Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda müasir yol-nəqliyyat infrastrukturu qurulur

Azərbaycanda müasir yol-nəqliyyat infrastrukturu qurulur

25.08.2016 [09:48]

Prezident İlham Əliyev: Sərmayələri qoymaqla, gözəl biznes mühitini yaratmaqla biz Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzinə çeviririk
Bu, bir həqiqətdir ki, mükəmməl infrastruktur təminatı istər insanların həyat səviyyəsinin yüksəlməsini, istərsə də ölkələrin iqtisadi inkişafını şərtləndirən mühüm faktor qismində çıxış edir. Bu baxımdan Azərbaycanın vəziyyəti nikbinlik üçün ciddi əsaslar yaradır. Respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strategiyasının əsas hədəflərindən biri Azərbaycanı müasir dünya çağırışlarına uyğun olaraq yüksək infrastruktur təminatına malik ölkəyə çevirməkdən ibarətdir. Son 12 ildə ardıcıl şəkildə reallaşdırılan su, qaz, elektrik enerjisi layihələri Azərbaycanın simasını dəyişib və respublikamızı infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb. Azərbaycanda yüksək dünya standartları səviyyəsində sosial-iqtisadi infrastruktur şəbəkəsinin qurulmasının ən səciyyəvi cəhəti ondan ibarətdir ki, dövlət bu istiqamətdə müxtəlif layihələrin həyata keçirilməsinə lazımi qədər sərmayələr yönəldir. Dövlət vəsaitləri hesabına yaradılan infrastruktur isə sonradan bütün ölkə boyu sosial-iqtisadi inkişafa, o cümlədən də yerlərdə iqtisadi aktivliyin artmasına, daxili istehsalın sürətlə genişlənməsinə güclü təsir göstərir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində diqqəti ölkəmizdə infrastruktur təminatının gücləndirilməsi istiqamətində işlərin davam etdirildiyinə yönəldərək bildirib ki, bu ilin əvvəlindən infrastruktur layihələri icra edilir.
Yaradılan güclü yol- nəqliyyat infrastrukturu Azərbaycanı regionda tranzit-logistik mərkəzə çevirib
Son 12 ildə Azərbaycanın müasir infrastruktur quruculuğu istiqamətində əldə etdiyi uğurlardan söhbət açarkən ölkənin yol-nəqliyyat imkanlarının davamlı olaraq genişləndirilməsini xüsusi vurğulamaq lazımdır. Respublikamızda müasir yol-nəqliyyat infrastrukturu yaradılmasına böyük diqqət yetirilməsi və bu sahəyə iri həcmlərdə investisiyalar yönəldilməsi isə bir sıra amillərlə şərtlənir. Biz yuxarıda müasir infrastruktur yaradılmasının ölkənin sosial-iqtisadi inkişafı baxımdan böyük önəm daşıdığını vurğuladıq. Respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsini zəruri edən digər mühüm amil isə Azərbaycanın tranzit daşımaları üçün əlverişli məkan olması ilə bağlıdır. Azərbaycanın coğrafi mövqeyi ölkəmizin istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizlərində vacib rol oynamasını şərtləndirir. Respublikamız həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Bütün bu deyilənlərə dövlət səviyyəsində yüksək siyasi iradə nümayiş etdirildiyini də əlavə etsək, onda Azərbaycanın müxtəlif istiqamətlərdə tranzit daşımaları üçün necə əlverişli ölkə olduğu barədə konkret təsəvvür yaranar.
Son illərdə Azərbaycan əlverişli coğrafi mövqeyindən istifadə edərək regionda yeni əməkdaşlıq platformalarının yaranmasına daha sanballı töhfələr vermək və özünün tranzit imkanlarını genişləndirmək üçün həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərinin ölkə ərazisindən keçən hissəsinin yüksək dünya standartları səviyyəsində qurulması üçün bütün zəruri tədbirləri həyata keçirir. Prezident İlham Əliyev Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm tərkib hissəsi olan beynəlxalq miqyaslı İpək Yolu layihəsinin inşasını daim diqqət mərkəzində saxlayır. Həmin layihə Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır. İndiyədək qədim İpək Yolunun bərpası layihəsi çərçivəsində respublikamızın ərazisində böyük iş həcmi yerinə yetirilib. Artıq Bakıdan Gürcüstan sərhədinədək 513 kilometr məsafəni əhatə edən magistralın Bakı-Ələt hissəsinin yenidən inşa edilmiş 4-14-cü kilometrlik sahəsinin, Ələt-Hacıqabul, Hacıqabul-Kürdəmir, Kürdəmir dairəvi, Kürdəmir-Ucar, Ucar-Yevlax, Yevlax-Gəncə, Gəncə-Qazax, Qazax-Gürcüstan ilə dövlət sərhədi hissələri dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilib. Hazırda həmin yolun bəzi hissələrinin əlavə 2 hərəkət zolağı tikilməklə, birinci texniki dərəcəyə çatdırılması işləri davam etdirilir.
Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin respublikamızın ərazisindən keçən hissəsinin tikintisi də sürətlə həyata keçirilir. İndiyədək ölkənin yol-nəqliyyat sistemində mühüm yer tutan və Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yenidən qurulması istiqamətində böyük iş həcmi yerinə yetirilib. Uzunluğu 208 kilometr olan magistralın 6-16-cı kilometrlik hissəsi asfalt-beton, 16-134-cü kilometrlik hissəsi sement-beton örtüklü olmaqla yenidən qurulub, eyni zamanda, Sumqayıt dairəvi, Gəndob-Quba hissələrinin, 11-ci və 16-cı kilometrlərində yol qovşaqlarının, Masazır dairəsində yol ötürücüsünün və Dəvəçi çayı üzərində körpünün tikintisi başa çatdırılıb. Hazırda magistralın müxtəlif hissələrində işlər intensiv şəkildə davam etdirilir.
Yaradılan yüksək səviyyəli zəruri infrastruktur sayəsində artıq Azərbaycan özünü dünyaya tranzit ölkə kimi təqdim edir. Ölkəmizin ərazisindən keçən quru, su və hava marşrutları ilə beynəlxalq daşımalar uğurla həyata keçirilir. Artıq nəinki Orta Asiyadan, hətta Çindən, Cənubi Koreyadan Avropaya Azərbaycan ərazisindən yüklər getməyə başlayıb. Ukraynadan yola salınan ilk sınaq qatarları Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Ələt terminalından Qazaxıstanın Aktau limanına, oradan isə Çinə göndərilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində Azərbaycanın özünü dünyaya tranzit ölkə kimi təqdim etdiyini, respublikamızın əvəzolunmaz nəqliyyat dəhlizinə çevrildiyini xüsusi olaraq diqqətə çatdırıb: “Keçən il Azərbaycan özünü dünyaya çox güclü tranzit ölkəsi kimi təqdim edə bilmişdir. Bildiyiniz kimi, nəqliyyat infrastrukturuna qoyulan sərmayə bu imkanları yaradır. Bu gün Şərqdən Qərbə, Şimaldan Cənuba gedən yollar Azərbaycandan keçir. Bu da dünya üçün yenilikdir. Bunu biz yaratmışıq. Sərmayələri qoymaqla, gözəl biznes mühitini yaratmaqla biz Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzinə çeviririk”.
Ölkə ərazisində 12 min kilometr yol çəkilməsi böyük nailiyyətdir
Son 12 ildə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, ilk iki Dövlət Proqramının həyata keçirildiyi 2004-2013-cü illərdə respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 9 min kilometri ötüb, bu müddətdə 250 yeni körpü, tunel və yol ötürücüsü inşa edilib. Haqqında bəhs olunan dövrdə Azərbaycanın bölgələrində 6 aeroport tikilib ki, onlardan da 4-ü beynəlxalq səviyyəlidir. Heydər Əliyev beynəlxalq aeroportunun yeni aerovağzal kompleksi isə 2014-cü ildə istifadəyə verilib. Bütün bunların nəticəsidir ki, indi respublikanın bölgələrindən də beynəlxalq uçuşlar həyata keçirilir və bu amil Azərbaycanın regionlarının inkişafına əlavə impuls verir.
Yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı layihələr regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı çərçivəsində də intensiv şəkildə davam etdirilir. Yeni Dövlət Proqramının icrasının birinci ili ərzində daha 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30-dan çox yeni körpü və yolötürücüləri tikilib və ya təmir olunub. Yol infrastrukturunun yenilənməsi 2015-ci ildə də intensiv şəkildə davam etdirilib. Belə ki, ötən il 400 kilometrdən artıq ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 12 yeni körpü və yolötürücüləri tikilib və ya təmir olunub. Prezident İlham Əliyev bəhs olunan konfransdakı nitqində ölkədə yol-nəqliyyat infrastrukturunun yenilənməsindən məmnunluğunu ifadə edərək deyib: “Son 12 il ərzində on min kilometrdən çox yol çəkilmişdir. Bizim bir dənə də olsun magistral yolumuz yox idi. Yəqin ki, çoxları bunu xatırlamır, hansı vəziyyətdə idi bizim yollarımız. İndi magistral yollar - şəhərləri, başqa ölkələri birləşdirən yollar çəkilib və çəkilir, kənd yolları on min kilometrdir”.
Cari ilin əvvəlindən yerli əhəmiyyətli, o cümlədən də kənd yollarının tikintisi daha da intensivləşib
Diqqəti çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycanda bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə də investisiya tutumu geniş olan yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı layihələr davam etdirilir. Ölkədə cari ilin əvvəlindən yerli əhəmiyyətli, o cümlədən də kənd yollarının müasir tələblər səviyyəsində yenidən qurulması daha da intensivləşib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində cari ildə ölkəmizin bütün bölgələrində kənd yollarının tikintisinin daha geniş vüsət aldığını nəzərə çatdıraraq deyib: “Kənd yollarının tikintisi çox sürətlə aparılır. Bu məqsədlər üçün dövlət büdcəsindən 200 milyon manat vəsait ayrılıb. Təxminən 60-70 kənd yolu layihəsi o cümlədən Bakı qəsəbələrində icra edilir və ediləcək. Bunun da çox böyük təsiri olacaq”.
Prezident İlham Əliyev təkcə cari ilin avqust ayında yerli əhəmiyyətli yolların yenidən qurulması və yaxud tikintisinin davam etdirilməsi məqsədilə bir neçə Sərəncam imzalayıb. Dövlət başçısının avqust ayında imzaladığı müvafiq sərəncamlara əsasən Quba rayonunun altı min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının, Qax rayonunda yeddi min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun, Füzuli rayonunda on iki min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolunun tikintisinin başa çatdırılması, Qazax rayonunda altı min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolunun tikintisi, Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin həyata keçirilməsi məqsədilə müvafiq məbləğdə vəsait ayrılıb. Prezident İlham Əliyevin avqustun 17-də imzaladığı müvafiq Sərəncama əsasən yeddi min nəfər əhalinin yaşadığı Kiş kəndini ətraf yaşayış məntəqələri ilə birləşdirən yeganə körpünün bərpası üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 4,0 (dörd) milyon manat vəsait ayrılıb. Dövlət başçısının avqustun 18-də imzaladığı digər bir Sərəncamla isə Şəmkir və Tovuz rayonlarını birləşdirən Zəyəmçay üzərindəki qəzalı vəziyyətə düşən körpünün bərpasına 2,0 (iki) milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 618 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Sosial

Gündəm

İqtisadiyyat

YAP xəbərləri

Analitik

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30