Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

06.05.2016 [10:08]

Əli Əhmədov: Heydər Əliyev ideyalarını öyrənmək, Ümummilli liderin zəngin mənəvi irsini tədqiq etmək, hər şeydən öncə, dövlətçiliyə hörmətin ifadəsi kimi qiymətləndirilə bilər
Mayın 5-də “Gülüstan” sarayında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.
Ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən təqdimat müsabiqəsi Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası (YAP), Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub. Tədbirdə Azərbaycan Respublikası Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov, Baş nazirin müavini Elçin Əfəndiyev, təhsil naziri Mikayıl Cabbarov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev, millət vəkilləri, təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, müəllimlər və şagirdlər iştirak ediblər.
Öncə Bülbül adına orta ixtisas musiqi məktəbinin uşaq xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təhsil naziri Mikayıl Cabbarov “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərini təbrik edib, müsabiqənin Ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək baxımından mühüm rol oynadığını bildirib. Nazir qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində təhsilin hərtərəfli inkişafı üçün müxtəlif proqram və layihələr uğurla həyata keçirilməkdədir. Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi ərəfəsində olduğunu nəzərə çatdıran M.Cabbarov bu dövrdə ölkə təhsilinin keçdiyi müasirləşmə və islahatlar prosesindən bəhs edib, son illərdə təhsil islahatlarının məzmunca daha praktik və səmərəli xarakter aldığını söyləyib. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təsbit olunan strateji istiqamət və hədəflər Azərbaycan təhsilinin XXI əsrin çağırışlarına uyğun inkişaf meyillərini müəyyənləşdirir. Azərbaycanda təhsilin infrastrukturunun əsaslı şəkildə yenilənməsinə diqqət çəkən nazir son 10 ildə 3 mindən çox məktəbin inşa edildiyini və tədris ocaqlarının maddi-texniki bazasının müasir tələblər səviyyəsinə qaldırıldığını bildirib. “Həmçinin müəllim peşəsinin nüfuzunu artırmaq üçün təsirli tədbirlər görülür, müəllimlərin bilik və bacarıqlarını təkmilləşdirməyə, zəruri inkişafyönümlü metodikaları çatdırmağa imkan verən mexanizmlər tətbiq olunur”, - deyə nazir əlavə edib.
Ümumi təhsil müəssisələri rəhbərlərinin peşəkar meyarlar əsasında müəyyənləşdirilməsi istiqamətində atılan addımların əhəmiyyətinə toxunan M.Cabbarov həmçinin yeni dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi, xaricdə təhsil üzrə qarşıda duran hədəflər və digər aktual məsələlərə dair fikirlərini bildirib.
Çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov bildirib ki, bu günlərdə Azərbaycan xalqı Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünü qeyd edir. Azərbaycan vətəndaşlarının Heydər Əliyevin doğum gününü böyük əzəmət və vüsətlə qeyd etməsi xalqımızın Ümummilli liderin Azərbaycan qarşısında möhtəşəm xidmətlərinə verdiyi qiymətin ifadəsidir. Eyni zamanda, Heydər Əliyev irsinin öyrənilməsi, Onun adı və fəaliyyəti ilə bağlı olan hər bir hadisəyə yüksək diqqət göstərilməsi özlüyündə Azərbaycan dövlətçiliyinə münasibətin ifadəsi kimi qiymətləndirilə bilər: “Bu mənada, Azərbaycan məktəblərində şagirdlər arasında Heydər Əliyev irsinin öyrənilməsi yetişməkdə olan gənc nəslin Ümummilli liderin zəngin irsinə qovuşması vasitəsilə Azərbaycanda dövlətçilik ənənəsinin möhkəmlənməsinə xidmət edən çox möhtəşəm bir aksiya kimi qiymətləndirilə bilər. 7 il bundan əvvəl bu aksiyanın - belə bir əhəmiyyətli tədbirin əsasının qoyulmasında Yeni Azərbaycan Partiyasının irəli sürdüyü təşəbbüs mühüm rol oynayıb. Artıq 7-ci ildir ki, Ümummilli lider Heydər Əliyevin doğum gününün qeyd edilməsi çərçivəsində keçirilən tədbirlər sırasında məktəblilər arasında müsabiqələrin təşkil edilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Gənc nəslin Heydər Əliyev ideyalarını mənimsəməsi onların zəngin dövlətçilik ideyalarının formalaşması istiqamətində fundamental əsaslardan biridir. Heydər Əliyev ideyalarını öyrənmək, Ümummilli liderin zəngin mənəvi irsini tədqiq etmək, hər şeydən öncə, dövlətçiliyə hörmətin ifadəsi kimi qiymətləndirilə bilər. Çünki Heydər Əliyevin zəngin irsini dövlətçilik ənənəsindən ayrılıqda təsəvvür etmək mümkün deyil”.
Baş nazirin müavini əlavə edib ki, hər il on minlərlə şagird Heydər Əliyevin zəngin irsini öyrənir, müxtəlif müsabiqələrdə iştirak edir: “Bununla həm Heydər Əliyev şəxsiyyətinə, Ümummilli liderin xatirəsinə hörmət və ehtiramlarını ifadə edirlər, həm də onlarda dövlətçilik ənənələrinə dərin məhəbbət formalaşır. Bütün bunların hamısı Azərbaycan gənclərinin layiqli vətəndaş kimi formalaşmasına xidmət edən əhəmiyyətli amillərdir. Bu mənada, həyata keçirilən belə müsabiqələri çox yüksək qiymətləndirirəm”.
“Prezident İlham Əliyevin islahatlar strategiyasının mühüm istiqamətlərindən birini təhsil sahəsi təşkil edir. Bütün sahələrdə olduğu kimi təhsil sahəsində də davamlı islahatlar həyata keçirilir. Bu gün dünyanın inkişaf etmiş bütün xalqları bu inkişafa təhsil, elm və bilik sayəsində nail olublar. Azərbaycanın gələcəyini parlaq görmək istəyiriksə, təhsili və elmi inkişaf etdirməliyik. Gənclərin dərin və müasir biliklərə yiyələnməsi, bu biliklərdən Azərbaycanın inkişafı naminə istifadə edilməsi bilavasitə ölkənin firavan gələcəyini təmin edən ən vacib amil olacaq. Bu mənada, təhsil işçiləri də bu sahədə öz üzərinə düşən məsuliyyətin əhəmiyyətini dərk edirlər. Məqsədlərə nail olmaq üçün lazımi addımlar atılır. Təhsil işçilərinin şagirdlərin layiqli, bilikli və müasir düşüncəli vətəndaşlar kimi yetişməsi üçün əllərindən gələni əsirgəməyəcəklərinə inanıram. Onların gələcəkdə daha bilikli və müasir düşüncəli vətəndaşlar kimi yetişməsi Azərbaycanın qüdrətli ölkə kimi daha sürətli inkişafına etibarlı təminat olacaq”, - deyən YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov sözügedən müsabiqədə iştirak edən şagirdlərə təbriklərini çatdırıb. Baş nazirin müavini vurğulayıb ki, əgər müsabiqənin qalibləri ali məktəblərə qəbul olunarlarsa, Yeni Azərbaycan Partiyasının təsis etdiyi təqaüdlərə layiq görüləcəklər. YAP tərəfindən bu qəbildən olan 40 nəfər tələbəyə təqaüd verilir, bütövlükdə isə, 7 il ərzində təqaüd alan tələbələrin sayı 70-dən çoxdur.
Sonra çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev müsabiqənin əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, Heydər Əliyev ideyaları və irsinin öyrənilməsi dövlətçilik təfəkkürünün formalaşmasında, milli təəssübkeşlik və vətənpərvərlik hissinin gücləndirilməsində müstəsna əhəmiyyətə malikdir.
Qeyd edək ki, “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 5 nəfər I, 11 nəfər II, 16 nəfər III dərəcəli diplomla, 18 nəfər isə tərifnamə ilə təltif olunub. Müsabiqə qaliblərinə müxtəlif qiymətli hədiyyələr təqdim edilib.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 937 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31