Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin payız sessiyası başlayıb

Milli Məclisin payız sessiyası başlayıb

01.10.2026 [12:27]

Deputatlar sessiyanın qanunvericilik işləri planını təsdiqləyiblər

Sentyabrın 30-da Milli Məclisin payız sessiyası öz işinə başlayıb. Dövlət Himni səsləndirildikdən sonra çıxış edən spiker Sahibə Qafarova tətil dövründə Milli Məclisin beynəlxalq fəaliyyətinin davam etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu dövrdə 27 deputat 14 xarici ölkəyə 32 səfər həyata keçirib. Deputatlar 4 beynəlxalq təşkilatın tədbirlərində iştirak edib, habelə Qazaxıstanda və Rusiyada keçirilən parlament seçkilərini müşahidə ediblər. Bu dövrdə 14 ölkənin və 4 beynəlxalq təşkilatın 24 nümayəndə heyəti, ümumən 142 nəfər xarici qonaq Milli Məclisdə olub. 

S.Qafarova  bir sıra xarici ölkələrin nümayəndələri ilə Milli Məclisdə ikitərəfli görüşlər keçirdiyini də deyib. Onun fikrincə, Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini, Fələstinin və Tacikistanın baş nazirləri, Pan-Afrika Parlamentinin Prezidenti, TürkPA-nın Baş katibi, Gürcüstan parlamentinin sədr müavini, Çin Xalq Respublikasının hakim partiyasının rəhbər vəzifəli şəxsi və başçılıq etdikləri nümayəndə heyətləri, yenə də Çin Xalq Respublikasının və Özbəkistanın baş prokurorları ilə görüşlər Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı baxımından əhəmiyyətli idi.

Daha sonra gündəlikdəki məsələlər müzakirə olunub. Əvvəlcə 27 Sentyabr - Anım Günü ilə əlaqədar Bəyanat qəbul olunub. Sonra millət vəkilləri 2026-cı il payız sessiyasının qanunvericilik işləri planını təsdiqləyiblər. İş planına Azərbaycanın dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri, Dövlət Qulluğu Məcəlləsi, “Pulsuz hüquqi yardım haqqında”, “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında”, “Aqrar sahə haqqında” və  “Məhsul şəhadətnaməsi haqqında” qanun layihələri daxildir. Bundan əlavə sessiya ərzində bir sıra qanunlarda dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Dövlət Qulluğu Məcəlləsinin və “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin aparıcı komitəsi Hüquq siyasəti və dövlət quruculuğu komitəsi müəyyən edilib. Korrupsiya ilə bağlı hüquqpozmalar barədə məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsinə dair layihə üzrə aparıcı komitə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsidir. “Aqrar sahə haqqında” və “Məhsul şəhadətnaməsi haqqında” qanun layihələri üzrə isə bu vəzifə Aqrar siyasət komitəsinə həvalə olunub.

İş planında, həmçinin  Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, seçki hüququ olan 40 min vətəndaşın, Baş Prokurorluğun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələrinə baxılması da nəzərdə tutulur.

Sonra “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda dəyişikliklər II səsverməyə çıxarılaraq qəbul olunub.

Daha sonra iclasda Azərbaycan Prezidentinin etirazı ilə qaytarılmış “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 453-VIIQD nömrəli Qanunu müzakirəyə çıxarılıb. İclasda çıxış edən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, cari ilin iyul ayında Milli Məclis tərəfindən qəbul olunmuş rəqəmsal texnologiyalar sahəsi subyektləri üçün bir sıra vergi və şərait imtiyazlarını nəzərdə tutan qanun layihəsi Azərbaycan Prezidenti tərəfindən Konstitusiyaya uyğun olaraq Milli Məclisə geri qaytarılıb. Ötən dövr ərzində həmin qanun aidiyyəti dövlət orqanları ilə birlikdə təkrarən müzakirə olunub, təkmilləşdirilərək Milli Məclisin müzakirəsinə təqdim edilib. O qeyd edib ki, qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə, dövlət dəstəyinin hədəflərinin və tətbiq mexanizminin dəqiqləşdirilməsinə imkan yaradıb: “Təqdim olunan layihə məhz bu çağırışa cavab verməklə yanaşı, layihənin konseptual mahiyyəti ayrı-ayrı vergi və sosial güzəştlərə tətbiq olunmuş, o rəqəmsal ekosistem üçün vacib olan mütəxəssis, investor, tədqiqat və bazar həlqələrinin vahid təşviq yanaşmasında birləşdirir. Həmçinin innovasiyanın yeni məhsul və xidmətlərə çevrilməsinə şərait yaratmağı hədəfləyir”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov isə sözügedən qanunda aparılan təkmilləşdirmənin əsas istiqamətlərini və detalları açıqlayıb. Onun sözlərinə görə, Milli Məclis tərəfindən növbədənkənar sessiya dövründə dövlətimizin rəqəmsal inkişaf strategiyasının və innovasiya ekosisteminin hüquqi bazasının yaradılması məqsədilə 4 layihədən ibarət qanunvericilik paketi müzakirə edilərək qəbul olunub və imzalanmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib. Bu paketə daxil edilmiş və 3 oxunuşdan keçən qanunlardan biri Vergi Məcəlləsinə və digər 5 qanuna dəyişikliklərdən ibarət olan, rəqəmsal iqtisadiyyatın stimullaşdırılmasını və bu sahədə güzəştlərin tətbiqini nəzərdə tutan qanun olub. Dövlət başçısı innovativ fəaliyyətə dövlət dəstəyi və güzəştlərlə bağlı bu qanunu Konstitusiyanın 110-cu maddəsinə uyğun olaraq təklif etdiyi dəyişikliklərlə təkrar baxılması üçün Milli Məclisə qaytarıb. “Biz 3 oxunuşda qəbul edilmiş qanunların Azərbaycan Prezidenti tərəfindən təklif edilən dəyişikliklərlə qaytarılmasını və qanunun məqsədəuyğun hesab edilməyərək imzalanmadan geri qaytarılmasını konstitusion prosedurlar kimi fərqləndirməliyik. Ümumiyyətlə, qanunun imzalanmadan qaytarılması dövlət başçısının Əsas Qanunumuzda təsbit edilmiş müstəsna hüququ və bu hüququn reallaşdırılmasıdır. Bu, bir tərəfdən qanunvericilik prosesinin konstitusion davamı, digər tərəfdən də ali icra hakimiyyəti ilə qanunverici hakimiyyətin konstitusiya normalarına əsaslanan qarşılıqlı fəaliyyət mexanizmidir. Beləliklə, Azərbaycan Prezidenti innovasiya ekosistemi üzrə dövlət dəstəyinin və stimullaşdırıcı mexanizmlərin təkmilləşdirilməsi məqsədilə Milli Məclisin qəbul etdiyi qanuna bir sıra mühüm dəyişikliklər təklif edib”, - deyə komitə sədri vurğulayıb.

A.Əmiraslanov deyib ki, yenilənmiş qanun İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilib və onun dövlət başçısının təklif etdiyi dəyişikliklərlə qəbul edilməsi məqsədəuyğun hesab olunub. Müvafiq qərar komitə üzvləri tərəfindən yekdilliklə dəstəklənib. Onun sözlərinə görə, başlıca məqsəd yenə də ölkəmizdə innovativ iqtisadiyyatın inkişafının sürətləndirilməsi, bu sahəyə çoxşaxəli dövlət dəstəyinin göstərilməsi və özəl investisiyaların cəlb edilməsinin stimullaşdırılmasıdır: “İlkin yanaşmada sektor üzrə müəyyən edilən güzəştlər ümumi qaydada tətbiq edilirdi. Təklif edilən yeni dəyişikliklər isə innovativ fəaliyyətə dövlət dəstəyini konkret meyarlarla - ixrac göstəriciləri və valyuta daxilolmaları ilə əlaqələndirir və şərtləndirir. Mühüm dəyişikliklərdən biri güzəştlərin tətbiq dairəsinin daha dəqiq müəyyən edilməsi və dövlət dəstəyinin konkret olaraq özəl innovativ sahibkarlığa istiqamətləndirilməsidir. Dövlət innovativ məhsullar üçün bazarın və tələbin formalaşmasına şərait yaratmaq məqsədilə 20 faizlik satınalma güzəşti müəyyən edir və yeni redaksiyada bu, imperativ norma kimi təsbit olunur. Nəhayət, yenilənmiş qanuna innovativ iqtisadiyyatın iştirakçısı olan sahibkarların hüquqlarının müdafiəsi baxımından mühüm əlavələr daxil edilir. Beləliklə, dövlət innovativ sahibkarlığı dəstəkləməyə davam edir, lakin bu dəstəyi şəffaf meyarlar əsasında konkret iqtisadi nəticəyə görə hədəfləyir”.

İclasda gündəliyə daxil olan digər qanun layihələri də qəbul olunub.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 140 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Analitik

Sosial

Sosial

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31