Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bu gün beynəlxalq təşkilatlar, dünyanın bütün dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Bu gün beynəlxalq təşkilatlar, dünyanın bütün dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

07.11.2014 [09:47]

Prezident İlham Əliyev: Əminəm ki, o gün gələcək və biz öz doğma torpaqlarımıza - Dağlıq Qarabağa, eləcə də, işğal olunmuş digər ərazilərə qayıdacağıq
Məlum olduğu kimi, bu gün öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan, həm də, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Ölkəmiz hazırda, həmçinin, dünya üçün bir tolerantlıq nümunəsi sayılır. Bütün bu uğurlar, eyni zamanda, Azərbaycanın müxtəlif nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Pezident İlham Əliyev tərəfindən davam etdirilən inkişaf siyasətinin nəticəsidir. Onu da qeyd edək ki, həyata keçirilən balanslaşdırılmış siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmin nüfuzlu aktoruna çevrilib. Təbii ki, bütün bu uğurların fonunda hazırda Azərbaycan diplomatiyasının qarşısında duran bir nömrəli vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə nail olunmasıdır. Lakin bu bir həqiqətdir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərinə baxmayaraq, Ermənistan öz işğalçılıq siyasətindən əl çəkmək istəmir. Daha dəqiq desək, işğalçı Ermənistan təkcə siyasi təmaslar zamanı nümayiş etdirdiyi destruktiv mövqeyi ilə deyil, həm də cəbhə xəttində törətdiyi təxribatları ilə vəziyyəti daha da gərginləşdirməyə çalışır. Yuxarıda da vurğuladığımız kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin mövqeyi isə tamamilə aydın və birmənalıdır. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və 7 ətraf rayonu işğaldan azad edilməli, soydaşlarımızın yurd-yuvasına qayıtması və təhlükəsiz həyat şəraiti təmin olunmalı, daha sonra Dağlıq Qarabağın statusu məsələsi öz həllini tapmalıdır.
AZƏRBAYCAN BÖYÜK BEYNƏLXALQ DƏSTƏYƏ MALİKDİR
Bu məqamda qeyd etmək yerinə düşər ki, Ermənistan rəhbərliyinin manevrlər edərək danışıqlardan yayınmaq, vaxtı uzatmaq cəhdlərinə baxmayaraq, iqtisadi, hərbi gücü, eləcə də beynəlxalq siyasi nüfuzu durmadan artan Azərbaycanın haqq səsi bu gün daha aydın eşidilir. Belə ki, Azərbaycan münaqişənin həllinə nail olmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi altında hücum diplomatiyasını genişləndirməkdədir. Azərbaycanın müxtəlif nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı çərçivəsində Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçı və təcavüzkar siyasəti barədə faktlar beynəlxalq aləmin diqqətinə çatdırılır. Eyni zamanda, Prezident İlham Əliyev mütəmadi olaraq iştirak etdiyi beynəlxalq tədbirlərdə, beynəlxalq ictimaiyyət qarşısındakı çıxışlarında Ermənistanın işğalçılıq siyasətini dünyanın diqqətinə çatdırır. Yeri gəlmişkən, bu yaxınlarda yüzlərlə xarici qonağın iştirakı ilə Bakıda keçirilən Gənclər siyasəti üzrə birinci qlobal forumun açılış mərasimindəki nitqində də Prezident İlham Əliyev Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi və Xocalı soyqırımını törətməsi faktını diqqətə çatdıraraq deyib: “Bu gün Ermənistandakı diktatorluq, kriminal rejim beynəlxalq və regional təhlükəsizliyə və sabitliyə ən böyük təhlükədir”.
Beləliklə, həqiqətən də, Ermənistan hakimiyyətinin status-kvonu saxlamağa yönələn təcavüzkar mövqeyi Cənubi Qafqaz kimi həssas regionda istər bölgə dövlətlərinin, istərdə də burada müəyyən siyasi, iqtisadi, təhlükəsizlik maraqları olan dövlətlərin mənafelərini təhdid edir. Digər tərəfdən, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən Minsk qrupunun, eləcə də qurumun həmsədr ölkələri olan ABŞ, Rusiya və Fransanın dövlət başçılarının bəyanatlarında status-kvonun saxlanmasının yolverilməzliyi ilə bağlı mövqeyi Azərbaycanın maraqlarına uyğun gəlir. Çünki Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu indiki vəziyyətin dəyişməsi ən azından işğalçı qoşunların ərazilərdən çıxarılması deməkdir.
Yeri gəlmişkən, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yerləşən abidələri, qəbiristanlıqları, evləri məhv etməsi, xalqımızın çoxəsrlik maddi-mədəni irsinin erməni vandalizminin qurbanına çevrilməsi də beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Belə əməllər insanlıq əleyhinə cinayətlər olmaqla bərabər, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir.
Ermənistanın işğal etdiyi torpaqlarda süni məşkunlaşdırma siyasəti də Azərbaycana məxsus izləri tamamilə silmək, bölgəni erməniləşdirmək məqsədi daşıyır. Azərbaycanın Ermənistanın işğal altındakı ərazilərdəki qanunsuz fəaliyyətinə etirazı isə beynəlxalq qurumların məsələyə daha çox diqqət yetirməsinə səbəb olub. 2005-ci ildə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə göndərilən ATƏT-in faktaraşdırıcı missiyası həmin ərazilərdə insanların məskunlaşdırılması faktını aşkara çıxarıb. Bundan sonra Ermənistan “Azərbaycanın işğal edilmiş ərazisində hər hansı digər məskunlaşmaqdan çəkinməyə” çağırılıb. ATƏT-in Misk qrupunun həmsədrlərinin Azərbaycanın işğal altında olan ərazilərində ümumi vəziyyətin dəyərləndirilməsi məqsədilə 7-12 oktyabr 2010-cu il tarixlərində həyata keçirdiyi Sahə Qiymətləndirmə Missiyasının apardığı müşahidələrin nəticələrini əks etdirən hesabatı Ermənistanın əsl simasını bir daha ifşa edib. Azərbaycan tərəfinin tələbi əsasında aparılan müşahidənin nəticələri zəbt olunmuş ərazilərdə Ermənistan tərəfindən məskunlaşdırma siyasətinin davam etdirildiyini, infrastruktur dəyişikliklərinin və iqtisadi fəaliyyətin həyata keçirildiyini bir daha təsdiqləyib. Hesabatın xülasəsində də göstərilir ki, aparılan müşahidələrdə Dağlıq Qarabağ münaqişəsinin və indiyədək sülhün əldə edilməməsinin faciəli nəticələrini göstərən aşkar dəlillər müəyyən olunub.
Təsadüfi deyil ki, məhz Ermənistanı ifşa və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması siyasətinin nəticəsi olaraq Xocalı soyqırımı 10 ölkə tərəfindən tanınıb. Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Xocalı soyqırımının tanıdılmasında Heydər Əliyev Fondunun, Azərbaycanın müxtəlif ölkələrdəki siyasi nümayəndəliklərinin, həmin dövlətlərdə yaşayan diasporumuzun nümayəndələrinin fəal təbliğat və maarifləndirmə aksiyalarının mühüm rolu var.
Ümumiyyətlə isə, ötən 20 ildən bir qədər çox müddətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə zəmin yaradan çoxlu sayda beynəlxalq hüquqi sənədlər qəbul olunub. “Bütün beynəlxalq təşkilatlar mövqeyimizi dəstəkləyir”, deyən Prezident İlham Əliyevin də söylədiyi kimi, BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digərləri erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qərar və qətnamələr qəbul edib: “Onlar mövqeyimizi və Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir. Dünyanın bütün ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.
Əlbəttə ki, ərazilərin işğalının aradan qaldırılmasını, məcburi köçkünlərin doğma yurdlarına qayıtmasını, işğal altındakı torpaqlarda yerləşən və Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələrinin dağıdılmasının qarşısının alınmasını tələb edən belə beynəlxalq sənədlərin mövcudluğu Dağlıq Qarabağ münaqişəsinin həlli danışıqlarında ölkəmizin mövqeyini gücləndirən vacib amildir.
ERMƏNİSTAN DİPLOMATİYASI ÇIXILMAZ DURUMDA
Məlum olduğu kimi, Azərbaycanın ərazi bütövlüyünün bərpası naminə ölkə rəhbərliyinin uğurlu diplomatik gedişləri hazırkı situasiyada Ermənistanı çıxılmaz vəziyyətdə qoyub. Çünki BMT Nizamnaməsinin ölkələrin ərazi bütövlüyü prinsipinə və adıçəkilən təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinə əsasən konfliktin həlli Ermənistanın qoşunlarını işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxarmasından keçir. Ermənistan diplomatiyasını çətin duruma salan digər məqam beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünə olan dəstəyini artırmasıdır. Bunun bariz göstəricilərindən və Azərbaycanın növbəti diplomatik uğurlarından biri dövlət başçımızın siyasi iradəsi və nüfuzu sayəsində Ermənistanın Avrasiya İqtisadi İttifaqına işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonlarsız qəbul edilməsi oldu. Bu zərbənin sarsıdıcı təsiri Ermənistanda hələ də hiss olunmaqdadır.
Bundan əlavə, Azərbaycanın 2011-ci ildə BMT-nin 155 üzv ölkəsinin dəstəyi ilə qurumun Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi gənc müstəqil ölkəmizin ən nəhəng diplomatik uğurlarından biri olub. 2012-2013-cü illərdə Azərbaycanın qurumdakı fəaliyyəti dövründə Prezident İlham Əliyev Ermənistanın dövlət terrorizmini, işğalçı siyasətini yüksək kürsüdən beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.
Bir daha vurğulayaq ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesində aktiv iştirak edən Azərbaycan münaqişənin diplomatik yolla beynəlxalq hüquq çərçivəsində həllinə nail oluna biləcək diplomatik imkanlarından geniş istifadə edir. Münaqişənin həlli məsələsində Azərbaycanın problemin beynəlxalq hüququn norma və tələblərinə uyğun şəkildə həllinə çalışması ölkəmizin konstruktiv mövqeyindən xəbər verir. Bütün göstəricilərinə əsasən Ermənistandan dəfələrlə üstün olan Azərbaycan nəinki işğalçı ölkənin təbliğat maşınını sıradan çıxarıb, eyni zamanda, aşkar diplomatik üstünlük əldə edib. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən hücumçu diplomatiya sayəsində danışıqlar prosesində dalana dirənən Ermənistanın manevr imkanları tükənib.
Göründüyü kimi, Azərbaycanın həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində beynəlxalq ictimaiyyət Ermənistanın işğalçı əməlləri ilə bağlı daha yaxşı məlumatlanıb. Deyilənləri yekunlaşdırsaq, danışıqların hazırkı mənzərəsi Azərbaycanın aşkar üstünlüyünü, Ermənistanın isə çətin vəziyyətdə olduğunu göstərir. Eyni zamanda, ölkəmizin iqtisadi və hərbi cəhətdən inkişafı Ermənistan siyasi dairələrində və ictimaiyyətində ciddi təşviş yaradır. Azərbaycan isə danışıqlar prosesində daha inamla iştirak edir, öz mövqeyini qətiyyətlə müdafiə edir.
Beləliklə, istənilən halda, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Danışıqlar prosesini uzatmasına baxmayaraq, Azərbaycanın iqtisadi təcrid vəziyyətində saxladığı Ermənistanın dövlət olaraq hərtərəfli tənəzzülə uğraması işğal altındakı ərazilərimizin azad olunacağı günün çox da uzaqda olmadığını deməyə əsas verir. Prezident İlham Əliyevin sözlərindən də aydın olduğu kimi, bunun üçün Azərbaycan bundan sonra öz gücünə, imkanlarına güvənməlidir: “Biz daha güclü, daha təsirli olmalıyıq və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, Azərbaycanın ərazi bütövlüyünə əsaslanaraq həllinə nail olmaq üçün ürəkdən çalışmalıyıq. Əminəm ki, o gün gələcək və biz öz doğma torpaqlarımıza - Dağlıq Qarabağa, eləcə də işğal olunmuş digər ərazilərə qayıdacağıq”.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 754 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31