Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İƏT Parlament İttifaqına sədrlik Azərbaycana keçib

İƏT Parlament İttifaqına sədrlik Azərbaycana keçib

25.06.2026 [11:48]

Bakıda təşkilata üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının açılışı olub

İyunun 24-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı (İƏTPİ) Konfransının 20-ci sessiyasının açılış mərasimi olub. İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqının sədrliyi İndoneziyadan Azərbaycana keçib.

Mərasimdə əvvəlcə Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin İƏTPİ Konfransının 20-ci sessiyasının iştirakçılarına müraciətini oxuyub.

Azərbaycan İslam dünyası ilə həmrəyliyə sadiqdir

Sonra çıxış edən spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan parlamenti İƏTPİ-nin sədrliyini öz üzərinə götürərək, İttifaqın prinsiplərinin, məqsədlərinin və ortaq dəyərlərinin inkişaf etdirilməsinə tam sədaqətlə yanaşır. O diqqətə çatdırıb ki, Milli Məclisin İƏTPİ-yə sədrliyi Azərbaycanın İslam dünyası ilə həmrəyliyin və sıx əlaqələrin möhkəmləndirilməsinə olan sadiqliyini əks etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, müsəlman ölkələri ilə həm ikitərəfli, həm də ortaq təşkilatlarımız çərçivəsində münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.

Çıxışda qeyd olunub ki, İslam Əməkdaşlıq Təşkilatı və onun üzv dövlətləri ərazilərimizin işğalı dövründə, eləcə də münaqişədən sonrakı dövrdə Azərbaycanla həmrəyliklərini həmişə ifadə ediblər. Son 30 ildə İƏT və İƏTPİ tərəfindən erməni təcavüzünü qınayan, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən 100-dən artıq qərar və qətnamə qəbul edilib.

Azərbaycanın haqlı mövqeyinə daimi dəstəklərinə görə üzv ölkələrə və parlamentlərə minnətdarlığını bildirən Milli Məclisin sədri diqqətə çatdırıb ki, İslam həmrəyliyi prinsiplərini yüksək qiymətləndirən ölkəmiz onun təşviqində və daha da möhkəmləndirilməsində fəal iştirak edir. Azərbaycan İƏT Gənclər Forumunun və İƏT Əmək Mərkəzinin yaradılması kimi müxtəlif təşəbbüslər irəli sürüb və dəfələrlə müxtəlif tədbirlər üçün ev sahibi ölkə kimi seçilib.

Spiker deyib ki, Azərbaycan İslam mədəniyyətini təşviq edən və İslamın sülh və mərhəmət dini kimi həqiqi mahiyyətini nümayiş etdirən çoxsaylı tədbirlər təşkil edib və təşəbbüslər irəli sürüb. Azərbaycanın beynəlxalq hüquqa və müvafiq BMT qətnamələrinə uyğun olaraq, Əl-Qüds Əş-Şərifin Fələstin Dövlətinin paytaxtı olmaqla, İsrail-Fələstin münaqişəsinin həlli üçün iki dövlət həllini qəti şəkildə dəstəklədiyini deyən Sahibə Qafarova vurğulayıb ki, bu mövqe ölkəmizin BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı da daxil olmaqla, beynəlxalq təşkilatlardaki fəaliyyətində də öz əksini tapır. Onun sözlərinə görə,  eyni mövqe Azərbaycan parlamenti tərəfindən də həyata keçirilir: “Milli Məclisin 2024-2026-cı illərdə Asiya Parlament Assambleyasına 2 illik sədrliyi, eləcə də Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə davam edən sədrliyi dövründə Fələstin məsələsi həmişə gündəlikdə qalıb və yekun bəyannamələrdə və qərarlarda lazımi qaydada əks olunub. Son illər ərzində ölkəmiz Fələstin xalqının humanitar ehtiyaclarını qarşılamaq üçün dəfələrlə humanitar və maliyyə yardımı göstərib və bu dəstəyini davam etdirəcək”.

İslam dünyasının birliyinə ehtiyac var

Milli Məclisin sədri bildirib ki, zəngin tarixinə və mədəni irsinə, böyük təbii və insan resurslarına baxmayaraq, bu gün İslam dünyası hələ də həllini gözləyən ciddi çətinliklərlə üzləşir. Yoxsulluq, sosial və iqtisadi bərabərsizliklər, silahlı münaqişələr, humanitar böhranlar, terrorizm və ekstremizm davamlı inkişaf səylərinə ağır şəkildə təsir edir və onları məhdudlaşdırır. Bu çətinlikləri aradan qaldırmaq və potensialını tam həyata keçirmək üçün İslam dünyasının sülh, tolerantlıq, harmoniya və ədalət kimi əbədi İslam dəyərlərinə uyğun olaraq birlik və həmrəyliyə ehtiyac duyduğunu deyən Sahibə Qafarovanın sözlərinə görə, getdikcə daha mürəkkəb və qarşılıqlı əlaqəli olan bir dünyada müsəlman ölkələri üçün birgə fəaliyyət göstərmək, bir-birinə dəstək olmaq və ortaq məqsədlər uğrunda çalışmaq heç vaxt bu qədər vacib olmayıb.

Çıxışda qeyd olunub ki, parlamentlər bütün bu məsələlərin həllində mühüm rol oynamalıdırlar. Eyni dinə sahib olan dost və qardaş xalqlarımızın nümayəndələri olaraq, ziddiyyət və bölünmələr əvəzinə həmrəyliyi, dialoqu və birliyi təşviq etməliyik.

Milli Məclisin sədri vurğulayıb ki, İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı həmrəyliyin möhkəmləndirilməsi üçün mühüm və effektiv bir çətir halına gəlib və əməkdaşlığın, birgə fəaliyyətlərin və ortaq məsələlər üzrə qəti mövqeyimizin inkişafı üçün vacib bir platformadır. Parlament diplomatiyası, dialoq və təcrübə mübadiləsi vasitəsilə cəmiyyətlərimizin üzləşdiyi çətinliklərin həllinə töhfə verə və xalqlarımızın rifahının artırılmasına nail ola bilərik.

Qlobal iqtisadiyyatın, getdikcə artan qarşılıqlı əlaqələrin dövlətlərimiz arasında əməkdaşlıq üçün yeni imkanlar yaratdığını vurğulayan Sahibə Qafarova bildirib ki, iqtisadi əlaqələri möhkəmləndirməklə, münasibətləri genişləndirməklə, investisiyaları təşviq etməklə, bilik və innovasiya mübadiləsini asanlaşdırmaqla gələcək nəsillərin xeyrinə regionumuzun nəhəng potensialından daha yaxşı istifadə edə bilərik. “İƏT üzvü olan dövlətlərin Parlament İttifaqı parlamentlərimiz arasında ünsiyyət, əlaqələndirmə və əməkdaşlıq üçün mühüm institusional çərçivə təmin edir. Azərbaycanın Milli Məclisi İƏTPİ-nin sədrliyini öz üzərinə götürərkən, İttifaqın rolunu möhkəmləndirmək və ortaq prioritetləri inkişaf etdirmək üçün bütün üzv parlamentlərlə sıx əməkdaşlıq etməyə hazırdır”,-deyə spiker vurğulayıb.

Azərbaycan nümunəvi təcrübəyə malikdir

İƏTPİ-nin Baş katibi Muhammed Xurayçi Niyass çıxışında deyib ki, bu tədbir son dərəcə mürəkkəb bir dövrdə baş tutub: “İslam dünyasında dayanıqlı və inklüziv inkişafın təşviqi məqsədilə keçirilən konfransa göstərdiyi yüksək himayəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Bu, Prezident İlham Əliyevin İslam əməkdaşlığına verdiyi dəyərin bariz nümunəsidir. Eyni zamanda, Bakının bu cür genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi üçün etibarlı və fəal rolunu bir daha nümayiş etdirir”. O qeyd edib ki, bu gün beynəlxalq ədalət sistemində uçurum dərinləşir, İslam aləmi isə ciddi çağırışlarla üz-üzədir. Dağıdıcı müharibələr xalqları tükəndirir, qlobal ərzaq təhlükəsizliyinə və enerji təminatına birbaşa təsir göstərir. Bu səbəbdən münaqişə və müharibələrin bütün formalarının rədd edilməsi zəruridir. Fikir ayrılıqlarının həllində dialoqdan ən optimal vasitə kimi istifadə olunması vacibdir. “Azərbaycan bu sahədə nümunəvi təcrübəyə malikdir. Ölkənin diqqətəlayiq inkişaf göstəriciləri, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində əldə olunan uğurlu təcrübələrin öyrənilməsi və paylaşılması daha dayanıqlı iqtisadiyyatın qurulmasına mühüm töhfə verə bilər”, - deyə Baş katib vurğulayıb.

İndoneziyanın Nümayəndələr Palatasının sədri Puan Maharani isə  videomüraciətində deyib ki, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqına sədrliyin İndoneziyadan Azərbaycana keçməsi birgə missiyamıza sadiqliyin və qardaşlığımızın göstəricisidir. “Mən tam əminəm ki, Azərbaycanın sədrliyi İttifaqa üzv dövlətlər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə və yeni uğurların əldə olunmasına töhfə verəcək”, - deyə sədr vurğulayıb.

Yeni sistemin çoxqütblü olacağı şəksizdir

Puan Maharani, həmçinin qlobal çağırışlar və İƏT-ə üzv ölkələrin üzləşdiyi problemlərin parlamentlərarası əməkdaşlıq vasitəsilə həllinin son dərəcə aktual məsələ olduğuna diqqət çəkib. O qeyd edib ki, İƏT ölkələrinin iqtisadiyyatları hələ də tam istifadə olunmamış böyük imkan və potensiala malikdir. Bu potensialın səmərəli şəkildə səfərbər edilməsi üzv dövlətlərin davamlı inkişafına, iqtisadi əməkdaşlığın genişlənməsinə və ümumi rifahın yüksəldilməsinə mühüm töhfə verə bilər.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş çıxışında bildirib ki, dünya bəlkə də bəşər tarixinin ən mühüm qırılma nöqtələrindən birini yaşayır: “Böyük münaqişələrin, böyük gərginliklərin, insan əli ilə yaradılan böyük problemlərin, eləcə də siyasi və iqtisadi mənada indiyədək görmədiyimiz böyük təlatümlərin yaşandığı bir dövrdəyik”. Onun sözlərinə görə, ikiqütblü sistemin, ardınca isə təkqütblü sistemin geridə qalması ilə önümüzdə yeni bir dövrün səhifələri sonuna qədər açılır. Yeni sistemin ən bariz xüsusiyyətlərindən birinin çoxmərkəzlilik, çoxqütblülük olacağı şəksizdir. “Bu baxımdan, çox böyük potensiala malik olan İslam dünyasının üzərinə də dünyanın gələcəyində son dərəcə mühüm rollar düşür. İslam dünyasının önündə çox böyük fürsətlər açılır. Ona görə də biz malik olduğumuz bu mühüm fürsətlərin, yaşadığımız dövrün şərtlərini də yaxşı qiymətləndirərək fərqinə varmalı və lazımi addımları atmalıyıq”, - deyə TBMM-in sədri vurğulayıb.

Gələcək barədə qərarları regionda yaşayan xalqlar verməlidir

“İslam dünyasının birliyinə və gələcək inkişaf potensialına töhfə verən belə mühüm tədbirin Bakıda keçirilməsi qürurverici haldır. Bu nüfuzlu platformanın yüksək səviyyədə təşkilinə görə təşəkkürümü bildirirəm”. Bu fikirləri isə İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf deyib. O qeyd edib ki, inam və etiqadı itirmədən qarşıya qoyulan məqsədlərə və qələbəyə nail olmaq mümkündür. “İran öz təməl prinsiplərinə sadiq qalır. Təcrübə göstərir ki, diplomatiya yalnız qarşılıqlı hörmət, bərabərlik və dövlətlərin suverenliyinə ehtiram əsasında uğurlu ola bilər”, - deyə İslam Şurası Məclisinin sədri vurğulayıb.

Qalibafın sözlərinə görə,  regionun gələcəyini düşünən xalqlar öz taleləri və gələcəkləri barədə qərarları özləri verməlidir: “Regionun təhlükəsizliyi, ilk növbədə, region ölkələri tərəfindən təmin edilməlidir. Biz regionun gələcəyini əməkdaşlıqda, qarşılıqlı əlaqələrin inkişafında və dinc birgəyaşayışda görürük. İnanırıq ki, davamlı sülh və sabitliyə aparan yol birlikdən, dialoqdan və ortaq razılaşmalardan keçir”.

Tədbirdə Mozambik Respublikası Assambleyasının sədri Marqarida Talapa, İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadi, Omanın Məşvərət Məclisinin sədri Xalid əl-Mavali, Niger Məsləhət Şurasının sədri Mamoudu Haruna Cinqarey, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentinin sədri Ziya Öztürkler və digərləri çıxış ediblər.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 121 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Mədəniyyət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30