Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ABŞ Azərbaycanı etibarlı tərəfdaş hesab edir

ABŞ Azərbaycanı etibarlı tərəfdaş hesab edir

06.06.2013 [02:12]

Prezident İlham Əliyev: Müstəqilliyimizin ilk günlərindən biz xüsusi əməkdaşlıq qurmuşuq. O da nəticədə strateji tərəfdaşlığa çevrilmişdir
Məlum olduğu kimi, iyunun 4-də Bakı şəhərində XX Beynəlxalq neft, qaz sərgisi və konfransı öz işinə başlayıb. Bu mötəbər beynəlxalq tədbir dünyanın diqqət mərkəzindədir. ABŞ Prezidenti Barak Obama bu tədbirin işə başlaması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Təbrik məktubunda Bakıda keçirilən Beynəlxalq neft, qaz sərgisi və konfransının 20 illiyi münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdıran Barak Obama qeyd edib ki, Azərbaycanın təbii sərvətlərinin beynəlxalq bazarlara çıxarılması məqsədilə ötən dövr ərzində qoyulmuş irihəcmli investisiyalar qlobal enerji təchizatının sabitləşdirilməsi işinə xidmət edib, Azərbaycanın müstəqilliyi və iqtisadi inkişafına töhfə verib: “Azərbaycanın beynəlxalq tərəfdaşları ilə möhkəm münasibətləri sayəsində mühüm enerji layihələri həyata keçirilmiş və bu layihələr öz növbəsində Azərbaycanı dünya bazarının önəmli neft təchizatçısına və regionun mühüm qaz mənbəyinə çevirmişdir. Qarşıdan gələn ildə “Şahdəniz” layihəsinin ikinci fazası və planlaşdırılan Trans-Anadolu qaz kəməri layihəsi Azərbaycanı, eyni zamanda, Avropanın mühüm qaz təchizatçısı mövqeyinə daha da yaxınlaşdıracaqdır”.
Ümumiyyətlə, Azərbaycanla Birləşmiş Ştatlar arasındakı münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. İstər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edərək getdikcə öz əhatə dairəsini genişləndirməkdədir. Məlum olduğu kimi, ABŞ-Azərbaycan münasibətlərinin inkişafını şərtləndirən əsas məqamlardan biri Azərbaycanın karbohidrogen ehtiyatları, həmçinin, bu ehtiyatların daşındığı əsas tranzit ölkəsi olmasıdır. Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum enerji daşınması layihələrinin reallaşmasında Birləşmiş Ştatların da dəstəyi olub. Ümumiyyətlə, bu amil, rəsmi Vaşinqtonun ümumilikdə Cənubi Qafqaz bölgəsinin, regionda dövlətlərarası münasibətlərin inkişafında maraqlı olduğunu göstərir. Bu gün digər regional layihələrin reallaşması üçün də əlverişli zəmin yarana bilər. Prezident Barak Obamanın hər zaman enerji məsələlərinə xüsusi həssaslıqla yanaşmasını və enerji təhlükəsizliyi məsələsində Azərbaycanın oynadığı rolu nəzərə alsaq, iki dövlət arasında əməkdaşlığın bundan sonra da yüksək və çoxşaxəli şəkildə inkişaf etdiriləcəyini söyləmək olar.
Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də ABŞ dövlət katibinin enerji siyasəti üzrə müşaviri Amos Hoksteyni qəbul edib. Söhbətdə XX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının əhəmiyyəti vurğulanıb, Azərbaycan Respublikası ilə ABŞ arasında tərəfdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, ikitərəfli münasibətlərimizin perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Onu da vurğulayaq ki, ABŞ Prezidentinin məktubunda Azərbaycanın qaz ehtiyatlarının dünya üçün önəminə də xüsusi diqqət yetirilir. Məlumdur ki, yaxın gələcəkdə mövcud ixrac kəmərlərinin sırasına daha biri-Trans Anadolu Qaz Boru Kəməri (TANAP) əlavə olunacaq. Layihəyə əsasən, TANAP Azərbaycandan başlanan genişlənmiş Cənubi Qafqaz qaz boru kəmərini Avropada bir neçə kəmərlə birləşdirəcək. Yaxın beş il ərzində reallaşdırılması nəzərdə tutulan layihənin dəyəri 7 milyard ABŞ dolları həcmindədir. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. TANAP kəmərini “Şahdəniz-II” layihəsi çərçivəsində qaz hasilatına başlanılması ilə eyni vaxtda-2017-ci ildə istismara vermək nəzərdə tutulub.
ABŞ Prezidentinin təbrik məktubunda digər məqam neft sərvətinin şaxələndirilmiş iqtisadiyyatın inkişafına yönəlməsi ilə əlaqədar fikirlərdir: “Azərbaycanın neft sərvəti şaxələndirilmiş iqtisadiyyatının inkişafına xidmət etmək, qanunun aliliyinin gücləndirilməsi və Azərbaycan xalqının həyat səviyyəsinin daha da yaxşılaşdırılması potensialına malikdir. Bildirmək istəyirəm ki, Azərbaycan Amerika Birləşmiş Ştatlarının simasında sadiq tərəfdaşa malikdir və Sizinlə uzun illər əməkdaşlıq əzmindəyəm”.
Barak Obamanın da qeyd etdiyi kimi, ABŞ ölkəmizlə əməkdaşlığa böyük önəm verir. Azərbaycan Prezidenti İlham Əliyev də ölkəmizin ABŞ-la münasibətlərinə xüsusi əhəmiyyət verdiyini vurğulayıb. Mayın 29-da Heydər Əliyev Mərkəzində Azərbaycan ilə ABŞ arasında tərəfdaşlıq əlaqələrinin yaradılmasının 21-ci ildönümü ilə bağlı “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumunun rəsmi açılışında çıxışı zamanı Prezident İlham Əliyev bildirib: “Azərbaycan-ABŞ münasibətlərinin böyük tarixi vardır. Ola bilər, o qədər də uzun olmasın, amma çox mühüm münasibətlər vardır. Müstəqilliyimizin ilk günlərindən biz xüsusi əməkdaşlıq qurmuşuq. O da nəticədə strateji tərəfdaşlığa çevrilmişdir. Siyasi təmaslarımız və dialoq çox yüksək səviyyədədir, çox fəaldır. Müxtəlif sahələrdə - iqtisadiyyat, ticarət, sərmayələr - Amerika şirkətləri Azərbaycanda başlıca investorlardandır. Bu şirkətlər Azərbaycan iqtisadiyyatının planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidini təmin etmişlər. Biz enerji təhlükəsizliyi məsələsində yaxından əməkdaşlıq edirik, iqtisadi şaxələndirmə, siyasi islahatlar, regional əhəmiyyətli məsələləri də müzakirə edirik. Regional təhlükəsizlik və əməkdaşlıq mühüm məsələlərdir. Təhlükəsizlik hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Çox şadam ki, biz artıq bu sahədə yeni mərhələyə qədəm qoyuruq. Biz qlobal təhlükəsizlik məsələlərində bir arada çalışırıq. Bizim hərbçilərimiz dünyanın müxtəlif yerlərində sülhməramlı əməliyyatlarda iştirak edirlər, Əfqanıstanda bir arada xidmət edirlər. Azərbaycan Əfqanıstana yönəlmiş yüklərin 40 faizinin nəqlini təmin edir və bizim marşrut ən sabit marşrut hesab oluna bilər.
Bizim NATO ilə əməkdaşlığımız da ikitərəfli münasibətlərimiz aspektindən qiymətləndirilməlidir və çox şadam ki, gündən-günə bu münasibətlər güclənir. Azərbaycan bu regionda etibarlı tərəfdaşdır. Biz bunu sadəcə bəyanatlarda deyil, real əməllərimizlə sübut edirik. Bu, bizim əməkdaşlığımız üçün müstəsna əhəmiyyət kəsb edir”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1104 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30