Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Modernləşmə və qlobal informasiya məkanına inteqrasiya milli maraqları əks etdirməlidir

Modernləşmə və qlobal informasiya məkanına inteqrasiya milli maraqları əks etdirməlidir

07.11.2013 [09:26]

Azərbaycançılıq, dövlətçilik prinsiplərinə və cəmiyyətin mənafelərinə xidmət edən medianın fəaliyyəti milli maraqların müdafiəsində mühüm rol oynaya bilər
Bildiyimiz kimi, hazırda Azərbaycandakı sürətli iqtisadi inkişaf prosesi yerli istehsalın artırılması, sənaye sahələrinin təkmilləşdirilməsi, innovasiyaların tətbiqi, informasiya kommunikasiya texnologiyalarının inkişafı, biliklərə əsaslanan iqtisadiyyatın qurulması istiqamətində irəliləyir. Həmçinin, iqtisadi sahədə gedən modernləşmə özünü sosial, mədəni, intellektual sahələrdə də göstərir. Azərbaycan cəmiyyəti bəşəri dəyərlərə, eləcə də, mədəniyyətlərin mübadiləsi prosesində dünya ilə sıx təmaslara sahibdir. Təbii ki, bu mübadilə prosesinin başlıca elementi əsasən, media orqanları vasitəsilə yayılan informasiyadır.
KİV qlobal informasiya mühitində milli maraqların müdafiəçisi rolunda
Hazırkı dövr informasiya cəmiyyətinin bərqərar olduğu, informasiyanın insan həyatının, eləcə də, dərinləşməkdə və genişlənməkdə olan qloballaşma prosesinin aparıcı qüvvəsi kimi çıxış etdiyi informasiya erası adlandırılır. Kommunikasiya texnologiyalarının sürətli inkişafı və internetin gündəlik həyatın ayrılmaz bir parçasına çevrildiyi bir vaxtda cəmiyyətin qlobal informasiya məkanına inteqrasiyasının milli maraqlara uyğun formada gerçəkləşməsi problemi olduqca aktualdır.
Qeyd olunduğu kimi, informasiyanın çəkisinin artdığı indiki dövrdə onu cəmiyyətə çatdıran kütləvi informasiya və kommunikasiya vasitələrinin rolu da durmadan artır. “Hakimiyyətin dördüncü qolu” adlandırılan KİV-in müasir dövrdə cəmiyyətə təsir imkanları xeyli genişlənmişdir. KİV-lərin tamaşaçı, dinləyici və oxuculara təqdim etdiyi xəbər proqramları, müxtəlif səpkili televiziya və radio verilişləri, məqalələr, filmlər və s. insanlarının ən müxtəlif məsələlərlə bağlı fikir və düşüncələrini, sosial, siyasi hadisələrə, mənəvi, əxlaqi dəyərlərə münasibətini, gündəlik yaşam tərzini və zövqünü formalaşdırır. KİV-də əksini tapan müxtəlif məzmunlu informasiya konkret dəyərlər və mövqelər baxımından faydalı və zərərli ola bilər. KİV-də yayılan informasiya sosial həyatın normal axarını təmin etməklə yanaşı, ictimai rəyi çaşdıra, sosial-siyasi, hətta iqtisadi sabitliyi poza, cəmiyyət həyatına, milli-mənəvi dəyərlərə dağıdıcı təsir göstərə bilər. Bu baxımdan, informasiya təhlükəsizliyinin nəzərə alınması milli maraqların qorunmasında olduqca vacibdir.
Bu gün bütün dünyada geniş vüsət alan informasiya müharibəsi silahlı müharibələr qədər təhlükəli və həlledicidir. Kütləvi informasiya vasitələri, o cümlədən, mətbuat informasiya müharibəsində çox zaman dövlətlərin milli maraqlarına qarşı silah kimi istifadə olunur. Media işçisi fəaliyyətinin, ilk növbədə, məhz mənsub olduğu cəmiyyətə, xalqa xidmət etməyə yönəldiyini unutmamalıdır. Bu səbəbdən, informasiya hücumlarına qarşı cəmiyyətin informasiya təhlükəsizliyinin qorunmasında KİV-in üzərinə böyük məsuliyyət düşür. İnsanların düzgün məlumatlandırılması ilə yanaşı, milli maraq və mənafelərin nəzərə alınması qloballaşma şəraitində prinsipial səciyyə daşıyır.
İnformasiya mühitində milli maraqların qorunması ideoloji, mənəvi-psixoloji əhəmiyyətə malikdir. Sosial-siyasi sabitliyi, harmoniyanı, cəmiyyətin mənəvi-psixoloji sağlamlığını, milli birliyi hədəf alan zərərli ideyaların, təxribat xarakterli informasiyaların yayılmasının qarşısının alınması dövlətin təhlükəsizliyi baxımından vacibdir. Bu məsələyə kütləvi informasiya vasitələrinin daha diqqətli yanaşması, hər hansı məlumatı yaymazdan öncə onun dəqiqliyini, informasiyanı yayan mənbənin məqsədinin qərəzli olub-olmamasını aydınlaşdırması zəruridir.
Müasir informasiya cəmiyyətində milli ideologiyanın yeri
Müasir dövrdə cəmiyyət həyatının bütün sahələrində qloballaşmanın təsirləri özünü göstərməkdədir. Qloballaşma prosesi özünü informasiya məkanında daha qabarıq göstərir. İnformasiya sferası, o cümlədən, kütləvi informasiya vasitələri həm qloballaşmanın təsirlərinə məruz qalır, həm də bu prosesin genişlənməsində əsas vasitə rolunda çıxış edir. İnformasiyanın sərbəst axını, mədəniyyətlərin inteqrasiyası və toqquşması şəraitində böyüyən yeni nəsil eyni vaxtda bir çox fərqli ideologiyaların və mədəniyyətlərin təsirinə məruz qalır. Azad informasiya cəmiyyətində bəzən humanist dəyərlərə zidd olan, yaxud milli dövlətin ideya əsaslarını sarsıdan radikal, ekstremist, yaxud tamamilə kosmopolit, kontrmədəni ideya və cərəyanların yayılmasına da şərait yaranır. Cəmiyyət informasiya bolluğu şəraitində mümkün neqativ təsirlərə hazır olmalı, dünyada gedən proseslərə adekvat münasibət sərgiləyə bilməlidir. Bunun üçün cəmiyyəti mənəvi cəhətdən birləşdirən və ümumi maraqları ifadə edən milli ideologiya mövcud olmalıdır. Ali bəşəri və milli dəyərlərə söykənən milli ideologiya milli ruh, xarakter, siyasi şüur, siyasi mədəniyyət əsasında yaranaraq, millətin mənəvi deqradasiyaya uğramasının qarşısını alır. Əsasında ümumdövlət maraqları dayanan ideologiya cəmiyyəti zərərli ideyalardan, provokativ informasiyanın təsirindən qoruyur.
Azərbaycan cəmiyyətinə nəzər salsaq görərik ki, ölkəmizdə gənclər qloballaşan dünyanın tərkib hissəsi kimi yetişirlər. Azərbaycan gəncləri elm, təhsil, mədəniyyət və digər sahələrdə dünya təcrübəsi ilə tanış olur, müxtəlif qitələrdə yaşayan yaşıdları ilə ünsiyyət qururlar. Eyni zamanda, Azərbaycan gəncləri milli-mənəvi dəyərlərin, milli şüurun daşıyıcılarıdır. Bu isə gənclərə humanist dəyərləri, vətənpərvərliyi, milli özünüdərki aşılayan azərbaycançılıq ideologiyasının sayəsində mümkün olub. Azərbaycançılıq məfkurəsi dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlını vahid amal, ideya və Vətən ətrafında birləşdirir. Bu gün azərbaycançılıq Respublikamızda tarixi ənənələrdən gələn müxtəlif xalqların, konfessiyaların nümayəndələrinin birgə qarşılıqlı anlaşma və harmoniya şəraitində yaşamasına və ölkənin gələcəyi naminə birgə çalışmasına zəmin yaradıb. Azərbaycançılıq milli identikliyi və milli şüuru gücləndirərək cəmiyyəti müasir informasiya erasının neqativ təsirlərindən qoruyur, mənəvi-psixoloji təhlükəsizliyi təmin edir. Milli dəyərlərə və maraqlara xidmət edən, milli dövlətçiliyin ideya əsası kimi çıxış edən azərbaycançılıq ideologiyası, həmçinin, qlobal mənəvi dəyərlərlə nəinki ziddiyyət təşkil etmir, əksinə, Azərbaycan xalqının başqa ölkələrin xalqları ilə dialoquna şərait yaradır.
Lakin qeyd etdiyimiz kimi, qlobal informasiya məkanına inteqrasiya edən Azərbaycan cəmiyyəti milli maraqları hədələyən neqativ meyillərin də təsirinə məruz qala bilər. Bu səbəbdən də, yerli KİV-in üzərinə məsələlərə azərbaycançılıq nöqteyi-nəzərindən yanaşmaq məsuliyyəti düşür.
Azərbaycanda milli maraqların qorunmasında yerli KİV-lərin məsuliyyəti
Bildiyimiz kimi, Azərbaycanda media sahəsində azadlıq və plüralizm təmin olunub. Hələ 1998-ci il avqustun 6-da Ulu öndər Heydər Əliyevin imzaladığı “Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanla mətbuatda dövlət sirlərini mühafizə edən Baş idarə ləğv olundu. Bununla da, KİV üzərində senzura aradan qaldırıldı. Həmin vaxtdan etibarən Azərbaycanda informasiya yayımında yeni bir mərhələ başlandı. KİV üzərində birbaşa dövlət nəzarətinin ləğv edilməsi ilə hansı informasiyanın qərəzli, yaxud obyektiv, cəmiyyətə lazımlı, yaxud zərərli olmasını müəyyənləşdirmək məsuliyyəti media qurumlarının özlərinin üzərinə düşdü.
Azərbaycanda bu gün də KİV-in azad fəaliyyəti təmin olunur. Üstəlik, ənənəvi KİV-lə yanaşı, insanların əsas informasiya mənbəyinə çevrilən internet resurslarından istifadə ilə bağlı heç bir məhdudiyyətin qoyulmaması vətəndaşların konstitusion hüququ olan informasiya azadlığının mühüm göstəricilərindəndir. Xatırladaq ki, III Bakı Beynəlxalq Humanitar Forumun açılışında çıxışı zamanı Prezident İlham Əliyev ölkəmizdəki azad informasiya mühitindən bəhs edib: “Bir tərəfdən biz internet dünyasında yaşayırıq və bu, böyük üstünlüyümüzdür. Qeyd etməliyəm ki, Azərbaycanda internet tam azaddır və əhalimizin 70 faizi internet istifadəçisidir. Belə olan halda azad medianın inkişafı əlbəttə ki, əsas şərtdir. Digər tərəfdən, qloballaşan dünyada hər bir sözün, hər bir informasiyanın təsiri də çox böyükdür. İstənilən yerdə deyilən hər bir söz dərhal əks-səda verə bilər”.
Bu isə o deməkdir ki, qlobal informasiya məkanında təxribat xarakterli informasiyanın da cəmiyyət daxilinə nüfuz etməsi asanlaşır. Unutmamalıyıq ki, hələ müstəqilliyinə qovuşmazdan öncə, yəni, 1980-ci illərin sonlarından etibarən Azərbaycana qarşı geniş miqyasda informasiya müharibəsinin əsası qoyulub. Erməni lobbisinin və Ermənistanın bütün dünyada Azərbaycan xalqını gözdən salmağa, ölkəmiz haqqında mənfi beynəlxalq rəy formalaşdırmağa yönələn bu fəaliyyəti isə Azərbaycan rəhbərliyinin, QHT-lərin, diaspor təşkilatlarımızın son illər fəaliyyəti sayəsində iflasa uğrayır. Digər tərəfdən, Azərbaycanın daxili auditoriyasına, ölkənin milli maraqlarına qarşı yönələn informasiya təxribatlarının da arxasında çox zaman ermənipərəst qüvvələr dayanır.
Belə olan halda, ölkə KİV-lərinin üzərinə böyük məsuliyyət düşür. Lakin bəzi hallarda respublikadakı bir sıra mətbu orqanlar bilmədən, yaxud məqsədli şəkildə ölkəmizə qarşı yönələn informasiya müharibəsinin aktiv iştirakçısına çevrilirlər. Bununla da antimilli mövqedən çıxış edən belə media qurumları xaricdəki anti-azərbaycançı dairələrin, erməni lobbisinin “beşinci kolonu” funksiyasını yerinə yetirmiş olurlar. Halbuki, kütləvi informasiya vasitələrinin əsas vəzifəsi cəmiyyətə obyektiv, qərəzsiz informasiyanı çatdırmaqla yanaşı, vətəndaşları hər cür təxribat və dezinformasiya ilə bağlı xəbərdar etmək, ictimai şüuru möhkəmləndirmək, milli mənafelərə xidmət etməkdir.
Beləliklə, ümumi şəkildə desək, Azərbaycan cəmiyyəti hazırkı qloballaşma dövrünün tələblərinə uyğunlaşmaqla bərabər, vətəndaşların obyektiv və qərəzsiz informasiya ilə məlumatlanmasının, yerli informasiya məkanında milli maraqların qorunmasının, həmçinin, milli-mənəvi dəyərlərin təbliğinin də qayğısına qalmalıdır. Qeyd olunduğu kimi, yerli medianın öz fəaliyyətində azərbaycançılıq, dövlətçilik prinsiplərini və cəmiyyətin maraqlarını əsas götürməsi yolu ilə qlobal informasiya məkanına inteqrasiya şəraitində buna xeyli dərəcədə nail olmaq mümkündür.
Hülya MƏMMƏDLİ
“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi
Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

Paylaş:
Baxılıb: 1064 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31