Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan sərmayədar ölkəyə çevrilir

Azərbaycan sərmayədar ölkəyə çevrilir

27.07.2013 [13:29]

Prezident İlham Əliyev: Qoyulan vəsait - hər manat və ya dollar, avro ölkə iqtisadiyyatına xidmət göstərir, yeni iş yerlərinin açılmasına şərait yaradır, Azərbaycanın iqtisadi qüdrətini artırır
Bu bir həqiqətdir ki, Azərbaycan bu gün uğurlu sosial-iqtisadi model yaratmaqla ölkə daxilində sabitliyə və dayanıqlı iqtisadi inkişafa nail olub. Respublikamızda qeyri-neft sektorunda rəqabətqabiliyyətli istehsalın yaradılması, həmçinin, böyük potensiala malik olan regionlarda iqtisadi artımı təmin etmək istiqamətində mühüm işlər görülüb. Demək olar ki, 2013-cü ilin ilk yarısında respublikamızda nəzərdə tutulan bütün infrastruktur və sosial layihələr uğurla icra edilib, bütün investisiya proqramları (elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman obyektlərini özündə birləşdirən sosial layihələrin, elektrik enerjisi və təbii qaz təchizatı, içməli su və kanalizasiya sistemlərinin yaradılması, magistral yolların çəkilişi, kənd yollarının yenidən qurulması və yeni yolların inşası, meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin ahəngdar maliyyələşdirilməsinə nail olunub) vaxtında yerinə yetirilib.
Makroiqtisadi dayanıqlılığın digər göstəricilərindən biri olan inflyasiya isə ötən 6 ay ərzində 2012-ci ilin müvafiq dövrü ilə nisbətdə cəmi 2 faiz təşkil edib. Hazırda valyuta ehtiyatlarımız 48 milyard dollardan çoxdur.
Qeyd edək ki, ilin birinci yarısında ölkə iqtisadiyyatına 12,6 milyard dollar sərmayə qoyulub. Bunun böyük hissəsi, təqribən 7 milyard dolları daxili, 5 milyardı isə xarici sərmayələrdir. Yəni, qlobal iqtisadi böhranın müşahidə olunduğu dövrün təhlili bir daha göstərir ki, Azərbaycan əvvəlki kimi yenə də investisiya yatırılması baxımından dünyanın ən cəlbedici ölkələrindən biridir. Elə bu səbəbdən də xarici investorların Azərbaycana marağı kifayət qədər böyükdür və ölkəmizə qarşıdakı dövr ərzində də yatırılacaq sərmayələrin həcmi milyardlarla dollar həcmində ölçüləcək. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, xarici investorların Azərbaycana olan inamı və xarici investisiyaların qoyuluşu ölkənin ümumi inkişafını əks etdirir: “Hesab edirəm ki, 12,6 milyard dollar səviyyəsində qoyulan sərmayə çox gözəl göstəricidir. Əgər biz bu tempi saxlaya bilsək, ilin sonuna qədər sərmayələrin səviyyəsi təqribən 25 milyard dollara çatacaqdır. İlin əvvəlində mən qarşıya vəzifə qoymuşdum ki, bu il Azərbaycana qoyulacaq sərmayə keçən ildən az olmamalıdır. Keçən il 20 milyard dollardan çox vəsait qoyulmuşdur. Ancaq biz artıq görürük ki, keçən ildən daha da çox sərmayə qoyulacaqdır. Qoyulan vəsait - hər manat və ya dollar, avro ölkə iqtisadiyyatına xidmət göstərir, yeni iş yerlərinin açılmasına şərait yaradır, Azərbaycanın iqtisadi qüdrətini artırır. Hər bir ölkə maraqlıdır ki, o ölkəyə sərmayə qoyulsun, o cümlədən Azərbaycan. Baxmayaraq ki, artıq Azərbaycan da öz növbəsində başqa ölkələrin iqtisadiyyatına sərmayələr qoymağa başlamışdır və bu da müasir Azərbaycanın üstünlükləridir. Xüsusilə son bir neçə il ərzində dünyanı, xüsusilə Avropanı bürümüş iqtisadi və maliyyə böhranı şəraitində xarici iqtisadiyyatlara qoyulan vəsait onu göstərir ki, biz doğrudan da, böyük imkanlara malikik. Biz özümüzü çox rahat hiss edirik”.
Bu gün də dünyanın aparıcı investisiya şirkətləri, maliyyə qurumları ölkəmizə sərmayə yatırmaqda davam edir, etibarlı tərəfdaş olan Azərbaycana irihəcmli kreditlər ayırırlar. Ölkəmizin nəhəng enerji ehtiyatlarına malik olması və qlobal enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi çəkisinin artması bu sahəni xarici investorlar üçün xüsusilə cəlbedici edib. Lakin əvvəlki illərlə müqayisədə investisiyaların yatırılma sahələri arasında balans qeyri-neft sektorunun xeyrinə dəyişir. Belə ki, son illərdə Azərbaycan iqtisadiyyatının tikinti, energetika, informasiya-kommunikasiya və digər qeyri-neft sahələrinə xarici investisiyaların yatırımı genişlənib. Məsələn, ölkəmizdə əsas kapitala yatırılan ümumi investisiyalarda neft sektorunun payı son 6 ildə kəskin azalıb. 2011-ci ildə ümumi investisiyaların cəmi 23,2 faizi neft sektoruna yatırılıb. Halbuki 5 il əvvəl - 2006-cı ildə ümumi investisiyaların yarıdan çoxu - 57,1 faizi neft sektorunun payına düşüb.
Lakin sərmayə qoyuluşlarının strukturuna diqqət yetirsək daxili investisiyaların son illər daha çox artdığını görmək olar. Artıq ölkəmizin iqtisadi gücü yerli sərmayələrin illik artımının daha da genişlənməsini şərtləndirir. Bütün bunlarla yanaşı, Azərbaycanın artan iqtisadi imkanları onu digər qonşu dövlətlərə sərmayə yatıran ölkələrdən birinə çevirib. Dünyanın nüfuzlu iqtisadi tədqiqat mərkəzlərinin hesabatlarında Azərbaycan bölgədə investisiyaların coğrafi mərkəzinə çevrilmiş ölkə kimi səciyyələndirilir.
Bu gün respublikamız bölgə dövlətlərinin iqtisadiyyatının real sektoruna sərmayə yatıran və iri infrastruktur layihələrini maliyyələşdirən əsas investor kimi özünü təsdiq edib. Azərbaycan Türkiyə, Gürcüstan, Rumıniya, Moldova, Ukrayna, Belarus, Slovakiya, Rusiyanın Şimali Qafqaz regionu və digər dövlətlərin sərmayə bazarlarında aktiv iştirak edən investor kimi mövqeyini möhkəmləndirir. Bir sözlə, respublikamız həmin ölkələrin neft-qaz, neft-kimya, yanacaq-energetika, sənaye, emal, infrastruktur bölmələrinə irihəcmli maliyyə vəsaitləri yönəldərək iqtisadiyyatın inkişafına öz töhfəsini verməkdədir.
Xaricə sərmayələrin qoyuluşunda Azərbaycan qiymətli kağızlar bazarına, aktivlərə, səhmlərə də maraq göstərir. Ölkənin valyuta ehtiyatlarının durmadan artması və maliyyə imkanlarının güclənməsi isə Azərbaycanın daha böyük miqdarda xaricdə investisiyalar yatırmasına şərait yaradır ki, bu da ölkəmizin sərmayə bazarında əsas dövlətlərdən birinə çevrilməsinə gətirib çıxarır. Məsələn, 2012-ci ilin dekabr ayında Neft Fondu tərəfindən London, Paris və Moskva şəhərlərində ilk daşınmaz əmlak investisiyaları həyata keçirilib. Fond Londonun West End səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən və dəyəri 177,35 milyon funt sterlinq təşkil edən ofis kompleksini və Moskva şəhərinin mərkəzində Puşkin meydanında Tverskaya 16 ünvanında yerləşən və dəyəri 133 milyon ABŞ dolları təşkil edən “Qallereya Aktyor” ofis-ticarət mərkəzini satın alıb. Bununla yanaşı, Fond Paris şəhərinin Vandom meydanı 8 ünvanında yerləşən, dəyəri 135 milyon avro təşkil edən ofis və ticarət obyektlərindən ibarət olan daşınmaz əmlak kompleksinin satın alınmasına dair razılıq əldə edib.
Hazırda Azərbaycanın xarici dövlətlərin iqtisadiyyatına yönəltdiyi sərmayələrin ümumi həcmi 8 milyard dollara yaxındır. Xarici sərmayə portfelində əsas yeri isə heç şübhəsiz Türkiyə tutur. İndiyədək qardaş ölkəyə Azərbaycan tərəfindən 5 milyard dollardan çox sərmayə qoyulub və Türkiyənin enerji sektoruna Azərbaycanın investisiyalarının həcmi 2018-ci ilə qədər 17 milyar dollar təşkil edəcək.
Qeyd edək ki, bu günədək ARDNŞ Türkiyəyə 2,040 milyard dollar yatırım qoyub. Bundan başqa, şirkət “Petkim”ə 1,76 milyard dollar, Türkiyədə inşa olunan “STAR” neft emalı zavoduna isə 5-5,5 milyard dollar vəsait yatıracaq. Qeyd edək ki, STAR” neft emalı zavodunda, həmçinin, investisiyaların həcmi 1 milyard dollar olan günəş enerjisini emal edəcək stansiyalar quraşdırılacaq və 300 milyon dollarlıq konteyner limanı tikiləcək.
Xarici dövlətlərə yatırılan investisiya portfelində əsas yerlərdən birini Gürcüstan tutur. Son illər bu ölkə ilə bağlı investisiya siyasətinin miqyası daha da genişlənib. Digər tərəfdən, xaricə yatırılan investisiyalardan, daha çox, qonşu Gürcüstan bəhrələnməkdədir. Qeyd edək ki, artıq Gürcüstanın nəqliyyat və enerji infrastrukturunun yenidən qurulması, əsas etibarilə, Azərbaycanın sərmayələri hesabına həyata keçirilir. Xüsusilə də ARDNŞ və onun törəmə müəssisəsinin fəaliyyətinin artması sayəsində Gürcüstanın bütün yanacaq-kommunikasiya şəbəkələri və dənizsahili neft emalı terminalları ölkəmizin sərmayələri hesabına yaradılıb. Bu respublikanın təkcə pərakəndə neft məhsulları satışı bazarının 75 faizi, eləcə də Gürcüstanın qazpaylayıcı şəbəkəsinin böyük hissəsi ölkəmizin nəzarəti altındadır. Hazırda Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 1 milyard dollar civarındadır. Qonşu ölkədə inşasına başlanılan yeni limanın, yanacaqdoldurma məntəqələrinin, neft emalı müəssisələrinin və ən nəhəng layihələrdən biri olan “Bakı-Tbilisi-Qars” dəmiryol xəttinin maliyyələşdirilməsi məhz Azərbaycanın valyuta ehtiyatları hesabına gerçəkləşməkdədir.
Ölkə iqtisadiyyatının dinamik inkişafı nəticəsində Azərbaycan şirkətlərinin də maliyyə imkanları artıb və onlar qonşu ölkələrə, o cümlədən Rusiyanın Şimali Qafqaz regionuna fəal investisiya qoyuluşuna önəm verməyə başlayıblar.
Son on ildə Rusiya iqtisadiyyatına Azərbaycan tərəfindən ümumilikdə 560 milyon dollardan çox investisiya yatırılıb. Həmçinin, Azərbaycan şirkətləri Türkiyə iqtisadiyyatına o cümlədən enerji sahəsinə də aktiv şəkildə investisiya yatırmaqdadırlar. Hazırda Türkiyədə ən iri vergi ödəyiciləri də məhz respublikamıza məxsus şirkətlərdir. Qeyd etmək lazımdır ki, dövlət özü investorları stimullaşdırmaq üçün addımlar atır.
SEVİNC

Paylaş:
Baxılıb: 1191 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31