Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Yeni Azərbaycan”-20

“Yeni Azərbaycan”-20

23.04.2013 [17:14]

Qəzetimizin nəşrə başlamasının 20 illik yubileyi ilə bağlı təntənəli tədbir keçirilib
Dünən “Four Seasons” otelinin “Segah” zalında “Yeni Azərbaycan” qəzetinin 20 illiyi ilə əlaqədar təntənəli tədbir keçirilib. Mərasimdən öncə “Yeni Azərbaycan” qəzetinin kollektivi Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli lideri, müstəqil Azərbaycanımızın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
“Four Seasons” otelində keçirilən mərasimdə ölkənin rəsmi şəxsləri, Milli Məclisin deputatları, Yeni Azərbaycan Partiyasının rəhbərliyi, o cümlədən, ictimai xadimlər, KİV nümayəndələri iştirak ediblər. Tədbirin açılış mərasimində “Yeni Azərbaycan” qəzetinin 20 illik fəaliyyəti ilə bağlı geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan mətbuatında öz mövqeyi, yeri olan, öz dəsti-xətti ilə seçilən “Yeni Azərbaycan” qəzetinin ilk nömrəsi 1993-cü ilin aprel ayının 10-da işıq üzü görüb. Dövlətimizin və xalqımızın taleyində müstəsna rol oynamış Yeni Azərbaycan Partiyasının rəsmi orqanı olan “Yeni Azərbaycan” qəzeti ötən 20 ildə böyük və şərəfli bir yol keçib. Ümummilli lider Heydər Əliyevin ideyalarından qaynaqlanan və həmin ideyalar əsasında fəaliyyət göstərən “Yeni Azərbaycan” qəzeti dövlətçiliyimizin və müstəqilliyimizin qorunmasında, milli mətbuatımızın inkişaf etdirilməsində üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirib, öz peşəkarlığı, jurnalistika etikası prinsiplərinə sadiqliyi ilə seçilib. Qəzet Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin inkişafı, xalqımızın rifahı yönündə həyata keçirilən siyasətə daim dəstək verir, bu siyasətin geniş ictimaiyyət arasında təbliği istiqamətində ardıcıl fəaliyyət göstərir. Heç də təsadüfi deyil ki, bu gün qəzetin fəaliyyəti cəmiyyətimizin ən müxtəlif təbəqələrinin təqdirini qazanıb və maraqla oxunan qəzetlər sırasında öz yerini alıb.
Daha sonra Azərbaycan Respublikası Prezidenti Adminstrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Yeni Azərbaycan” qəzetinin 20 illik yubileyi münasibətilə qəzetin kollektivinə təbrik məktubunu, qəzetin bir neçə əməkdaşının “Əməkdar jurnalist” və “Tərəqqi” medalı ilə təltif olunması münasibətilə imzaladığı sərəncamları oxuyub.
Əli Həsənov çıxışında bildirib ki, 1992-cü ildə Azərbaycanda çox gərgin bir ictimai-siyasi vəziyyət mövcud idi və dövlətimiz çətin sınaqlar qarşısında dayanmışdı. Belə bir zamanda YAP-ın təsis olunduğunu söyləyən Əli Həsənov daha sonra “Yeni Azərbaycan” qəzetinin yaradılması qərarının verildiyini deyib: “1993-cü ilin aprelinə qədər təşkilati işlər həyata keçirildi, 1993-cü ilin aprelindən “Yeni Azərbaycan” qəzeti cəmiyyət həyatına qədəm qoydu. Bir faktı qeyd etmək istəyirəm ki, “Yeni Azərbaycan” qəzeti yarandığı gündən faktiki olaraq təkcə YAP-ın rəsmi orqanı kimi fəaliyyət göstərmədi, ümummilli bir qəzetə çevrildi. Azərbaycan xalqının, vətəndaşlarının ayrı-ayrı qruplarını öz səhifələrinə çıxararaq dövlət və dövlətçilik istiqamətində onların fikirlərini bölüşdü. Faktiki olaraq bu qəzet Azərbaycanın ictimai-siyasi həyatının ciddi bir aktoruna çevrildi. Yarandığı gündən bu günə qədər keçdiyi 20 illik yol sözün həqiqi mənasında həm Azərbaycanın ictimai-siyasi həyatında, həm Yeni Azərbaycan Partiyasının həyatında, həm də bütövlükdə dövlətimizin maraq və mənafelərini qorumaqda şərəfli bir yoldur. Bu gün biz “Yeni Azərbaycan” qəzetinin 20 illik inkişafını Azərbaycanın müstəqillik dövrünün 20 illik inkişafı ilə eyni rakursdan müzakirə edirik. Çünki “Yeni Azərbaycan” qəzetini Azərbaycan dövlətindən, dövlət quruculuğundan ayırmaq mümkün deyil”.
Daha sonra tədbir iştirakçıları “Yeni Azərbaycan” qəzetinin yaranması və fəaliyyətini əks etdirən qısa filmə baxıblar. Filmdə Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan söz və mətbuat azadlığının inkişafı əks etdirilib. Vurğulanıb ki, Azərbaycanda söz və məlumat azadlığının, fikir plüralizminin həqiqi mənada bərpa olunması, onun müdafiəsinin dövlət siyasətinin tərkib hissəsi kimi qəbul edilməsi Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixdə imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım olub.
Filmdə, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu yolun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi olaraq vurğulanıb. O da qeyd olunub ki, Prezident İlham Əliyevin Fərman və sərəncamlarına uyğun olaraq, qəzetlərin “Azərbaycan” nəşriyyatına borcları dövlət büdcəsi hesabına ödənilib, ölkənin onlarla jurnalisti ali dövlət mükafatları ilə təltif olunub, kütləvi informasiya vasitələrinə maddi yardımlar edilib.
Filmdə “Yeni Azərbaycan” qəzetinin 20 illik fəaliyyəti ilə bağlı geniş məlumat verilib. Bildirilib ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda Azərbaycan dövlətinin taleyində çox mühüm rol oynayan, dövlətçiliyimizin möhkəmlənməsi və müstəqilliyimizin qorunmasında müstəsna xidmətlər göstərmiş Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsindən sonra həmin dövrdə müxalifətdə olan Yeni Azərbaycan Partiyasının təşkilatlanması və fəaliyyətinin ictimaiyyətə çatdırılması üçün kütləvi informasiya vasitələrinə çıxış vacib şərt idi. Bu səbəbdən, partiyanın rəsmi orqanının yaradılması ideyası ortaya çıxdı. Ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə 1993-cü ilin aprel ayının 10-da qəzetin ilk nömrəsi işıq üzü gördü. Dahi rəhbərin məsləhətləri, Onun siyasi sistemin inkişafı və ölkəmizdə mövcud problemlərin aradan qaldırılması ilə bağlı dəyərli fikirləri “Yeni Azərbaycan”ın ideya mənbəyini və fəaliyyət istiqamətlərini təşkil edirdi.
Qeyd olunub ki, “Yeni Azərbaycan” qəzeti daim jurnalistikanın əsas tələblərinə, Jurnalistlərin Peşə Davranış Qaydalarına, Azərbaycan Respublikasının qanunvericiliyinə əməl edib, gündəlik fəaliyyətində bu prinsipləri rəhbər tutub. Filmdə xüsusi olaraq qeyd edilib ki, “Yeni Azərbaycan” qəzeti 1993-cü ildə yaradılarkən öz qarşısına qoyduğu məqsədlərə, üzərinə götürdüyü vəzifələrə bu gün də sadiqdir. “Yeni Azərbaycan” qəzeti Ulu öndər Heydər Əliyev ideyalarına söykənərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin inkişafı, xalqımızın rifahı yönündə həyata keçirilən siyasətə dəstək verir, bu siyasətin geniş ictimaiyyət arasında təbliği istiqamətində öz üzərinə düşən missiyanı şərəflə yerinə yetirir.
Daha sonra mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov 20 illik yubiley münasibətilə “Yeni Azərbaycan” qəzetinin kollektivini, eləcə də, Yeni Azərbaycan Partiyasının üzvlərini təbrik edib. Qəzetin kollektivinə göndərdiyi təbrik məktubuna və təltiflərə görə Prezident İlham Əliyevə minnətdarlıq edən Əli Əhmədov “Yeni Azərbaycan”ın əməkdaşlarının dövlət başçısının yüksək qiymətinin səviyyəsində dayanmağı bacaracaqlarına inamını ifadə edib. Onun sözlərinə görə, “Yeni Azərbaycan” qəzeti xalqımızın taleyinin və tarixinin çox kövrək bir zamanında meydana gəlib: “20 illik fəaliyyəti ərzində “Yeni Azərbaycan” qəzetinin ən böyük məziyyəti Heydər Əliyevin ideyalarından qida almaq olub. Qəzetin qazandığı bütün nailiyyətlər Heydər Əliyev ideyalarına söykənməsinə, bu ideyalara istinad etməsinə əsaslanıb. Bu gün də “Yeni Azərbaycan” qəzetinin cəmiyyətdəki rolu, mətbuat orqanı kimi yerinə yetirdiyi funksiyalar və bu funksiyaların dəyəri yenə də Heydər Əliyev ideyalarına, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə əsaslanır. “Yeni Azərbaycan” qəzeti həmişə haqqın-ədalətin tərəfində olub. Güman edirəm ki, Azərbaycanın mətbuat aləmində “Yeni Azərbaycan” qəzetinin bu uğuru ayrıca vurğulanmağa layiqdir”.
“Yeni Azərbaycan” qəzetinin həmişə düzgünlüyü yazdığını deyən YAP Sədrinin müavini qeyd edib ki, qəzet obyektiv bir mətbuat orqanı kimi cəmiyyətdə özünü tanıda bilib. “Yeni Azərbaycan” qəzeti, eyni zamanda Yeni Azərbaycan Partiyasının orqanı kimi öz üzərinə götürdüyü missiyanı 20 il ərzində layiqincə yerinə yetirə bilib. Bu missiya Heydər Əliyev ideyalarının təbliğ-təşviq edilməsindən, Heydər Əliyev ideyalarından qaynaqlanan Azərbaycanın inkişafının mənzərəsini yaratmaqdan ibarətdir. Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərən “Yeni Azərbaycan” qəzeti Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı, ölkəmizin dinamik, hərtərəfli inkişafına, vətəndaşların rifahının durmadan yaxşılaşdırılmasına xidmət edən siyasəti bacarıqla təbliğ edir. Sevindirici haldır ki, “Yeni Azərbaycan” qəzeti ölkəmizdəki mətbuat bolluğu şəraitində öz layiqli yerini tuta bilib və cəmiyyətdə özünə böyük nüfuz qazanıb. Düşünürəm ki, gələcəkdə “Yeni Azərbaycan” qəzetinin qarşısında daha böyük yol dayanır. İnanıram ki, bu yolu da “Yeni Azərbaycan” qəzetinin kollektivi şərəflə, layiqincə addımlayacaq, mətbuat məkanında öz yerini və nüfuzunu qoruyub saxlayacaq, uzun illər Azərbaycan dövlətçiliyinə xidmət edəcək” - deyən, Əli Əhmədov qəzetin kollektivinə yeni-yeni nailiyyətlər arzulayıb.
Daha sonra çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, “Yeni Azərbaycan” qəzeti Yeni Azərbaycan Partiyasının rəsmi orqanı kimi partiyanın ideyalarının və fəaliyyətinin işıqlandırılmasında, cəmiyyətin obyektiv məlumatlandırılmasında özünəməxsus fəaliyyətə malik olan aparıcı mətbuat orqanıdır: “Yeni Azərbaycan” qəzeti çoxsaylı auditoriyaya malikdir və daim milli maraqlarımıza, vətəndaş mövqeyinə uyğun fəaliyyət göstərir. Bu qəzetin Azərbaycan mətbuatında oynadığı rol, taleyüklü hadisələrə münasibətdə tutduğu obyektiv və prinsipial mövqe nəşri cəmiyyətin ən müxtəlif təbəqələrinin iyirmi illik yol yoldaşına, yüksək tribunasına çevirib. Ən əsası, Ulu öndər Heydər Əliyev ideyalarına sadiqliyi ilə seçilən “Yeni Azərbaycan” qəzeti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti uğurla təbliğ etməklə həm ictimai rəyin formalaşmasına, həm də milli maraqlarımızın qorunmasına, təmin olunmasına xidmət edir. Bütün bunları nəzərə alaraq Azərbaycan Mətbuat Şurasının adından “Yeni Azərbaycan” qəzetini 20 illik yubileyi münasibətilə təbrik edir, qəzetin kollektivinə yeni yaradıcılıq uğurları arzulayıram”.
Daha sonra Ə.Amaşov Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu proseslərinin işıqlandırılmasındakı xidmətlərinə və 20 illik yubileyə görə Mətbuat Şurasının “Diplom”unu qəzetin baş redaktoru Hikmət Babaoğluna təqdim edib.
Çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu “Yeni Azərbaycan” qəzetinin kollektivi və bütün “Yeni Azərbaycan”sevərlər adından, bu qəzetin çoxsaylı oxucuları adından ölkə Prezidenti İlham Əliyevə dərin təşəkkürünü və minnətdarlığını bildirib. Baş redaktor göstərilən yüksək diqqət və qayğının təkcə “Yeni Azərbaycan” qəzetinə deyil, bütövlükdə bütün obyektiv Azərbaycan mətbuatına, milli mətbuatımıza qayğı adlandırıb. Onun sözlərinə görə, bu gün Azərbaycan mətbuatı sözün həqiqi mənasında müstəqil dövlətimizin himayəsini daima hiss edir: “Bu himayə milli mətbuatımızın müxtəlif təmayüllərinin bütün istiqamətlərini əhatə edir. Azərbaycanda mövcud olan siyasi iradə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli mətbuatımızı vahid ictimai institut kimi görür və onun inkişafına hərtərəfli qayğı göstərir. Bu gün tənqidçi media da, obyektiv media da dövlətimizin qayğısından eyni dərəcədə bəhrələnir. Söz və mətbuat azadlığının, fikir azadlığının bərqərar olunduğu cəmiyyət elə budur”.
Hikmət Babaoğlu bildirib ki “Yeni Azərbaycan” qəzeti Yeni Azərbaycan Partiyasının rəsmi orqanı kimi Ümummilli lider Heydər Əliyevin ideyalarının daşıyıcısı və təbliğatçısı kimi həm böyük məsuliyyət daşıyır, həm də bundan olduqca böyük şərəf duyur. “Yeni Azərbaycan” qəzeti 20 ildir müstəqil, yeni Azərbaycanın ən yeni səlnaməsini yazır: “Bu 20 illik tarix, Azərbaycan dövlətinin tarixi şərəf tarixidir, qüdrət tarixidir, inkişaf tarixidir. “Yeni Azərbaycan” 20 ildir Ulu öndər Heydər Əliyev ideyalarını təbliğ edir, ictimai rəyin obyektiv əsaslarda, intellektual əsaslarda formalaşmasına xidmət göstərir. Qəzetimiz inkişaf edən milli mətbuatımızın bütün uğurlarını, çətinliklərini mətbuatımızla birgə yaşayan bir qəzetdir. Birmənalı şəkildə vurğulamaq lazımdır ki, “Yeni Azərbaycan” qəzeti Azərbaycan haqqında həqiqətləri dünyaya çatdırır. “Yeni Azərbaycan” bu gün söz və mətbuat azadlığının bərqərar olduğu bir ölkənin mətbuat orqanı olmaqdan qürur duyan bir qəzetdir. “Yeni Azərbaycan” Heydər Əliyevçilik, Azərbaycançılıq, neomühafizəkarlıq fəlsəfəsini mənimsəmiş və onun kütləviləşməsinə xidmət edən bir qəzetdir və həm ictimai-siyasi qəzet kimi kütləvi, həm də siyasi elitanın və ölkəmizdə akreditasiya olunmuş diplomatik korpusun elitar qəzetidir. Qəzetimiz bu missiyanı layiqincə yerinə yetirir, milli və dövlət maraqlarına xidmət edir”.
Baş redaktor çıxışının sonunda bir daha öz şəxsi münasibəti və diqqəti ilə jurnalistlərin peşə nüfuzunun artması, onların sosial problemlərinin həll edilməsi, peşəkarlığının yüksəlməsi üçün əlindən gələn hər şeyi edən Prezident İlham Əliyevə “Yeni Azərbaycan” qəzetinin kollektivi və bütövlükdə ölkəmizin mətbu icması adından minnətdarlığını bildirib.
Bununla da “Yeni Azərbaycan” qəzetinin nəşrə başlamasının 20-ci ildönümü münasibətilə keçirilən mərasimin rəsmi hissəsi başa çatıb. Tədbirin bədii hissəsində ölkəmizin tanınmış muğam ifaçıları, o cümlədən, estrada müğənniləri qonaqların zövqlərini oxşayan musiqilər ifa ediblər.
“Yeni Azərbaycan”

Paylaş:
Baxılıb: 1069 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30