Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dini tolerantlıq Azərbaycan cəmiyyətinin yaşayış tərzidir

Dini tolerantlıq Azərbaycan cəmiyyətinin yaşayış tərzidir

09.07.2014 [10:36]

Xalqımızın milli birlik, dini tolerantlıq ənənələri xaricdən idarə olunan dairələrin təxribat əməllərini boşa çıxarır
Məlumdur ki, bu gün dünyanın bəzi regionlarında dinlərarası, təriqətlərarası qarşıdurmaların kəskinləşməsi zəminində ayrı-ayrı ölkələrdə sabitliyin pozulması, insanların təhlükəsiz və azad yaşamaq hüququnun məhdudlaşdırılması müşahidə olunur. Mədəniyyətlərarası, dinlər, məzhəblərarası qarşıdurmalar özünü bəzi ölkələrdə irqçiliyin, neonasizmin güclənməsi, digərlərində isə radikal dini ideologiyaların terrorçuluq fəaliyyəti ilə birləşməsi şəklində göstərir. İstənilən halda, belə neqativ meyillər qlobal miqyasda təhlükəsizlik və sabitliyə hədə kimi qəbul olunur.
TOLERANTLIĞIN AZƏRBAYCAN MODELİ
Dini, etnik radikalizmə, ayrı-seçkiliyə qarşı tolerantlıq, multikulturalizm, insan hüquqlarına hörmət prinsipləri önə sürülür. Bu prinsiplərin real həyatda, gündəlik yaşam tərzində, milli şüurda əksini tapdığı cəmiyyətlərin müsbət təcrübəsi beynəlxalq terrorçuluqla, radikalizmlə mübarizədə, dinlərarası dialoqun təşviq olunmasında dəyərli nümunə ola bilər. Belə nümunələrdən biri, şübhəsiz, dini tolerantlığın Azərbaycan modelidir.
Azərbaycan tarixən dini və dünyəvi dəyərlərin uzlaşdığı, fərqli mədəniyyətlərin bir arada yaşadığı və inkişaf etdiyi, sivilizasiyaların qovuşduğu bir məkandır. Uzun əsrlər boyu Azərbaycan xalqı özünün milli, dini mənəvi dəyərlərinə bağlılığını qoruyub saxlayıb, eyni zamanda, başqa dinlərin və etnik qrupların nümayəndələri ilə tolerant, mehriban birgəyaşayış mühitində sahib olduğu yüksək mənəvi keyfiyyətlərini inkişaf etdirib. Nəticədə, dini, mədəni plüralizmin mövcud olduğu, dini və dünyəvi dünyagörüşünün uzlaşdığı müasir Azərbaycan cəmiyyəti formalaşıb. III Bakı Beynəlxalq Humanitar Forumundakı nitqində Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan əsrlər boyu burada yaşayan bütün millətlərin, bütün dinlərin nümayəndələri üçün Vətən olub: “Biz fəxr edirik ki, bu gün də müstəqil Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin nümayəndələri, bütün millətlər bir ailə kimi sülh, mehribanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bu, bizim böyük sərvətimizdir, böyük üstünlüyümüzdür və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafında bu amil də öz rolunu oynayıb”.
Ölkəmizdə dini zəmində harmoniyanın, multikulturalizm ənənələrinin qorunub saxlanmasının əsas səbəblərindən biri Azərbaycan dövlətçiliyinin yuxarıda qeyd olunan xalqımıza məxsus mənəvi keyfiyyətlərə söykənməsi və onları qorumasıdır. Bunun təsdiqini, ilk növbədə, Azərbaycan Respublikası Konstitusiyasının müddəalarında görmək mümkündür. Hər bir vətəndaşın vicdan azadlığı və dini ayinləri sərbəst yerinə yetirməsi Konstitusiyada müəyyən edilib. Bütövlükdə, Azərbaycan dövlətinin hüquqi əsasları, müxtəlif sahələr üzrə qəbul olunan qərarlar dünyəvi xarakter daşımaqla bərabər, xalqımızın milli-mənəvi dəyərlərinə uyğun şəkildə müəyyənləşdirilir. Bu o deməkdir ki, müstəqil Azərbaycan dövlətçiliyi xalqımızın milli, mənəvi dəyərləri əsasında formalaşıb.
Deməli, Azərbaycanda tolerantlıq siyasi vasitə deyil, toplumun təbii vəziyyəti, həyat tərzidir. Etnik, dini tolerantlıq ənənələrinə söykənən birgəyaşayış formasından cəmiyyətimizin hər bir üzvü faydalanır, bu cür yaşayış hər kəsin təhlükəsizliyini, azadlığını təmin edir. Bu səbəbdən də, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri özlərini sərbəst hiss edirlər.
AZƏRBAYCANÇILIĞIN TƏMƏLİNDƏ TOLERANTLIQ PRİNSİPİ DAYANIR
Ümummilli lider Heydər Əliyev Öz çıxışlarında Azərbaycanın çoxmillətli, tolerant ölkə olmasını böyük sərvət kimi dəyərləndirərək onu qoruyub saxlamağın, dünyaya çatdırmağın əhəmiyyətini vurğulayıb: “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycanın ən başlıca sərvətlərindən biri qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır. Biz bunu qiymətləndiririk və saxlayacağıq. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur. Çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib”.
Buradan da Ulu öndərin təkmil milli ideologiyaya çevirdiyi azərbaycançılıq məfkurəsinin prinsipləri özünü göstərir. Neokonservativ yanaşmanın nümunəsi olan azərbaycançılıq ölkənin milli, dini dəyərlərinə, köklərinə, adət-ənənələrinə bağlı şəkildə inkişafını, müasirləşməsini nəzərdə tutur. Azərbaycançılıq dini, etnik, mədəni fərq qoymadan hər bir azərbaycanlının bərabərliyinin, eyni hüquqlardan yararlanmasının sosial, mənəvi-psixoloji əsaslarını möhkəmləndirir.
AZƏRBAYCANDA TOLERANTLIĞIN TƏMİNATÇISI AZƏRBAYCAN XALQIDIR
Məlumdur ki, bu gün sabitliyi pozmağa çalışan bəzi qüvvələr bir çox yollara əl atmaqla bərabər, radikal dini ünsürlərdən istifadə etməyə, onları siyasi proseslərə cəlb etməyə çalışırlar. Radikal dini ünsürlərin qızışdırılması, onlardan siyasi məqsədlər naminə istifadə edilməsi cəhdləri ictimai-siyasi mövqeyindən, statusundan asılı olmayaraq vətəndaşlarımız tərəfindən etirazla qarşılanır.
Qeyd olunduğu kimi, dini dözümlülük ənənəsi Azərbaycan xalqının kökündən, keçmişindən gələn humanist dəyərlərə söykənir. Və hər şeydən əvvəl bu dəyərlərin keşiyində Azərbaycan xalqı dayanır. Təbii ki, belə bir mühitdə insanların müəyyən radikal təxribatçı fəaliyyətə cəlb olunması mümkün deyil. Azərbaycan xalqı təxribatçı cəhdlərin arxasında dayanan məqsədləri yaxşı anlayır və təxribatlara aldanmır. Xalqımızın genetik yaddaşından gələn milli birlik, dini tolerantlıq ənənələri xaricdən idarə olunan təxribatçı dairələrin əməllərini boşa çıxaracaqdır.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 813 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31