Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropadakı anti-Azərbaycan dairələrin fəaliyyəti iflasa məhkumdur

Avropadakı anti-Azərbaycan dairələrin fəaliyyəti iflasa məhkumdur

23.09.2015 [10:12]

Prezident İlham Əliyev: Azərbaycan bizə qarşı atılan hər bir addıma adekvat cavab verib və bundan sonra da verəcəkdir
Müasir beynəlxalq münasibətlər sisteminin müstəqil aktoru olan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Cənubi Qafqaz regionunun lider dövləti olan ölkəmiz həm də beynəlxalq miqyasda etibarlı strateji tərəfdaş kimi tanınır və Azərbaycanla əməkdaşlıq siyasi, iqtisadi, geopolitik nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, ölkəmiz dünya iqtisadiyyatına uğurla inteqrasiya edir, beynəlxalq əməkdaşlıq və təhlükəsizlik platformalarının formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Bir sözlə, ölkəmiz pozitiv beynəlxalq imicə malik olan suveren aktor kimi tanınır. Bu kontekstdə əldə edilən nailiyyətlər Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir, perspektiv nailiyyətlər üçün strateji zəmin rolunu oynayır.
Müstəqil inkişaf strategiyasına malik olan Azərbaycan beynəlxalq miqyasda müasir demokratik ölkə kimi tanınır
Eyni zamanda, müstəqil inkişaf strategiyasına malik olan Azərbaycan bu gün beynəlxalq miqyasda müasir demokratik ölkə kimi tanınır. Ümumiyyətlə, ölkəmizin daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir.
Bu kontekstdə qeyd etmək lazımdır ki, Azərbaycan demokratik dəyərlər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlətdir. Ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapmasını, həmçinin inkişafını təmin edən əsas amillərdən biri məhz davamlı hüquqi islahatların həyata keçirilməsidir. Digər tərəfdən, çoxistiqamətli islahatlar siyasi sistemin təkmilləşməsinə mühüm töhfələr verir. Həyata keçirilən inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Xüsusilə də müxtəlif sahələrdə islahatların paralel aparılması reallaşdırılan siyasi kursun səmərəliliyini təmin edir. Bütün bunlar, eyni zamanda, vətəndaş cəmiyyətinin inkişafına strateji töhfələr verir.
Bununla yanaşı, Azərbaycanda insan və vətəndaş hüquqları milli dövlətimizin Konstitusiya tələblərinə görə qorunur və ölkəmizdə hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir.
“Qoca qitə”dəki islamofob dairələr Azərbaycanı nə üçün hədəfə çevirib?
Amma bütün bunlara baxmayaraq, bəzi dairələr Azərbaycanın müstəqil xarici siyasətini narahatlıqla qarşılayır, bu kontekstdə öz məhdud geosiyasi maraqları naminə ölkəmizin daxili və xarici siyasət kursuna müdaxilə etməyə çalışırlar. Azərbaycan dövlətinin milli-suveren siyasi iradəsi onu tələb edir ki, ikitərəfli münasibətlər sırf qarşılıqlı hörmət əsasında davam və inkişaf etdirilsin, milli maraqlar əsas strateji prinsip kimi qəbul edilsin.
Həmin dairələr isə “demokratiya”, “insan hüquqları” kimi institusional məfhumlardan istifadə edərək ölkəmizə qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. Bu istiqamətdə “qoca qitə”nin müxtəlif təşkilatlarının xidmətlərindən istifadə edilir. Bu cür təşkilatlar vaxtaşırı olaraq təqdim etdikləri hesabat və ya bəyanatlarda müstəqil daxili və xarici siyasət kursuna malik olan ölkələri hədəfə alır, müxtəlif ittihamlar səsləndirərək subyektiv, ədalətsiz və qərəzli mövqe sərgiləyirlər.
Bu istiqamətdə son olaraq Avropa Parlamentində Liberal-Demokratlardan ibarət fraksiyanın (ALDE qrup) Azərbaycana qarşı qətnamə qəbul etməsi xüsusi vurğulanmalıdır. Əlbəttə, Avropanın müvafiq qurumunun bu cür mövqe sərgiləməsi təəccüblü görünmür. Çünki Azərbaycanın artan gücünün, müstəqil siyasətinin fonunda Ermənistanın küncə sıxışması ermənipərəst qüvvələri ciddi şəkildə narahat edir və həmin dairələr bu cür cılız vasitələrlə ölkəmizə təsir etməyə çalışırlar. Dolayısıyla, bu cür addımlar müəyyən ermənipərəst, islamofob dairələrin maraqlarına xidmət edir. Yeri gəlmişkən, sentyabrın 15-də Çex Respublikasının Prezidenti Miloş Zemanla birgə mətbuat konfransı zamanı sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məsələylə əlaqədar qeyd edib ki, bu qətnamə tamamilə əsassızdır, yalan, böhtan, qərəzli münasibət üzərində qurulmuş bir siyasi təxribatdır: “Biz bilirik ki, bunun arxasında hansı qüvvələr dayanır. Bu qüvvələr bundan əvvəl dəfələrlə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşlər, bizi şantaj etmişlər. Onların yeganə məqsədi ondan ibarətdir ki, inkişafda olan, müasir, müstəqil siyasət aparan, tolerant, multikulturalizmin məkanı olan Azərbaycanı ləkələsinlər, gözdən salsınlar və Avropada Azərbaycan haqqında yanlış, tamamilə həqiqətə zidd bir rəy yaratsınlar”.
Digər tərəfdən, bu cür təzyiq kampaniyalarında müəyyən dairələrin direktivləri əsasında fəaliyyət göstərən transmilli media strukturlarının xidmətlərindən də xüsusi olaraq istifadə edilir. Həmin media qurumları dezinformasiya xarakterli məlumatları və subyektiv mülahizələrə söykənən ittiham xarakterli fikirləri dövriyyəyə buraxmaqla “qara piar” kampaniyası aparır, bu məsələlərlə bağlı dünya ictimaiyyətini manipulyasiyaya məruz qoyur.
Qərb strukturlarına inteqrasiya nə vəd edir?
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Azərbaycan müstəqilliyinin ilk günlərindən Qərblə tərəfdaşlıq, bərabərhüquqluluq, qarşılıqlı etimad prinsiplərinə əsaslanan əlaqələr qurmaq üçün davamlı addımlar atıb. Lakin təəssüf ki, bu səmimi siyasət Qərb tərəfindən lazımınca qiymətləndirilməyib.
Bu kontekstdə digər bir məsələyə nəzər salmaq məqsədəmüvafiqdir. Qərbdəki müstəqil ekspertlərin qənaəti ondan ibarətdir ki, Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlıq Avropa üçün strateji əhəmiyyət kəsb edir. O da xüsusi müzakirə predmetinə çevrilir ki, Azərbaycanın xarici siyasət kursunda Qərb dövlətləri ilə ikitərəfli əməkdaşlıq münasibətləri xüsusi çəkiyə malikdir. Azərbaycan Qərb dövlətləri ilə siyasi, iqtisadi, mədəni, humanitar əlaqələrə malikdir. Ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsi, azad bazar iqtisadiyyatına malik olması, xarici investorların fəaliyyətinə geniş şərait yaratması, beynəlxalq siyasi nüfuzunun güclənməsi və digər amillər region dövlətlərini respublikamızla əməkdaşlığa cəlb edən başlıca amillərdir.
Lakin təəssüflər olsun ki, Qərbin, xüsusilə də Avropanın siyasəti beynəlxalq hüquqa deyil, əksər hallarda güc prinsipinə əsaslanır. Azərbaycan müstəqil siyasət yürütmək haqqına, beynəlxalq hüquqa, milli dəyərlərə və digər bu kimi prinsiplərə etinasız münasibət bəsləyən, öz fəaliyyətini tabeçilik, diktat və “böyük-kiçik” prinsipləri, sivilizasiyaların toqquşması ideologiyası üzərində quran Qərb strukturlarına inteqrasiyanın mümkünsüzlüyünü görür və bunun zərərli olduğunun fərqindədir.
Qərbin selektiv yanaşması Avropanın ikili standartlarında təzahür olunur
Digər məqam budur ki, Avropanın timsalında Qərb nəinki müstəqil, bərabərhüquqlu siyasəti səmimi dəyərləndirmir, eləcə də selektiv və subyektiv yanaşma nümayiş etdirir. Azərbaycan əleyhinə ikili standartlara söykənən bəyanatlar verən qurumlar insan hüquqlarını əsas tutduqlarını iddia edirlərsə, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsini, minlərlə insanın xüsusi qəddarlıq və vəhşiliklərə məruz qalmasını niyə diqqətə çatdırmırlar? Yaxud Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin yeni bir mərhələsi olan, Azərbaycan xalqının başına gətirilmiş qanlı faciələrdən biri - Xocalı soyqırımı zamanı baş verənlər nəyə görə tənqid obyektinə çevrilmir və müvafiq sanksiya çağırışları edilmir?
Başqa bir nüansa diqqət yetirək. Bəlli olduğu kimi, Ermənistanda ictimai-siyasi mühiti səciyyələndirən əsas reallıq repressiya dalğası, siyasi rəqiblərə qarşı terror və təzyiqlərdir. Başqa sözlə, Ermənistan de-fakto siyasi krizis içindədir. Əslində, bu, heç də təəccüblü deyil. Təəccüblü olan budur ki, daim demokratik dəyərlər və insan hüquqlarından bəhs edən Qərb, o cümlədən Avropa Parlamenti kimi qurumlar Ermənistan hakimiyyətinin yaratdığı diktatura mühitindən, eləcə də saxta seçkilərdəki kütləvi hüquq pozuntularından narazılıq və narahatlıqlarını ifadə etmirlər. Əslində, bu cür subyektiv, loyal münasibət yeni deyil. Bu ölkədə seçkilər zamanı çoxsaylı insan repressiyaya məruz qalaraq öldürülən zaman Qərb təşkilatları öz hesabatlarında ikili standartlara istinad edərək Ermənistanı ciddi tənqid obyektinə çevirməmişdilər. Bəs budurmu “Avropa demokratiyası”?!
Qərbin geosiyasi ambisiyaları xaos mənbəyi kimi... Yaxud budurmu “Avropa dəyərləri”?
Qərbin, xüsusilə də Avropanın timsalında müşayiət olunan müasir reallıqlar və geosiyasi tendensiyalar, öz növbəsində, bir sıra məqamları ortaya çıxarır. Məhz bu kontekstdə “demokratiya” məfhumunu faktiki təsir və təzyiq vasitəsinə çevirən Qərbin mövqeyi və siyasətinə ayrıca nəzər yetirmək gərəkdir. Belə ki, nəhəng geosiyasi vahid olan SSRİ-nin süqutundan sonra yeni strategiya ilə çıxış edən Qərb dövlətləri islam dünyasına və müsəlman ölkələrinə qarşı düşmən münasibəti göstərməyə başladı, “terrorla mübarizə” və “demokratik standartların tətbiqi” adı altında onların daxili işlərinə müdaxilələri gücləndirdi. Xüsusilə də dini-etnik amillərdən istifadə edilməklə “parçala, hökmranlıq et” taktikasına istinad olundu, müxtəlif coğrafi regionlarda və ölkələrdə xaotk proseslərə rəvac verildi. Və hazırkı reallıq ondan ibarətdir ki, Qərbin daxili işlərinə müdaxilə etdiyi ölkələr xaos, vətəndaş müharibəsi, iqtisadiyyatın dağılması, ərazi bütövlüyünün sual altına düşməsi, qaçqınlar problemi və s. ilə üz-üzə qalıblar.
Eyni zamanda, Qərbin siyasətində Şərq-müsəlman sivilizasiyasına mənsub xalqlara və dövlətlərə yanaşmada açıq-aşkar hiss olunan islamofob və neomüstəmləkəçi meyillər artmaqdadır. Xüsusilə də, hegemon güclərin müsəlman dünyasına qarşı ekspansionalist siyasətinin məqsədi işğal və ya birbaşa müdaxilədən öncə ölkə daxilindəki ayrı-ayrı milli-etnik qrupları və məzhəbləri təxribata sövq etmək, mövcud hakimiyyətlərlə vətəndaşlar arasında qarşıdurma yaratmaqdır. Bununla yanaşı, muzdlu terrorçulardan həmin ölkələrin “narazı vətəndaşlar”ı adı ilə istifadə edilərək tamamilə xaos mühiti formalaşdırılır. Ən əsası budur ki, Qərbin ifa etdiyi “demokratiya nəğməsi”nin sivil insanların qətli, ölkələrin xaosa və anarxiyaya sürüklənməsi ilə nəticələnməsi faktı növbəti dəfə sübuta yetirir ki, nəhəng güc mərkəzləri “demokratiya”, “insan haqları” kimi formal institusional məfhumlardan özlərinin geosiyasi maraqlarını təmin etmək üçün təsir vasitəsi kimi istifadə etməkdədirlər. Bu siyasət çərçivəsində mövcud olan başlıca məqsədlərdən biri müsəlman coğrafiyasında təhlükəsizlik balansını pozmaqla idarə edilən xaosun formalaşdırılmasıdır. Milli-etnik strukturların dağıdılması, milli, dini zəmində konfrantasiyaların yaradılması Qərbin hegemonluğa söykənən xaos fəlsəfəsinə xidmət edir. Buradan çıxış edərək, eyni zamanda, İslam dininə yönəlmiş antitəbliğata xidmət edən imic formalaşdırmağa çalışılır. Müxtəlif texnoloji vasitələrdən, həmçinin, transmilli mediadan istifadə edilərək müsəlman dünyasına qarşı “qara piar” kampaniyası aparılır. Bu zaman əsas götürülən strateji məqam müsəlmanların barbar obrazında təsvir edilməsi, dolayısıyla, İslam dininə yönələn və rəğbət bəsləyən insanlar arasında ictimai şüurun manipulyasiya edilməsidir. Və bu çərçivədə Qərbin müsəlman xalqlar və dövlətlərə qarşı irticaçı, islamofob mövqeyi güclənməkdədir.
Beləliklə, Qərbin qeyri-standart və geosiyasi ambisiyalara söykənən maraqları Avrasiyada ciddi regional və qlobal təhdidlər yaratmaqla yanaşı, bir çox ölkələri faktiki xaos meydanına çevirib. Prezident İlham Əliyev bununla bağlı qeyd edib ki, bu gün Yaxın Şərqdən bütün dünyanın gözü qarşısında Avropaya pənah aparan qaçqınların taleyi göz qabağındadır: “O insanlar xarici müdaxilənin qurbanlarıdır. O insanların ölkələri dağıdılıb, yerlə-yeksan edilib. Kim bunu edib? Xarici qüvvələr o ölkələri dağıdıb. Ölkələrin ərazi bütövlüyünü pozub. Yüz minlərlə insanı məhv edib. Milyonlarla insan öz yaxınlarını itirib. Bu faciəvi şəraitə dözməyən insanlar artıq Avropaya gəlməyə başlayıblar. Görün, onları Avropada nələr gözləyir - islamofobiya, irqçilik, ksenofobiya! Budurmu Avropa dəyərləri?! Avropa Parlamenti bu məsələlərlə məşğul olsa daha yaxşı olar”.
Azərbaycan öz inkişaf yolunda irəliləyir
O da xüsusi qeyd edilməlidir ki, Azərbaycan öz inkişaf yolunda irəliləyir və ictimai maraqların, milli təhlükəsizliyin təmin olunması əsas məqsəd kimi müəyyənləşdirilmişdir. Bəzi anti-Azərbaycan dairələrin bu cür neqativ cəhdləri heç bir nəticə verməyəcək. Həmçinin, belə manipulyasiyalarla ölkəmizdə ictimai rəyə təsir etmək mümkün deyil. Bu səylər nə Azərbaycanın pozitiv beynəlxalq imicinə kölgə sala, nə də ki ölkəmizdəki ictimai-siyasi sabitliyə təsir göstərə bilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan bizə qarşı atılan hər bir addıma adekvat cavab verib və bundan sonra da verəcəkdir”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 556 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31