Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Kontinental”da kontinental razılaşma

“Kontinental”da kontinental razılaşma

26.11.2013 [09:02]

Cenevrənin “Kontinental” hotelinin XXI əsrin olduqca mürəkkəb geopolitik problemlərinin həllini tapdığı məkan statusuna iddialı olmaq üçün ciddi əsasları var. 2009-cu ildə məhz burada ABŞ-ın Dövlət katibi Hillari Klinton Rusiyalı həmkarı Sergey Lavrova Vaşinqton-Moskva münasibətlərindəki çoxsaylı ziddiyyətlərə son qoyulmasını özündə ehtiva edən simvolik jest sərgilədi. “Reset”-“yüksüzləşmə” düyməsini ona bağışladı. İkitərəfli münasibətlərin inkişafında yeni mərhələnin əsası qoyuldu.
Bu ilin sentyabr ayında Rusiya və ABŞ arasında Suriya probleminin dinc yolla həlli ilə bağlı tarixi razilaşma da məhz bu hoteldə əldə edildi. Suriya özünün kimyəvi silahlarını məhv edilmək üçün beynəlxalq nəzarətə təqdim etmək öhdəliyi götürdü və onu yerinə yetirir. Region baş verməsi son dərəcə real görünən dəhşətli müharibədən sığortalanmış oldu.
Nəhayət, noyabrın 23-dən 24-nə keçən gecə yenidən “Kontinental”da kontinental əhəmiyyətli bir hadisə baş verdi. 10 ildən artıq bir müddətdə İranın nüvə proqramı ilə bağlı “5+1” variantında (BMT-nin TŞ-nın 5 daimi üzvü+ Almaniya) İranla aparılan və nəticəsi olmayan danışıqların gedişində sanki möcüzə baş verdi. Problemin həlli ilə bağlı çərçivə sənədi imzalandı. Bu nəticəyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “məğlub yoxdur, hamı qalıbdir” qiymətini vermişdir. Bəs məlum razılaşma hansı parametrləri ilə diqqəti cəlb edir?
Birincisi, İran uranın zənginləşdirilməsini yalnız 5 faizədək reallaşdıracağı öhdəliyi götürür. Uranı zənginləşdirməklə bağlı yeni sentriguqlardan istifadə etməyəcəyini bildirir.
İkincisi, beynəlxalq təftişçiləri bütün nüvə obyektlərinə, o cümlədən, Natanza və Araka buraxacağına razılıq verir.
Üçüncüsü, İranın 6 ay ərzində bu öhdəlikləri yerinə yetirdiyi təsdiqlənəcəyi təqdirdə ona qarşı sanksiyaların mərhələli şəkildə ləgv ediləcəyi diqqətə çatdırılır.
Dördüncüsü, İranın sanksiyalar nəticəsində “dondurulmuş” 100 milyard dollarlıq aktivlərinin ilkin olaraq 7-8 milyard dollarının “donunun açılacağı” qeyd olunur.
İlk baxışdan sadə görünən bu şərtlərin razılaşdırılması üçün qeyd etdiyimiz kimi 10 ildən artıq vaxt sərf edilmişdir. Bəs bu nəticənin əldə edilməsində hansı amillərin rolu həlledici olmuşdur?
1. Zənnimizcə, İranın beynəlxalq sanksiyaların tətbiqi nəticəsində iqtisadi vəziyyətinin davamlı olaraq pisləşməsini əsas amil kimi göstərə bilərik. 1979-cu ildən ABŞ-ın İrana qarşı fərdi qaydada, 2006-cı ildən BMT TŞ (ümumən, 6 qətnamə qəbul edib, onun 4-də sanksiyalar tətbiq olunur. Sonuncusu 2010-cu ildə qəbul olunub), habelə, 2012-ci ilin 1 iyul tarixindən Avropa İttifaqı çərçivəsində tətbiqinə nail olduğu (enerji sektoruna qadağalar) iqtisadi-maliyyə sanksiyaları artıq ölkə iqtisadiyyatını olduqca ciddi problemlərlə üz-üzə qoymuşdur. Belə olan halda rəsmi Tehran İranın nüvə proqramı məsələsində Qərblə qarşdurma mühitinin aradan qaldırılmasını yaxınlaşmaqda olan iqtisadi fəlakətdən xilasın əsas yolu kimi qəbul etmək məcburiyyətindədir.
2. 2013-cü il 14 iyun prezident seçkilərində praqmatik siyasətçi Həsən Ruhaninin qalib gəlməsi məlum problemin həlli üçün unikal imkan yaratmışdır. O, həm seçkiöncəsi çıxışlarında, həm də avqustun 4-də inauqurasiya mərasimində nüvə məsələsində Qərblə davranışın dəyişdirilməsi təklifi ilə çıxış etmiş, sələfi Mahmud Əhmədinejatın bu sahədə yeritdiyi siyasətin ölkənin beynəlxalq təcridinə gətirdiyini vurğulamışdır. Deməli, yeni prezident bu məsələdə yeni yanaşmaların tərəfdarı olduğunu bəyan etmiş və bu istiqamətdə ardıcıl addımlar atmaq niyyətində olduğunu gizlətməmişdir. Özünün 2003-2005-ci illərdə “5+1” danışıqlarında İranı təmsil etməsi faktı da diqqətdən yayınmır. 2005-ci ildə Mahmud Əhmədinecatın prezident seçilməsindən sonra Həsən Ruhani bu prosesdən uzaqlaşdırılmışdır.
3. Hesab edirik ki, bu ilin sentayabr, oktyabr və noyabr ayları ərzində “5+1” farmatı xaricində ABŞ-ın İranla məxfi danışıqlar aparması da son nəticədə “Kontinental” sazişin əldə edilməsində həlledici rol oynamışdır.
4. Nəhayət, belə bir sənədin imzalanması ABŞ üçün də hava-su kimi vacib idi. Məsələ ondadır ki, Yaxın Şərqdə vəziyyət dramatik olaraq qalmaqdadır. İranla qarşıdurma siyasəti rəsmi Vaşinqtonun region siyasətinin uğurunun təminatına ciddi əngəllər yaradır. Belə razılaşmanın əldə edilməsi Suriyaya ABŞ-ın təsir imkanlarını artıra bilər. Geopolitik anlamda əsas rəqibinə çevrilməkdə olan Çinə enerji təhlükəsizliyi baxımından perspektivdə ciddi təsir rıçaqları əldə etmiş olar. Eyni zamanda Rusiyanın regionda enerji ağalığına ciddi zərbə endirilmiş olar.
Bütün bunlardan savayı, Barak Obama administrasiyasının xarici siyasətdə möhtəşəm bir uğura imza atdığı reallığını siyasi opponentləri də etiraf etmək məcburiyyətində qalarlar. Bu isə öz növbəsində həm Konqresə aralıq seçkilərdə, həm də 2016-cı il prezident seçkilərində hakim Demokratlar partiyasının qalib gəlmək şansını maksimum dərəcədə artırmış olar.
Hər şey növbəti 6 ay ərzində İranın üzərinə götürdüyü öhdəliklərə hansı səviyyədə riayət edəcəyindən asılı olacaqdır. Bu halda İran, yəqin ki, İsrailin bu razılaşmanı “tarixi səhv” adlandırmasına, habelə, Səudiyyə Ərəbistanının İrana qarşı sərt mövqedə dayanması kimi reallığa barmaqarası baxmayacaqdır. Üzləşdiyi indiki geopolitik reallıqlarda İranın çevik və kompromisə meylli siyasəti ona mövcud yeni situasiyada uğur gətirə bilər, əksi isə...burada, zənnimizcə, məşhur “no comments” ifadəsindən istifadənin alternativi yoxdur.
Elman NƏsirov,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru,
siyasi elmlər doktoru, professor

Paylaş:
Baxılıb: 1006 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31