Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Azadlıq” qəzeti erməni lobbisinin ruporu kimi...

“Azadlıq” qəzeti erməni lobbisinin ruporu kimi...

20.02.2016 [09:51]

Yaxud bu qəzet Azərbaycanın dostu olan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini müdafiə edən Aviqdor Liberman və digər bir çox siyasətçiləri, tanınmış siyasi və elm xadimlərini hədəf almaqla ermənilərin maraqlarını müdafiə etdiyini göstərir
Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət kursu ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun inkişafı və təhlükəsizliyinə əsaslı töhfələr verir. Əlbəttə, müstəqil iqtisadi siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında mühüm rol oynaması Azərbaycanın beynəlxalq nüfuzunu artıran əhəmiyyətli amillər qismində çıxış edir. Ölkəmizdə dünya miqyaslı mötəbər tədbirlərin keçirilməsi, burada qlobal siyasi atmosferə təsir imkanlarına malik elita tərəfindən taleyüklü məsələlərin aktiv müzakirəyə çıxarılması və digər bu kimi nümunələr xüsusilə vurğulanmalıdır.
Azərbaycan erməni lobbisinin və ermənipərəst qüvvələrin hədəfi kimi...
Dolayısıyla, əldə edilən nailiyyətlər Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir, eyni zamanda, gələcək üçün strateji zəmin rolunu oynayır.
Bunlara paralel olaraq ölkəmizin uğurlu diplomatiyasının və diaspor siyasətinin sayəsində bu gün Azərbaycan həqiqətləri dünyada inamla təbliğ olunur, informasiya məkanında üstünlüyü ələ alan ölkəmiz işğalçı Ermənistanın və xüsusilə erməni lobbisinin əleyhimizə yönəltdiyi dezinformasiyanı və “qara piar” kampaniyasını iflasa uğradır. Bu isə qondarma “erməni soyqırımı” məsələsindən, eləcə də Ermənistandan və ermənilərdən hər zaman siyasi rıçaq kimi istifadə etməyə alışmış qüvvələri ciddi şəkildə əndişələndirir. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində, ələlxüsus heç bir vəchlə bir qarış da olsun torpağından əl çəkməmək kimi prinsipial mövqeyini qəbul etməyən bəzi siyasi və hərbi dairələr bu vasitələrdən, yəni “erməni kartı”ndan yetərincə istifadə edə bilmədiklərinə görə isterikaya qapılaraq Azərbaycana münasibətdə müxtəlif dağıdıcı planlar reallaşdırmağa çalışırlar.
Son vaxtlar bəzi ölkələrin siyasi dairələri cidd-cəhdlə müstəqil Azərbaycanın inamla və ləyaqətlə həyata keçirdiyi daxili və xarici siyasət kursuna müdaxilə etməyə çalışırlar. Bu baxımdan, özünü büruzə verən əsas tendensiya Azərbaycanın yürütdüyü müstəqil siyasət kursunu məhdudlaşdırmaq, öz milli maraqlarının müdafiəsinə xidmət edən manevr imkanlarını azaltmaqdır.
Azərbaycanın haqlı mövqeyini müdafiə edənlərin hədəfə çevrilməsi nəyin göstəricisidir?
Bütün bunlara paralel olaraq bir məqama xüsusi diqqət yetirmək lazımdır. Belə ki, Azərbaycanın beynəlxalq hüquq normaları əsasında ərazi bütövlüyünü təmin etmək istiqamətində fəaliyyətinə, haqlı və ədalətli mövqeyinə, o cümlədən həyata keçirdiyi daxili və xarici siyasətə dəstək verən müstəqil ekspertlər - politoloqlar, həmçinin siyasətçilər, ayrı-ayrı ölkələrin rəsmiləri hədəfə götürülür, həmin şəxslərə qarşı “qara piar” kampaniyası aparılır. Burada məqsəd, bir tərəfdən, Azərbaycanla bağlı obyektiv mövqedən çıxış edən şəxslərin bu prosesdən çəkindirilməsidirsə, digər tərəfdən, ölkəmizin mövqeyini müdafiə etmək istəyənlərə aşkar mesaj verməkdir. Yəni Azərbaycanın mövqeyini müdafiə edənlər müxtəlif təşkilatlar, layihələr və bir sıra media qurumları vasitəsilə, əslində, təhdid edilir, onların qarayaxma kampaniyasına məruz qalacaqlarına, nüfuzdan salınacaqlarına dair ismarıclar verilir. Təbii ki, bu həm ölkəmizə qarşı məqsədli və sistemli təzyiq kampaniyası çərçivəsində həyata keçirilir, həm də Azərbaycanın mövqeyini müdafiə edən, müxtəlif strateji araşdırmalarla çıxış edən politoloqlara, ekspertlərə, tədqiqatçılara, eyni zamanda, obyektiv fikirlər səsləndirərək ortaya realist mövqe qoyan siyasətçilərə qarşı neqativ ictimai rəy yaratmaq məqsədini güdür.
“Azadlıq” qəzetinin anti-Azərbaycan mövqeyinə dair daha bir nümunə...
Təəssüf və hiddət doğuran digər məsələ budur ki, bu prosesdə bir sıra yerli media orqanları da “peşka” qismində çıxış edərək ermənipərəst dairələrin ideoloji ruporu funksiyasını canfəşanlıqla icra edirlər. Xüsusilə də, anti-Azərbaycan dairələrlə sinxron fəaliyyət göstərən “Azadlıq” qəzeti bu cəbhədə yer alır. Bu qəzeti ölkədən xaricdə, beynəlxalq miqyasda əsasən erməni KİV-lərinin, xüsusən də ermənilərə məxsus internet saytlarının kifayət qədər ciddi izləməsi təsadüfi xarakter daşımır. Çünki özünü müxalifətin ruporu kimi təqdim edən “Azadlıq”da əksini tapan qərəzli məlumatlar çox zaman erməni lobbisinin məqsəd və maraqlarına cavab verir, ölkəmizin milli mənafelərinə qarşı fəaliyyət göstərən dairələrin işinə yarayır. Bunlar “Azadlıq”ın ermənipərəst qurumlardan ideoloji asılılıq şəraitində fəaliyyət göstərdiyini sübuta yetirir. Bu səbəbdəndir ki, Azərbaycanın beynəlxalq imicinə pozitiv təsir edən hallar bəzi media qurumları ilə birlikdə dərhal hədəfə alınır, hətta beynəlxalq siyasi dairələrdə söz və nüfuz sahibi olan, daim təmənnasız olaraq Azərbaycanın maraqlarını, Azərbaycan xalqının mənafelərini müdafiə edən tədqiqatçı-alimlərə, politoloqlara, ekspertlərə, siyasətçilərə qarşı məqsədyönlü “qara piar” kampaniyası təşkil edirlər.
Xüsusilə də, “Azadlıq” qəzeti Azərbaycan xalqı və dövləti üçün ən əsas problem olan Qarabağ məsələsində, eyni zamanda, Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda təbliği məsələsində aşkar şəkildə antimilli mövqe nümayiş etdirir. Məsələn, ötən saylarının birində bu qəzet İsrailin keçmiş xarici işlər naziri, “Bizim evimiz İsrail” partiyasının sədri Aviqdor Libermanı qondarma “erməni soyqırımı” məsələsinə qarşı çıxdığına, Ermənistanın və onu müdafiə edən qüvvələrin siyasətinə zidd mövqedə durduğuna, dolayısıyla, Azərbaycanla ortaq mövqeyi paylaşdığına görə tənqid obyektinə çevirib. Daha dəqiq desək, İsrail parlamentində (Knesset) aparılan müzakirələr zamanı Aviqdor Liberman Azərbaycanın beynəlxalq mövqeyini müdafiə etdiyinə görə müəyyən dairələr tərəfindən tənqid edilib. Ona qarşı söylənilən başlıca fikir isə “Siz “erməni soyqırımı”nın tanınmasının qarşısını alırsınız...” formasındadır. Yəni məsələ kifayət qədər aydındır: Azərbaycanın haqlı mövqeyini müdafiə edən və erməni lobbisinə, ermənipərəst dairələrə qarşı çıxış edən bir şəxs, təbii ki, anti-Azərbaycan qüvvələr və erməni lobbisi tərəfindən belə hücumlara məruz qala bilər. Əsas məqam isə budur ki, “Azadlıq” qəzeti də A.Libermana və Azərbaycana qarşı tribuna rolunu oynamaqla antimilli mövqedən çıxış edir və ermənilərin maraqlarını müdafiə etmiş olur...
Başqa bir nüansa diqqət yetirək. Məhz Azərbaycanın haqlı mövqeyini ifadə etdiyinə görə A.Liberman solçu MERETS partiyasının lideri Zaava Qalyon tərəfindən korrupsiyada ittiham edilir. Halbuki A.Liberman da başda olmaqla İsrail parlamentində fraksiya nümayəndələri və millət vəkilləri Zaava Qalyonun özünün korrupsioner olduğunu faktlarla diqqətə çatdırırlar. Əli Kərimlinin ruporu olan “Azadlıq” qəzeti isə Azərbaycanın haqlı mövqeyini müdafiə edən A.Libermanı ittiham edir, tənqid obyektinə çevirir, əvəzində ermənilərin müdafiəçisi kimi çıxış edən Z.Qalyonu müdafiə etməkdən çəkinmir. Bəs bu antimilli yanaşma, xəyanətkar mövqe nəyin göstəricisidir?!
Əli Kərimli ilə erməni lobbisini ortaq mövqedə birləşdirən nədir?
Əlbəttə, belə mövqe yeni və ya təəccüblü deyil. Çünki ermənipərəst mərkəzlərin, yaxud AXCP-nin ruporu olan “Azadlıq” qəzeti erməni lobbisi və anti-Azərbaycan dairələrlə əlaqəli hərəkət edərək Azərbaycana qarşı “qara piar” kampaniyasında son zamanlar ölkəmizin beynəlxalq müstəvidə mövqeyini müdafiə edən və beynəlxalq elmi dairələrdə ciddi tədqiqatçı, müstəqil araşdırmaçı kimi qəbul edilən azərbaycansevərlərə qarşı xüsusi “hücum” taktikası həyata keçirir. Yuxarıda da qeyd etdiyimiz kimi, fundamental elmi araşdırmalar aparan, dünya siyasəti və beynəlxalq münasibətlərlə bağlı çoxsaylı analitik məqalələrlə çıxış edən, “beyin mərkəzləri” kimi səciyyələndirilən strateji araşdırmalar mərkəzlərində aktiv təmsil olunan bir sıra politoloqlar, həmçinin müxtəlif ölkələrin qanunvericilik orqanlarında təmsil olunan siyasətçilər ölkəmizlə bağlı məsələlərdə obyektiv mövqe nümayiş etdirirlər. Bu məsələlərin başında isə Dağlıq Qarabağ münaqişəsi gəlir. Həmin müstəqil ekspertlərin obyektiv yanaşması özünü “Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir” tezisində də göstərir. Bu, əlbəttə ki, Azərbaycanın milli maraqlarına cavab verməklə yanaşı, həm də ölkəmizin lobbi və diaspor siyasətinə töhfə kimi dəyərləndirilə bilər. Amma “Azadlıq” kimi anti-Azərbaycan dairələrin direktivlərinə əməl edən media orqanları belə şəxsləri hədəfə almaqla milli maraqlara zərbə vurmaq taktikasına xidmət edirlər. Bu qəzetin bir müddət öncə uzun illərdir ki, təmənnasız olaraq Azərbaycan xalqının mənafelərinə xidmət edən, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə bağlı Azərbaycanı dəstəkləyən müstəqil ekspert-tədqiqatçı Brenda Şafferə və onun kimi bir çox tanınmış politoloqlara qarşı qarayaxma kampaniyasında “peşka” rolunda aktiv iştirak etməsi (istifadə edilməsi) də xüsusilə qeyd edilməlidir. Bu, Azərbaycanın ərazilərinin işğalının legitimləşdirilməsi istiqamətində Ermənistanın və erməni lobbisinin başlıca məqsədlərinə cavab verən antimilli, antixalq mövqeyidir.
Əlbəttə, bu qəzetin timsalında kifayət qədər belə mənfi nümunələrdən bəhs etmək olar. Amma bu çoxsaylı dəlillər sırasından, sadəcə, bu faktların özü də qəzetin anti-Azərbaycan mövqeyində durduğunu, erməni lobbisi ilə sinxron hərəkət edərək ermənipərəst dairələrə xidmət etdiyini göstərir.
Xalqına qarşı düşmən mövqedə dayanmış ünsürlərin keçmişi çoxsaylı xəyanətlərlə doludur
Sadalananlar onu deməyə əsas verir ki, radikalların, antimilli ünsürlərin, bir sözlə, “sapı özümüzdən olan balta”ların Azərbaycan xalqı və dövlətinə qarşı xəyanətkar mövqeyi, ermənilərlə eyni cəbhədə yer alması ənənəsi yeni deyil. Bunu göstərən çoxsaylı faktlar mövcuddur. Təkcə bir sıra nümunələrə nəzər salmaq onların eyni məzmunda davam edən antimilli mövqeyini aşkar edir.
Məlum olduğu kimi, Azərbaycan 1991-ci ildə Dağlıq Qarabağın şimalında “Həlqə” kod adlı hərbi əməliyyat həyata keçirdi. Azərbaycan hüquq-mühafizə orqanları bu taktiki gediş nəticəsində erməni separatçılarını işğal etdikləri bu ərazilərdən qısa müddətdə çıxarmağa və əraziləri erməni silahlı birləşmələrindən təmizləməyə nail oldular. Bu əməliyyat həyata keçiriləndən dərhal sonra Azərbaycan müxalifətinin bir qanadı, o cümlədən Leyla Yunus və Arif Yunus Azərbaycana qarşı misli görünməmiş bir təbliğat-təşviqat kampaniyasına başladı. Onlar dünyaya car çəkməyə çalışırdılar ki, Azərbaycan guya Qarabağın şimalındakı yerli ermənilərin buradan deportasiya olunması üçün məqsədyönlü etnik təmizləmə siyasəti yürüdür. Onlar Baltikyanı ölkələrin birində keçirilmiş mətbuat konfransında postsovet məkanının liberal dairələrinin diqqətini “ermənilərin məskunlaşdığı ərazilərdəki etnik təmizləmə”yə cəlb etmək üçün əllərindən gələni etdilər. Çaykənd xüsusi əməliyyatından bir gün sonra Arif Yunus erməni xüsusi xidmət orqanlarının məxfi əməkdaşı Laura Baqdasaryana “Azərbaycan və sovet qoşunlarının Çaykənddəki vəhşiliklərini sübut edən informasiya” göndərmişdi. L.Baqdasaryan isə Yunuslar cütlüyü kimi etibarlı mənbəsinə istinadən “Hayastani Anrapetutyun” qəzetində “dinc erməniləri qırıb-çatan azərbaycanlı faşistləri ifşa etməyə” başladı... Və bunun kimi çoxsaylı nümunələr Azərbaycan tarixinə antimilli qüvvələrin xəyanət səhifələri kimi daxil oldu... Məhz bu gün həmin antimilli qüvvələri xüsusi təbliğ edən “Azadlıq” qəzeti eyni missiyanı icra edir. Və bu, növbəti dəfə ona dəlalət edir ki, bu qəzetin ruporu olduğu radikal müxalifət nümayəndələri, daha dəqiq desək, AXCP və onun sədri Əli Kərimli məhz ermənilərə, erməni lobbisinə xidmət edir, anti-Azərbaycan dairələrlə eyni mövqedə durur...
Müxalifətçilik normal siyasi fəaliyyət olmalıdır, öz xalqına qarşı düşmənçilik deyil
Beləliklə sadalananların timsalında görünən odur ki, radikal müxalifət nümayəndələri, AXCP və onun sədri Əli Kərimlinin fəaliyyəti sırf Azərbaycan xalqı və dövlətinə qarşı yönəlib. Halbuki müxalifət adlandırılan siyasi qrupun fəaliyyəti sırf dövlətçilik maraqlarına və milli mənafeyə söykənməlidir. Başqa sözlə, müxalifətçilik normal siyasi fəaliyyət olmalıdır, öz xalqına qarşı düşmənçilik deyil. Nümunə olaraq qeyd edək ki, bir müddət öncə Türkiyədə baş vermiş terror aktı bu ölkənin müxalifət partiyaları tərəfindən də kəskin şəkildə pislənildi, xalqın və dövlətin maraqlarına, təhlükəsizliyinə zidd olan hadisə yolverilməz hal kimi xarakterizə olundu. Məhz bu yanaşma ümummilli məsələlərdə vahid mövqedən çıxış etmək zərurəti və ya reallığını ifadə etmiş oldu...
Bunun müqabilində bu gün Əli Kərimlinin direktivləri əsasında çıxış edən “Azadlıq” qəzetinin isə bəhs olunan faktlar fonunda anti-Azərbaycan mövqeyi sərgiləməsi ölkəmizdə radikal müxalifət üçün milli maraq, ümummilli məsələ anlayışlarının olmadığı gerçəkliyini göstərdi. Həmin antimilli ünsürlər sırf korporativ maraqlar və anti-Azərbaycan mövqeyindən çıxış edirlər... Yuxarıda apardığımız müqayisədə əsas götürdüyümüz meyar müxalifətin davranışı məsələsində məzmun etibarilə eyniyyət təşkil etdiyinə görə ölkəmizdə radikal müxalifətin gerçək simasını ortaya qoyur...
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 626 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31