Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Nəciblik və xeyirxahlıq rəmzi

Nəciblik və xeyirxahlıq rəmzi

27.08.2013 [09:50]

Mehriban xanım Əliyevanın zəngin və çoxşaxəli fəaliyyəti Azərbaycan qadını üçün gözəl bir nümunəyə çevrilib
Məlum olduğu kimi, tarixin müxtəlif mərhələlərində qadınlarımız fədakarlıq, mətinlik rəmzi kimi öz adlarını salnamələrə, eposlara yaza biliblər. Ötən əsrin sonlarında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin inkişaf etməsi, dövlətçilik ənənələrinin daha da möhkəmlənməsi, dünya miqyasında tanınması yolunda qadınlarımız yorulmadan çalışmaqdadırlar. Etiraf etməliyik ki, Azərbaycan qadınının nəcib, humanist, qayğıkeş xüsusiyyət və keyfiyyətlərini biz bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın timsalında daha aydın şəkildə görürük.
Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycan qadınları üçün çox gözəl örnəkdir
Sirr deyil ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva gördüyü xeyriyyə və uğurlu işləri ilə nəinki bütün Azərbaycan, eləcə də, bir çox ölkələrin xanımlarının rəğbətini qazanıb. Bütün Azərbaycan qadınları Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən, nəcib və xeyirxahlıq keyfiyyətlərindən nümunə götürərək cəmiyyətdə öz yerlərini tapmağa çalışırlar. Mübaliğəsiz demək olar ki, Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə XXI əsr qadın hərəkatını nəinki canlandırdı, eləcə də onun tarixində yeni bir mərhələ açdı. Mehriban Əliyevanın fəaliyyəti ilə qadın hərəkatının forma və metodları müasirləşdi. Mehriban xanım Əliyeva qadın hərəkatının yönünü həm də təhsilə, məktəbə, səhiyyəyə, uşaqların sağlamlığına, mədəniyyət və idman proqramlarına çevirdi. Nəticədə onun fəaliyyəti beynəlxalq miqyasda diqqəti cəlb etdi. Bu gün UNESCO-nun və İSESCO-nun xoşməramlı səfirinin fəaliyyəti Azərbaycan qadını üçün çox gözəl nümunəyə çevrilib. Hazırda Mehriban Əliyevanın humanist və mədəni layihələri onlarla ölkələr tərəfindən dəstəklənir. Onun nüfuzu və işgüzarlığı sayəsində Azərbaycan UNESCO tədbirlərinin mərkəzinə çevrilib.
Milli irsimizin qoruyucusu
Bu gün dünyada birinci xanım statusunda yüzlərlə qadın var, lakin onların heç də hamısı öz statuslarından ictimai maraqlar naminə istifadə etmir. Deməli, bunun üçün xeyirxahlıq, insanpərvərlik, qayğıkeşlik, şəfqət əsas rol oynayır. Hansı ki, bu gün biz bu ali prinsipləri Mehriban xanım Əliyevanın fəaliyyətində görürük.
Məlum olduğu kimi, Azərbaycan qədim və zəngin musiqi mədəniyyətinə malik olan ölkədir. O da bəllidir ki, Azərbaycan musiqisinin ən dəyərli nümunələrindən olan muğamın qorunması, yaşadılması və dünyaya tanıdılmasında Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Xatırladaq ki, dövlət başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq hələ 2003-cü ildə Azərbaycanın muğam sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Ölkənin birinci xanımının BMT-nin bu ali qurumu ilə səmərəli fəaliyyətinin nəticəsi olaraq sonrakı illərdə, İçərişəhər kompleksi, Qız qalası, həmçinin, aşıq sənətimiz, tar ifaçılıq sənəti, eləcə də, Azərbaycan xalçası da UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində “Eurovision-2012” mahnı müsabiqəsi Bakıda ən yüksək səviyyədə təşkil olunub. Bunu müsabiqənin təşkilatçıları da dəfələrlə Avropanın nüfuzlu telekanallarına müsahibələrində etiraf ediblər. Bundan əlavə, Heydər Əliyev Fondunun bir sıra dövlət qurumları ilə birgə təşkil etdiyi və 2009-cu ildən keçirilən Respublika muğam müsabiqəsi və Beynəlxalq Muğam Festivalı həm Azərbaycanda muğam sənətinə üz tutan gənclərin sayını xeyli artırıb, həm də milli muğam musiqimizi dünyaya tanıdıb.
Yüksək bacarıqlı rəhbər və təşkilatçı
Son illərdə millət və dövlət maraqları baxımından müstəsna əhəmiyyətə malik bir sıra layihələri uğurla gerçəkləşdirərək cəmiyyətdə mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilmiş Heydər Əliyev Fondunun qarşıya qoyduğu hər bir xoş məram, ilk növbədə, Ulu öndərin ali ideyalarını özündə yaşadır. Şəxsiyyətə yüksək hörmət, vətəndaşa həssas münasibət, insanlara qayğı və təmənnasızlıq amalını prioritet seçmiş Fond yarandığı vaxtdan etibarən həm də xalqımızın milli varlığını özündə yaşadan zəngin mənəvi-intellektual və mədəni mülkiyyətin qorunması istiqamətində analoqu olmayan bir fəaliyyət sərgiləyib. Bundan əlavə, Mehriban xanım Əliyevanın fəaliyyətində idmanın, xüsusən də, onun bir sahəsi olan gimnastikanın respublikamızda inkişafına dəstək də xüsusi yer tutur. Xatırladaq ki, Mehriban xanım Əliyeva 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. 2004-cü il dekabrın 28-də o, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib. Mehriban xanım Əliyevanın beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının Bədii Gimnastika üzrə 2003 və 2004-cü il Dünya Kuboku yarışlarının və 2005-ci il Dünya Çempionatının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb.
Ölkədə idmanın inkişafına verdiyi töhfələri, eləcə də yüksək təşkilatçılıq bacarığı nəzərə alınaraq, dövlət başçısı tərəfindən Mehriban xanım Əliyeva 2015-ci ildə ilk dəfə olaraq Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarının təşkilat komitəsinin sədri təyin olunub. Bu seçim Avropa Olimpiya Komitəsi tərəfindən də yüksək qiymətləndirilib. Avropalılar əmindirlər ki, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsində olduğu kimi, Mehriban Əliyevanın rəhbərliyi altında təşkil olunacaq bu mötəbər idman yarışı Olimpiya Oyunlarının tarixində sadəcə, birinci Avropa Oyunları kimi deyil, eyni zamanda, ən gözəl oyunlar kimi qalacaqdır.
Son soz əvəzi və yaxud avtoportret
“...Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan- bax, budur bizim həyatımız. Ona görə də, özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sənin də dünyada yerin yeganə və bənzərsizdir”. Bu fikirlər Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevaya məxsusdur. Birinci xanımın söylədiyi bu sözlər onun dünyaya, insanlığa, mənəvi-əxlaqi dəyərlərə yanaşma fəlsəfəsinin kredosudur. Başqa sözlə, bunu, həm də Azərbaycan mədəniyyətini dünya mədəniyyətləri xəttinə qovuşduran Mehriban xanım Əliyevanın milli irsimizin qoruyucusu, təbliğatçısı, himayədarı kimi formalaşan bir portreti kimi də qəbul etmək olar.
Təbii ki, dünya miqyaslı tarixi şəxsiyyət, Ulu öndər Heydər Əliyev ailəsinin üzvü olmaq böyük şərəf, eyni zamanda, böyük məsuliyyətdir. Mehriban xanım Əliyeva bu statusunu məhz humanist fəaliyyəti, qayğıkeşliyi və nəcibliyi ilə xalqımızla bölüşür. Bu gün bəzən müxtəlif problemlərinin diqqətə alınmadığı, öz müsbət həllini tapmadığı insanların Mehriban xanım Əliyevaya müraciət etmələri, ona güvənmələri bir daha sübut edir ki, Azərbaycanın birinci xanımı vətəndaşlarımız üçün son dərəcə doğma və əzizdir.
Nəhayət, onu da vurğulamaq yerinə düşər ki, Mehriban xanım Əliyeva Azərbaycanın sosial-mədəni inkişaf tarixində kifayət qədər uğurlara imza atıb. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkənin sosial-mədəni inkişafının təkanverici qüvvəsinə çevrilib. Fondun əsas fəaliyyətində milli-mədəni irsimizin qorunması, inkişafı, milli təhsilin və səhiyyənin inkişafına dəstək, valideyn himayəsindən məhrum uşaqlara maddi, mənəvi dəstəyin göstərilməsi və sair kimi cəmiyyət qarşısındakı tarixi xidmətlər yer alır.
Mübaliğəsiz demək olar ki, bu gün ölkənin bütün qadınları Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadan nümunə götürür, ona bənzəməyə çalışır, ondan örnək alırlar. Çünki Mehriban xanım Əliyevanın xeyirxahlıq, humanizm, vətənsevərlik hissləri, milli düşüncəyə söykənən fəaliyyəti, Avropanın və dünyanın tanınmış insanları, ictimai və mədəniyyət xadimləri tərəfindən yüksək qiymətləndirilən intellekti, təşəbbüskarlığı və idarəetmə bacarığı çoxları üçün bir məktəb, öyrənməyə və təcrübədə tətbiq etməyə dəyən görkəmli nailiyyətdir.
Səlim Loğmanoğlu

Paylaş:
Baxılıb: 1147 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31