Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Cəbrayıl rayonunun Ermənistan hərbi birləşmələri tərəfindən işğalının 20-ci ildönümü qeyd olunub

Cəbrayıl rayonunun Ermənistan hərbi birləşmələri tərəfindən işğalının 20-ci ildönümü qeyd olunub

24.08.2013 [08:27]

Avqustun 23-də Cəbrayıl rayonunun erməni hərbi birləşmələri tərəfindən işğalının 20-ci ildönümünə həsr olunmuş anma tədbiri keçirilib.
AzərTAc xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təşkil edilmiş tədbirdə dövlət və hökumət rəsmiləri - Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, ziyalılar iştirak ediblər.
Əvvəlcə tədbirin iştirakçıları teatrın foyesində Cəbrayıl rayonunun işğaldan əvvəl və sonrakı dövrünü əks etdirən stendlərlə tanış olublar.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, “Erməni işğalında qalan Cəbrayıl” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin (RİH) başçısı Mahmud Quliyev işğalçı dövlətin hərbi təcavüzü ilə başlanmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən, müharibənin ölkəmizə vurduğu hədsiz ziyandan söz açıb. Bildirilib ki, işğalçılara qarşı döyüşlərdə Azərbaycanın digər bölgələrində olduğu kimi, Cəbrayıl rayonunun müdafiəçiləri də böyük şücaət göstəriblər. Bu ədalətsiz müharibədə 368 cəbrayıllı şəhid olub, döyüşlərdə xüsusi fədakarlıq göstərənlərdən altısı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
M.Quliyev bildirib ki, 1993-cü il avqustun 23-də Cəbrayıl rayonu təcavüzkar Ermənistanın silahlı qüvvələri tərəfindən tamamilə işğal olunduqdan sonra rayonun sakinləri yurd-yuvalarından didərgin düşərək məcburi köçkün kimi respublikanın 58 rayonunun iki min yaşayış məntəqəsində, heç bir yaşayış şəraiti olmayan binalarda, çadır düşərgələrində və dəmir yolu yük vaqonlarında məskunlaşıblar.
Vurğulanıb ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli lider Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğını yüksək səviyyədə davam etdirir. Onların problemlərinin həlli məqsədilə son on ildə bir Dövlət Proqramı və ona iki əlavə qəbul edilib, ümumilikdə 47 Fərman və Sərəncam imzalanıb. Dövlətimizin başçısının 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilməsi nəticəsində qaçqın və məcburi köçkünlərin həyat şəraiti xeyli yaxşılaşdırılıb. Proqram çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına tikilmiş yeni qəsəbələrdə, müasir standartlara cavab verən çoxmərtəbəli binalarda və fərdi evlərdə indiyədək Cəbrayıl rayonundan beş mindən çox ailə mənzillə təmin olunub. Hazırda beş yüzədək ailənin Bakı şəhərində yeni tikilmiş evlərə köçürülməsi davam edir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən ordu quruculuğu sahəsində qazanılmış uğurlardan söz açan M.Quliyev deyib ki, Prezident İlham Əliyev tərəfindən bu siyasət daha da inkişaf etdirilib. Azərbaycan ordusu Cənubi Qafqazda ən güclü orduya çevrilib. BMT-nin ali orqanlarının münaqişə ilə bağlı qərarlarına, o cümlədən zəbt edilmiş ərazilərdən erməni silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşmanı təsdiqləyən ATƏT missiyasının tövsiyələrinə baxmayaraq, Ermənistan indiyədək bu sənədlərə açıq şəkildə etinasızlıq nümayiş etdirir. İnanırıq ki, Azərbaycanın güclü, qüdrətli ordusu tezliklə ölkəmizin ərazi bütövlüyünü təmin edəcək, işğalçıları torpaqlarımızdan qovub çıxaracaq.
Bildirilib ki, son 10 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızın iqtisadi qüdrəti xeyli artıb, ölkəmiz regionun lider dövlətinə çevrilib. Gündən-günə artan beynəlxalq nüfuzu sayəsində Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Qazanılan uğurlar ölkəmizin bütün vətəndaşları kimi, cəbrayıllıları da ürəkdən sevindirir. Cəbrayıl ziyalıları həmişə dövlətə və dövlətçiliyimizə sədaqət nümayiş etdiriblər. Əminəm ki, onlar tutduqları yoldan çəkilməyəcək, Azərbaycan Prezidentinin apardığı uğurlu xarici və daxili siyasətə daim dəstək verəcəklər. Hər bir cəbrayıllı inanır ki, dövlətimizin başçısının yürütdüyü məqsədyönlü siyasət nəticəsində torpaqlarımız tezliklə işğaldan azad olunacaq, bütün məcburi köçkünlər kimi, cəbrayıllılar da doğma yurdlarına qayıdacaqlar.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tədbirdə çıxış edərək bildirib ki, Cəbrayıl rayonunun işğalından artıq 20 il keçir. Zənnimcə, bu cür anma tədbirlərinin istiqamətini dəyişmək lazımdır. Bildiyiniz kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya-ədalət!” beynəlxalq kampaniyası bütün dünyada geniş vüsət alaraq Xocalı soyqırımının tanınmasında böyük rol oynayır. Hesab edirəm ki, Azərbaycanın digər rayonlarının da işğalı ilə bağlı dünyada belə layihələrin keçirilməsi daha əhəmiyyətli və səmərəli olardı. Artıq kədərlənməyə son qoymaq və mübarizə hissini gücləndirmək lazımdır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri qeyd edib ki, biz həmişə Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkünün olduğunu bildiririk. Lakin artıq Prezident İlham Əliyevin səyi nəticəsində bu məsələ ilə bağlı düzəlişlər aparılıb. Qaçqın və məcburi köçkünlərin sayı 20 ildə 200 min nəfər artıb. Hazırda onların ümumi sayı 1 milyon 200 min nəfərdir. Digər tərəfdən, Ermənistanın Azərbaycana vurduğu ziyanın həcmi də dəqiqləşdirilib. Beynəlxalq Qiymətləndiricilər Assosiasiyasının fəaliyyəti nəticəsində artıq bu rəqəmin 60 milyard dollar deyil, 300 milyard dollardan çox olduğu müəyyənləşdirilib.
Əgər Ermənistan Azərbaycana qarşı tutduğu qərəzli mövqedən əl çəkməsə, ölkəmiz ona vurduğu ziyana görə işğalçı dövlətdən mütləq təzminat tələb edəcək. Azərbaycanın belə bir addım atacağı təqdirdə Ermənistan yüz illər boyu bu məbləği ödəyə bilməz. Bəs görəsən erməni xalqı onu uçuruma aparan belə bir rejimin rəhbərliyi altında yaşamağa necə dözür? Bu gün Ermənistanda Serj Sarkisyan rejimi öz xalqını dilənçi vəziyyətinə salıb. Bu, faktdır. Ölkədə heç bir inkişaf, perspektiv yoxdur, xalqın gələcəyi qeyri-müəyyən vəziyyətdədir. Buna görə də əhali sürətlə ölkəni tərk edir. Ermənistan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il 120 min, bu ilin altı ayı ərzində isə 70 min adam ölkəni tərk edib.
Ə.Həsənov qeyd edib ki, hazırda Ermənistanda yalnız ermənilər yaşayır, orada başqa millətin nümayəndəsi yoxdur. Əhalisi monomillətdən ibarət respublikada hansı inkişafdan danışmaq olar? Məgər dünya görmürmü ki, Ermənistan beynəlxalq təşkilatların qəbul etdiyi heç bir qərarı saymır, icra etmir və onlara hörmətsizlik göstərir. Azərbaycan isə, əksinə, beynəlxalq təşkilatların qərarlarına hörmətlə yanaşaraq onları icra edir. Lakin buna baxmayaraq, dünyada bu iki ölkəyə fərqli münasibət vardır.
Baş nazirin müavini deyib ki, Azərbaycan bu gün dünyada, layiqli yerini tutub. Təbii ki, Azərbaycan xalqının nümayəndəsi olaraq bu bizim hər birimizdə fərəh, qürur hissi doğurur. Fəxr edirik ki, ölkəmiz, xalqımız artıq dünyada tanınır. Müxtəlif millətlərin nümayəndələri bu gün Azərbaycana səfər edəndə ölkəmizə qərəzli münasibətləri ilə seçilən bəzi mətbuat orqanlarının haqqımızda yazdıqlarının əksini görürlər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri daha sonra bildirib ki, Azərbaycanın işğal olunmuş hər qarış torpağı hər bir azərbaycanlının torpağıdır: “Mən uzun müddət məcburi köçkünlərin problemlərinin həlli ilə məşğul olan bir şəxs kimi deyə bilərəm ki, işğal edilmiş rayonların əhalisi ötən iyirmi ildə öz ləyaqətlərini qoruyub saxlayıb. Bu, asan məsələ deyildir. Çətin və dözülməz şəraitdə yaşamasına baxmayaraq öz ləyaqətini, qürurunu və mənliyini itirməmək, sınmamaq yalnız Azərbaycan xalqına məxsus xüsusiyyətdir. Təbii ki belə bir xalqın gələcəyi çox yaxşı olmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev onlar üçün bu gələcəyi təmin edib. 2003-cü ilin sentyabrında Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına müraciətindəki tövsiyələrin hamısını Azərbaycan Prezidenti İlham Əliyev ləyaqətlə yerinə yetirib. Azərbaycan xalqı öz Prezidentinə inanır. Bu gün dövlətimizin başçısı xalqı üçün əlindən gələn hər şeyi edir. Azərbaycanın qaçqın və məcburi köçkünləri üçün yaradılan şəraitin dünyanın heç bir yerində analoqu yoxdur. Hər il 4 min ailə yeni mənzillərə köçürülür. Artıq 160 min qaçqın və məcburi köçkün 31 min mənzilə köçüb. Bu qəbildən olan insanların həyat şəraitinin yaxşılaşdırılması prosesi bundan sonra da davam edəcək”.
Əli Həsənov çətin vaxtlarda Azərbaycan xalqı ilə birlikdə olduqlarına, köməklərini əsirgəmədiklərinə görə beynəlxalq təşkilatların nümayəndələrinə minnətdarlığını bildirib.
Anma mərasimi “Qarabağ vətənimizdir” mövzusunda ədəbi-bədii hissə ilə başa çatıb.

Paylaş:
Baxılıb: 1151 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31