Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 2013-cü ildə ölkə iqtisadiyyatına rekord səviyyədə sərmayə qoyulub

2013-cü ildə ölkə iqtisadiyyatına rekord səviyyədə sərmayə qoyulub

16.01.2014 [15:40]

Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların 17,5 milyard dolları daxili sərmayədir
Şübhəsiz, bu gün uğurlu sosial-iqtisadi model yaratmaqla Azərbaycan ölkə daxilində sabitliyə və dayanıqlı iqtisadi inkişafa nail olub. Respublikamızda qeyri-neft sektorunda rəqabətqabiliyyətli istehsalın yaradılması və eləcə də, böyük potensiala malik olan regionlarda iqtisadi artımı təmin etmək istiqamətində mühüm işlər görülüb. 2013-cü ilin yekunlarından da göründüyü kimi, respublikamızda nəzərdə tutulan infrastruktur və sosial layihələr uğurla icra edilib, bütün investisiya proqramları - elm, təhsil, səhiyyə, idman, sosial təminat, mədəniyyət və turizm obyektlərinin, elektrik enerjisi və təbii qaz təchizatı, içməli su və kanalizasiya sistemlərinin yaradılması, magistral yolların çəkilişi, kənd yollarının yenidən qurulması və yeni yolların inşası, meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin maliyyələşdirilməsi vaxtında yerinə yetrilib.
Makroiqtisadi dayanıqlığın digər göstəricilərindən biri olan inflyasiya isə ötən ildə 2,4 faiz səviyyəsində müşahidə olunub. Hazırda valyuta ehtiyatlarımız 50 milyard dollara çatıb. Əksər dünya ölkələrində 1-1,5 faiz artan ümumi daxili məhsulun (ÜDM) Azərbaycanda real artımı 5,8 faiz (57 milyard manat ümumi daxili məhsul istehsal olunmaqla) olub. Qeyri-neft sektorunda artım 9,8 faiz təşkil edib. Əhalinin pul gəlirləri 8 faiz artaraq inflyasiyanı 3 dəfədən çox üstələyib. Bu, onu deməyə əsas verir ki, müsbət dinamika sosial sahədə də özünü göstərib, vətəndaşların rifah halı yaxşılaşıb.
Ötən il ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi də artıb. Belə ki, ölkənin maliyyə balansında tarazlıq gözlənilməklə 2013-cü ildə iqtisadiyyata rekord səviyyədə sərmayə qoyulub. Yanvarın 9-da Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, yatırılan investisiyaların 17,5 milyard dolları daxili sərmayədir: “İl ərzində ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulmuşdur. Bu, rekord göstəricidir. Heç vaxt il ərzində bu qədər investisiya qoyulmamışdır. Son bir neçə il ərzində orta hesabla 20-21-22 milyard dollar investisiya qoyulurdu, artıq 28 milyard dollar investisiya qoyulur. Onun 17,5 milyard dolları daxili sərmayədir. Bu da artıq neçə ildir ki, davam edən tendensiyadır. Daxili sərmayə xarici sərmayəni üstələyir. Bu, hesab edirəm ki, müsbət haldır. Əlbəttə ki, daxili sərmayənin içində əsas sərmayə dövlət sərmayəsidir. Ancaq özəl sektor da Azərbaycan iqtisadiyyatına böyük yatırımlar edir”.
Dövlət əsaslı vəsait qoyuluşunun həcmi də ən yüksək səviyyəyə çatıb - 7 milyard manat səviyyəsində vəsait yönəldilib. Həmin vəsaitdən sosial-mədəni və məişət təyinatlı obyektlərin (elm, təhsil, səhiyyə, mədəniyyət, idman və s.) tikintisi və yenidən qurulması üçün 2 milyard 37 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün 3 milyard 743 milyon manat, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 262 milyon manat, digər layihələrin maliyyələşdirilməsi üçün isə 873 milyon manat vəsait sərf edilib.
Dövlət büdcəsinin investisiya xərcləri ilə yanaşı, ölkəmizdə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatına, sosial və digər infrastrukturların tikintisinə və yenidən qurulmasına Azərbaycan hökuməti tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına təxminən 754 milyon manat məbləğində vəsait sərf edilib. Dövlət Neft Fondunun vəsaiti hesabına ölkəmizdə və xaricə qoyulmuş sərmayələr hesabına həyata keçirilən bir sıra investisiya layihələrinin icrası üçün ötən il 1 milyard 74 milyon manat vəsait yönəldilib.
Bundan başqa, şəhər, rayon və qəsəbələrdə abadlıq və quruculuq işlərinin davam etdirilməsi, kəndlərarası yolların tikintisi və digər zəruri tədbirlərin maliyyələşdirilməsi üçün 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 347 milyon manat vəsait ayrılıb.
Eyni zamanda, 2013-cü ildə sahibkarlığın inkişafına dövlət dəstəyi daha da gücləndirilib, iqtisadiyyatın müxtəlif sahələri üzrə 4468 sahibkara 275 milyon manat güzəştli kredit verilib ki, bunun da 150 milyon manatını dövlət büdcəsindən ayrılmış vəsait təşkil edir. Bundan başqa, dövlət və icmal büdcələrin vəsaiti, həmçinin, xaricdən cəlb olunmuş kreditlər hesabına növbəti illərdə qeyri-neft sektorunun daha da iri miqyasda inkişafına zəmin yaradacaq və tarixi əhəmiyyət kəsb edən bir sıra infrastrukturlar, o cümlədən, Bakı və Sumqayıt şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılması üçün Samur-Abşeron suvarma sistemi yenidən qurulub, Taxtakörpü su anbarı və Taxtakörpü Su Elektrik Stansiyası, 780 meqavat gücündə Cənub Elektrik stansiyası istifadəyə verilib, regionların elektrik, qaz, su, kanalizasiya şəbəkələrinin inşası və yenidən qurulması üzrə işlər geniş vüsət alıb.
Göründüyü kimi, Azərbaycan iqtisadiyyatının dinamik inkişaf meyilləri ilə müşahidə olunması respublikamıza sərmayə qoyuluşlarının maliyyə imkanlarının güclənməsinə əhəmiyyətli dərəcədə zəmin yaratmaqdadır. Sərmayə qoyuluşlarının dinamikası son illər daha intensiv xarakter alıb və iqtisadiyyatın real sektoruna yatırılan kapital resursları ən mühüm sosial və infrastruktur layihələrini əhatə edib. Son illərin, xüsusən də, qlobal iqtisadi böhranın qabarıq şəkildə büruzə verdiyi dövrün təhlili bir daha göstərir ki, Avropa və MDB məkanında investisiya qoyuluşlarının həcminin azalması müşahidə olunur, lakin Azərbaycan əvvəlki kimi yenə də investisiya yatırılması baxımından dünyanın ən cəlbedici ölkələrindən biri kimi çıxış edir. Bu gün də dünyanın aparıcı investisiya şirkətləri, maliyyə qurumları ölkəmizə sərmayə yatırmaqda davam edir, etibarlı tərəfdaş olan Azərbaycana irihəcmli kreditlər ayırır. Xarici investorların Azərbaycana marağının kifayət qədər böyük olmasının başlıca səbəbləri, əlbəttə ki, ölkəmizdə investisiya mühitinin əlverişliliyi, investorların hüquqlarının qanunvericilik əsasında yüksək səviyyədə qorunması, ölkəmizin etibarlı tərəfdaş olduğunu dəfələrlə təsdiqləməsi, sərmayələrin yönəldildiyi sahələrdə cəzbedici mənfəətlər əldə olunması və bu qəbildən olan digər amillərdir.
Qeyd etmək lazımdır ki, ölkəmizin nəhəng enerji ehtiyatlarına malik olması və qlobal enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi çəkisinin artması bu sahəni xarici investorlar üçün xüsusilə cəlbedici edib. Lakin əvvəlki illərlə müqayisədə investisiyaların yatırılma sahələri arasında balans qeyri-neft sektorunun xeyrinə dəyişməkdədir. Belə ki, son illərdə Azərbaycan iqtisadiyyatının tikinti, energetika, informasiya-kommunikasiya və digər qeyri-neft sahələrinə xarici investisiyaların yatırımı genişlənib. Məsələn, ölkəmizdə əsas kapitala yatırılan ümumi investisiyalarda neft sektorunun payı son 6 ildə kəskin azalıb. 2011-ci ildə ümumi investisiyaların cəmi 23,2 faizi neft sektoruna yatırılıb. Halbuki 5 il əvvəl - 2006-cı ildə ümumi investisiyaların yarıdan çoxu - 57,1 faizi neft sektorunun payına düşüb.
Xüsusilə vurğulamaq lazımdır ki, respublikamızın iqtisadi imkanları hazırda sərmayə qoyuluşlarının strukturunda dəyişiklik etməyə, yəni, balansı daxili investisiyaların xeyrinə dəyişməyə imkan yaradır. Artıq ölkəmizin iqtisadi qüdrəti yerli sərmayələrin illik artımının daha da genişlənməsini şərtləndirir. Qoyulan vəsait isə ölkə iqtisadiyyatına xidmət göstərməklə yeni iş yerlərinin açılmasına şərait yaradır, Azərbaycanın iqtisadi qüdrətini artırır. Bütün bunlar 2014-cü ildə də ölkəmizin dinamik inkişafının təmin edilməsini əsaslandırır. Cari ilin sonuna kimi ölkədə həyata keçiriləcək iqtisadi siyasətin başlıca hədəfləri respublikamızın inkişaf strategiyasının davamlılığını təmin etməkdən, eləcə də, makroiqtisadi tarazlığı, yüksək inkişaf dinamikasını və maliyyə sabitliyini qoruyub saxlamaqdan ibarət olacaq. Ölkədə həyata keçiriləcək investisiya proqramı da kifayət qədər böyük olacaq. Sözügedən iclasda çıxışı zamanı dövlət başçısı bildirib ki, investisiya proqramında əsas infrastruktur layihələri öz əksini tapıb: “Hələ infrastruktur layihələrinin icrasına böyük ehtiyac vardır. Düzdür, son illərdə böyük işlər görülmüşdür, ancaq hələ ki, görüləsi işlər çoxdur. İstisna edilmir ki, Azərbaycana 2014-cü ildə qoyulacaq investisiyalar keçən ildə qoyulan investisiyaların səviyyəsində olacaqdır. Belə olan halda əlbəttə ki, makroiqtisadi vəziyyətin sabitliyi əsas şərtdir. Azərbaycanda iqtisadi islahatların aparılmasında böyük təcrübə toplanmışdır. Hətta maaşların qaldırılması, əmanətlərin verilməsi və milyardlarla dollar həcmində qoyulan sərmayə makroiqtisadi sabitliyə mənfi təsir göstərmir”.
SEVİNC

Paylaş:
Baxılıb: 916 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31