Prezident İlham Əliyev: Azərbaycan xalqı daha gözəl şəraitə layiqdir
06.06.2013 [02:12]
Ölkəmizin yüksək iqtisadi inkişafını və vətəndaşların layiqli həyat şəraitini təmin edən Heydər Əliyev siyasəti Azərbaycanın xoşbəxt gələcəyi üçün davam etdirilməlidir
Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü islahatlar ölkənin yüksək iqtisadi inkişafını təmin etməklə yanaşı, siyasi sabitliyin qorunması, vətəndaşların həyat tərzinin yaxşılaşdırılmasına da geniş imkanlar yaradıb. Görülmüş işlərin yekunu olaraq Azərbaycanın üzləşdiyi problemlərin böyük hissəsi artıq öz həllini tapıb və ölkənin qarşısında yeni və daha parlaq üfüqlər açılıb. Azərbaycan Prezidenti İlham Əliyev may ayının 27-də 28 May - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxışı zamanı ötən 10 ilin nəticələrini təhlil edərək bildirib ki, son on il ərzində Azərbaycan xalqı və dövləti sözün əsl mənasında sürətli inkişaf dövrünü yaşayıb: “Bu 10 ildə problemlərin böyük hissəsi öz həllini tapmışdır. İstənilən istiqamət üzrə konkret proqramlar icra edilir. Onların bir çoxu artıq başa çatmışdır. Azərbaycanda proseslər müsbət istiqamətdə gedir. Daxili vəziyyət çox sabitdir. Xarici əlaqələrimiz genişlənir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır”.
Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır
Ümumiyyətlə isə, 2003-cü ildən ötən 10 ildə Azərbaycanda bütün sahələrin yüksək inkişafı diqqət çəkir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev atdığı addımlar və verdiyi qərarlarla sübut etdi ki, Onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu ölkədə görülən bütün işlər isə yalnız vətəndaşlarımızın və dövlətimizin ali mənafeyinə xidmət edir. Vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin sosial müdafiə tədbirləri ilə təmin edilməsi, sosial sahədə mövcud olan bütün problemlərin aradan qaldırılması ilə bağlı tədbirlərin gücləndirilməsi daim diqqət mərkəzindədir. Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, sağlam gələcəyin təminatı kimi səhiyyə sisteminin müasirləşdirilməsi, işsizliyin azaldılması ölkədə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir. Bu istiqamətdə ünvanlılıq prinsipinə, aztəminatlı ailələrin, ailə başçılarını itirənlərin, şəhid ailələrinin, xüsusi qayğıya ehtiyacı olanların - əlillərin, ahıl vətəndaşların və uşaqların sosial müdafiəsi sahəsində mühüm tədbirlər həyata keçirilib, təminatının yaxşılaşdırılması üçün pensiya və müavinətlərin həcmi artırılıb. Bununla yanaşı, maaş və əhalinin pul gəlirlərinin, əmanət və depozit qoyuluşlarının artması üçün müvafiq baza yaradılıb. Xüsusilə, son dövrlərdə dünyada gedən qlobal proseslər ölkəmizin dayanıqlı inkişafını və onun regional güc mərkəzi kimi formalaşdığını bir daha sübut edir. Belə ki, qlobal maliyyə-iqtisadi böhran nəticəsində bir çox inkişaf etmiş ölkələrdə resessiyaya baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi prosesi davam edib. Məsələn, 2003-cü ildə Azərbaycanda yoxsulluq səviyyəsi 49 faiz təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 6 faizə endirilib.
Azərbaycan yoxsulluq həddi ən aşağı olan ölkələrdən biridir
İqtisadi rəqəmlərin müqayisəli təhlili Azərbaycanın ötən 10 ildə hansı inkişaf trayektoriyasını əldə etdiyini daha aydın göstərir. Azərbaycanda 2012-ci ilin yekunlarına görə, əhalinin pul gəlirləri 13,8 faiz artıb. 2013-cü ilin birinci rübündə isə bu rəqəm 6 faiz olub. İnflyasiya ilə əhalinin pul gəlirləri arasında fərq 10 faizdən çoxdur. Bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin həmin dövr ərzində bahalaşmasını 3,4 faiz bəndi üstələyib, başqa sözlə hər nəfərə real gəlirlər 3,3 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 398,1 manat təşkil edib, keçən ilin yanvar ayına nisbətən 8,1 faiz yüksəlib.
Bu ilin birinci rübündə ümumi daxili məhsul 3,1 faiz artıb. Bu ilin birinci rübündə qeyri-neft sektorunun inkişafı 11,4 faiz olub. Mübaliğəsiz demək olar ki, bazar iqtisadiyyatı ilə sosial müdafiənin uğurlu kombinasiyası qazanılan bir çox uğurların təməlini təşkil edən əsas amillərdəndir. Dövlətin sosialyönümlü siyasəti yalnız bazar münasibətlərinin və sahibkarlıq fəaliyyətinin azadlığını saxlamaqla vəsait və ehtiyatların düşüncəli surətdə yenidən bölüşdürülməsinə imkan verən yüksək iqtisadi inkişaf vasitəsilə həyata keçirilir. Bir sıra Avropa ölkələrində qlobal böhranla bağlı büdcə xərclərinin azaldıldığı və ciddi sosial gərginliyin müşahidə edildiyi halda, ötən il Azərbaycanda sosialyönümlü layihələrin reallaşdırılmasında hansısa ləngiməyə, yaxud çətinliyə rast gəlinməyib. Başqa sözlə, bu gün ölkədə bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətdə möhkəm dayaqlar tapması, iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşların maraqları ilə qətiyyən ziddiyyətə girmir. Əksinə, əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Dünya Bankının hesabatında milli gəlirin ədalətli bölgüsünə görə Azərbaycan 110 inkişaf edən ölkəni geridə qoyur və bu da iqtisadi inkişafın səmərəliliyini göstərir. Belə ki, Bankın hesabatına görə, Azərbaycan dünyanın 153 ölkəsi arasında ən aşağı yoxsulluğa malik 20 ölkədən biridir.
Regionların və paytaxtətrafı qəsəbələrin həyatında yeni mərhələ
Şübhəsiz ki, ölkəmizin ümumi iqtisadi, sosial inkişafını şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların, Bakı və Bakıətrafı qəsəbələrin inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsiz olduğu kimi, öz növbəsində respublikamızın ümumi iqtisadi inkişafı bölgələrimizin inkişafını əsaslandıran böyük həcmli proqramların icrasına da şərait yaradır. Bunun nəticəsidir ki, ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə imkan verib.
Bütövlükdə, ötən il ərzində regionlarda 410-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlayıb, 400-dən çox müəssisənin isə tikintisi davam etdirilir. Qeyd etmək lazımdır ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, işsizliyin aradan qaldırılması prosesinə əhəmiyyətli zəmin yaradıb. Belə ki, işsizliyin səviyyəsinin azaldılması Dövlət Proqramında əsas məsələlərdən biri kimi nəzərdə tutulub. Heç şübhəsiz regionların sosial-iqtisadi inkişafının göstəriciləri sırasında əsas məqamlardan biri yoxsulluğun azaldılmasıdır. Təkcə onu demək kifayətdir ki, son illərdə açılmış iş yerlərinin 80 faizi bölgələrin payına düşür.
Azərbaycanın xoşbəxt gələcəyi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir
Hər bir dövlətin makroiqtisadi siyasətinin əsas məqsədlərindən biri də əmək qabiliyyətli insanların məşğulluğunu yüksək səviyyədə təmin etməkdən ibarətdir. Bu isə öz növbəsində ölkədə olan məhsuldar qüvvələrdən səmərəli istifadəyə gətirib çıxarır. Ölkəmizdə məşğulluq strategiyası ilə əlaqədar davamlı tədbirlərin həyata keçirilməsi kimi çevik və operativ addımların atılması insanların məşğulluğunun təmin edilməsi sahəsində mühüm irəliləyişlərə nail olunub. Təkcə onu demək kifayətdir ki, son 7 ildə ölkəmizdə 950 min yeni iş yeri açılıb, minlərlə yeni müəssisə fəaliyyətə başlayıb. Məsələn, 2005-ci ildə ölkə üzrə işsizlərin sayı 7,5 faiz və ya 317,8 min nəfər təşkil edirdisə, 2011-ci ildə bu göstərici 5,4 faiz və ya 250,9 min nəfər olub. İşsizlik statusu almış şəxslərin ümumi sayı 56 343-dən (2005-ci il) 38 330 nəfərədək (2011-ci il) azalıb. İşsizlik müavinəti alan şəxslərin sayı isə 2087-dən (2005-ci il) 1002 nəfərədək (2011-ci il) azalıb. Ötən ilin yekunlarına görə Azərbaycanda işsizlik 5,2 faiz təşkil edib. Bu o deməkdir ki, işsizliyin səviyyəsi 2012-ci ildə bir qədər də aşağı düşüb. Regionların sosial iqtisadi inkişaf proqramları çərçivəsində keçən il 117 min yeni iş yeri açılıb ki, onlardan 93 mini daimi iş yeridir. İnkişaf proqramlarının əvvəlindən indiyədək isə 1 milyon 200 min yeni iş yeri açılıb ki, bu da öz növbəsində işsizliyin böyük dərəcədə azaldılmasına xidmət göstərib. Eyni zamanda, işsizliklə bilavasitə bağlı olan yoxsulluğun səviyyəsi də aşağı düşüb və həmin göstərici 7,6 faizdən 6 faizədək azalıb. Bu, hətta inkişaf etmiş ölkələr üçün çox gözəl göstəricidir.
Əhalinin sosial problemlərinin həlli ilə yanaşı, vətəndaşların bütün sahələrdə tam keyfiyyətli xidmətlə təmin olunması məsələsi hökumətin daim diqqət mərkəzindədir. Eyni zamanda, ölkədə insan kapitalının inkişafı, əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması və digər sosial sahələr üzrə işlər diqqət mərkəzində saxlanılıb. Təkcə ötən il ərzində 62 bağça, 40 səhiyyə, 27 idman, 29 mədəniyyət və digər sosial obyekt tikilib və ya əsaslı təmir olunub. Təhsil sektoruna qoyulan investisiyaların həcmi də artaraq 2004-cü ildəki 24,7 milyon manatdan 2012-ci ildə 787,6 milyon manata çatıb. Bu dövrdə ümumtəhsil məktəbləri sisteminin infrastrukturunun yeniləşdirilməsi istiqamətində tədbirlər davam etdirilib, 50 min yerlik 185 yeni məktəb binası, 11 məktəb üçün 2304 yerlik əlavə korpuslar inşa edilib, 109 məktəb əsaslı təmir edilib. 2003-2012-ci illərdə Azərbaycanda ümumilikdə 550 min şagird yerlik 2457 yeni məktəb binası tikilib və əsaslı təmir edilib, 708 məktəb müasir avadanlıqlarla, 200-dən çox məktəb kimya, 200 məktəb isə fizika laboratoriyaları ilə təmin edilib. Ümumilikdə ölkə üzrə məktəb infrastrukturunun müasirləşdirilməsi nəticəsində ölkə üzrə 1 milyon şagirdin (bütün şagirdlərin 80 faizi) təlim şəraiti yaxşılaşıb. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 370 yeni məktəb, uşaq bağçası, uşaq evi və internat məktəbi binası tikilib istifadəyə verilib, əsaslı təmir edilib və bərpa olunub, müasir avadanlıqlarla təchiz edilib.
Eyni zamanda, digər istiqamətlər üzrə də tikinti quruculuq işləri həyata keçirilməkdədir və hazırda 420-dən çox sosial obyektin təmir-tikintisi davam etdirilir. Qaz, su, kanalizasiya, enerji təminatı sahəsində mühüm işlər görülüb, yaşayış binaları istifadəyə verilib, sosial obyektlərin istilik sistemi yenidən qurulub, qəsəbələrarası yollar təmir olunub, rayon və qəsəbədaxili yollara asfalt örtüyü salınıb. Proqram çərçivəsində 134 məktəb və 71 uşaq bağçası, 27 səhiyyə, 9 mədəniyyət və idman obyektində tikinti və əsaslı təmir işləri başa çatdırılıb, hazırda 85 sosial obyektin təmir-tikintisi isə davam etdirilir. Paytaxtda və bölgələrdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı sistemli tədbirlər görülür, yeni körpülər inşa olunur, yollar salınır, ən ucqar kəndlərə belə müasir standartlara uyğun yollar çəkilir.
Bir sözlə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Eyni zamanda, vətəndaşların üzləşdikləri problemlərin vaxtında və qətiyyətlə aradan qaldırılması üçün görülən tədbirlər Azərbaycan dövlətinin istənilən fors-major situasiyada lazımi addımı atmağa qadir olduğunu da təsdiq edir. Biz bunu bir müddət öncə Azərbaycanın bəzi rayonlarında daşqın fəlakətinin yaşanması və ölkəmizin şimal rayonlarında zəlzələnin baş verməsi zamanı bir daha əyani şəkildə müşahidə etdik. Hökumət ziyan çəkmiş insanların zərərlərinin ödənməsi və fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görərək vətəndaşların tez bir zamanda normal həyat axınına dönməsini təmin etdi. Lakin Azərbaycan dövləti əldə olunmuş böyük nailiyyətlərlə kifayətlənmir. Əksinə, bu uğurlar dövləti daha genişmiqyaslı fəaliyyətə sövq edir və gələcəkdə daha böyük işlərin reallaşacağının şahidi olacağıq. Azərbaycan Prezidenti İlham Əliyev may ayının 27-də 28 May - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxışı zamanı bu iradəni bir daha ortaya qoyub: “Azərbaycan xalqı daha da gözəl şəraitə layiqdir və bu şəraiti bizim iqtidar, Ulu öndər Heydər Əliyevin siyasəti təmin etmişdir.
20 ildir ki, bu siyasət davam etdirilir. Azərbaycanın xoşbəxt gələcəyi üçün bu siyasət davam etdirilməlidir”.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxElm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39

