Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İtaliyanın məşhur ISPI beyin mərkəzi “On il hərəkətdə: Cənubi Qafqaz 2003-2013-cü illərdə” adlı hesabat yayıb

İtaliyanın məşhur ISPI beyin mərkəzi “On il hərəkətdə: Cənubi Qafqaz 2003-2013-cü illərdə” adlı hesabat yayıb

20.09.2013 [10:48]

İtaliyanın məşhur beyin mərkəzi - Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu (Istituto per Gli Studi di Politica Internazionale - ISPI) “10 il hərəkətdə: Cənubi Qafqaz 2003-2013-cü illərdə” adlı hesabat yayıb.
AzərTAc xəbər verir ki, ISPI-nin analitiki Matteo Verdanın müəllifi olduğu hesabatda regionun hər üç dövlətində - Azərbaycan, Gürcüstan və Ermənistanda son 10 ildə baş vermiş siyasi proseslər və iqtisadi vəziyyət təhlil edilir, regiondakı əsas təhlükəsizlik təhdidləri nəzərdən keçirilir və qarşıdan gələn onillik barədə proqnozlar verilir.
Mərkəzi ofisi Milan şəhərində yerləşən Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun əsası 1934-cü ildə qoyulub. İnstitut İtaliya Xarici İşlər Nazirliyinin himayəsi altında fəaliyyət göstərir. ISPI-nin müxtəlif proqramları çərçivəsində hər il 1600-dən çox tələbə təlim keçir, il ərzində institut tərəfindən təşkil edilən tədbirlərdə 20 minə qədər qonaq iştirak edir. 2012-ci ildə ISPI ABŞ-ın Pensilvaniya Universiteti tərəfindən hazırlanan dünya beyin mərkəzləri reytinqində ilk yüzlüyə daxil olub, “Ən yaxşı siyasi araşdırmalar” kateqoriyasında isə dünyada 34-cü yerə layiq görülüb.
Hesabatda qeyd edilir ki, 2013-cü il Cənubi Qafqazın hər üç ölkəsində seçki ili olduğu üçün xüsusilə əhəmiyyətlidir. Ermənistanda prezident seçkilərinin bu ilin fevral ayında keçirildiyini, Azərbaycan və Gürcüstandakı seçkilərin isə oktyabr ayında baş tutacağını qeyd edən müəllif səsvermənin mümkün nəticələrinə toxunaraq vurğulayır ki, Azərbaycandakı seçkidə hazırkı Prezident İlham Əliyevin qələbə qazanacağı ehtimalı çox yüksəkdir.
Hesabata əsasən son onillik ərzində Cənubi Qafqaz ölkələri üçün ən önəmli təhlükəsizlik təhdidləri davam etməkdə olan Ermənistan-Azərbaycan münaqişəsi və 2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsidir.
Sənəddə deyilir ki, Dağlıq Qarabağ problemi ilə bağlı münaqişə tərəfləri arasında vasitəçilik etmək üçün hələ 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılıb. Lakin bu təşkilatın fəaliyyəti münaqişənin həlli üçün qeyri-səmərəli olub. Status-kvonun davam etməsi dünya birliyi tərəfindən tənqid edilsə də, münaqişənin həllinə vasitəçi kimi cəlb edilmiş dövlətlərin status-kvonun dəyişdirilməsi istiqamətindəki cəhdlərində siyasi iradə çatışmazlığı ciddi şəkildə hiss edilməkdədir.
Regiondakı iqtisadi vəziyyətdən danışan müəllif qeyd edir ki, son 10 il ərzində region ölkələri fərqli iqtisadi inkişaf nəticələri əldə ediblər. Əgər Azərbaycan sürətlə inkişaf edərək ikirəqəmli illik iqtisadi artım tempinə nail olmuşsa, Gürcüstan və Ermənistanda inkişaf çox zəif getib. 2009-cu il maliyyə böhranı zamanı Ermənistan və Gürcüstan iqtisadi geriləmə yaşasa da (bu ölkələrin ümumi daxili məhsulları böhran illərində müvafiq olaraq 14 və 4 faiz azalıb), Azərbaycan müsbət inkişaf tempini qoruyub saxlayıb.
Hesabatda vurğulanır ki, Dünya İqtisadi Forumunun son “Qlobal rəqabətqabiliyyətlilik indeksi”nə əsasən iqtisadi inkişaf baxımından Azərbaycan dünya dövlətləri arasında 39-cu, Gürcüstan və Ermənistan isə müvafiq olaraq 72-ci və 79-cu yerlərdə qərarlaşıb.
Hesabatın Azərbaycanla bağlı olan hissəsində müəllif təhlükəsizliyə dair məsələlərdən danışır, ölkədə baş verən önəmli siyasi və iqtisadi prosesləri ətraflı şəkildə təhlil edir və bu proseslərin qarşıdan gələn onillikdə mümkün inkişaf istiqamətləri barədə proqnozlar verir. ISPI qeyd edir ki, əvvəlki dövrdə olduğu kimi, son onillikdə də Azərbaycan üçün ən önəmli təhlükəsizlik məsələsi Dağlıq Qarabağ münaqişəsi olub. 2011-ci ildə Azərbaycanın yalnız hərbi xərcləri Ermənistanın dövlət büdcəsini üstələyib.
Hesabata əsasən son 10 illik dövr ərzində Azərbaycanda daxili proseslər siyasi sabitlik və inkişafla yadda qalıb. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra ölkədəki xaosa son qoyub və siyasi sabitlik yaratmağa müvəffəq olub, dövlət quruculuğu prosesinə başlanılıb. O, 2003-cü ildə səhhəti ilə əlaqədar prezident seçkilərində iştirak etməyib. Bu seçkilər İlham Əliyevin rəqibləri üzərində çox böyük üstünlüklə qalib gəlməsi ilə nəticələnib. Daha sonra İlham Əliyev 2008-ci prezident seçkilərində, Onun Sədri olduğu Yeni Azərbaycan Partiyası 2005-ci və 2010-cu illərdə parlament seçkilərində də qələbə qazanıblar. Bu illər ərzində müxalifət partiyaları seçkilərin nəticələrinə etiraz etsələr də, heç bir ortaq strategiya ilə çıxış edə və Yeni Azərbaycan Partiyasına qarşı ciddi rəqabət yarada bilməyiblər. Müəllif vurğulayır ki, nəticədə “müxalifət partiyaları marginallaşmağa davam edib, parçalanaraq daha çox bir-birilərinə qarşı mübarizə aparmaqla məşğul olub”. Müxalifətin 2013-cü il seçkilərindəki əsas namizədi Rüstəm İbrahimbəyov ikili vətəndaşlığının mövcudluğu səbəbindən seçki prosesində iştirak edə bilməyib, onu əvəzləyən Cəmil Həsənli isə, müəllifin fikrincə, yuxarıda sadalanan səbəblərdən seçkidə qalib gəlmək şansını itirib.
ISPI yaydığı hesabatda Azərbaycandakı siyasi proseslər barədə fikirlərini belə yekunlaşdırır ki, ölkədə siyasi idarəetmə və qərarqəbuletmə mexanizmləri prezident hakimiyyətinin ətrafında cəmlənib və Prezident İlham Əliyev öz hakimiyyətini sələfinin siyasi və iqtisadi strategiyasının davam etdirilməsinə - ölkəyə xarici sərmayənin cəlbinə, digər dövlətlərin ölkəsinin daxili proseslərinə təsirinin aradan qaldırılmasına və Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəldib.
Hesabatda, həmçinin deyilir: “Azərbaycan qeyri-adi iqtisadi inkişaf göstəriciləri əldə edib, ortalama illik 12,2 faiz - digər Cənubi Qafqaz dövlətləri ilə müqayisədə iki dəfə sürətli iqtisadi artıma nail olub”.
Müəllif vurğulayır ki, ötən onillik ərzində Azərbaycanın siyasi sistemi ən yüksək səviyyədə sabitlik nümayiş etdirib və bu siyasi sabitliyin qarşıdakı on il ərzində də davam edəcəyi gözləniləndir. Bu dövr ərzində “Bakı-Tbilisi-Qars” dəmir yolunun tikintisinin başa çatması, TANAP və TAP boru kəmərləri layihələrinin reallaşması həm Azərbaycanın iqtisadi imkanlarını artıracaq, həm də onun Avropadakı əməkdaşları ilə əlaqələrini gücləndirəcək.
Hər üç ölkədəki daxili siyasi vəziyyətin gələcək onillik perspektivlərini dəyərləndirən müəllifin fikrincə, daxili siyasi proseslərin gedişi baxımından bu ölkələrdə vəziyyət bir-birindən fərqlidir. Ekspert qeyd edir ki, Azərbaycanda İlham Əliyevin 2013-cü il oktyabr seçkilərində gözlənilən qələbəsi ilə siyasi sistemin sabitliyi təmin ediləcək və bu durum qarşıdakı on il müddətində də davam edərək ölkə iqtisadiyyatına yeni sərmayələr üçün əlverişli şərait yaradacaq. Gürcüstanda hakimiyyətin M.Saakaşvilidən B.İvanişviliyə keçidi davam edəcək və bu dövr bir sıra ekspertlərin iddialarının əksinə olaraq daxili sabitliklə müşayiət olunacaq. Bu baxımdan ən çətin vəziyyət Ermənistanda müşahidə ediləcək və S.Sarkisyan mürəkkəb iqtisadi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin ölkəsi üçün yaratdığı çətinliklərin siyasi sistem üzərində mənfi təsirlərinə qarşı mübarizə aparmalı olacaq.

Paylaş:
Baxılıb: 1027 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31