Naxçıvandan dünyaya: Bir dəhlizə sığmayan geosiyasət...
15.08.2026 [11:45]
Azərbaycanın mesajları: əməkdaşlıq, təhlükəsizlik və iqtisadi inkişaf...
2020-ci ildən sonra dünyada baş verən geosiyasi dəyişikliklər yalnız siyasi və təhlükəsizlik sistemlərini deyil, qlobal iqtisadi münasibətlərin coğrafiyasını da əsaslı şəkildə dəyişdirib. Yeni mərhələdə Avrasiyanın iqtisadi xəritəsi əvvəlki kimi yalnız böyük iqtisadi güc mərkəzlərinin imkanları və onların koordinatorluğu ilə müəyyənləşmir. Orta güc statusuna malik dövlətlər də qlobal proseslərin formalaşmasında getdikcə daha fəal və əvəzolunmaz aktorlara çevrilirlər. Bunun başlıca səbəblərindən biri təhlükəsizlik anlayışının özünün dəyişməsidir. Əgər əvvəlki mərhələdə iqtisadi münasibətlər daha çox siyasi təsir, hərbi güc və nəzarət mexanizmləri üzərində qurulurdusa, yeni dövrdə yol, logistika, tranzit və kommunikasiyaların təhlükəsizliyi strateji əhəmiyyət qazanır.
Bu amil Azərbaycanın 2020-ci ildən sonra cənubi Qafqazda yaratdığı reallıqların yalnız region daxilində baş verən proses kimi qiymətləndirilməməli olduğunu ortaya qoydu. Bakı postmüharibə dövründə həyata keçirdiyi təşəbbüslərlə Avrasiyanın yeni ticarət və nəqliyyat xəritəsinin formalaşmasına təsir göstərməyə başlayıb. Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən marşrutların kəsişmə nöqtəsinə çevrilməklə yanaşı, bu marşrutların siyasi və iqtisadi təhlükəsizliyini təmin edən əsas aktorlardan biri kimi çıxış edir.
Əslində, Azərbaycanın geoiqtisadi üstünlüyü məhz burada meydana çıxır: yollar Azərbaycandan keçir və müxtəlif istiqamətlər burada qovuşur. Bakı-Tbilisi-Qars, Orta Dəhliz, Şimal-Cənub marşrutu, enerji və rəqəmsal bağlantılar, eləcə də Zəngəzur dəhlizi ideyası Azərbaycanın regional deyil, transkontinental iqtisadi sistemdə rolunu gücləndirir.
Bu prosesdə Naxçıvanın əhəmiyyəti isə ayrıca strateji məna daşıyır. Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək yeni nəqliyyat bağlantısı yalnız iki Azərbaycan ərazisi arasında əlaqənin bərpası deyil. Bu xətt Avrasiyanın müxtəlif iqtisadi məkanlarını bir-birinə bağlayan daha geniş nəqliyyat arxitekturasının mühüm elementi ola bilər.
Beləliklə, Azərbaycanın yaratdığı yeni geoiqtisadi model sadəcə tranzitdən gəlir əldə etmək məqsədi daşımır. Bakı daha böyük bir məqsədə - Azərbaycanı Avrasiyanın iqtisadi-kommunikasiya sisteminin ayrılmaz mərkəzinə çevirməyə çalışır. Bu strategiyanın əsas istiqamətlərindən biri isə Naxçıvandan keçir.
Avrasiyanın müxtəlif iqtisadi qütbləri bir xətt üzərində
Bunun üçün Azərbaycan son illərdə çox ciddi siyasi və diplomatik iş aparıb. Prezident İlham Əliyevin Naxçıvandan səsləndirdiyi mesajlar da bu strategiyanın yeni mərhələsini ortaya qoydu. Sitat: “Əgər biz nəqliyyat dəhlizlərindən danışırıqsa, bu gün təbii ki, Naxçıvanın timsalında yeni nəqliyyat damarlarını görürük. Biz bunu yaradırıq. Bunu yaratmaq üçün bir çox işlər görülüb və görüləcək. Ona görə bu məsələlərə daim diqqət göstərilir və göstəriləcək”.
Bu mesajın real mənzərəsini də yarada bilərik - Azərbaycanın Çinlə siyasi və iqtisadi əlaqələri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir, Avropanın Orta Dəhlizə marağı artır, Türk dövlətləri ilə münasibətlər yeni institusional mərhələyə keçir, Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığını genişləndirir, Türkiyə ilə müttəfiqlik münasibətlərini dərinləşdirir, Körfəz ölkələri, İran, Gürcüstan və digər regional aktorlarla qurulan əlaqələr də bu geoiqtisadi xəttin ayrı-ayrı elementlərini tamamlayır.
Bütün bunların fonunda Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri çeviklik və çoxvektorluluqdur. Bakı müxtəlif iqtisadi və siyasi qütblərlə əməkdaşlıq edir, lakin bu əməkdaşlığı hər hansı bir geosiyasi blokun sərt çərçivəsinə salmır. Nəticədə Azərbaycan Şərq və Qərb arasında seçim edən deyil, Şərqi və Qərbi birləşdirən ölkə kimi çıxış edir.
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində bildirib: “Zəngəzur dəhlizinin yaradılması bildiyiniz kimi, bizim təşəbbüsümüz olub. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub. Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq”.
Bəli, bu mesajın iqtisadi mahiyyəti, xüsusilə Zəngəzur dəhlizinin fəlsəfəsində görünür. Dəhliz Azərbaycanın təşəbbüsüdür və onun əsas fəlsəfəsi regionu parçalamaq deyil, əksinə, mövcud nəqliyyat boşluqlarını aradan qaldırmaqla yeni bağlantılar yaratmaqdır. Azərbaycan bununla faktiki olaraq Avrasiyanın müxtəlif iqtisadi məkanlarını bir-birinə yaxınlaşdıran yeni xətt təklif edib.
Bu gün Çin məhsulunun Avropaya çatdırılması, Mərkəzi Asiyanın dünya bazarlarına çıxışı, Türkiyənin Şərqə bağlantıları, Avropanın Asiya bazarlarına alternativ çıxışları müzakirə olunarkən Azərbaycanın adı artıq marşrutun kənarında deyil, onun mərkəzində çəkilir. Bu, diplomatik fəallığın iqtisadi nəticəsidir.
Azərbaycan 2020-ci ildə gələcəyin iqtisadi xəritəsini hazırlamışdı
Azərbaycanın müstəqil siyasət yürütməsi yalnız siyasi qərarlarda deyil, onun iqtisadi və nəqliyyat strategiyasında da aydın görünür. Bunun ən mühüm nümunələrindən biri 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatın yaratdığı yeni reallıqdır. Prezident müsahbəsində bildirir: “İkinci Qarabağ müharibəsinin başa çatması ilə əlaqədar üçtərəfli bəyanat imzalanmışdır - Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş naziri. Əslində, bu, Ermənistan üçün kapitulyasiya aktı idi, çünki Ermənistan təslim oldu... O vaxt - noyabrın 9-da Şuşa işğaldan azad olunandan sonra Rusiya Prezidentinin vasitəsilə üçtərəfli danışıqlar gedirdi. Mən qəti təkid edirdim ki, imzalanacaq bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhliz mütləq öz əksini tapmalıdır. Ermənistan tərəfi buna razılıq vermək istəmirdi. Ancaq onun o qədər də böyük alternativləri də yox idi”.
Bu məqam əslində çox mühüm strateji nəticəyə gətirib çıxarır: Bakı müharibənin başa çatdığı ilk gündən sonrakı mərhələnin yalnız siyasi deyil, iqtisadi və kommunikasiya arxitekturasını da düşünürdü. Yəni Azərbaycanın gündəliyində artıq 2020-ci ildə regionun yeni iqtisadi konfiqurasiyasının əsas elementləri müəyyənləşmişdi.
Beləliklə, Zəngəzur istiqamətində yaradılacaq bağlantını daha böyük bir sistemin parçasına çevirirdik. Bu baxımdan Azərbaycan dünyaya sadəcə bir dəhliz təklif etmirdi. Bakı yeni iqtisadi aorta formalaşdırmaq ideyasını irəli sürürdü. Bakı yeni dövrdə qlobal rəqabətin mühüm hissəsinin hərbi güc deyil, kommunikasiya üstünlüyü, logistika imkanları və iqtisadi bağlantılar üzərindən aparılacağını aydın görürdü. Ən böyük strateji üstünlüyu isə bu yeni sistemin coğrafiyasının onun ərazisindən keçməsi idi.
Regional layihədən qlobal bağlantıya çevrilən dəhliz
2020-ci ildən sonrakı dövrdə Zəngəzur dəhlizinə bəzən yalnız Cənubi Qafqaz çərçivəsində baxılırdı. Halbuki Azərbaycan ilk gündən məsələnin daha geniş geoiqtisadi mahiyyətini ortaya qoyurdu. Bakı üçün söhbət yalnız bir nəqliyyat xəttinin yaradılmasından getmirdi. Məsələ Avrasiyanın dəyişən iqtisadi xəritəsində yeni bağlantıların formalaşdırılması idi. Azərbaycan təşəbbüsü irəli sürdü və onun reallaşması üçün siyasi-diplomatik müstəvidə geniş iş apardı. Lakin 2020-2025-ci illərdə layihənin praktiki gerçəkləşməsi istiqamətində regiondakı digər aktorların mövqeyi və addımları Azərbaycanın gözləntiləri ilə tam üst-üstə düşmədi. Bu isə prosesin uzanmasına səbəb oldu. Prezident İlham Əliyev müsahibəsində bildirir: “Ancaq İkinci Qarabağ müharibəsindən keçən 5 il ərzində Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir praktiki addım atılmamışdır. Dəfələrlə biz bu məsələni həm Rusiyaya, həm Ermənistana çatdırırdıq ki, vaxt gedir, bu bəyanat, onun vacib hissəsi icra edilmir və bu, dözülməz haldır. Müxtəlif vaxtlarda müxtəlif cavablar alırdıq, bu barədə çox danışmaq istəmirəm. Fakt odur ki, Ermənistan bunu hər cür uzatmağa çalışırdı. Rusiya tərəfi isə ya bunu təmin edə bilmirdi, ya da ki, hansısa başqa səbəblər var idi. Yəni fakt o idi ki, keçən ilin avqust ayına qədər məsələ dondurulmuş vəziyyətdə idi”.
Bakı isə bu müddətdə gözləmə mövqeyinə keçmədi. Azərbaycan müxtəlif paytaxtlarla danışıqlar apardı, Orta Dəhlizin inkişafına sərmayə qoydu, nəqliyyat infrastrukturunu genişləndirdi və öz ərazisində yeni bağlantıların yaradılması istiqamətində ardıcıl addımlar atdı. Bununla da Zəngəzur dəhlizinin regional əhəmiyyətini aşan geoiqtisadi məzmunu daha aydın və əyani şəkildə görünməyə başladı.
2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalar fonunda bu məsələ artıq daha geniş beynəlxalq gündəliyin bir hissəsinə çevrildi. Zəngəzur istiqamətində kommunikasiyaların açılması ideyası ABŞ-ın da diqqət yetirdiyi yeni regional əməkdaşlıq modelinin elementinə çevrildi. SİTAT: “Amerika Birləşmiş Ştatlarında bu məsələyə yaxınlaşmağa başlayanda, - təqribən keçən ilin yaz aylarından, yazın əvvəlində başlanmış təmaslar nəticəsində artıq bu prosesə start verilmişdir, - təbii ki, Ermənistan-Azərbaycan normallaşma prosesinə öz töhfələrini verməyə çalışırdılar, buna hazır olduqlarını bildirirdilər. Təbii ki, bizim bir neçə önəmli şərtimiz var idi, o cümlədən Zəngəzur dəhlizi”.
Bu, əslində Azərbaycanın illər əvvəl irəli sürdüyü ideyanın miqyasının hər kəs tərəfindən etirafı idi. Zəngəzur dəhlizi artıq yalnız Azərbaycan-Ermənistan münasibətlərinin predmeti deyil, Şərqlə Qərbi birləşdirəcək gələcək transkontinental bağlantının mühüm halqası kimi nəzərdən keçirilirdi. Beləliklə, Bakı bir daha göstərdi ki, öz təşəbbüsünün arxasında dayanmaqla yanaşı, onun beynəlxalq sistemdə qəbul edilməsinə nail ola bilir.
Naxçıvan Avropanı yeni iqtisadi marşruta bağlaya bilər
2026-cı ildə Azərbaycanın gündəliyində Naxçıvanla bağlı yeni bir iqtisadi əməkdaşlıq perspektivinin önə çıxması təsadüfi deyil. Azərbaycan bu istiqamətdə də yeni beynəlxalq əməkdaşlıq platforması təklif edir. Prezident İlham Əliyev bildirir ki, “Bir çox beynəlxalq qurum, bəzi ölkələr bu yola maraq göstərir, xüsusilə Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə. Onlardan biri Avropa İttifaqıdır. Avropa İttifaqının nümayəndələri Naxçıvana ezam edilmişdir. Burada yerlərdə vəziyyətlə tanış olmuşlar və onlar da bu dəhlizin iştirakçıları olmaq istəyirlər.
Biz prinsip etibarilə buna etiraz etmirik. Bizim mövqeyimiz ondan ibarətdir ki, Azərbaycanın əsas hissəsində yerləşən ərazilərdə Azərbaycan Dəmir Yolları artıq bütün işləri yekunlaşdırır və burada hər hansı bir xarici iştiraka ehtiyac yoxdur. O ki qaldı, Naxçıvan dəmir yolunun reabilitasiyasına, burada prinsip etibarilə beynəlxalq konsorsium yaradıla bilər. Təbii ki, nəzarət paketi Azərbaycan dövlətinə məxsus olmaq şərti ilə beynəlxalq konsorsium investorlardan ibarət ola bilər və biz buna açığıq. Olmasa da, biz özümüz bu yolu çəkəcəyik. Bizim indi hansısa maliyyə problemlərimiz yoxdur”.
Beləliklə, Naxçıvan dəmir yolunun reabilitasiyası və bu prosesdə beynəlxalq tərəfdaşların, o cümlədən mümkün konsorsiumların iştirakı regionun nəqliyyat arxitekturasına yeni dinamika gətirə bilər. Azərbaycanın nəzarət və strateji idarəetmə imkanlarının qorunması şərtilə beynəlxalq kapitalın və texniki imkanların bu layihəyə cəlb olunması daha geniş iqtisadi əməkdaşlıq modelinin əsasını yarada bilər.
Bu xəttin əhəmiyyəti yalnız Şərq-Qərb marşrutu ilə məhdudlaşmır. Naxçıvan həm də Türkiyə, İran və daha geniş mənada Şimal-Cənub istiqamətləri arasında əlaqələndirici mövqeyə malikdir. Deməli, Naxçıvanın nəqliyyat imkanlarının genişləndirilməsi eyni vaxtda bir neçə qlobal marşrutun effektivliyini artıra bilər.
Avropa İttifaqının və Avropa dövlətlərinin bu istiqamətə marağı da məhz bununla bağlıdır. Son illərdə Azərbaycan-Almaniya siyasi dialoqunun intensivləşməsi, qarşılıqlı səfərlər və nəqliyyat-kommunikasiya məsələlərinin gündəmdə daha çox yer alması Avropanın Cənubi Qafqazın yeni iqtisadi xəritəsinə marağının göstəricisidir.
Almaniyanın Avropanın aparıcı siyasi və iqtisadi mərkəzlərindən biri olması nəzərə alınarsa, Berlinin regiona diqqəti daha geniş Avropa maraqlarından ayrı qiymətləndirilə bilməz. Avropa üçün Azərbaycan üzərindən keçən marşrutlar Asiya ilə əlaqələrin şaxələndirilməsi, təchizat zəncirlərinin təhlükəsizliyi və alternativ logistika imkanlarının yaradılması baxımından əhəmiyyət daşıyır. Bu baxımdan Naxçıvana qoyulacaq investisiya yalnız regional layihə olmayacaq. Bu, Avropanın Cənubi Qafqazın yeni iqtisadi transformasiyasına birbaşa qoşulması anlamına gələcək.
Bakının mesajı aydındır: Cənubi Qafqaz hamı üçün açıq iqtisadi məkandır
Prezident İlham Əliyevin Naxçıvandan səsləndirdiyi mesajların ən mühüm tərəflərindən biri Azərbaycanın regiona baxışının mahiyyətini ortaya qoymasıdır. SİTAT: “ Bu yolun əhəmiyyəti dediyim kimi, təkcə Azərbaycan üçün yox, geniş coğrafiya üçün olacaq. Çünki qeyd etdiyim kimi, bu, Şərq-Qərb nəqliyyat dəhlizinin bir qolu olacaq. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin bir qolu olacaq. Çünki bu gün Şimal-Cənub nəqliyyat dəhlizi deyəndə adətən Rusiya-Azərbaycan-İran, yəni Astaraya keçid, Astara-Rəşt İran ərazisində layihə nəzərdə tutulur. Layihənin icrası bildiyimə görə, ya başlayıb, ya da ki, başlayacaq. Hər halda Azərbaycan ərazisində bu layihə hazırdır. Amma Zəngəzur dəhlizi açılandan sonra artıq Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaqdır. Məhz Zəngəzur dəhlizindən Naxçıvana girərək və Culfa dəmiryol məntəqəsindən İrana dəmir yolu var. Yəni bu layihə daha tez reallaşa bilər. Şimal-Cənub nəqliyyat dəhlizi Fars körfəzinə istiqamətləndirilir. Oradan o bölgəyə yaxın olan, məsələn, Pakistana uzana bilər. Yəni bu, çox önəmli bir nəqliyyat layihəsi olacaqdır və bunun mərkəzində Naxçıvan dayanır”.
Bakı Cənubi Qafqazda yeni sabitləşdirici xətlər yaradır. Azərbaycan regionu müxtəlif istiqamətlərdən gələn iqtisadi imkanların kəsişdiyi açıq məkan kimi görür. Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, regionda heç bir ölkənin iqtisadi inkişafı digərinin zəifləməsi hesabına baş verməməlidir. Şərqdən gələn Çin və Mərkəzi Asiya yükləri, Qərbdən gələn Avropa kapitalı, Şimaldan və Cənubdan gələn nəqliyyat imkanları vahid iqtisadi sistem daxilində birləşə bilər. Azərbaycanın təklif etdiyi model məhz belə çoxtərəfli əməkdaşlıq məntiqinə əsaslanır.
Bakı özünü bu prosesdə yalnız tranzit ölkə kimi təqdim etmir. Məqsəd nəqliyyat dəhlizləri ətrafında istehsal, logistika, xidmət, enerji və rəqəmsal iqtisadiyyat imkanlarını birləşdirən kompleks iqtisadi məkan yaratmaqdır.
Bu mənada Azərbaycanın üstünlüyü coğrafiya ilə məhdudlaşmır - coğrafiyanı siyasi iradə, diplomatik çeviklik və infrastruktur imkanları ilə birləşdirən Bakı regionun iqtisadi xəritəsini dəyişdirə biləcək imkan əldə edib.
Azərbaycanın yaratdığı imkanlar ayrı-ayrı yollar deyil, vahid geoiqtisadi şəbəkədir
Bu gün Avrasiyanın nəqliyyat və logistika dəhlizlərinin gələcəyi müzakirə olunarkən Azərbaycanın coğrafi və geoiqtisadi rolunu nəzərə almamaq mümkün deyil. Prezident İlham Əliyev bildirir ki, “Hamımız yaxşı bilirik, dəfələrlə bu barədə danışmışıq, ölkəmizin açıq dənizlərə çıxışı yoxdur, okeanlara çıxışı yoxdur. Amma bu gün Avrasiya nəqliyyat dəhlizlərinin icrası məsələləri müzakirə olunanda bizi “bypass” etmək, bizdən yan keçmək mümkün deyil. Bax, Naxçıvanın da eyni gələcəyi olacaqdır və əlbəttə ki, bu bizə həm iqtisadi, həm başqa dividendlər gətirəcək”.
Bakı artıq təkcə marşrutların üzərində yerləşən ölkə deyil. Azərbaycan müxtəlif istiqamətləri bir-birinə bağlayan, onların təhlükəsizliyinə və davamlılığına töhfə verən əsas regional mərkəzlərdən birinə çevrilib.
Bu reallığın formalaşmasında Azərbaycanın son illərdə həyata keçirdiyi infrastruktur siyasətinin xüsusi çəkisi var. Dəmir yolları, avtomobil magistralları, liman infrastrukturu, enerji xətləri və rəqəmsal bağlantılar bir-birini tamamlayan vahid geoiqtisadi sistem yaradır. Orta Dəhlizin inkişafı, Şimal-Cənub marşrutunun genişlənməsi və Zəngəzur istiqamətində kommunikasiyaların perspektivi Azərbaycanın bu sistemdəki rolunu daha da artırır.
Naxçıvan isə bu xəritənin ayrıca strateji halqasıdır. Azərbaycanla Naxçıvan arasında nəqliyyat bağlantısının yaradılması bir tərəfdən ölkənin ərazi bütövlüyü və iqtisadi inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyırsa, digər tərəfdən regionun yeni tranzit imkanlarını genişləndirir. Naxçıvan Türkiyəyə çıxış, İran istiqaməti və daha geniş Şərq-Qərb və Şimal-Cənub marşrutları ilə əlaqələnərək ayrıca logistika qovşağına çevrilə bilər. Prezident İlham Əliyevin də ifadə etdiyi məntiq məhz budur: Azərbaycan öz ərazisində elə bir nəqliyyat və iqtisadi sistem qurur ki, gələcəkdə bu marşrutlardan kənarda qalmaq istəyən heç bir tərəf onu asanlıqla “bypass” edə bilməsin. Çünki artıq Azərbaycanın yaratdığı imkanlar ayrı-ayrı yollar deyil, vahid geoiqtisadi şəbəkədir. Bu şəbəkədə Bakı mərkəzdirsə, Naxçıvan onun ən mühüm strateji qovşaqlarından biri olacaq.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55

