Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan gəncləri Prezident İlham Əliyevi xalqımızın alternativsiz lideri kimi dəyərləndirirlər

Azərbaycan gəncləri Prezident İlham Əliyevi xalqımızın alternativsiz lideri kimi dəyərləndirirlər

20.06.2013 [00:35]

Əli Həsənov: Cəmiyyətimizin avanqardı olan gənclərin nümayəndələri bu il keçiriləcək prezident seçkiləri ilə əlaqədar düzgün seçim etmişlər. Gənclərin dostu və himayədarı Prezident İlham Əliyev bütün fəaliyyəti dövründə Azərbaycan gəncliyinin hərtərəfli inkişafına diqqət və qayğı ilə yanaşmışdır
Hər bir dövlətin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən birini də rasional gənclər siyasəti təşkil edir. Gənclər siyasətinin mahiyyətindən bəhs edərkən ümumi olaraq qəbul edilən tərif budur ki, bu siyasət gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemidir. Dövlətin gənclər siyasəti strateji səciyyə daşıyır və bu siyasətin fonunda gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına kömək etmək gənclər siyasəti sahəsində qanunvericilik aktlarının, dövlət proqramlarının hazırlanması və həyata keçirilməsinə nail olmaq xüsusi strateji məqsədlər hesab edilir.
Bu nöqteyi-nəzərdən, yuxarıda sadalanan başlıca strateji məqsəd və istiqamətlər Azərbaycan Respublikasının gənclər siyasətində də xüsusi yer tutur. Prezident İlham Əliyevin 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncam gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edib. Dövlət proqramının məramına uyğun olaraq bir sıra mühüm strateji vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdu. Sərəncamda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri açıqlanmışdı. Qeyd edək ki, həmin Dövlət Proqramına uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər həyata keçirilib.
Bununla yanaşı, dövlətimizin başçısının Sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbul edilməsi müasir Azərbaycan gəncliyinin dövrün tələbləri səviyyəsində hərtərəfli inkişafına möhkəm zəmin yaradıb.
Birmənalı olaraq qeyd etmək mümkündür ki, dövlətin gənclər siyasəti, eyni zamanda, Azərbaycanda gənclərin ictimai-siyasi münasibətlər sistemində rasional təmsilçiliyini təmin edən fundamental mexanizm qismində çıxış edir. Ümumiyyətlə, bu, gənclərin sosiallaşmasına, sosial norma və dəyərləri mənimsəməsinə, eyni zamanda, onların dövlət idarəçiliyində səmərəli təmsil olunmasına, ümumilikdə, rasional münasibətlər sisteminin formalaşmasına strateji töhfələr bəxş edən faktordur. Bu gün Azərbaycan gəncləri strateji əhəmiyyət kəsb edən dövlət idarəçiliyində aktiv təmsil olunur, eyni zamanda, qanunverici, icraedici və məhkəmə orqanlarında, bir sözlə, dövlət qurumlarında gənclərin intellektual potensialından, kreativ ideyalarından, bilik, bacarıq və vərdişlərindən səmərəli istifadə edilir.
Əlbəttə, hər bir milli dövlətin rasional gənclər siyasəti onun milli təhlükəsizliyinin əsas istiqamətlərindən birini təşkil edir. Məhz buna görə də, rasional gənclər siyasəti milli hökumətin siyasətinin tərkib hissəsi kimi çıxış etdiyindən bunu milli gücün potensial keyfiyyət ünsürü kimi də səciyyələndirmək olar. Eyni zamanda, qeyd etmək olar ki, milli hökumətin gənclər siyasətinə bir neçə faktor təsir edə bilər. Bunların sırasında əhalinin say tərkibində gənclərin təşkil etdiyi nisbət xüsusi yer tutur. Bir ölkənin ümumi əhalisinin say tərkibində gənclərin neçə faizlik yeri təşkil etməsi, əlbəttə ki, xüsusilə nəzərə alınan strateji göstəricidir. Çünki məkan və zamanından asılı olmayaraq rasional təfəkkürə və praqmatik fəaliyyət mexanizminə malik olan gənclər sosiumun dinamikləri qismində çıxış edirlər. Bu baxımdan, dövlətin gənclər siyasətinin strateji əsasını kəmiyyət və keyfiyyət vəhdətinə nail olmaq təşkil edir.
Bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, dövlətimizin rasional demoqrafik siyasəti sayəsində ölkə gəncləri cəmiyyətin ən dinamik təbəqəsi kimi çıxış edirlər və onlar bütün sahə və sektorlarda öz potensiallarını reallaşdırmaq imkanlarına malikdirlər. Məlumat üçün qeyd etmək lazımdır ki, Azərbaycanda gənclər əhalinin ümumi say tərkibinin 35 faizə qədərini təşkil edir.
Sadalananların qanunauyğun nəticəsidir ki, gənclər Azərbaycan dövlətini və Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyir, dövlətimizin başçısını xalqımızın alternativsiz lideri kimi dəyərləndirirlər. Bunun göstəricisi kimi, ölkəmizdə fəaliyyət göstərən və milli maraqlar ətrafında birləşmiş, həmçinin, ölkə sərhədlərindən kənarda yaşayan gənc soydaşlarımızın birləşdiyi gənclər təşkilatları Prezident İlham Əliyevin siyasətini dəstəkləyən qərar və bəyanatlar qəbul edirlər. Xəbər verildiyi kimi, mayın 13-də Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın növbəti iclasında bu il keçiriləcək prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat qəbul olunub. Bəyanatda deyilir: “Azərbaycan gənclərinin tam əksəriyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdən məmnundurlar. Bu məmnunluğun səbəbi həyata keçirilən siyasətin Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun davamı olması, Azərbaycana sabitlik və davamlı inkişaf bəxş etməsi, Azərbaycanın regionda və dünyada söz sahibinə çevrilməsinə gətirib çıxarması, Azərbaycan vətəndaşlarının sosial rifahını yüksəltməsi, Azərbaycan gəncliyinin və gələcəyinin inkişafını təmin etməsidir. Ona görə də Azərbaycan gənclərinin tam əksəriyyəti bu siyasətin arxasındadır və Onu müdafiə edir. Azərbaycan gəncliyi müstəqillik tariximizin bütün dövrlərində müxtəlif sınaqlardan alnıaçıq çıxmağı bacarmış və doğru qərar qəbul etmişdir. Azərbaycan gəncliyi cənab İlham Əliyevin ətrafında sıx birləşərək, Ona səs verməklə öz gələcəyinə səs verəcəkdir.
250-dən artıq gənclər təşkilatı Azərbaycan istiqlaliyyətinin, dövlətçiliyinin gücləndirilməsi, Vətənimizin daha da çiçəklənməsi naminə, üzərinə düşən tarixi və vətəndaş məsuliyyətini dərk edərək, ölkəmizdə 2013-cü ilin oktyabr ayında keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəklədiyini yüksək qürur hissi ilə bəyan edir”.
Bundan başqa, mayın 21-də Odessada keçirilən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) III Ümumukrayna forumunda Azərbaycanda növbəti prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsi haqqında forum iştirakçıları tərəfindən yekdilliklə bəyanat qəbul edilib. Sənəddə Azərbaycanın son 10 ildə əldə etdiyi uğurlar, ölkəmizin həyata keçirdiyi regional layihələr xüsusi vurğulanıb. Bəyanatda deyilir: “Biz - Şərqi Avropa və Ukraynada təhsil alan 350-dən çox azərbaycanlı gəncin qatıldığı forum iştirakçıları dövlətimizin başçısının yürütdüyü daxili və xarici siyasəti alqışlayır, qarşıdan gələn prezident seçkilərində birmənalı olaraq İlham Əliyevin namizədliyini dəstəkləyəcəyimizi bəyan edirik. Əminik ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövləti növbəti beş ildə də böyük inkişaf yolu keçərək dünyanın ən qüdrətli ölkələri sırasında mövqeyini möhkəmləndirəcək, xalqımızın rifah halının yüksəldilməsi istiqamətində mühüm uğurlara imza atacaqdır”.
Həmçinin, bir neçə gün öncə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) illik hesabat konfransında da seçkilərdə Prezident İlham Əliyevin yenidən namizədliyinin irəli sürülməsi ilə bağlı bəyanat qəbul olunub. Bəyanatda deyilir: “Azərbaycanda fəaliyyət göstərən 83 dövlət və özəl ali və orta ixtisas təhsili müəssisəsinin 100 minə yaxın tələbəsini özündə birləşdirən ATGTİ-nin hər bir üzvü Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən və məqsədyönlü siyasət nəticəsində ölkəmizin öz inkişafı ilə dünya arenasında böyük nüfuz sahibinə çevrilməsindən, respublikamızın bir sıra qlobal əhəmiyyətli qurumlarda təmsil olunmasından, yüksək kürsülərdə söz sahibi kimi çıxış etməsindən fəxr duyur”.
Sənəddə bildirilir ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə müxtəlif sahələrdə - istər mədəniyyət, istər idman, istərsə də elm və təhsil sahələrində gənclərə yaradılan şərait və verilən dəstək bütün Azərbaycan gəncliyi üçün böyük stimul olub. Məhz bu səbəbdəndir ki, vətənimiz bir sıra qalibiyyətlərin nəticəsi olaraq beynəlxalq müsabiqələrə, festivallara və konfranslara uğurla ev sahibliyi edir.
Beləliklə, göründüyü kimi, Azərbaycan gəncliyi şüurlu surətdə-rasional olaraq Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursunu dəstəkləyir, bu siyasətin davamlı olmasını istəyir. Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın növbəti iclasında çıxışı zamanı bu məsələyə toxunaraq bildirib: “Gənclərin Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləməsini alqışlayıram və hesab edirəm ki, bu, sizin şüurlu seçiminizdir. Prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi, əminəm ki, sizdən gələn ideyadır. Sizi buna heç kim məcbur etməmişdir.
İlham Əliyevin yenidən prezidentliyə namizədliyinin dəstəklənməsi üçün gənclərin iradəsi ortadadır. Bu iradəni dəyərləndiririk. Əminəm ki, qarşıdan gələn seçkilərdə Azərbaycan gəncləri Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər”.
Nəticə etibarilə, Azərbaycan gəncliyinin birmənalı şəkildə Prezident İlham Əliyevi dəstəkləməsi dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət kursuna, o cümlədən, gənclər siyasətinə verilən qiymətdir. Yeri gəlmişkən, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) illik hesabat konfransında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu məsələyə xüsusi diqqət yetirib: “Cəmiyyətimizin avanqardı olan gənclərin nümayəndələri bu il keçiriləcək prezident seçkiləri ilə əlaqədar düzgün seçim etmişlər. Gənclərin dostu və himayədarı Prezident İlham Əliyev bütün fəaliyyəti dövründə Azərbaycan gəncliyinin hərtərəfli inkişafına diqqət və qayğı ilə yanaşmışdır”.
NURLAN QƏLƏNDƏROV

Paylaş:
Baxılıb: 1438 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30