoxsaylı minnətdarlıq məktubları göndərilib.
Əməyin və işçilərin sağlamlığının mühafizəsinin həmkarlar ittifaqının prioritet vəzifələrindən olduğunu bildirən S.Mehbalıyev deyib ki, AHİK-in və üzv təşkilatların bu sahədə gördükləri işlər ictimai nəzarətin gücləndirilməsinə səbəb olub. 2008-2012-ci illərdə müəssisə və istehsalatlarda 3,2 mindən artıq müayinə aparılıb, əmək qanunvericiliyinin, həmçinin sənaye, ekologiya və sanitar-gigiyena təhlükəsizliyinə dair qanunvericilik tələblərinin 14,1 mindən artıq pozulması faktı aşkara çıxarılıb. Həmkarlar ittifaqı orqanlarında əməyin mühafizəsi, əmək şəraitinin yaxşılaşdırılması, istehsalat zədələnmələri və ətraf mühitin problemləri üzrə 668-ə yaxın məsələ müzakirə edilib. Ümumiyyətlə, son beş ildə həmkarlar ittifaqları əməyin mühafizəsi və işçilərin sağlamlığı məsələləri üzrə 40-dan çox qanunverici və normativ aktın işlənib hazırlanması və təkmilləşdirilməsində, əməyin mühafizəsinə dair Beynəlxalq Əmək Təşkilatının iki konvensiyasının ratifikasiyaya hazırlanmasında iştirak edib. AHİK-in təşəbbüsü və iştirakı ilə hazırlanmış “İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsinin icbari sığortası haqqında” qanun Milli Məclisdə qəbul edilib və 2011-ci ilin yanvarından qüvvəyə minib. Ötən il yanvarın 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, AHİK və ASK tərəfindən təhlükəsiz və sağlam əmək şəraiti üzrə Milli Üçtərəfli Sosial Şura yaradılıb.
Diqqətə çatdırılıb ki, həmkarlar ittifaqları işçilərin və onların ailə üzvlərinin sağlamlığının qorunması və istirahətinin təşkili sahəsində ciddi tədbirlər görür. Hazırda həmkarlar ittifaqlarının fəaliyyət göstərən 7 sanatoriyası, bir müalicə pansionatı və iki istirahət evi var. Qurultaylararası dövrdə üç istirahət evi fəaliyyətə başlayıb, bir sağlamlıq ocağı isə bu il istifadəyə veriləcək. Ötən beş ildə 158 min 889 nəfərin istirahətinin və müalicəsinin təşkili üçün həmkarlar ittifaqları 70,7 milyon manat vəsait xərcləyib. Bu dövrdə həmkarlar ittifaqlarının uşaq-sağlamlıq düşərgələrində 11 min nəfər dincəlib. Aztəminatlı ailələrin, məcburi köçkün və qaçqın uşaqlara güzəştlər edilib.
Qeyd olunub ki, AHİK və üzv təşkilatlar hesabat dövründə işçilərin layiqli əmək şəraitini, yaşayışını və sərbəst inkişafını təmin edən mühitin yaradılmasına, həmçinin qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq əsasında inkişaf etdirilməsinə, əmək münasibətlərinin dialoq, kollektiv müqavilələr və sazişlər vasitəsilə tənzimlənməsinə səy göstəriblər. Həmkarlar ittifaqlarının fəallığı sayəsində təkcə ötən il işəgötürənlərlə 12 min 366 kollektiv müqavilə və 121 saziş bağlanıb. Digər qurumlardan fərqli olaraq, müəssisələrdə yaradılmış həmkarlar ittifaqı təşkilatları bilavasitə iş yerində fəaliyyət göstərir və işçilərin problemləri ilə daha yaxından tanışdır. Bu baxımdan Əmək Məcəlləsinin tələblərinin daha çox pozulduğu transmilli şirkətlərin həmkarlar ittifaqına qarşı olan münasibətini neytrallaşdırmaq, əməkçilərin təşkilatını qurmaq, kollektiv müqavilə bağlamaq güclü fəaliyyət tələb edir. Son beş ildə AHİK və üzv təşkilatları transmilli şirkətlərin həmkarlar ittifaqının hüquqlarını pozan hərəkətlərinə qarşı daha sərt mövqe tutaraq Azərbaycanın milli qanunvericiliyinə, Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına əməl olunması çağırışları ilə çıxışlar ediblər. Göstərilən səylər nəticəsində transmilli şirkətlərin 28 müəssisəsində həmkarlar ittifaqı təşkilatları təsis edilib.
Bildirilib ki, ümumilikdə hesabat dövründə 1102 yeni həmkarlar ittifaqı təşkilatları yaradılıb. Bu təşkilatlar 148 min 448 nəfəri birləşdirir. Təkcə Naxçıvan Muxtar Respublikasında son beş ildə üç min nəfərdən çox həmkarlar ittifaqı üzvünü əhatə edən 639 həmkarlar ittifaqı təşkilatı fəaliyyətə başlayıb.
Vurğulanıb ki, dünyada baş verən qloballaşma prosesləri, ciddi iqtisadi və maliyyə böhranları əhaliyə, eləcə də əmək münasibətlərinə mənfi təsir göstərməkdədir. Yaxşı yaşayış axtarışında olan insanlar bir ölkədən digərinə axışır və müxtəlif problemlərlə qarşılaşırlar. Belə insanlar arasında xeyli sayda həmkarlar ittifaqı üzvü də var. Konfederasiya işçi qüvvəsinin miqrasiyası istiqamətində işi fəallaşdırmaq məqsədi ilə 2010-cu il dekabrın 30-da keçirilmiş III Məclisində “Əməkçi miqrantların sosial-iqtisadi problemlərinin həllində həmkarlar ittifaqı təşkilatlarının vəzifələri haqqında” məsələni müzakirə edib. AHİK Rusiya Həmkarlar İttifaqı Federasiyası, eləcə də həmin Federasiyanın Sverdlovsk və Həştərxan Vilayət həmkarlar ittifaqları təşkilatları, Gürcüstan Həmkarlar İttifaqları Birliyi ilə miqrasiya sahəsində əməkdaşlıq haqqında müqavilələr imzalayıb.
Məruzədə qeyd edilib ki, ötən dövrün aktual problemlərindən biri də həmkarlar ittifaqının cəlbediciliyini artırmaq, həmkarlar ittifaqı üzvlüyünün motivasiyasını gücləndirmək olub. Göstərilən səylər nəticəsində ölkəmizdə həmkarlar ittifaqı üzvlərinin sayı 1,6 milyon nəfərə çatıb.
S.Mehbalıyev Azərbaycan həmkarlar ittifaqlarının ali təhsil ocağının yaradılmasını vaxtında atılmış düzgün addım kimi qiymətləndirib. Bu gün hamımıza məlumdur ki, həmkarlar ittifaqı işinin təşkili xeyli dərəcədə güclü kadrların hazırlanmasından asılıdır. Əmək və Sosial Münasibətlər Akademiyası həmkarlar ittifaqları üçün kadr hazırlığı bazasına çevrilib. Hazırda akademiyada 624 gənc təhsil alır. Bununla yanaşı, üzv təşkilatların kadr və fəallarının təhsilinin artırılması işi də diqqətdə saxlanılır. Beş ildə 1483 nəfər Akademiyada tədris kurslarında biliyini artırıb.
Ölkəmizdə gənc nəslin yetişdirilməsi sahəsində Prezident İlham Əliyevin yürütdüyü siyasəti yüksək qiymətləndirən AHİK sədri “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın uğurla icra olunduğunu vurğulayıb. Bildirilib ki, AHİK-in nəzdində Gənclər Şurası yaradılıb və uğurla fəaliyyət göstərir. Şuranın Əsasnaməsinə uyğun olaraq həmkarlar ittifaqlarının bütün səviyyələrində gənclər şuraları yaradılıb. Sevindirici haldır ki, gənc liderlərimiz beynəlxalq səviyyədə özlərini təsdiq etməyi bacarıblar. Yaponiyada, İtaliyada, Türkiyədə, Rusiyada gənclərin problemlərinə həsr olunmuş tədbirlərdə Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri də uğurla iştirak ediblər. Belə tədbirlərdən biri - 2012-ci ilin avqustunda “Həmkarlar ittifaqı və gənclərin məşğulluğu” mövzusunda Bakıda beynəlxalq konfrans keçirilib ki, onun işinə on ölkədən 60 gənc qatılıb.
Gənclərin təhsil almaq istəklərini, elmi və yaradıcılıq axtarışlarını daim dəstəkləyən AHİK artıq neçə ildir ki, şagirdlərə və tələbələrə adlı təqaüdlər verir. Bu günə qədər 1500-dən artıq gəncə adlı təqaüd verilib. Konfederasiya 56 imkansız tələbənin illik təhsil haqqının bir hissəsini ödəyib. 7 min 115 tələbəyə maddi yardım göstərilib, 1795 tələbəyə isə pulsuz yemək verilməsi təşkil olunub.
Dövlətimizin başçısının qayğısı sayəsində Azərbaycanın artıq idman ölkəsinə çevrildiyini vurğulayan S.Mehbalıyev ölkəmizin son illərdə dünya və qitə miqyaslı çempionatlara uğurla ev sahibliyi etdiyini məmnunluqla bildirib. Bu sahədə qazandığımız parlaq qələbələrin nəticəsidir ki, ötən il dekabrın 8-də Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edilib.
Məruzədə hazırda ölkəmizdə 903 bədən tərbiyəsi kollektivinə 200 minə yaxın işçinin və onların ailə üzvləri cəlb olunduğu diqqətə çatdırılıb. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası 5 idman cəmiyyəti, 4 idman klubu və 1 idman sağlamlıq klubunu birləşdirir. Həmkarlar ittifaqı idman təşkilatlarının istifadəsində 2230 idman qurğusu, o cümlədən 2 stadion, 86 idman zalı, 2127 sadə idman meydançası, 5 üzgüçülük hovuzu və 10 kompleks idman qurğusu var. Son illər həmkarlar ittifaqı idman təşkilatlarında 4040 nəfər dərəcəli idmançı yetişdirilib. “Yüksək idman ustalığı uğrunda” spartakiada ilboyu keçirilir. Həmkarlar ittifaqı idmançıları hesabat dövründə 611 respublika yarışında 5922 idmançı ilə təmsil olunub, respublika çempionatlarında 415 qızıl, 351 gümüş və 403 bürünc medala layiq görülüblər. 1531 idmançı isə rəsmi və qeyri-rəsmi beynəlxalq yarışlarda 36 qızıl, 31 gümüş və 64 bürünc medal qazanıb. XXX London Yay Olimpiya Oyunlarında Assosiasiyanın idmançıları da fəal iştirak ediblər.
Vurğulanıb ki, AHİK və üzv təşkilatları beynəlxalq əlaqələr sahəsində gələcək yerini qloballaşmanın sosial cəhətdən ədalətsiz inkişafına, milli və transmilli kapitalın muzdlu işçilərin və həmkarlar ittifaqlarının hüquqları üzərinə getdikcə artan təzyiqlərinə qarşı mübarizədə görürlər. Bu mübarizədə informasiya mübadiləsinin rolu danılmazdır. AHİK təkcə bu məsələlərdə deyil, vahid informasiya sisteminin təkmilləşdirilməsi, KİV-lərlə daha sıx əməkdaşlığın yaradılması, həyata keçirilən tədbirlərin yayılması yönündə ardıcıl işlər görür. Ötən müddətdə qazanılan uğurların həmkarlar ittifaqı üzvlərinə, ictimaiyyətə çatdırılmasında “Ülfət” qəzetinin böyük rolu olub. Qəzet Konfederasiya, sahə, bölgə, ilk təşkilatlar səviyyəsində keçirilən tədbirləri, qabaqcıl təşkilatların iş təcrübəsini geniş işıqlandırıb, mühüm problemlər qaldırıb, üzvlərin hüquqi maarifləndirilməsi işində xüsusi fəallıq göstərib.
AHİK sədri deyib ki, 2005-2012-ci illərdə həmkarlar ittifaqlarındakı xidmətlərinə görə respublika həmkarlar ittifaqlarının 82 işçisi ölkəmizin orden və medalları ilə təltif olunub, üç nəfərə Prezident təqaüdü verilib, 43 nəfər Fəxri adlara layiq görülüb.
S.Mehbalıyev deyib ki, həmkarlar ittifaqları təşkilatları qurultayqabağı yığıncaqlarında builki prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər. Biz 2003-cü ildə də, 2008-ci ildə də ölkədə ilk dəfə olaraq bu addımı atmışdıq, indi də sözümüzün arxasındayıq. Bizim arzumuz və amalımız hər bir ölkə vətəndaşının, hər bir həmkarlar ittifaqı üzvünün həyatında sürətli inkişaf və tərəqqinin öz əksini tapmasıdır. Azərbaycan Prezidenti İlham Əliyevin ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi və həmkarlar ittifaqlarının möhkəmləndirilməsi istiqamətində atdığı addımların, imzaladığı Fərman və Sərəncamların, verdiyi tapşırıq və tövsiyələrinin icra olunması bu məqsədə çatmaqda bizə böyük dəstəkdir. İnanırıq ki, AHİK üzv təşkilatlarla birlikdə bundan sonra da yeni uğurlara imza atacaq.
Fasilədən sonra işini davam etdirən AHİK-in IV qurultayında Təftiş Komissiyasının hesabatı dinlənilib. Daha sonra Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək dövlətimizin başçısının qurultaya təbrik məktubunda həmkarlar ittifaqlarının fəaliyyətinin dəyərləndirilməsi, o cümlədən qarşıda duran vəzifələrlə bağlı mühüm fikirlərin qeyd olunduğunu diqqətə çatdırıb.
Konfederasiyanın və üzv təşkilatların ötən beş ildəki fəaliyyətini qənaətbəxş hesab edən Ə.Həsənov Azərbaycanda həmkarlar ittifaqı hərəkatının tarixindən danışıb. Bildirilib ki, Azərbaycan tarixində ilk dəfə 1905-ci ildə Bakı fəhlələri ilə neft sənayesini təmsil edən qurumlar arasında ilk kollektiv saziş imzalanıb. Bu sazişlə demək olar ki, işçilərin hüquqlarının müdafiəsi haqqında ilk hüquqi-normativ sənəd ortaya qoyulub. Azərbaycan həmkarlar ittifaqının tarixi məhz o dövrdən başlanır.
Qeyd edilib ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdə sovet dönəmində formalaşdırılmış, inkişaf etdirilmiş digər dəyərlər kimi, respublika həmkarlar ittifaqı hərəkatı da ciddi təzyiqlərə məruz qalıb, bu təşkilatların ləğv edilməsi təhlükəsi yaranıb. Lakin 1993-cü ildə xalqımızın Ümummilli lideri Heydər Əliyevin respublikada siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə həmkarlar ittifaqlarının təşkilatlanması prosesi başlanıb. Ümummilli liderimiz həmkarlar hərəkatına həm əmək adamlarının hüquqlarının müdafiəsi məktəbi kimi xüsusi diqqət yetirib, bu təşkilatın güclənməsinə, fəaliyyətinə mühüm yer ayırıb. Məhz Ulu öndərin hakimiyyətə qayıdışı ilə həmkarlar ittifaqlarının həyatında yeni dövrün təməli qoyulub və onlar yenidən nüfuz qazanmağa başlayıblar.
Prezident Administrasiyasının şöbə müdiri AHİK-in inkişafında qurumun hazırkı sədri S.Mehbalıyevin fəaliyyətini xüsusi vurğulayıb, bu xidmətlərinə görə onun “Şöhrət” ordeni ilə təltif olunduğunu diqqətə çatdırıb.
Qeyd edilib ki, Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra “Həmkarlar ittifaqları haqqında” Qanunun qəbul edilməsinə dəstək verməklə bu mühüm sahəyə böyük qayğı göstərib.
Ə.Həsənov deyib ki, digər dövlətlərdən fərqli olaraq, Azərbaycanda hakimiyyətlə həmkarlar təşkilatları əsl tərəfdaşdırlar. Çünki dövlətimizin də, həmkarlar ittifaqlarının da fəaliyyətinin təməlində Azərbaycan vətəndaşı, onun rifahı və hüquqlarının təmin edilməsi dayanır. Ölkəmizdə həyata keçirilən sosial siyasətin, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş bütün Dövlət proqramlarının təməlində Azərbaycan vətəndaşı durur. Azərbaycanda dövlət həmişə həmkarlar təşkilatlarına özünün ciddi tərəfdaşı kimi baxır.
Azərbaycan hökumətinin beynəlxalq əmək hüququ ilə bağlı beş konvensiyaya qoşulduğunu xatırladan Ə.Həsənov vətəndaşların minimal həyat şəraiti haqqında daha bir beynəlxalq konvensiyaya qoşulmaq istiqamətində iş aparıldığını vurğulayıb.
Şöbə müdiri deyib ki, həmkarlar ittifaqlarının daxildə vətəndaşların, işçilərin hüquqlarının qorunması ilə bağlı təkliflərini dəstəkləyirik, qanunvericilikdə dəyişikliklər edilərək həmkarlar ittifaqlarının fəaliyyətinin gücləndirilməsinə çalışırıq. Belə bir şəraitdə AHİK-in IV qurultayı ölkə səviyyəsində mühüm hadisədir. Sevindirici hal odur ki, Azərbaycan vətəndaşlarının əsas təməlini yaradan həmkarlar ittifaqlarının üzvləri növbəti prezident seçkilərinə dövlətimizin başçısının namizədliyi irəli sürürlər. Bir ölkənin həmkarlar ittifaqları təşkilatları respublikanın birinci şəxsini prezidentliyə namizəd irəli sürürsə bu, cəmiyyətdəki həmrəyliyin, dövlətlə həmkarlar təşkilatları arasında birliyin göstəricisidir. Sizin bu qərarınızı bütün Azərbaycan xalqı alqışlayacaq.
Daha sonra sahə həmkarlar ittifaqları respublika komitələrinin sədrləri hesabat məruzələri ətrafında çıxış edərək Konfederasiyanın ötən qurultaydan sonrakı fəaliyyətini qənaətbəxş hesab ediblər. Bildirilib ki, son illərdə ölkəmizdə həmkarlar ittifaqları təşkilatlarının inkişafına dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilib. Natiqlər təmsil etdikləri təşkilatların üzvləri adından 2013-cü ildə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsini təklif ediblər.
AHİK-in IV qurultayına beynəlxalq təşkilatların və xarici ölkələrin həmkarlar ittifaqlarının təbrik teleqramları oxunub.
Sonra təşkilati məsələlərə baxılıb, hesabat məruzəsi və təftiş komissiyasının hesabatı səsə qoyularaq qəbul edilib.
Milli Məclisin deputatı Səttar Suliddin oğlu Mehbalıyev açıq səsvermə yolu ilə yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilib.
Konfederasiyanın Nizamnaməsinə əlavə və dəyişikliklər edilib, AHİK-in fəaliyyətinin əsas istiqamətləri təsdiq olunub.
AHİK-in IV qurultayı 2013-cü ildə prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul edib.
AHİK qurultayının nümayəndələri qarşıdakı seçkilərdə namizədliyinin irəli sürülməsinə razılıq verməsi barədə Prezident İlham Əliyevə müraciət qəbul ediblər.
Müraciətdə qeyd olunub ki, Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı və məqsədyönlü siyasət nəticəsində Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi daha da güclənib, müasir cəmiyyət quruculuğu yolunda mühüm nailiyyətlər əldə edib.
Bildirilib ki, xalqımızın lideri olaraq dövlətimizin başçısının fəaliyyəti ölkəmizdə milli birliyin, sabitliyin daha da möhkəmlənməsinə, Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artmasına ciddi təkan verib. Ölkə iqtisadiyyatının əsasını təşkil edən neft-qaz sahəsi ilə yanaşı, qeyri-neft sektorunun inkişafı da prioritet məsələ kimi qarşıya məqsəd qoyulub. Bu istiqamətdə islahatların, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının ardıcıl həyata keçirilməsi bütün bölgələrin simasının yenilənməsinə, müasir infrastrukturun formalaşmasına səbəb olub. Ölkədə yüz minlərlə yeni iş yerinin yaradılması, yoxsulluğun azaldılması, minlərlə sənaye və emal müəssisələrinin, təhsil və səhiyyə ocaqlarının, xidmət obyektlərinin inşası uğurlarımızın yalnız bir hissəsidir.
Respublikamızın dinamik inkişaf etdiyinin, əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində möhkəm dönüş yaradıldığının vurğulandığı müraciətdə Azərbaycanın regionda reallaşan bütün beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısı olduğu diqqətə çatdırılıb.
Müraciətdə Prezident İlham Əliyevin səyləri sayəsində Azərbaycan torpaqlarının erməni işğalından tezliklə azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə edilib. Azərbaycanın dünyanın 155 dövlətinin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi də ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi də Azərbaycanın istər qitə, istərsə də dünya miqyasında təsir imkanlarının artmasının parlaq göstəricisidir.
Müraciətdə bildirilib ki, ölkəmizdə ən kütləvi ictimai təşkilat olan həmkarlar ittifaqlarına dövlətimizin başçısının diqqət və qayğısını qurultay nümayəndələri xüsusi minnətdarlıq hissi ilə qeyd edirlər.
AHİK-in IV qurultayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün dünya həmkarlar ittifaqları və fəhlə hərəkatlarına müraciət qəbul edilib.
Müraciətdə qurultay nümayəndələri dünya dövlətlərini Ermənistanı işğalçı dövlət kimi tanımağa çağırıblar.
Qurultayda ictimai təşkilatlara da müraciət qəbul olunub.
Bununla da AHİK-in IV qurultayı öz işini başa çatdırıb.

Paylaş:
Baxılıb: 1181 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30