Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əmrindəyik, cənab Ali Baş Komandan

Əmrindəyik, cənab Ali Baş Komandan

06.04.2016 [10:00]

Prezident İlham Əliyevə ünvanlanan yüzlərlə məktub və müraciətlərdə ölkə vətəndaşlarının Ali Baş Komandana və Milli Ordumuza sonsuz güvəni, işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına əminlik ifadə olunur
Aprelin 2-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində törətdiyi təxribatların qarşısının alınması istiqamətində Azərbaycan Ordusunun apardığı uğurlu hərbi əməliyyatlar, düşmən ordusunun xeyli sayda itkilər verərək geri çəkilməsi, düşmənin silah-sursat və texnikasının məhv edilməsi Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi yaradıb. Ölkə vətəndaşları Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Milli Ordumuza güvəndiklərini bildirir, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının tezliklə azad olunacağına əminliklərini ifadə edirlər. Azərbaycanın bütün şəhər və rayonlarından olan vətəndaşlarımızın, eyni zamanda, xaricdə yaşayan soydaşlarımızın və ölkəmizin dostlarının Azərbaycan Prezidenti və Ali Baş Komandan İlham Əliyevə ünvanlanmış məktub və müraciətlərində də bu fikirlər öz əksini tapır. Bu məktub və müraciətlərin bir neçəsini oxucularımıza təqdim edirik.
Düşmənə vurulan sarsıdıcı zərbələr hər bir azərbaycanlını ürəkdən sevindirir
Biləsuvar rayonu Ağalıkənd kənd sakini Cəfərov Nəriman Fərman oğlu cəbhədə son günlər qazanılmış uğurlara görə Prezident, Ali Baş Komandan İlham Əliyevi və xalqımızı təbrik edib: “Cəbhədə əldə olunmuş qələbələrə görə Sizi və Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Düşmənə vurulan sarsıdıcı zərbələr hər bir azərbaycanlını ürəkdən sevindirir. Mən də öz növbəmdə hər an köməkliyimi göstərməyə hazıram. Allahdan Sizə möhkəm cansağlığı arzu edirəm”.
Abşeron rayon sakini Sənan Vəliyev Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevlə qürur duyduğunu bildirib: “Biz hamımız Sizinlə qürur duyuruq. Allah Sizə cansağlığı, əliniz-qolunuza güc-qüvvət versin. Bu gücünüzlə, müdrik və uzaqgörən siyasətinizlə, elinizlə birlikdə düşmənə qalib gələcəyinizə inanırıq.
Siz xalqımıza, xalqımız da Sizə dayaqdır!”
Saatlı rayonundan Əhliman İsgəndərov isə qeyd edib ki, Azərbaycanda qüdrətli dövlət və ordunun yaradılması Prezident İlham Əliyevin əvəzsiz fəaliyyətinin nəticəsidir: “Bu da Dağlıq Qarabağda ermənilərin təxribatına layiqli cavab verilməsində özünü göstərdi. Buna görə ailəmiz adından Sizə təşəkkür edirik, Xalq Sizin arxanızdadır”.
Azərbaycan Respublikası Kəlbəcər rayonundan qaçqın və məcburi köçkün düşmüş Ramin Məmmədxanlı xalqımızın daim Ali Baş Komandan İlham Əliyevlə birlik nümayiş etdirdiyini və Ona inandığını qeyd edib: “Biz daim Sizinləyik, Sizə - Ali Baş Komandanımıza inanırıq. Əminik ki, Sizin rəhbərliyinizlə qısa müddətdə torpaqlarımız işğaldan azad ediləcək. Cəbhədə baş verən son hadisələrlə bağlı onu bildirmək istəyirəm ki, Vətənimizin keşiyində durmağa, onun uğrunda canımı fəda etməyə həmişə hazıram. Bunun üçün əmrinizi gözləyirik”.
Bakı şəhəri Suraxanı rayon sakini Raya Əliyeva da Qarabağda qazındığımız zəfərlərin davamlı olmasını arzu edib: “Sizin uzaqgörən siyasətiniz nəticəsində bu xoş və gözəl günlər bizə nəsib olmuşdur. Ən xoş hisslərlə bu məktubu yazır, öz adımdan və ailəm adından Sizə dərin təşəkkürümü bildirirəm. Qarabağda aldığımız zəfərlərin davamlı olmasını, həmişə Sizinlə qələbələrə addımlamağı Allahdan arzu edirəm. Qoy göydə Allah, yer üzərində Sizin müdrik siyasətiniz ölkəmizə yardımçı olsun!”
“Siz Azərbaycan xalqının mübarizə ruhunu özünə qaytardınız”
“Qarabağda başlanan hərbi əməliyyatlarla bağlı olaraq mən də keçmiş müharibə veteranı kimi Sizin əmriniz ilə Tərtər istiqamətində döyüşməyi arzulayıram. Artıq erməniləri dizi üstə çökdürməyin vaxtıdır. Ali Baş Komandan, 1993-cü ildə Ulu öndər Heydər Əliyevin əmri ilə mən birinci Qarabağ savaşında iştirak etmişəm. İndi isə Prezident İlham Əliyevin əmrini səbirsizliklə gözləyirəm. Siz Azərbaycan xalqının mübarizə ruhunu özünə qaytardınız. Hamımızda əminlik yarandı ki, il başa çatmamış erməni daşnakları məhv ediləcək və erməni faşist xuntasının rəhbəri və onun cəllad xislətli əlaltıları Beynəlxalq Haaqa Tribunalında mühakimə olunacaqlar. Allah Sizə haqq işdə, ədalətin zəfər çalmasında kömək olsun. Əmrinizi gözləyirik”. Bunu isə Bakı şəhəri Nizami rayon sakini Ramiz Qasımov deyib.
Qobustan rayonundan Şair Əhmədov da Ali Baş Komandanın əmrini gözlədiklərini yazıb: “Biz ailədə altı qardaşıq. Biz, bütün qardaşlar Sizin apardığınız siyasəti, yüksək əhval-ruhiyyəni, güclü iqtisadiyyatı, yüksək döyüş əhval-ruhiyyəsini hər zaman diqqətdə saxlayırıq. Biz, cənab Prezident, həmişə Sizin döyüş əmri verəcəyiniz günü gözləyirdik. Bu gün ermənilərin cəbhədəki təxribatlarını nəzərə alaraq Sizdən xahiş edirik ki, bizim hər birimizin cəbhə bölgəsində əsgərlərimizlə döyüşə qatılmağımıza icazə verəsiniz. Cənab Prezident, dövlətimiz, Vətənimiz, xalqımız üçün hər an döyüşməyə, canımızdan keçməyə hazırıq”.
Gəncə şəhərindən İlham Məmmədov isə Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun böyük igidlik göstərib mənfur erməniləri pis vəziyyətə saldığını bildirib: “Siz Azərbaycan xalqının layiqli Prezidentisiniz. Mənim 50 yaşım olmasına baxmayaraq, Sizin əmrinizi gözləyirəm, hər an cəbhə bölgəsində döyüşməyə hazıram. Allahdan Vətən uğrunda şəhid olanlara rəhmət diləyirəm. Allah Sizi qorusun, Ali Baş Komandan”.
Ehtiyatda olan hərbçi, Şahbuz rayon sakini Ədalət Rüstəmzadə Ali Baş Komandandan əmr gözlədiyini qeyd edib: “Qarabağ münaqişəsinin iştirakçısıyam. Azərbaycan Tibb Universitetinin auditoriyasından cəbhəyə getdim, bir ilə qədər döyüş bölgələrində könüllü xidmət etdim, gənc cərrah kimi yaralı əsgərlərimizin sağlamlığının keşiyində durdum. 22 ildir ki, Milli Ordumuzun, şanlı Silahlı Qüvvələrimizin qüvvətlənməsi, nizamlı, qüdrətli strukturlara, ən yeni hərbi-texnoloji silah-sursatlara, modern hərbi vasitələrə malik olacağını arzulamış və gözləmişəm. Həmin gün artıq yetişmişdir. Ən əsası, nizamlı Milli Ordumuz Sizin birbaşa rəhbərliyiniz və məqsədyönlü siyasətiniz hesabına həmin səviyyəyə çatmış, inkişaf etmiş və aparıcı ölkələrin silahlı qüvvələri ilə yanaşı durmaq qüdrətinə yüksəlmişdir. Sülhməramlı qüvvələrin, antiterror koalisiyalarının tərkibində Ordumuzun ayrı-ayrı hissələrinin uğurlu iştirakı, Qarabağ cəbhəsində düşmənə sarsıdıcı zərbələri bunun bariz sübutlarıdır. Belə Ordunun tərkibində, heç olmasa yanında olmaq, cərrahi təcrübəmi hərbi hospitallarda tətbiq etmək üçün Ali Baş Komandanımızın əmrini gözləyirəm”.
“Hər an vətənim Azərbaycanım, Ali Baş Komandanım, xalqım üçün döyüşməyə hazıram”
Şirvan şəhərindən Eldəniz Ələkbərov da cəbhə xəttində son dövrlər əldə olunmuş qələbələr münasibətilə Prezidenti və xalqımızı təbrik edərək yazır: “Möhtərəm Ali Baş Komandan, öz adımdan və dostlarım adından Sizdən xahiş edirəm ki, ümumi səfərbərlik elan edəsiniz və biz öz dədə-baba torpaqlarımızı Sizin rəhbərliyiniz altında geri qaytaraq. Mən özüm Zəngilan rayonundan məcburi köçkünəm, ən böyük arzum Qarabağımızın, Zəngilanımızın geri qaytarılmasıdır. Bu yolda canımdan keçməyə hazıram, yetər ki, Siz əmr verin. Möhtərəm cənab Ali Baş Komandan, döyüşə hazırıq və Sizi dəstəkləyirik”.
Laçın rayonundan olan qaçqın və məcburi köçkün Elxan Aslanov isə müraciətində yazır ki, bu gün Azərbaycanın güclü və qüdrətli Ordusu var: “Azərbaycanımızın Sizin kimi Prezidenti var. Cənab Prezident mən ehtiyatdakı əsgər kimi Sizin əmrinizi gözləyirəm. Hər an vətənim Azərbaycanım, Ali Baş Komandanım, xalqım üçün döyüşməyə hazıram”.
Ehtiyatda olan hərbçi, Ağdam rayon sakini Eldar Bəhramov cəbhə xəttində gedən döyüşlərdə Azərbaycan Ordusunun ürəkaçan uğuruna görə çox sevindiyini və ordumuzun qələbəsinə inandığını vurğulayıb: “Cənab Ali Baş Komandan, yaxşı ki, varsınız və Siz ordumuza ruh yüksəkliyi verirsiniz. İnşallah, Azərbaycan bayrağı Qarabağda - Ağdam, Şuşa, Xankəndi və digər rayonlarımızda dalğalanar. Mən fəxr edirəm ki, belə gözəl vətənimin belə gözəl əsgəri və əsgərimin başında belə qeyrətli Ali Baş Komandan var”.
Ağcabədi rayonundan Sahib Məmmədov da döyüşə getməyə və vətənimizə qulluq edib onun uğrunda döyüşməyə, canını verməyə hazır olduğunu qeyd edib: “Vətən bizim üçün müqəddəsdir. Onu qorumaq və uğrunda vuruşmaq yüksək bir hissdir. Biz Sizə - Ali Baş Komandanımıza güvənir və Sizin komandanlığınız altında torpaqlarımızı azad edəcəyimizə inanırıq”.
Xaricdə yaşayan soydaşlarımız da Prezident İlham Əliyevlə həmrəylik nümayiş etdirirlər
Dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz də müzəffər Azərbaycan Ordusunun cəbhə xəttində düşmənin təxribatlarına layiqli cavab verərək qələbələr qazanması münasibətilə xalqımızı təbrik edirlər. Dövlətimizin başçısına ünvanlanan müraciətlərdə ordumuzun düşmənə cavab həmlələri nəticəsində işğalçı ölkənin xeyli sayda itkilər verməsi, düşmənin döyüş silah-sursatlarının və texnikasının məhv edilməsi, Azərbaycan Ordusunun strateji yüksəklikləri ələ keçirməsi ilə bağlı xəbərlərdən böyük məmnunluq ifadə edilir. Rusiya Federasiyasının Nijni Novqorod şəhərindən həmvətənimiz Elxan Əliyev yazır: “Bu qələbə münasibətilə Sizi təbrik edirəm. Arzu edirəm, Qarabağımızı tezliklə geri qaytaraq və ölkəmiz həmişə firavan yaşasın. Allah şəhidlərimizə rəhmət eləsin. Sizə də səbir diləyirəm. Allah bizi bu bədnam qonşularımızın məkrli niyyətindən hifz etsin”.
Rusiya Federasiyası, Kemerov vilayəti, Novokuznetsk şəhərinin sakini Anar Əzimov da dövlətimizin başçısını və xalqımızı bəzi kəndlərimizin işğaldan azad olunması münasibətilə təbrik edib. O, Ali Baş Komandanın əmrini gözlədiyni də vurğulayıb: “Əvvəla Sizi və xalqımı bəzi kəndlərimizin işğaldan azad olunması münasibəti ilə təbrik edirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Şəhidlərimizin ailələrinə Allahdan səbir diləyirəm. Bir şeyi unutmayaq. Torpaq əgər uğrunda ölən varsa, vətəndir. Mən çox istərəm şəhid qardaşlarımızın qanı yerdə qalmasın. Torpaqlarımız erməni işğalından təmizlənsin. Bütün dünya şahiddir ki, Azərbaycan məsələnin sülh yolu ilə həlli üçün əlindən gələni etmişdir və etməkdədir.
Cənab Ali Baş Komandan! Əmrinizi gözləyirəm”.
Birləşmiş Krallığın Edinburq şəhərindən Cavid Məmmədli də qələbə münasibətilə Azərbaycan xalqını təbrik edərək yazır: “Mən də bir azərbaycanlı kimi, ata yurdu işğal altında olan bir şəxs kimi müqəddəs missiyamızı yerinə yetirməyə hazıram və Sizin əmrinizi gözləyirəm. Allah Sizi hifz etsin və qorusun. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”
“Qüdrətlənən Ordumuz mənfur düşmənə layiqli zərbələr vuracaq”
Ukraynanın Xarkov şəhərindən Elmir Misirzadə də yaşadığı ölkədə təhsil alan tələbələrin son günlər cəbhə xəttində düşmən təxribatlarının qarşısının alınması zamanı ordumuzun göstərdiyi qətiyyət və əzmdən qürurlandıqlarını bildirib: “Ukraynanın Xarkov şəhərində təhsil alan tələbələr olaraq son günlər cəbhədə düşmən təxribatlarının qarşısının Ordumuz tərəfindən qətiyyətlə alınmasından qürurlandıq. Biz tələbələr hər an ölkəmizə qayıdaraq cəbhəyə getməyə hazırıq. İnanırıq ki, Sizin diqqət və qayğınız sayəsində qüdrətlənən Ordumuz mənfur düşmənə layiqli zərbələr vuracaq və cəbhədəki qələbələrimiz davamlı olacaq”.
Rusiya Federasiyasının Tolyatti şəhər sakini Yaşar Məhərrəmov da Ordumuzun düşmənə sarsıdıcı zərbələr vurması münasibətilə Ali Baş Komandanı və xalqımızı təbrik edib: “Milyonlarla həmvətənimiz bu qətiyyətli addımı gözləyirdi. Vətənimin müdafiəsində həm fiziki, həm də maddi cəhətdən fəal iştirak etməyə hazır olduğumu bildirirəm. Mən Sizinləyəm, mən Vətənimləyəm!”
Almaniyanın Lauingen şəhəri sakini Fərrux Zeynalov isə dövlətimizin başçısına ünvanladığı məktubda ölkəmizdə gedən prosesləri izlədiyini deyib və əlavə edib: “Sizin qorxmazlığınız və mərdliyiniz bizə ruh verir, əgər lazım olarsa, Sizin komandanlığınız altında döyüşə qatılmağa hazıram”.
Rusiya Federasiyası Sankt-Peterburq şəhər sakini Cavid Nəsirli isə Qarabağ döyüşlərinin hər anını izlədiyini və ordumuz üçün dua etdiyini söyləyib. C.Nəsirli yazır: “Cəbhədəki uğurlu addımlara görə Sizi və öz xalqımı təbrik edirəm! Mən Rusiyada Qarabağ döyüşlərinin hər anını izləyir və ordumuza dua edirəm. Sankt-Peterburqda yaşayan həmvətənlərim adından səfərbərlik elan etməyinizi, Vətənimiz, üçrəngli bayrağımız üçün son damla qanımıza qədər vuruşmaq istədiyimizi bildiririk. Bu həmrəyliyin qarşısında düşmən dayana bilməz”.
Qardaş Türkiyə dövləti həmişə Azərbaycanın yanındadır
Çox fərəhləndirici haldır ki, son hadisələr zamanı Azərbaycan və Türkiyənin Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “bir millət, iki dövlət” olması faktı növbəti dəfə öz təsdiqini tapdı. Hadisələrin ilk günündə qardaş ölkənin dövlət rəsmiləri və bütün siyasi dairələrin təmsilçiləri Azərbaycanın yanında olduqlarını bildirərək Ermənistan silahlı qüvvələrinin dərhal işğal etdikləri Azərbaycan torpaqlarından çıxmasını tələb ediblər. Eyni zamanda, qardaş Türkiyənin sıravi vətəndaşları istər sosial şəbəkələrdə əksini tapan fikirlərində, istər müxtəlif saytlarda yazılan şərhlərdə Azərbaycan Ordusunun haqq mübarizəsinə dəstək verdiklərini göstəriblər. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə yazılan məktublarda da Türkiyə vətəndaşları bu dəstəklərini bir daha nümayiş etdiriblər. Məsələn, Türkiyə Respublikasının Ərzurum şəhər sakini Bağış Serhat Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan Silahlı Qüvvələrinin şanlı mübarizəsini qürurla izlədiyini söyləyib. O, azərbaycanlı qardaşları ilə birlikdə qanının son damlasına qədər ermənilərə qarşı vuruşmağa hazır olduğunu vurğulayıb: “Hörmətli Prezident, Sizi və Azərbaycan xalqını çox sevirəm. Azərbaycanın və Türkiyənin dövlət başçıları olaraq, Siz və Rəcəb Tayyib Ərdoğan xalqlarımızın rifahı və inkişafı üçün yorulmadan çalışırsınız.
Ermənistan ilə müharibədə azərbaycanlı qardaşlarımla birlikdə son damla qanıma qədər döyüşməyə hazıram. Xahiş edirəm, məni də Azərbaycan Ordusunun sıralarında xidmətə qəbul edin. Sadəcə qəlbən deyil, cismən də azərbaycanlı qardaşlarımla birlikdə olmağı arzulayıram”.
Türkiyə Respublikası İstanbul şəhərindən Erduran Barbaros isə müzəffər Azərbaycan Ordusunun erməni silahlı birləşmələrinə qarşı apardığı əməliyyatlarda qazandığı zəfərin qürurunu və sevincini yaşadığını qeyd edib: “Qıldığım hər namazdan sonra azərbaycanlı qardaşlarıma və şanlı ordunuza dua edirəm. Qəlbim sizinlədir. Azərbaycan Ordusunun yeni qələbələrinin xəbərlərini eşitmək arzusundayam. Allahdan arzum budur ki, Azərbaycan Silahlı Qüvvələri tezliklə düşməni darmadağın edərək işğal altındakı torpaqları geri qaytarsın.
Möhtərəm Prezident, ehtiyac yaranarsa, Azərbaycan Ordusunun əsgəri kimi ortaq Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşməyi özümə şərəf bilərəm”.
Türkiyə Respublikası Konya şəhərindən Toklu Mustafa Abdulkadir isə Azərbaycanın bu haqlı mübarizədə tək olmadığını, Türkiyənin həmişə Azərbaycanın yanında olduğunu yazır: “Bir türk olaraq Azərbaycan Silahlı Qüvvələrinin erməni işğalçılarına verdiyi tutarlı cavabdan qürurlanıram. Qardaş Azərbaycan tək deyil. Biz daim Sizin yanınızdayıq.
Möhtərəm Prezident, mən özümə güvənən adamam, silahla davranmağı və təbiət şərtlərinə uyğunlaşmağı bacarıram. Əgər əmriniz olarsa, qardaşlarımızla çiyin-çiyinə vuruşmağı özümə şərəf bilərəm. Allah Sizi və Azərbaycan xalqını qorusun”.
Türkiyə Respublikası Ankara şəhərindən Nalan Ongun da Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısının alınması ilə bağlı aparılan əməliyyatlarda azərbaycanlı əsgərlərin şəhid olması xəbərindən dərin kədər hissi keçirdiklərini yazıb: “Qardaşlarımızın şəhid olmasından mütəəssir olduğumuzu və bu kədərinizə şərik olduğumuzu Sizə bildirmək istəyirəm. Şəhid qardaşlarımıza Allahdan rəhmət, Sizə və bütün Azərbaycan xalqına başsağlığı diləyirəm”.
Türkiyə Respublikası Karabük şəhərindən Özyurt Mustafa Ertan oğlu da Ermənistan hərbi birləşmələrinin törətdikləri təxribatlara qarşı Azərbaycan Silahlı Qüvvələrinin apardığı uğurlu əməliyyatlarda şəxsən iştirak etməyi, azərbaycanlılarla çiyin-çiyinə döyüşməyi ürəkdən arzu etdiyini bildirib: “Bildirmək istəyirəm ki, Türkiyədə ürəkləri azərbaycanlı qardaşlarının qəlbi ilə bir döyünən, ortaq Vətənimiz üçün döyüşməyə hazır olan qardaşlarınız var. Sizin əmrinizi gözləyirik. Allah Sizi və Azərbaycan xalqını qorusun”.
Azərbaycanın hərbi üstünlüyü böyük qələbəyədək davam edəcək
Eyni zamanda, qeyd etmək lazımdır ki, Azərbaycanı özünə dost ölkə hesab edən xarici ölkə vətəndaşları da ordumuzun uğurlarından sevinc hisslərini ifadə ediblər. Məsələn, İraq Türkmənləri Cəbhəsinin rəhbəri Ərşət Salihi yazır: “Ermənistanın son günlər cəbhə bölgəsində törətdiyi təxribatlar bizi qəzəbləndirib. Şəhid olan azərbaycanlı əsgərlərimizə Allahdan rəhmət diləyirik. Onlar Vətən uğrunda şəhid olublar. Bu, türk üçün böyük şərəfdir. Azərbaycan Ordusunun cəbhədəki uğurlarına çox sevinirik. Qəhrəman Azərbaycan əsgəri işğalçı ermənilərin dərsini verdi. Bütün cəbhə boyu Azərbaycanın hərbi üstünlüyü, inşallah, böyük qələbəyədək davam edəcək.
Biz İraq türkmənləri sözümüz, soyumuz, kökümüz bir olan Azərbaycanla birgə olmaqdan şərəf duyuruq. 1918-ci ildə Azərbaycanın qurtuluşu üçün Nuri Paşanın ordusunda yer aldığımız və bu gün Bakıda Şəhidlər xiyabanında uyuyan türk şəhidlərimiz kimi şərəf duyuruq. Allah köməyiniz olsun. Yaşasın Azərbaycan-İraq türkmənləri dostluğu və birliyi!”
Qeyd edək ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məktublar və müraciətlər gəlməkdə davam edir.
Aqşin ŞAHİNOĞLU

Paylaş:
Baxılıb: 848 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31