Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın qarşıdakı 10 il üçün əsas hədəfi inkişaf etmiş ölkələr sırasında olmaqdır

Azərbaycanın qarşıdakı 10 il üçün əsas hədəfi inkişaf etmiş ölkələr sırasında olmaqdır

22.09.2013 [10:48]

Ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan prezident seçkilərinə az bir vaxt qalır. Seçkilər keçilən yolun təhlili, yeni vəzifələrin müəyyənləşdirilməsi baxımından da xüsusi önəm daşıyır. Azərbaycanın son 10 ildə qazandığı uğurlar fonunda bu reallığı bir daha təsdiq etmiş oluruq ki, möhkəm təmələ əsaslanan siyasət daim ölkəni inkişafa, tərəqqiyə aparır. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan biri-birindən əhəmiyyətli uğurlara imza ataraq dünyanın diqqətini cəlb edib. Bu gün dünya inkişafın Azərbaycan modelinin mövcudluğundan bəhs edirsə və onun öyrənilməsinin vacibliyi bildirilirsə, bu, bir daha ölkəmizdə sosial-iqtisadi islahatların hər dövrün çağırışlarına uyğun şəkildə həyata keçirildiyini təsdiqləyir. Dövlət başçısı İlham Əliyevin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi ilə bağlı Fərmanında da qeyd olunduğu kimi, ölkədə iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafını təmin etmək, əhalinin sosial rifahını yüksəltmək, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvü bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, eləcə də cəmiyyətin bütün istiqamətlərdə tərəqqisini sürətləndirməklə inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaq Azərbaycan dövlətinin fəaliyyətində mərkəzi yer tutur. 
Azərbaycanın reallığa çevirdiyi və icrası nəzərdə tutulan layihələr nəinki bu layihədə iştirakçı olan ölkəmizin, eyni zamanda, dünya dövlətlərinin uzunmüddətli iqtisadi inkişafını təmin edəcək. XXI əsrin Bakı-Tbilisi-Ceyhanı adlandırılan, Türkiyə və Avropa istehlakçılarının Azərbaycan qazı ilə təchiz olunması məqsədi daşıyan TANAP layihəsi Avropa Birliyi ölkələrinin çoxdan gözlədiyi “Cənub enerji dəhlizi”nin əsasını təşkil edəcək. Beynəlxalq birlik bu layihəni dəstəkləyir. Kəmərin ilkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr həcmində planlaşdırılır, gələcəkdə bu göstəricinin artırılması da nəzərdə tutulur.
Prezident İlham Əliyev ölkənin uzunmüddətli perspektivlərə hesablanmış və milli maraqlara xidmət edən neft strategiyasını reallaşdırarkən hasilatın kəskin artımına deyil, təqribən indiki həcmdə stabil saxlanılmasına üstünlük verir. Hasilatın stabil saxlanılması ehtiyatların gələcək nəsillər üçün qorunmasına, nəticədə Azərbaycanın hələ uzun müddət Xəzər hövzəsinin iri neft ixracatçısı kimi mövqelərini qoruyub saxlamasına imkan verəcək. Bir faktı da qeyd edək ki, 2003-2012-ci illərdə neft sektoruna yatırılan investisiyaların həcmi 50 milyard dollardan çoxdur.
Dövlət başçısı çıxışlarında bir reallığı da önə çəkir ki, Azərbaycanın bütün uğurlarını ancaq neft amilinə bağlamaq səhv olardı. Dünyada bizdən qat-qat çox neft-qaz hasil və ixrac edən bəzi ölkələrin maliyyə durumuna diqqət yetirsək görərik ki, neft-qaz hələ ölkənin uğurlu inkişafını təmin etmir. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması uğurların davamlılığında başlıca şərtdir. Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı zamandan iqtisadiyyatın artımında qeyri-neft sektorunun payının artmasını qarşıya mühüm vəzifə kimi qoyması, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən bir-birindən əhəmiyyətli layihələr öz müsbət nəticəsini verdi. O da məlumdur ki, bu gün daxildə yatırılan sərmayələrdə əsas investor Azərbaycan dövlətidir.
Son 10 ildə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların uğurlu nəticələri göz qabağındadır. “Azərbaycanın hərtərəfli inkişafına nail olmaq üçün islahatlar regionlar üzrə, proqramlar əsasında həyata keçirilməlidir. Gələcək planlarımızı həyata keçirmək üçün Azərbaycanda, ilk növbədə, maliyyə intizamı olmalıdır”, söyləyən Prezident İlham Əliyev, eyni zamanda, bildirmişdir ki, ən ucqar kəndlər də iqtisadi inkişafı öz həyat tərzində hiss etməlidir: “Yalnız bütün əhalimiz özünün daha yaxşı yaşadığını hiss etdiyi bir vaxtda, hökumətimiz vəzifəsini yerinə yetirmiş hesab edə bilər. Budur, bizim məqsədimiz-vətəndaşlara eyni şəraiti yaratmaq”.
2004-2008-ci illər üçün nəzərdə tutulan regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurlu icrası, beş il üçün nəzərdə tutulan vəzifələrin lazımi səviyyədə yerinə yetirilməsi, 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafına dair növbəti Dövlət Proqramının qəbulunu zərurətə çevirdi.
Son 10 ildə ölkə iqtisadiyyatı 3 dəfə, dövlət büdcəsi 20 dəfə artmış, 48 milyard dollar həcmində valyuta ehtiyatı toplanmışdır. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə dövlət büdcəsi 1,2 milyard dollar, valyuta ehtiyatları 1,6 milyard dollar olmuşdur. Cari ilin dövlət büdcəsinin 25 milyard dollardan artıq olması uğurlu sosial-iqtisadi islahatların nəticəsidir. Azərbaycan investisiya cəlbediciliyini də yüksək səviyyədə qoruyur. Belə ki, təkcə cari ilin ötən dövründə iqtisadiyyata qoyulan investisiyaların həcmi 12,6 milyard dollar səviyyəsindədir. Bunun 7 milyard dolları daxili, 5 milyard dolları xarici investisiyalardır. Ümumilikdə, son 15 ildə ölkə iqtisadiyyatına yatırılan vəsaitlərin həcmi 140 milyard dollardan artıqdır.
Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilən rəqəmlər də inkişafın hansı səviyyədə olduğunu açıqlayır. Ümumi daxili məhsul 5 faiz artıb. Qeyri-neft sektorunda artım 11 faiz təşkil edib. Əhalinin pul gəlirləri 7 faiz artıb. Təkcə cari ilin ötən dövründə 55 min iş yeri yaradılıb ki, bunun da 45 mini daimi iş yerləridir. İşsizliyin səviyyəsi 5,2 faiz, yoxsulluğun səviyyəsi 6 faizdir. Dövlət başçısı İlham Əliyev bu inamı da ifadə etmişdir ki, gələcəkdə görüləcək işlərin, yeni, infrastruktur layihələrinin, sosial proqramların icrası nəticəsində yoxsulluğun səviyyəsi daha da düşəcək və 10 il bundan əvvəl qarşıya qoyulan vəzifə tam təmin ediləcək - Azərbaycanda yoxsulluq tamamilə aradan götürülməlidir.
Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da Azərbaycan birinciliyini qoruyur. Dünya İqtisadi Forumunun, Dünya Bankının hesabatlarında islahatçı respublika kimi təcrübəsi təbliğ olunan, MDB ölkələri üzrə lider dövlət statusunu, nüfuzunu qoruyan ölkəmizdə sənaye potensialının gücləndirilməsi, yeni istehsal sahələrinin yaradılması, minlərlə yeni obyektin, milyondan çox yeni iş yerinin açılması, sahibkarlığın inkişafına dövlət dəstəyinin daha da genişləndirilməsi müsbət hal kimi qeyd olunur. Bu ilin aprelində Azərbaycanın Ümumdünya İqtisadi Forumuna ev sahibliyi etməsi də iqtisadi imkanlarının dünyaya təqdimatında əhəmiyyətli rol oynadı. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu Forumun ölkəmizdə keçirilməsi bir daha göstərdi ki, Azərbaycan nəinki coğrafi, eyni zamanda, siyasi, iqtisadi və mədəni mərkəzdir. Dünyada ən dinamik inkişaf edən ölkə Azərbaycandır. Bu reallığı bütün dünya qəbul edir.
Son illərdə əhalinin sosial müdafiəsinin gücləndirilməsini, əhalinin rifah halının yüksəldilməsini təmin edən islahatlar da diqqətəlayiqdir. Aparılan islahatlar göstərdi ki, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, yeni iş yerlərinin açılması, əməkhaqqı siyasətinin davam etdirilməsi, yoxsulluğun səviyyəsinin aşağı salınması, Məşğulluq Siyasətinin tətbiqi populist vədlər deyil, reallıqdır. Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizinə sahiblik edən Azərbaycanda orta pensiyanın səviyyəsi 200, orta aylıq əməkhaqqının səviyyəsi isə 520 dollardır. Bununla yanaşı ötən il sovet dövründən qalmış əmanətlərin qaytarılması prosesi də həyata keçirildi.
Bu günün əsas tələblərindən biri də kadr hazırlığını iqtisadi inkişafa uyğunlaşdırmaqdır. Dövlət başçısı İlham Əliyevin “Neft kapitalı insan kapitalına çevrilməlidir”, tezisi bu günümüzün reallıqlarında öz əksini tapır.
Bu fakt inkaredilməzdir ki, Azərbaycanın digər ölkələrlə iqtisadi əməkdaşlığına əlverişli şərait yaradan əsas amillər yerləşdiyi coğrafi mövqe, malik olduğu təbii resurslarla yanaşı, elmi, intellektual potensialıdır. “Təhsil millətin gələcəyidir” söyləyən Ümummilli lider Heydər Əliyev dövlət siyasətinin əsas prioritetlərindən biri kimi təhsilin inkişafına xüsusi diqqət yetirərək, bu sahədə aparılan islahatları daim dövrün tələblərinə uyğunlaşdırmağa səy göstərib. Hazırda bu xətt dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət büdcəsindən ayrılmalarda müdafiə xərclərindən sonra ən çox vəsaitin təhsilin inkişafına ayrılması da bu qayğıdan, ölkənin yüksək ixtisaslı kadrlarla təminatına göstərilən diqqətdən irəli gəlir. Prezident İlham Əliyev bildirir ki, neft-qaz Tanrı tərəfindən verilən böyük nemətdir. Biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez, bu təbii sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin edəcəkdir. Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, o ölkələrin inkişafında ən aparıcı rol oynayan neft-qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır.
Təbii ki, son 10 ildə qazanılan uğurları bir yazıda qeyd etmək qeyri-mümkündür. Bir həqiqəti qeyd etmək kifayətdir ki, cənab İlham Əliyev hər bir vədini konkret əməli işi ilə sübut etməklə Azərbaycanın qarşısında geniş imkanlar açır. Ulu öndər Heydər Əliyevin 2003-cü il prezident seçkilərindən öncə xalqa müraciətində səsləndirdiyi fikirlər bu günümüzün reallıqlarında öz əksini tapıb. Cənab İlham Əliyevə Özü qədər inandığını qeyd edən Ümummilli lider bu əminliyi ifadə etmişdir: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər”.
Bir faktı qeyd etməklə bu əminliyin möhkəm əsasa söykəndiyini təsdiq etmiş olarıq. Azərbaycanın 2003-2008-ci illərdə qazandığı uğurlar, cənab İlham Əliyevin sözlə-əməl birliyi Onun ikinci dəfə Prezident seçilməsini şərtləndirdi. 2008-ci ildən bu günə qədərki dövrün qısa təhlilinə diqqət yetirməklə 2013-cü il prezident seçkilərinin də Azərbaycan tarixinə cənab İlham Əliyevin qələbəsi kimi yazılacağını böyük inamla qeyd edə bilərik. Cənab İlham Əliyev növbəti 5 ildə də ölkə Prezidenti seçilməklə uğurlarımızın davamlılığını təmin edəcək. Dövlət başçısının imzaladığı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının beynəlxalq səviyyədə davamlı inkişafın yol xəritəsi kimi dəyərləndirilməsi səbəbsiz deyil. Hər dövrün çağırışına yüksək səviyyədə cavab verən Azərbaycanın qarşıdakı 10 il üçün əsas hədəfi inkişaf etmiş ölkələr sırasında olmaqdır. Bunun üçün bütün əsaslar mövcuddur: iqtisadi tərəqqi, güclü sosial siyasət, xalq-iqtidar birliyi.
Əsabil Qasımov,
Milli Məclisin deputatı

Paylaş:
Baxılıb: 1071 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31