Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyevdən növbəti humanist addım: Tarif Şurasının benzinin və dizelin qiymətinin artımı ilə bağlı qəbul etdiyi qərar ləğv edildi

Prezident İlham Əliyevdən növbəti humanist addım: Tarif Şurasının benzinin və dizelin qiymətinin artımı ilə bağlı qəbul etdiyi qərar ləğv edildi

15.01.2015 [09:51]

Dövlət başçısının neft məhsullarının pərakəndə satış qiymətlərinin vətəndaşların mənafeyi nəzərə alınmaqla tənzimlənməsi barədə Tarif Şurasına verdiyi tapşırığa uyğun olaraq qurum bu barədə yeni qərar qəbul edib
Son illərdə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən geniş məzmunlu sosial siyasət sayəsində Azərbaycan bütün dünyada özünü sosial dövlət kimi təsdiqləyib. Sosial sfera ilə bağlı infrastruktur layihələrinin reallaşdırılması ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin prioritetlərindən birini təşkil edir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, respublikamızda reallaşdırılan siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. İndiyədək ölkəmizdə insanların sosial müdafiəsinin güclü şəkildə təmin olunması məqsədilə ardıcıl islahatlar reallaşdırılıb, şəffaflıq təmin olunub, bir sıra zəruri institusional tədbirlər görülüb.
Məlumdur ki, bir neçə il bundan əvvəl qlobal miqyasda baş verən maliyyə-iqtisadi böhran, bunun ardınca isə neftin qiymətinin ucuzlaşması ayrı-ayrı ölkələri ciddi sınaq qarşısında qoyub. Bir sıra ölkələrdə vəziyyət o səviyyədə kritik hal alıb ki, hətta zəruri sosial layihələr belə ixtisara salınıb, maaşlar, pensiyalar azaldılıb, böyük sayda iş yerləri ixtisara salınıb. Dünyadakı belə arzuolunmaz mənzərənin fonunda Azərbaycan sabitlik və sosial rifah adası kimi səciyyələnir. Təsadüfi deyil ki, bu günlərdə Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında dövlət başçısı ötən il dünyada və bölgədə müxtəlif proseslər getməsinə, gərginliyin böyük dərəcədə artmasına baxmayaraq, Azərbaycanın öz sürətli inkişaf tempini saxladığını, ölkəmizin təhlükəsizliyinin təmin edildiyini, iqtisadi və sosial proqramların icra olunduğunu bir daha nəzərə çatdırıb.
Prezident İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan məqsədyönlü siyasət sayəsində ölkəmizin iqtisadi potensialının genişlənmsi və maliyyə təminatının artması öz növbəsində sosial sferada qarşıya qoyulan hədəflərə çatmağa imkan verir. Son 11 ildə respublikamızda sosial təyinatlı infrastrukturun yenilənməsi istiqamətində böyük həcmli layihələr reallaşdırılıb. Qlobal risklərin artdığı 2014-cü ildə də sosial sferada işlər səngiməyib. Ötən il ölkəmizdə 60-dan çox tibb mərkəzi, 50-dən artıq məktəb tikilib istifadəyə verilib. Respublikamızda maaşların, pensiya və sosial müavinətlərin artması da məmnunluq doğurur.
Cari ildə gözlənilən qlobal risklərə baxmayaraq, Azərbaycan özünün sosial məzmunlu siyasətini yenə də davam etdirəcək. Prezident İlham Əliyev Nazirlər Kabinetinin yuxarıda haqqında bəhs olunan iclasındakı çıxışında ölkəmizdə 2015-ci ildə də bütün sosial proqramların tam həcmdə yerinə yetiriləcəyini bir daha bəyan edib.
Dünən dövlət başçısının tapşırığı ilə Tarif (qiymət) Şurasının 2015-ci il 12 yanvar tarixli iclasında neft məhsullarının tarifi ilə bağlı çıxardığı müvafiq qərarı dəyişməsi də ölkəmizdə əhalinin sosial müdafiəsinin daim diqqət mərkəzində saxlanıldığını təsdiqləyir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il yanvarın 12-də keçirilmiş iclasında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli Qanununa uyğun olaraq, neft məhsullarının tariflərinə baxılmış və müvafiq qərar qəbul olunmuşdu. Qərara əsasən, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilmişdi.
Məlumat üçün bildirək ki, Vergilər Məcəlləsinə son dəyişikliklərdə neft məhsullarının hər litrinin topdansatış qiymətinə 2 qəpik əlavə olunmaqla yol vergisinin ödənilməsinin yeni mexanizminin tətbiqi nəzərdə tutulmuşdu. Tarif Şurası dəyişikliyə uyğun olaraq 12 yanvar tarixli iclasında neft məhsullarının mövcud pərakəndə satış qiymətlərinə 2 qəpik yol vergisi əlavə olunmaqla satılması barədə qərar qəbul etmişdi.
Lakin Prezident İlham Əliyev humanist addım ataraq neft məhsullarının pərakəndə satış qiymətlərinin vətəndaşların mənafeyi nəzərə alınmaqla tənzimlənməsi barədə Tarif Şurasına tapşırıq verib. Dövlət başçısının tapşırığına uyğun olaraq 2015-ci il 14 yanvar tarixində Tarif Şurasının növbədənkənar iclası keçirilib və neft məhsullarının qiymətlərinə yenidən baxılaraq tariflərin tənzimlənməsi barədə yeni qərar qəbul edilib.
Tarif Şurasının yeni qərarına əsasən “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 2015-ci il 12 yanvar tarixli qərarı ləğv edilib. Yeni qərarda bildirilir ki, ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litri üzrə 2 qəpik yol vergisi şirkətdaxili tariflərin azaldılması hesabına tətbiq edilməklə, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti əvvəl olduğu kimi 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən olunub. Tarif Şurasının yeni qərarı həmçinin maye qazın topdansatış qiymətinə də şamil edilib. Belə ki, yeni qərara əsasən, maye qazın topdansatış qiyməti 1 ton üçün 300 manatdan 263,6 manata endirilib və yol vergisi ilə birlikdə topdansatış qiyməti 1 ton üçün 300 manat müəyyənləşdirilib.
Qərarda qeyd olunub ki, 2015-ci ilədək illik yol vergisini fiziki şəxslər avtonəqliyyat vasitələrinin mühərrikinin həcminə görə texniki baxışdan keçən zaman, hüquqi şəxslər isə balanslarında olan avtonəqliyyat vasitələrinə görə vergi orqanlarına müvafiq bəyannamə təqdim etməklə dövlət büdcəsinə ödəyirdilər. Bundan sonra avtomobil vasitəsinin istismarına görə yol vergisi hüquqi və fiziki şəxslər tərəfindən deyil, yanacaq istehsal və idxal edən şirkətlərin hesabına ödəniləcək.
Prezident İlham Əliyevin neft məhsullarının pərakəndə satış qiymətlərinin vətəndaşların mənafeyi nəzərə alınmaqla tənzimlənməsi barədə Tarif Şurasına tapşırıq verməsi və qurumun bununla bağlı müvafiq qərar qəbul etməsi Azərbaycan ictimaiyyətinin nümayəndələri tərəfindən rəğbətlə qarşılanıb. Məsələ ilə bağlı Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi daim dövlət başçısının diqqət mərkəzindədir. Azərbaycanda həyata keçirilən dövlət siyasəti, reallaşdırılan proqramlar vətəndaşların maraqlarına xidmət edir. H.Rəcəblinin sözlərinə görə, hər il əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin artımı bunu deməyə əsas verir. H.Rəcəblinin fikrincə, yanacağın qiyməti ilə əlaqədar Prezident İlham Əliyevin Tarif Şurasına verdiyi tapşırıq əhalinin sosial müdafiəsinə yönəlmiş növbəti addımdır.
“Dövlət başçısının iqtisadi sferada həyata keçirdiyi siyasətin indi də özünü qabarıq şəkildə göstərən ən önəmli cəhətlərindən biri hər zaman sosialyönümlülük faktorunun ön plana çəkilməsidir. Bu mənada Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlarda ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər xüsusi yer tutur. Digər tərəfdən, sosial prioritetlərin düzgün müəyyənləşdirilməsi cənab İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasətin səciyyəvi cəhətlərini təşkil edir”, - deyə komitə sədri vurğulayıb.
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti dəfə humanist addım atıb: “Prezidentin tapşırığına əsasən, Tarif Şurasının növbədənkənar iclasının keçirilməsi, neft məhsullarının qiymətlərinə yenidən baxılması və tariflərin tənzimlənməsi barədə yeni qərarın qəbul edilməsi dövlət başçısı İlham Əliyevə olan etimad və inamı daha da artırır”.
S.Vəliyeva bildirib ki, bu cür tapşırıq verməklə Prezident İlham Əliyev dövlət siyasətinin mərkəzində insan amili durduğunu bir daha sübut edib: “Ölkə Prezidenti hər bir addımında, verdiyi bütün qərarlarda ilk olaraq, insanları düşünür. Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyevin dəfələrlə bu cür humanist addım atmasının şahidi olmuşuq. Ölkə əhalisinin mavi yanacağa görə olan borcunun silinməsi, keçmiş SSRİ banklarında qalmış əmanətlərin qaytarılması və s. tədbirlər buna misal göstərilə bilər”.
Deputat vurğulayıb ki, ölkə başçısı İlham Əliyev hər bir azərbaycanlının Prezidenti kimi xalqımızın Ona göstərdiyi etimadı fəaliyyəti boyunca doğruldub. Dövlət başçısının yanacağın qiymətinin tənzimlənməsi ilə bağlı Tarif Şurasına verdiyi tapşırıq bunun daha bir təsdiqidir.
“Ölkəmizdə həyata keçirilən sosial siyasətin nəticələri uğurludur. Bu siyasətin davamlı olacağı şübhəsizdir”. Bu fikirləri isə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynova deyib. S.Hüseynova bildirib ki, son illər Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Tarif Şurasının qərarı ilə bağlı ortaya qoyduğu mövqe bu baxımdan əhəmiyyətlidir. Çünki bu mövqe vətəndaşların maraqlarına xidmət edir. “Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirləri davamlı olaraq həyata keçirir. Bu və digər faktlar sübut edir ki, dövlətimiz vətəndaşların mənafeyinin ən yüksək səviyyədə qorunmasını, insaların maddi rifahının güclənməsini prioritet məqsəd kimi qarşıya qoyub”, - deyə komitə üzvü qeyd edib.
Yeri gəlmişkən, rəylərini soruşduğumuz paytaxt sakinləri də dövlət başçısının yanacağın qiymətinin tənzimlənməsi ilə bağlı Tarif Şurasına tapşırıq verməsini və qurumun bununla bağlı yeni qərar qəbul etməsini müsbət dəyərləndiriblər.
Məsələyə münasibət bildirən şəhər sakini Azər Əsgərxanov deyib ki, cənab Prezident xalqın yanında olduğunu bir daha sübut etdi: “Dəfələrlə biz şahidi olmuşuq ki, cənab Prezident regionlara səfər edib, əhalinin problemləri ilə maraqlanıb və dərhal həmin problemlərin aradan qaldırılması üçün lazımi tədbirlər görüb. Eyni zamanda, dövlət başçısı hər zaman insanlarımızın yaxşı yaşaması üçün çalışıb. Paytaxtımızda və ümumilikdə, ölkəmizdə gedən geniş abadlıq-quruculuqişləri də bunun daha bir əyani sübutudur. Dünyada qlobal maliyyə - iqtisadi böhranın yaşandığı bir vaxtda Prezidentimizin belə humanist addım atıb Tarif Şurasının yanacağın bahalaşması ilə bağlı qərarının ləğv edilməsinə dair tapşırıq verdi. Bu addım cənab Prezidentin xalqının rifahı üçün çalışdığının bariz sübutudur. Mən şəxsən öz adımdan, ailəmiz adından təşəkkür edirəm ki, belə bir addım atdı”.
Həmsöhbət olduğumuz digər bir paytaxt sakini Zülfiqar Abulhüseynov isə bildirib ki, bu qərarın verilməsi olduqca düşünülmüş bir addımın nəticəsidir: “Tarif Şurasının yanacağın qiymətinin artırılması ilə bağlı qərarının ləğv edilməsinə dair tapşırıq verməklə Prezident İlham Əliyev Ona səs verən insanları düşündüyünü, onların maddi rifah halının, dolanışığının düzəlməsi ilə bağlı real addımlar atdığını bütün dünyaya göstərdi. Göstərdi ki, bizim güclü iqtisadiyyatımız var. Biz vətəndaşlar da belə humanist Prezidentimiz olduğuna görə sevinirik”.
Sürücü Nadir Kərimov da ölkə başçımızın bu addımını dəstəklədiyini bildirib. O qeyd edib ki, bu addım dövlət başçımızın ölkənin hər bir vətəndaşının Prezidenti olduğunun növbəti əyani təzahürüdür: “Mən taksi sürücüsüyəm. Özüm də hər zaman dövlətimizin yeritdiyi siyasəti dəstəkləmişəm və bu gün də dəstəkləyirəm. Bilirəm ki, bu cür əmin-amanlıq şəraitində yaşayırıqsa, balalarımızı rahat bir şəkildə böyüdə biliriksə, bunlar hamısı cənab Prezidentimizin atdığı qətiyyətli addımların sayəsindədir. Mənim gözümün önünə ölkəmizin yenicə müstəqilliyini qazandığı dövrlər gəlir. O dövrə baxaq, bir də indiki dövrə. Rahatca maşınımızı həyətimizdə belə saxlaya bilmirdik. İndi isə çox şükür, ölkədə əmin-amanlıqdır. Hər gün televizorda başqa ölkələrdə baş verənlərə baxır və görürük ki, qan tökülür, insanlar öldürülür, uşaqlar gözüyaşlı və yetim qalır. Bizim ölkəmizdə necədir? Sabitlik, əminamanlıq, ruzi-bərəkət! Qazandığımızın ruzi-bərəkəti də var. Bu qərar, ümumiyyətlə, lap yerinə düşdü. Allah ölkə başçımıza cansağlığı versin!”
Həmsöhbət olduğumuz Tahir Talıbov isə bu xəbəri, məhz bizdən eşitdi. O, bu xəbərdən çox böyük məmnunluq duyduğunu qeyd edərək bildirib ki, belə bir qərarın verilməsi sadə insanlar üçün olduqca əhəmiyyətli bir hadisədir: “Bu xəbəri mən sizdən eşitdim və inanın ki, çox sevindim. Başqa cür də ola bilməzdi. Cənab Prezident hər zaman xalqın problemləri ilə çox yaxından maraqlanıb. Biz sadə zəhmətkeşlərin üstündən hər zaman nəzərini, diqqətini ayırmayıb. Özü də görüşlərdə dəfələrlə deyib ki, mən xalqımın hər bir nümayəndəsinin Prezidentiyəm. Məncə, elə bu sözün özü çox şey deyir. Məgər insanların həyat şəraitinin günü-gündən yaxşılaşması, ölkədə mövcud sakitlik cənab Prezidentin yorulmadan çalışmasının bəhrəsi deyilmi? Mən də sizin qəzetiniz vasitəsi ilə ölkə başçısına öz adımdan, ailəm adından təşəkkür edirəm”.
Taksi sürücüsü Vaqif Abbasov da bu qərardan məmnunluq duyduğunu bildirib. O, verilən qərarın əksər insanlara sevinc gətirdiyini qeyd edib: “Hər zaman Azərbaycan dövlətində ölkə vətəndaşlarının rahatlığı, onların həyat şəraitinin yaxşılaşdırılması ən ümdə yerlərdən birini tutub. Ölkəmizdə görülən işlərə baxın. Şəhərimizə baxın, yollar salınır, parklar salınır. Əvvəllər bir saata gəldiyimiz yolu indi on beş-iyirmi dəqiqəyə gəlirik. Sabaha inamla yaşayırıq. Bu qərarla isə bütün ölkədə sabaha olan inam bir az da artdı. Bu, cənab Prezidentin ölkə vətəndaşlarına diqqət və qayğısının daha bir nümunəsidir”.
Mübariz ABDULLAYEV,
Nardar BAYRAMLI,
Oktay HACIMUSALI

Paylaş:
Baxılıb: 713 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31