Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 2014-cü ilin büdcə zərfinə daxil olan qanunlar qəbul olunub

2014-cü ilin büdcə zərfinə daxil olan qanunlar qəbul olunub

23.11.2013 [12:47]

Millət vəkilləri Hesablama Palatasının yeni sədrini də seçiblər
Dünən Milli Məclisin növbəti iclası keçirilib. Spiker Oqtay Əsədov iclasın gündəliyində duran məsələlər barədə məlumat verib. Spiker qeyd edib ki, 2014-cü ilin büdcə zərfinə daxil olan məsələlərlə bağlı hökumət millət vəkillərinin təkliflərini bir neçə gün müddətində araşdırıb.
Daha sonra maliyyə naziri Samir Şərifov çıxış edərək bildirib ki, gələn ilin büdcəsi balanslaşdırılmış büdcədir və ölkənin inkişafına xidmət edəcək. S.Şərifov deputatların təklifi əsasında Milli Məclisin gələn il üçün xərclərinin büdcədə 752 min manat artırılmasının qərara alındığını qeyd edib. Onun sözlərinə görə, bu artım büdcənin strukturunda dəyişiklik edilməklə artırılır.
“2014-cü ilin dövlət büdcəsində siyasi partiyalar üçün vəsaiti artırmaq mümkündür”. Bu fikri də maliyyə naziri Samir Şərifov deyib. S.Şərifov bildirib ki, bu vəsaiti artırmaq üçün büdcədə hər il artıq qalan vəsait gələn ilin büdcəsinə keçirilə bilər. Nazir “Siyasi partiyalar haqqında” Qanunda nəzərdə tutulmuş vəsaitin artırılması ilə bağlı müzakirə zamanı onu da qeyd edib ki, ilin sonunda büdcənin təqribən 10 faizi istifadə olunmur. “Hesab edirəm ki, qanuna müvafiq dəyişikliklər edilə və 10 faiz qənaət olunan vəsait büdcəyə daxil edilə bilər. Siyasi partiyalar bundan istifadə edəcəklər. Bunun üçün “Siyasi partiyalar haqqında” Qanuna müvafiq dəyişiklik edilməlidir” - deyə, S.Şərifov vurğulayıb.
Maliyyə nazirinin çıxışından sonra millət vəkilləri “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanunları, Azərbaycan Milli Məclisinin və Azərbaycan Hesablama Palatasının 2014-cü il üçün xərclər smetalarını, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında” Qanunu qəbul ediblər.
Qeyd edək ki, Azərbaycanın 2014-cü il dövlət büdcəsinin gəlirləri 18,384 milyard manat, xərcləri 20,063 milyard manat, büdcə kəsirinin yuxarı həddi 1,679 milyard manat təşkil edir.
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsinin gəlirləri və xərcləri 2 928 452 000 manat nəzərdə tutulur. Gəlirlərin tərkibində 1,780 milyard manatı icbari dövlət sosial sığorta haqları, 1,142 milyard manatı isə dövlət büdcəsində transfertlər təşkil edəcək. Xərclər strukturunda 2 788,619 milyon manat pensiyaların ödənilməsinə yönəldiləcək.
Müvafiq qanunla gələn il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat məbləğində müəyyən edilir.
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2014-cü il üçün ehtiyac meyarının həddi 100 manat məbləğində təsdiq edilir.
İclasda, həmçinin, Hesablama Palatasının yeni sədrinin seçilməsi məsələsinə baxılıb. Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Hesablama Palatası Azərbaycanın ali maliyyə qurumu hesab olunur və buraya professional mütəxəssislər təyin olunur: “Hesablama Palatasının sabiq sədri Heydər Əsədov Prezident İlham Əliyevin Sərəncamı ilə kənd təsərrüfatı naziri vəzifəsinə təyin olunub. Heydər Əsədov Palatada olduqca gözəl ənənələr qoyub. Milli Məclisin sədri tərəfindən bu vəzifəyə Vüqar Gülməmmədovun seçilməsi təklif olunur. V.Gülməmmədov uzun illərdir maliyyə sektorunda çalışıb və Hesablama Palatasının investisiyalara nəzarət şöbəsinin rəisidir”.
Səsvermə nəticəsində V.Gülməmmədov Hesablama Palatasının yeni sədri seçilib.
İclasda həmçinin, “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiyaya düzəlişlərin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə barədə vitse-spiker Valeh Ələsgərov məlumat verib. Müzakirələr zamanı YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, Araz çayı Ermənistan tərəfindən kimyəvi maddələrlə çirkləndirilir: “Kür çayı ilə bağlı da bunu deyə bilərik. Araz çayı İran tərəfindən də çirkləndirilir və bu neçə illərdir ki, davam edir. Artıq bu Konvensiyadan istifadə edə bilərik. Hamı şahiddir ki, ermənilər tərəfindən çaya atılan partlayıcı maddələr Azərbaycanda bir uşağın ölümünə səbəb oldu. Ermənistan bu Konvensiyanın üzvüdür və ona əməl etməlidir”.
S.Novruzov həmçinin, İran tərəfindən sərhəddə gediş-gəlişə məhdudiyyət yaradılmasına etiraz edib. Naxçıvandan deputat seçildiyini xatırladan S.Novruzov bildirib ki, İranın bu addımı blokada şəraitində olan muxtar respublikanın əhalisinə mənfi təsir edir: “İran blokadada olan əraziyə yardım etmək əvəzinə problem yaradır. İndi də yüksək tonnaj məsələsini ortaya atıb”.
YAP İcra katibinin müavini qeyd edib ki, İran tərəfindən Naxçıvana gedən avtomobillərin hərəkəti azaldılıb: “Blokada şəraitində olan Naxçıvana İranın gündə bir şərt qoyması düzgün deyil, sutkalarla camaat sərhəddə saxlanılır. Xarici İşlər Nazirliyi bu məsələni İran qarşısında ciddi qaldırmalıdır. Bildiyimə görə, bu gün parlamentlərarası dostluq qruplarının görüşü var. Görüşdə bu məsələ də müzakirə olunmalıdır “.
Spiker Oqtay Əsədov S.Novruzovun çıxışına münasibət bildirərək deyib ki, Ermənistan sözügedən Konvensiyaya 2013-cü ildə üzv olub: “Artıq bu məsələni qaldırmaq olar”.
İranla sərhəddə yaranmış problemə gəlincə, spiker bu məsələ ilə bağlı danışıqların getdiyini vurğulayıb.
Daha sonra Mülki Məcəlləyə və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna dəyişikliklər edilməsi məsələsi müzakirə edilib. Müzakirələr zamanı millət vəkili Fuad Muradov bildirib ki, artıq hüquqi şəxslərin dövlət qeydiyyatı asanlaşdırılmalıdır: “Bu gün artıq texnologiyalar vasitəsilə istənilən şirkəti və istənilən hüquqi şəxsi yoxlamaq mümkündür. Ona görə də, düşünürəm ki, bu səbəbdən hüquqi şəxslərin qeydiyyatı asanlaşdırılmalıdır”.
Millət vəkili Zahid Oruc bildirib ki, bu qanun layihəsi qəbul edilsə, ölkədə üçüncü sektorun inkişafına təkan verəcək.
“Qeyri-hökumət təşkilatlarının qeydiyyatı məsələsi sadələşdirilməlidir. Artıq QHT-lərin qeydiyyatının Bakı şəhərində keçirilməsinə də ehtiyac yoxdur”. Bu fikirləri isə Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib. Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin regional şöbələrində QHT-lərin qeydiyyatı haqqında işlər həyata keçirilə bilər. Deputat bildirib ki, dövlətin QHT sektorunda siyasəti şəffafdır. O, ölkə Prezidentinin Sərəncamını xatırladaraq deyib ki, artıq QHT-lərin elektron hökumət sisteminə daxil edilməsi bu sahədə olan inkişafdan xəbər verir. A.Quliyev QHT-lərin qeydiyyata alınmaması ilə bağlı Ədliyyə Nazirliyinə ünvanlanan tənqidləri də qəbul etmədiyini bildirib: “Bu məsələ tam olaraq Ədliyyə Nazirliyindən asılı deyil. Texniki və inzibati amillər də qeydiyyat məsələsini çətinləşdirir”.
Millət vəkili Aqil Abbas isə deyib ki, bu gün Azərbaycanda istənilən adamın qəzet, siyasi partiya və ya qeyri-hökumət təşkilatı yaratması da düzgün deyil: “Ədliyyə Nazirliyi də bir araşdırmalı, baxmalıdır ki, qeydiyyatdan keçən təşkilat kimdir, nəçidir. Yerindən duran təşkilatı, qəzeti qeydə almaq da düzgün deyil”.
Sonda millət vəkilləri Mülki Məcəllədə və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihələrini qəbul ediblər.
İclasda digər qanunlara da dəyişikliklər edilib. Bu sıraya İnzibati Xətalar Məcəlləsi, “Patent haqqında” və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanunlar daxildir. Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə çıxışında qeyd edib ki, hər 3 qanun layihəsindəki dəyişikliklər redaktə xarakterli dəyişikliklərdir.
Sonra deputatlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrini qəbul ediblər. Burada aparılan dəyişikliklər də redaktə xarakterli olub.
Dünənki iclasda “Xaçmaz rayonunun Xraxoba kəndinin Palıdlı kəndi adlandırılması haqqında” qanun layihəsi də müzakirəyə çıxarılıb. Layihə barədə parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verib.
İclasda həmçinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə qanun layihəsi də qəbul edilib.
Ümumilikdə isə, parlamentin dünənki iclasında 24 məsələ müzakirə edilib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1048 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31