Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan müasir demokratik ölkə kimi uğurla inkişaf edir

Azərbaycan müasir demokratik ölkə kimi uğurla inkişaf edir

04.11.2015 [09:53]

Prezident İlham Əliyev: Biz möhkəm demokratik əsaslar qururuq ki, ölkəmizin inkişafı dayanıqlı və uzunmüddətli olsun
Son illərdə qlobal miqyasda müşahidə edilən arzuolunmaz maliyyə-iqtisadi və siyasi böhranlarla müqayisədə Azərbaycanın davamlı inkişaf göstəriciləri ölkənin hər bir vətəndaşında böyük nikbinlik və sonsuz qürur doğurur. Çünki respublikamız dünya üçün çətin keçən illərdə də öz inkişafını inamla davam etdirir və bütün sahələrdə böyük uğurlara imza atır. Azərbaycanın nailiyyətlərinin təməlində isə ölkədə məqsədyönlü siyasət sayəsində əldə olunan möhkəm daxili sabitlik, xalqla iqtidar arasındakı güclü həmrəylik dayanır. Dövlətin, Prezident İlham Əliyevin xalqın iradəsinə əsaslanan və respublikanın davamlı iqtisadi inkişafına, cəmiyyətdən gələn sosial sifarişlərin dolğun şəkildə ödənilməsinə yönələn siyasəti ictimaiyyətin müxtəlif təbəqələri tərəfindən dərin rəğbətlə qarşılanaraq güclü şəkildə dəstəklənir. Yəni Azərbaycanın spesifik milli inkişaf yolunun ən xarakterik cəhəti məhz bu amillə şərtlənir.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində ölkəmizin bu gerçəkliyindən məmnunluğunu ifadə edərək vurğulayıb: “Azərbaycanda sabitlik təmin edilir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır. Azərbaycanda vətəndaş birliyi, həmrəyliyi möhkəmlənir və bütün xalq bir amal uğrunda birləşib - Azərbaycanı gücləndirmək, Azərbaycanda sabitliyi daha da möhkəmləndirmək və sosial-iqtisadi inkişafı davam etdirmək”.
Son illərdə Azərbaycanın nail olduğu dinamik sosial-iqtisadi tərəqqi ilə paralel surətdə cəmiyyətin demokratikləşməsi və ölkədə vətəndaş fəallığının artması da böyük məmnunluq doğurur. Bu da, ilk növbədə, ölkəmizdə demokratik cəmiyyət quruculuğuna, hər sahədə şəffaflığın artmasına, fikir plüralizminin, özünü ifadə azadlığının təmin olunmasına dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə və praktiki dəstəklə bağlıdır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət sonrakı mərhələdə dövlət başçısı İlham Əliyev tərəfindən də eyni ardıcıllıqla davam etdirilir. Yeri gəlmişkən, Prezident İlham Əliyev Respublika Günü münasibətilə keçirilən qəbuldakı nitqində ölkəmizin demokratikləşməsi ilə bağlı siyasi iradəsini ifadə edərək deyib: “Biz möhkəm demokratik əsaslar qururuq ki, ölkəmizin inkişafı dayanıqlı və uzunmüddətli olsun”.
Müstəqillik illərində Azərbaycanın əldə etdiyi ən mühüm uğurlardan biri azad, demokratik cəmiyyət quruculuğu ilə bağlıdır
Azərbaycanda azad, demokratik cəmiyyət quruculuğuna nail olunması ölkəmizin müstəqillik illərində əldə etdiyi ən böyük uğurlardan biri kimi dəyərləndirilir. Xatırladaq ki, Prezident İlham Əliyev dördüncü çağırış Milli Məclisin birinci iclasında söylədiyi nitqində müstəqil Azərbaycanın azad, demokratik ölkə kimi uğurla inkişaf etdiyini xüsusi nəzərə çatdırıb: “Azərbaycanda demokratiyanın inkişafı təmin edilir. Azərbaycanda hüquqi dövlət quruculuğu işində çox vacib işlər görülmüşdür. Demokratiya bizim şüurlu seçimimizdir. Azərbaycan müasir demokratik ölkə kimi uğurla inkişaf edir. Ölkədə bütün azadlıqlar təmin edilibdir. Söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı, siyasi plüralizm təmin edilibdir. Ölkədə siyasi sistemin formalaşması işində çox vacib addımlar atılıbdır. Azərbaycanda siyasi mübarizə sivil qaydalarla tənzimlənir”.
Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanın demokratik dəyərlərə, fundamental insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiya və digər hüquqi sənədlərlə təsbit olunub. Azərbaycan dövləti daim ölkə Konstitusiyası və digər müvafiq qanunvericilik aktları ilə təsbit olunan demokratik prinsiplərə sadiqlik nümayiş etdirir. Bu gün dünyada mətbuatın Azərbaycan qədər azad olduğu və mətbuat işçilərinin sosial müdafiəsinin yüksək səviyyədə təmin edildiyi ölkələrin sayı çox azdır. Ölkəmizdə mətbuat üzərində senzura ləğv edilib. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” söz və məlumat azadlığının, KİV-lərin müstəqilliyinin təmin edilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilməsini nəzərdə tutan mühüm sənəddir. Konsepsiyanın əsas müddəalarından biri KİV-lərin müstəqilliyinin qorunması, onların fəaliyyətinə hər hansı kənar müdaxiləyə yol verilməməsi ilə bağlıdır.
Azərbaycanda hər sahədə müşahidə edilən dinamik inkişafla paralel surətdə cəmiyyətdə vətəndaş fəallığının artması da məmnunluq doğurur. Respublikamızda vətəndaş fəallığının artırılması, cəmiyyətin dövlət siyasətinin həyata keçirilməsində rolunun təmin edilməsi təşviq olunur, eyni zamanda, dövlət üçüncü sektorun inkişafına əməli dəstək verir, davamlı olaraq təşkilati-hüquqi və maliyyə yardımları göstərir.
Ümumiyyətlə, müstəqillik illərində Azərbaycanda güclü vətəndaş cəmiyyəti formalaşıb. Hazırda ölkəmizdə 3000-dək QHT-nin fəaliyyət göstərməsi bunun bariz ifadəsidir. Xaricdəki bəzi qərəzli dairələrin verdiyi subyektiv qiymətdən asılı olmayaraq, Azərbaycanın QHT sektoru nümunəvi xarakter daşıyır. Ölkəmizdə siyasi əqidəsinə, hakimiyyətə münasibətinə, cəmiyyətdə tutduğu mövqeyə heç bir fərq qoyulmadan bütün QHT-lərə müraciət etdikləri sahə üzrə qrantlar verilir.
Son illərdə ölkəmizdə üçüncü sektorun aktivliyinin nəzərəçarpacaq dərəcədə artmasında dövlətin vətəndaş cəmiyyəti institutlarının təşkilatlanmasına verdiyi dəstək önəmli rol oynayıb. Bu mənada, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Ötən yeddi ildə bu qurum tərəfindən Azərbaycanın vətəndaş cəmiyyətindən gələn təşəbbüslər fəal şəkildə dəstəklənib və istər respublika daxilində, istərsə də ölkə hüdudlarından kənarda Azərbaycanın milli-ictimai maraqlarına xidmət edən çoxlu sayda layihənin reallaşdırılmasına maliyyə yardımı göstərilib.
Azərbaycanda vicdan, dini etiqad azadlığının təmin olunması da dövlətin daim xüsusi həssaslıqla yanaşdığı məsələlərdəndir. Ölkəmizdə dövlət-din münasibətləri kifayət qədər yüksək səviyyədə qurulub. Bunu bir sıra faktlar bir daha təsdiqləyir. Son 12 il ərzində respublikamızda 250-yə yaxın məscid tikilıb və yaxud təmir edilib. Eyni zamanda, Azərbaycanın güclü tolerantlıq ənənələrinə uyğun olaraq digər etiqadlara məxsus dini abidələr də yüksək səviyyədə təmir edilərək və yaxud yeniləri inşa olunaraq inanclı insanların istifadəsinə verilir.
Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə ayrı-ayrı sahələrdə şəffaflığın təmin olunması, demokratiyanın dərinləşməsinə xidmət edən islahatların həyata keçirilməsi və bu məqsədlə hüquqi-qanunvericilik bazasının təkmilləşdirilməsi davamlı prosesə çevrilib. Prezident İlham Əliyevin milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündəki nitqində qeyd etdiyi kimi, respublikamızda iqtisadi və siyasi islahatlar paralel surətdə həyata keçirilir: “Mən tam əminəm ki, Azərbaycan bundan sonra da demokratiyanın inkişafı yolu ilə gedəcək. Bu, bizim şüurlu seçimimizdir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, bu, cəmiyyət üçün lazımdır. Mən dəfələrlə demişəm, siyasi islahatlar iqtisadi islahatlarla paralel şəkildə aparılmalıdır ki, Azərbaycanın dayanıqlı inkişafı təmin edilsin”.
Ölkənin seçki sistemi dünyanın ən qabaqcıl dövlətlərinin təcrübəsini özündə əks etdirir
Azərbaycanın seçki sistemi də kifayət qədər mütərəqqi və demokratik cəhətləri özündə əks etdirir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq ümumxalq səsverməsi yolu ilə 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə demokratik standartlara cavab verən azad, ədalətli, obyektiv seçkilərin keçirilməsi üçün əsas prioritetləri müəyyənləşdirib. Konstitusiyanın 4-cü maddəsinə əsasən, xalqın seçdiyi səlahiyyətli nümayəndələrdən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur. Əsas Qanunun 56-cı maddəsinə əsasən, hər bir Azərbaycan vətəndaşının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ var.
Beynəlxalq ekspertlərin birmənalı rəyinə əsasən, Azərbaycanın 2003-cü ildə qəbul edilən və sonrakı illərdə zəruri dəyişikliklərlə daha da zənginləşdirilən Seçki Məcəlləsi seçkilər sahəsində dünyanın ən qabaqcıl ölkələrinin təcrübəsini və bütün qanunvericilik normalarını özündə əks etdirir. Müvafiq beynəlxalq qurumların rəyləri nəzərə alınmaqla hazırlanan bu sənəd ölkədə prezident, parlament və bələdiyyə seçkilərinin, həmçinin referendumun keçirilmə qaydalarını özündə əks etdirir. Seçki Məcəlləsi şəffaf və demokratik seçkilərin keçirilməsi üçün daha möhkəm hüquqi bazanın yaradılması, namizədlərin qeydiyyatı, seçkilərə hazırlıq və seçki komissiyalarının formalaşdırılması, fəaliyyətinin təşkili prinsip və mexanizmlərinin təkmilləşdirilməsinə imkan yaradıb. İndiyədək ölkəmizdə azad, demokratik və şəffaf şəraitdə keçirilmiş seçkilər, o cümlədən də cari il noyabrın 1-də 5-ci çağırış Milli Məclisə böyük uğurla baş tutan seçkilər Azərbaycanın Seçki Məcəlləsinin mütərəqqi və təkmil sənəd olduğunu tam təsdiqləyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında seçki prosesinin təkmilləşdirilməsinə dair” 11 may 2005-ci il tarixli və “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 25 oktyabr 2005-ci il tarixli sərəncamları da ölkəmizdə demokratik seçki mühitinin formalaşmasında böyük rol oynayıb.
Bundan başqa, ölkəmizdə seçkilərin demokratik, şəffaf keçirilməsi məqsədilə MSK tərəfindən də vacib sənədlər qəbul olunub ki, bütün bunlar beynəlxalq seçki təcrübəsinə və Azərbaycanın Seçki Məcəlləsinin tələblərinə əsaslanır. Bu sənədlər sırasına “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə xüsusi seçki hesablarının açılması qaydaları haqqında”, “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında”, “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında” təlimatlar, “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi Qaydaları” və s. daxildir.
Göründüyü kimi, Azərbaycan siyasi islahatların həyata keçirilməsində, o cümlədən də seçki sisteminin daim təkmilləşdirilməsində qəti siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyev dördüncü çağırış Milli Məclisin birinci iclasında söylədiyi nitqində ölkəmizin mütərəqqi meyillərə çox müsbət yanaşdığına diqqət çəkərək deyib: “Azərbaycanda siyasi islahatların davam etdirilməsi üçün bütün imkanlar, siyasi iradə vardır. Biz mütərəqqi meyillərə çox müsbət yanaşırıq, Azərbaycanı müasir, güclü dövlət kimi görürük”.
Beşinci çağırış Milli Məclisə seçkilər Azərbaycanın demokratik imicini daha da möhkəmləndirdi
Ölkəmizin demokratik imicinin möhkəmlənməsi baxımından cari il noyabrın 1-də uğurla baş tutan beşinci çağırış Milli Məclisə seçkilərin də önəmini xüsusi qeyd etmək lazımdır. Ölkə parlamentinə 5547 məntəqənin hamısında səsvermə - səhər saat 8-də başlayıb və axşam saat 19-da başa çatıb. Ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni, 5 milyon 198 min 658 seçicidən 2 milyon 897 min 188-i səsvermədə iştirak edib. Bu, ötən parlament seçkiləri ilə müqayisədə təxminən 6 faiz çoxdur.
Bütün dairələrdə səsvermə baş tutub. Məntəqələrdə yüzlərlə müşahidəçi, o cümlədən 500-dən artıq xarici müşahidəçi və KİV nümayəndəsi səsvermənin gedişini izləyib və işıqlandırıb. Məntəqələrdə quraşdırılmış veb-kameralar görüntüləri fasiləsiz olaraq yayıb. Məntəqələrdə veb-kameralar vasitəsilə həm ölkə daxilində, həm də xarici ölkələrdən müşahidə aparılıb. Müşahidələrin təxminən 57 faizi kompüter vasitəsilə, 40 faizi mobil telefonlarla aparılıb. Bu, seçkilərə marağın çox geniş olduğunun göstəricisidir. Beləliklə, Azərbaycanın mütərəqqi Seçki Məcəlləsinin müddəalarına uyğun qaydada keçirilən son seçkilər ölkəmizdə növbəti dəfə demokratiyanın təntənəsinə çevrilib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 634 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31