Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropa Parlamentində “Azərbaycanda innovasiya və mobil kimlik: Avropaya rəqəmsal inteqrasiyanın yeni növü” mövzusunda konfrans keçirilib

Avropa Parlamentində “Azərbaycanda innovasiya və mobil kimlik: Avropaya rəqəmsal inteqrasiyanın yeni növü” mövzusunda konfrans keçirilib

21.02.2014 [09:10]

Fevralın 19-da Avropa Parlamentində “Azərbaycanda innovasiya və mobil kimlik: Avropaya rəqəmsal inteqrasiyanın yeni növü” mövzusunda konfrans keçirilib. Tədbirdə Azərbaycanda elektron hökumət sahəsində həyata keçirilən islahatlarla bağlı məsələlər müzakirə edilib.
Konfransda Avropa Komissiyasının və Avropa Parlamentinin üzvləri, Azərbaycanın və Estoniyanın hökumət və biznes nümayəndələri, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətlərin nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Avropa Parlamentinin Estoniyadan olan deputatı, Estoniyanın sabiq xarici işlər naziri xanım Kristina Oyuland Sovet İttifaqının dağılmasından sonra Estoniyada institusional sahədə islahatların yeni texnologiyalar üzərində aparılmasının faydalarını vurğulayıb, “Skype”ın vətəni Estoniyada elektron xidmətlərin köhnə metodları üstələdiyini qeyd edib. O, Azərbaycanda çox qısa bir müddət ərzində böyük populyarlıq qazanmış ASAN xidmətin nailiyyətlərini alqışlayıb və bunun tək vətəndaşlar üçün deyil, həm də hökumət üçün faydalı olduğunu söyləyib. Xanım Oyulandın sözlərinə görə, mülki xidmətlərdə bürokratik əngəllərin aradan qaldırılması hakimiyyət orqanlarına əlavə xərclərdən yan keçməyə imkan verir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov 2013-cü ildən etibarən Asan İmzanın istismara verilməsi və təhlükəsizlik sisteminin yaradılmasının istifadəçilərə mobil telefonları vasitəsi ilə rəqəmsal uyğunluğun müəyyənləşdirilməsinə imkan yaratdığını bildirib. O, ASAN imza layihəsinin Azərbaycan və Aİ arasında daha səmərəli əlaqələrin qurulmasına töhfə verəcəyini vurğulayıb.
Konfransda ASAN xidmətə həsr olunmuş video-çarx nümayiş etdirilib.
Azərbaycan Respublikası vergilər nazirinin müavini Sahib Ələkbərov öz çıxışında 2005-ci ildən etibarən elektron hökumətin yaradılmağa başlandığı barədə məlumat verərək uzun illər planlı təsərrüfat sistemində yaşamış Azərbaycanda əvvəllər vergi orqanlarının olmadığını, müstəqilliyin ilk illərində əhalidə vergi mədəniyyətinin formalaşdırılması və vergi qanunvericiliyinin hazırlanması kimi işlərin görüldüyünü bildirib. S.Ələkbərov konfrans iştirakçılarına Azərbaycanın vergi sistemi, bu sahədə aparılan islahatlar barədə məlumat verib, biznesin qeydiyyatı sahəsində aparılan islahatlardan danışıb. 2013-cü ildən etibarən Azərbaycanda “Asan İmza” layihəsinin tətbiqinə başlanılması və təhlükəsizlik sisteminin yaradılması isə istifadəçilərə mobil telefonlar vasitəsi ilə rəqəmsal uyğunluğun müəyyənləşdirilməsinə imkan yaradıb. “Asan İmza” mobil-hökumət layihəsi çərçivəsində yeni nəsil elektron xidmətlərin tətbiqində inkişaf mərhələsinin başlanğıcı hesab edilir.
Estoniyanın İqtisadi İşlər və Rabitə Nazirliyinin Dövlət İnformasiya Sistemləri və Rabitə üzrə baş katibinin müavini Taavi Kotka yeni texnologiyaların və bu sahədə aparılan islahatların insanların həyatının rahatlaşdırılması, yeni iş yerləri, sərmayə sahələri, rəqəmsal bazarın yaradılmasında böyük rol oynadığını bildirib.
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə vətəndaşlara göstərilən xidmətlərdə İKT-dən istifadənin zəruriliyindən danışıb və Azərbaycandakı elektron xidmətlərin cari vəziyyətilə bağlı arayış verib.
Avronest Parlament Assambleyasının həmsədri, bolqarıstanlı Yevgeni Kirilov və Avropa Parlamentində Mühafizəkarlar və İslahatçılar qrupunun başçısı Martin Kallanan konfransda çıxış edərək Azərbaycanda həyata keçirilən “elektron hökumət” layihəsini yüksək qiymətləndirib, mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Daha sonra Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında ASAN Sertifikat Xidmətləri Mərkəzi və Estoniyanın Sertifikatlaşdırma Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.
Sonra Konfrans öz işini 2 paneldə davam etdirib.
Müzakirələr panelinin 1-ci hissəsi “Mobil kimlik: insanların ölkələrarası əlaqələndirməsi. Estoniya və Azərbaycanın mobil kimlik sistemlərinin əməkdaşlığı” mövzusunda olub.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq Baş İdarəsinin rəisi Samirə Musayeva “Asan İmza” layihəsi haqqında təqdimatla çıxış edərək, mobil hökumətin elektron hökumət ideyasının növbəti mərhələsi olduğunu vurğulayıb. S.Musayeva “Asan İmza”nın hansı zərurətdən doğduğu, vətəndaşlara hansı rahatlıqlar gətirdiyini faktlarla izah edib.
Tədbirdə “Signwise”, “Gemalto Solutions” şirkətlərinin rəhbərləri də çıxış ediblər.
Elektron hökumətlə bağlı ikinci müzakirə panelində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi İsbəndiyar Əliyev “elektron hökumət” layihəsinin həyata keçirilməsinin cari vəziyyəti ilə bağlı məlumat verib, ASAN Xidmətin şöbə müdiri Azad Cəfərli isə təmsil etdiyi qurumun fəaliyyətinin insan hüquqları kontesktində təhlilini verib. “Cybernetica”nı təmsil edən Arne Ansper ölkələrarası əməkdaşlıqdan, Vergilər Nazirliyinin Baş İdarə rəisi İlkin Vəliyev elektron vergi sistemlərində şəffaflıqdan, Avropa İnnovasiya və Texnologiya İnstitutunun idarə heyətinin üzvü Linnar Viik isə əməkdaşlığın gələcək perspektivlərindən danışıb.

Paylaş:
Baxılıb: 887 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31