Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan bir çox regional layihələrin təşəbbüskarıdır

Azərbaycan bir çox regional layihələrin təşəbbüskarıdır

05.12.2013 [09:35]

Prezident İlham Əliyev: Elektron xidmətlərlə əlaqədar Azərbaycanda inşa olunan kommunikasiyalar insanları, ölkələri yaxınlaşdırmağa xidmət edir və Azərbaycana uzun illər boyu dividendlər gətirəcəkdir
İqtisadi inkişaf tempinə görə dünya dövlətləri arasında qabaqcıl yerlərdən birini tutan və bu mövqeyini gücləndirməkdə olan Azərbaycan regionda həyata keçirilən transmilli layihələrin əsas təkanvericisi hesab olunur. Danılmaz həqiqətdir ki, regionda Azərbaycanın iştirakı və razılığı olmadan hər hansı transmilli xarakter daşıyan layihənin reallaşması mümkün deyil. Bunu müstəqillik tariximizin başlandığı gündən indiyə qədər olan zaman kəsiyində Cənubi Qafqazda həyata keçirilən regional layihələrə diqqət yetirdikdə də görmək olar.
Yeri gəlmişkən, Azərbaycan həm də belə layihələrin əsas təşəbbüskarı kimi çıxış edir. Məsələn bu cür layihələr sırasında Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Tbilisi-Ərzurum (BTƏ), Trans-Anadolu Qaz Kəməri (TANAP) kimi əsas neft-qaz ixrac kəmərlərinin adını çəkmək olar. Region və bütövlükdə Avropa üçün mühüm əhəmiyyət kəsb edən neft və qaz boru kəmərləri ilə yanaşı, Cənubi Qafqaz üzərindən keçməklə, Şərqlə Qərbi birləşdirən, Avrasiyanın yeni ticarət bağlantısına çevrilən Bakı-Tbilisi-Qars (BTQ) layihəsi də buna nümunədir. Hazırda BTQ layihəsi üzrə tikinti işləri sürətlə davam etdirilir. Axalkələk-Türkiyə sərhədi hissəsində ümumi uzunluğu 29 kilometr olan yeni yolun 9 kilometrində üst quruluşu inşa edilib və bu ilin sonuna kimi Türkiyə sərhədinə qədər yeni yol tikiləcək. Türkiyə-Gürcüstan sərhədində 4,2 kilometrlik tunelin 2 kilometri qazılıb və işlər davam etdirilir. Türkiyə və Gürcüstan ərazisində tikinti çətin relyefli, həmçinin, kəskin iqlimli ərazilərdən keçdiyinə görə yol verilən ləngimələrə baxmayaraq, 2014-cü ildə başa çatdırılacaq. Sözügedən layihənin perspektivdə daha böyük coğrafiyanı əhatə edəcəyi, Asiyanın ən ucqar ölkələrindən tutmuş Avropaya kimi uzanacağı gözlənilir.
Sözsüz, həyata keçirilən regional layihələr ölkəmizin iqtisadi qüdrətini artırmaqla yanaşı, beynəlxalq miqyasda Azərbaycanın nüfuzunun yüksəlməsində də önəmli rol oynayır. Hazırda Şərqlə Qərbi birləşdirən enerji dəhlizi boyu neft-qaz və nəqliyyat-kommunikasiya üzrə beynəlxalq layihələrin həyata keçirilməsində müstəsna rol oynayan Azərbaycan strateji əməkdaşlıq, beynəlxalq inteqrasiya və enerji təhlükəsizliyinin real qarantına çevrilib. Azərbaycan yeni transmilli layihələrin həyata keçirilməsi üçün də kifayət qədər potensiala, tranzit imkanlarına malik ölkə kimi qəbul olunur.
Azərbaycan tərəfindən irəli sürülən belə layihələrdən biri də Trans-Avrasiya İnformasiya Super Magistralıdır (TASİM).
Cari il dekabrın 2-də Bakı Sərgi Mərkəzində keçirilən “BakuTel-2013” XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinin açılış mərasimində iştirak edən Prezident İlham Əliyev “Euronews” telekanalına müsahibəsində bildirib ki, Azərbaycan bir çox qlobal layihələrdə - kommunikasiya, energetika və nəqliyyat layihələrində iştirak edir. Onun sözlərinə görə, ölkəmizin coğrafi vəziyyəti elədir ki, həm Şimal ilə Cənub, həm də Qərb ilə Şərq arasında təbii kəsişmə nöqtəsiyik: “Energetika dəhlizləri bu gün Avropanın və digər qitələrin diqqətini cəlb edir. Həyata keçirdiyimiz nəqliyyat layihəsi - Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmir yollarının birləşdirilməsi, həmçinin, qitələrarası əhəmiyyət daşıyacaqdır. Bu yol İpək Yolunun bərpasıdır, Çindən Londona qədər gedib çatacaqdır. Kommunikasiya sahəsində də belədir. Elektron xidmətlərlə əlaqədar Azərbaycanda inşa olunan kommunikasiyalar insanları, ölkələri yaxınlaşdırmağa xidmət edir və Azərbaycana uzun illər boyu dividendlər gətirəcəkdir. TASİM layihəsi də bu qəbildəndir. Yəni, bütün bunlar ölkənin ümumi inkişaf konsepsiyasına daxildir. Bizdə olan potensialdan - coğrafi mövqedən, təbii ehtiyatlardan, insan potensialından istifadə etməklə ölkəmiz inkişaf edəcəkdir. Əlbəttə ki, bizə öz məqsədlərimizə çatmaqda kömək edən xarici tərəfdaşlarımızla fəal işləməklə buna nail olacağıq”.
Qeyd edək ki, TASİM layihəsi Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsini nəzərdə tutur. Layihə regionda Avropadan Çinə qədər olan bir ərazini əhatə edir və 20-yə yaxın ölkənin ərazisindən keçəcək. Yəni, bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək (Şərqi Avropa, MDB, Türkiyə, İran, Mərkəzi Asiya ölkələri, Əfqanıstan, Pakistan, Çin və Hindistanı əhatə edəcək.). Tranzit xətti Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçərək Almaniyaya gedəcək. Ehtiyat Şimal tranzit xətti isə Rusiya, Ukrayna və Polşadan keçəcək.
İlk dəfə 2008-ci ilin noyabrında XIV Beynəlxalq Rabitə və İnformasiya Texnologiyaları sərgisi və konfransı çərçivəsində Bakıda keçirilən nazirlərin görüşündə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) TASİM layihəsinin reallaşdırılması təşəbbüsünü irəli sürüb. 2008-ci il noyabrın 11-də Bakıda TASİM layihəsinin yaradılmasına dair xüsusi Bakı bəyannaməsi qəbul edilib.
Kifayət qədər önəmli əhəmiyyətə malik olan TASİM layihəsi BMT miqyasında dəfələrlə dəstəklənib. 2009-cu ilin 21 dekabrında BMT Baş Assambleyasının 64-cü sessiyasında TASİM layihəsinə dair qətnamə qəbul edilib. 30 ölkə tərəfindən həmmüəllif qismində dəstəklənən və konsensusla qəbul edilən qətnamədə TASİM-in əlaqələndirilməsində Azərbaycanın xüsusi rolu qeyd olunub.
2012-ci il dekabrın 21-də BMT-nin Baş Assambleyasında TASİM layihəsi üzrə yeni qətnamə yekdilliklə qəbul edilib. Layihənin reallaşdırılmasına dəstək vermək məqsədilə Azərbaycan tərəfindən irəli sürülmüş qətnamə geniş Avrasiya regionunda “rəqəmsal uçurum”un aradan qaldırılması üçün müvafiq telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsini və özəl və dövlət sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsini nəzərdə tutur.
BMT Baş Assambleyasının 67-ci sessiyası (sentyabr 2013) zamanı Azərbaycan hökumətinin təşəbbüsü ilə irəli sürülmüş TASİM layihəsinin yaradılması çərçivəsində Avrasiya Bağlantı Alyansı (ABA) üzrə qətnamə qəbul edilib. Bununla da Azərbaycanın təşəbbüsü olan TASİM layihəsi BMT səviyyəsində artıq 3-cü dəfədir ki dəstəklənir.
2010-cu ilin aprelindən etibarən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən TASİM layihəsinin İdarəetmə Qrupu yaradılıb və maliyyələşdirilib. İdarəetmə Qrupu beynəlxalq konsultant ilə əməkdaşlıqda TASİM-in ilkin biznes konsepsiyasını yaradıb və aparıcı regional dövlətlər və operatorlarla TASİM konsorsiumun yaradılması barəsində müzakirələr aparıb.
Artıq 2011-ci ilin iyulunda Qəbələ şəhərində aparılan hazırlıq işinin ardından Azərbaycan tərəfi dünya üzrə aparıcı telekom şirkətlərinin - Çin (Chinatelecom), Qazaxıstan (Kaztranscom), Rusiya (Rostelecom), Türkiyə (Turktelekom) və Avropa İttifaqının (Pantel) iştirakı ilə TASİM üzrə I Beynəlxalq seminarı keçirib. Tədbirin sonunda layihənin Katibliyi yaradılıb və operatorlar TASİM Konsorsiumun yaradılmasına dair detallaşdırılmış Anlaşma Memorandumu üzərində işləməyə razılaşıb.
Son vaxtlar həmin Katiblik TASİM konsorsiumunun formalaşmasına razılaşan əsas telekom operatorlarının bir araya gətirməsində əlaqələndirici rolu oynayıb. TASİM Katibliyi, həmçinin, layihənin təşviqində səylərini davam etdirib və layihəyə yeni maraqlı tərəflərin cəlb edilməsinə xüsusi diqqət yetirib. Katiblik Avropa İttifaqı (Aİ), Türkiyə, Rusiya, Ukrayna, habelə BMT Katibliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) və Mərkəzi Asiya və Azərbaycan üzrə xüsusi Proqram (SPECA) qurumları ilə əlaqələr qurub və müvafiq sənədlərin imzalanmasında iştirak edib.
Qeyd edək ki, region ölkələri telekom sektorunun inkişafı və bazar tələbatı baxımından fərqlidir. Daha çox inkişaf etmiş ölkələrdə “latency” (gecikmə) və yüksək səviyyəli İP şəbəkələr xidmətləri vacib hesab olunur. İnkişaf etməkdə olan ölkələrdə elementar bağlantı və beynəlxalq internet xidmətlərinə çıxış daha çox prioritet təşkil edir.
TASİM uzunmüddətli təşəbbüsdür və onun reallaşması 2 mərhələdən ibarət olacaq. Birinci mərhələdə aparıcı region ölkələri və operatorları Qərbi və Şərqi birləşdirən əsas internet tranzit infrastrukturunu yaradacaqlar. Bu tranzit infrastrukturu TASİM-ə kommersiya baxımından əlverişli və sürətlə artan beynəlxalq İP internet tranzit bazarının tələbatlarına cavab verən layihə olmasına imkan yaradacaq. Bu prosesin 2013-cü ilin axırında başa çatdırılması nəzərdə tutulur.
İkinci mərhələdə isə TASİM qurulan tranzit infrastrukturundan istifadə edərək başda Mərkəzi Asiya olmaqla, açıq dənizə çıxışı olmayan Avrasiya ölkələrinə münasib qiymətli bağlantı ilə təmin edəcək. Milli telekom infrastrukturu inkişafı planlarına uyğun olaraq yeni fiber-optik xətlər yaradılacaq, mövcud xətlər isə texnoloji baxımından təkmilləşdiriləcək və TASİM şəbəkəsinə birləşdiriləcək. Sözügedən mərhələdə TASİM layihəsi BMT mandatına uyğun olaraq həyata keçiriləcək.
Layihə çərçivəsində Xəzəraltı əlavə kabel magistralının tikintisi gözlənilir ki, bu da Azərbaycan üçün önəmli məsələdir. Hazırda Qazaxıstan və Türkmənistanla bu istiqamətdə danışıqlar davam etdirilir. Bu layihədə Qazaxıstanın operatoru nəzərdə tutulan konsorsiumun əsas iştirakçılarındandır. Ona görə də adıçəkilən ölkə ilə bu danışıqlar daha intensiv şəkildə aparılır. Azərbaycanın təklifi ilə TASİM layihəsi çərçivəsində Xəzəraltı kabel magistralının yaradılması əhəmiyyətli addımlardan biri olacaq.
Cari il dekabrın 3-də isə layihə üzrə Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumu layihəyə daxil olan 5 (Azərbaycan, Çin, Türkiyə, Rusiya, Qazaxıstan) operatorun rəhbər şəxslərinin iştirakı ilə imzalanıb. Memoranduma görə, yaxın müddətdə operatorlar “TASİM” xəttinin inşası və istismarı üzrə də ayrıca müqavilə imzalayacaqlar.
Beləliklə, bu xəttin çəkilməsi həm Cənubi Qafqaz, həm də Avrasiya regionunda rəqəmsal uçurumun aradan qaldırılması, yeni elm tutumlu iş yerlərinin yaradılması və yüksək internet tələb edən xidmətlərin artmasına ciddi təkan verəcək.
SEVİNC

Paylaş:
Baxılıb: 1023 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31