Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Almaniyanın dron problemi

Almaniyanın dron problemi

15.08.2026 [09:35]

Təhlükə göydən gələndə Avropa nə edəcək?

Leypsiq-Halle hava limanında baş vermiş hadisə kiçik bir dronun böyük bir dövlətin təhlükəsizlik sistemini necə sınağa çəkə biləcəyini göstərdi. Almaniya artıq tədbir görür. Amma əsas sual başqadır: Avropa belə hücumların qarşısını almağa, hücum baş verdikdə isə həyatın və iqtisadiyyatın normal axarını qorumağa hazırdırmı?

Bir vaxtlar dron deyəndə insanların ağlına əsasən uzaqdan idarə olunan kiçik uçuş aparatı, çəkiliş vasitəsi və ya həvəskarların istifadə etdiyi texnika gəlirdi. Son illər bu təsəvvür kökündən dəyişib. Ukraynada gedən müharibə pilotsuz uçuş aparatlarının müasir döyüş meydanında hansı imkanlara malik olduğunu göstərdi, indi isə həmin texnologiyanın təsiri müharibə zonasından kənara çıxaraq Avropanın gündəlik həyatına və strateji infrastrukturuna qədər gəlib çatıb. Kiçik bir dron hava limanının fəaliyyətini dayandıra, enerji obyektinin işini poza, hərbi obyekt haqqında kəşfiyyat məlumatı toplaya və hətta partlayıcı qurğu daşıya bilər.

Leypsiq-Halle hava limanında avqustun 5-də baş vermiş hadisə məhz buna görə adi bir təhlükəsizlik insidenti kimi qiymətləndirilə bilməz. Həmin gün gecə saatlarında hava limanının cənub uçuş-enmə zolağının yaxınlığında naməlum PUA aşkarlanıb, bundan sonra uçuşlar dayandırılıb, bir neçə təyyarə başqa hava limanlarına yönləndirilib. Daha sonra Ukraynaya məxsus Antonov yük təyyarəsinin yaxınlığında əldəqayırma partlayıcı qurğu daşıyan dron aşkarlanıb və onun üzərində detonatorun olduğu müəyyən edilib. Eyni vaxtda başqa bir pilotsuz aparatın yük təyyarəsi ilə toqquşması hadisənin miqyasını daha da böyüdüb. Beləliklə, söhbət artıq sadəcə icazəsiz hava məkanına daxil olan drondan getmir. Qarşıda çox ciddi sual dayanır: əgər kiçik bir pilotsuz aparat strateji əhəmiyyətli hava limanına bu qədər yaxınlaşa bilirsə, Avropanın digər kritik obyektləri nə dərəcədə qorunur? Bir dron nə qədər böyük təhlükə yarada bilər?

Burada məsələ dronun ölçüsündə və qiymətində deyil, onun yarada biləcəyi nəticədədir. Müasir kiçik PUA-nın üstünlüyü ondadır ki, onu əldə etmək nisbətən asandır, ölçüsü balacadır, aşağı hündürlükdə uça bilir və onu idarə edən şəxsin hədəfdən aralı olması mümkündür. Belə aparatın qarşısını almaq isə böyük və mürəkkəb təhlükəsizlik sistemi tələb edə bilər. Bu da təhlükəsizlik sahəsində klassik məntiqi dəyişdirir: hücum çəkən tərəf az xərc çəkir, müdafiə olunan tərəf isə daha böyük resurs sərf etməyə məcbur olur. Üstəlik, dronun böyük dağıntı törətməsi də həmişə lazım deyil, hava limanında uçuş-enmə zolağının üzərində görünməsi uçuşların dayandırılması üçün kifayətdir; enerji obyektinin fəaliyyətini bir neçə saatlıq belə dayandırmaq ciddi iqtisadi itki yarada bilər; hərbi bazanın üzərində müşahidə aparmaq isə həmin obyektə zərbə endirmədən də qiymətli məlumat toplamağa imkan verir. Məhz bu xüsusiyyət dronları asimmetrik təhlükəyə çevirir.

Daha böyük problem isə dron aşkar ediləndən sonra başlayır. Hava limanının üzərində onu vurmaq sərnişin və təyyarələr üçün əlavə təhlükə yarada bilər, radioelektron maneələr başqa rabitə sistemlərinə təsir göstərə bilər, tutucu dronlardan istifadə isə xüsusi avadanlıq və hazırlıq tələb edir. Bəzən dronu aşkar etmək onun operatorunu müəyyən etməkdən daha asan olur. Yəni təhlükəsizlik xidmətlərinin qarşısında yalnız “dronu necə tapaq?” sualı dayanmır. Əsas sual budur: onu tapandan sonra nə edəcəyik?

Ekspertlərin diqqət çəkdiyi əsas məsələ

Məsələyə yalnız polis və hərbçilərin problemi kimi yanaşmaq da düzgün olmaz. Enerji sektorundan gələn xəbərdarlıq göstərir ki, təhlükə artıq bütöv iqtisadi sistemin dayanıqlılığı məsələsinə çevrilir. E.ON şirkətinin rəhbəri Leonhard Birnbaum avqustun 12-də “Reuters”-ə bildirib ki, enerji infrastrukturunu dron hücumlarından tam qorumaq real məqsəd kimi görünmür; onun fikrincə, hətta Almaniyanın böyük hava limanlarını tam şəkildə qorumaq çətin məsələdir və enerji şəbəkəsində əsas diqqət hücumdan sonra təchizatın mümkün qədər tez bərpa olunmasına yönəldilməlidir.

Bu fikir əslində bütün kritik infrastruktur üçün ciddi mesajdır. Çünki ölkənin hər bir elektrik xəttinin, hər bir transformatorun, dəmir yolu xəttinin, su qurğusunun, limanın və digər obyektlərin üzərində eyni səviyyədə qoruyucu sistem qurmaq həm texniki, həm də maliyyə baxımından son dərəcə çətindir. Deməli, dövlətin strategiyası yalnız “hər şeyi qorumaq” üzərində qurula bilməz, həm də zərbə alanda sistemi sağlam saxlamaq və mümkün qədər tez bərpa etmək qabiliyyəti yaradılmalıdır. Bu, çox vacib dəyişiklikdir: təhlükəsizlik artıq yalnız hücumun qarşısını almaq deyil, həm də hücumdan sonra ölkənin işləməyə davam etmək qabiliyyətidir.

Almaniya hansı yola baş vurur?

Problemin ciddiliyini qəbul edən Berlin artıq antidron imkanlarını genişləndirməyə başlayıb. Leypsiq-Halle hadisəsindən sonra hava limanına mobil antidron sistemi yerləşdirilir, müşahidə qüllələrindən birində uzaq məsafədən PUA-ları aşkar edib izləyə bilən radar sistemindən istifadə olunur, əlavə aşkarlama texnologiyaları və radioelektron mübarizə vasitələrinin tətbiqi nəzərdə tutulur, eləcə də dronları havada tutmaq üçün xüsusi PUA-larla təchiz edilmiş bölmələrin imkanları artırılır. Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt isə dron təhlükəsini daha geniş hibrid təhlükəsizlik mənzərəsinin bir hissəsi kimi qiymətləndirir. Hökumət əvvəlcədən də antidron imkanlarının artırılmasını təhlükəsizlik siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirmişdi, odur ki, 2026-cı il üzrə təhlükəsizlik planlarında “aşkarla, müdafiə et, ələ keçir” prinsipi xüsusi vurğulanıb. Bununla yanaşı, kəşfiyyat qurumlarının səlahiyyətlərini genişləndirmək məsələsi də gündəmə gəlib. Avqustun 12-də hökumət BND və BfV kimi qurumların kiber və hibrid hücumlarla mübarizə imkanlarının artırılmasını nəzərdə tutan paketə razılıq verib. Burada xarici dövlətlərin mümkün fəaliyyətlərinin izlənməsi, rəqəmsal məlumatların əldə edilməsi və süni intellektdən daha geniş istifadə kimi istiqamətlər var. Təkliflərin parlamentdə təsdiqlənməsi də tələb olunur. Bu addımların hamısı bir həqiqəti göstərir: Almaniya artıq dron məsələsinə yalnız hava məkanı problemi kimi baxmır, məsələ daxili təhlükəsizlik, kəşfiyyat, kritik infrastruktur və hibrid müharibə ilə birləşir.

Başlıca problem odur ki, bir ölkədə yüzlərlə, minlərlə mühüm obyekt var, amma onları eyni səviyyədə qorumaq mümkün deyil. Ona görə Almaniya üçün növbəti mərhələ ayrı-ayrı obyektlərdə antidron sistemlərinin quraşdırılmasından daha böyük olmalıdır. Ölkədə vahid milli antidron təhlükəsizlik sistemi yaradılmalıdır. Bu sistemdə hava limanı, polis, federal polis, bundesver, kəşfiyyat orqanları, fövqəladə hallar xidmətləri və kritik infrastruktur operatorları eyni informasiya məkanında işləməlidir. Bir obyektin üzərində dron aşkar ediləndə məlumat bir qurumdan digərinə saatlarla ötürülməməli, bütün tərəflərin gördüyü vahid əməliyyat mənzərəsi yaranmalıdır. Mövcud analitik yanaşma da məhz belə inteqrasiya olunmuş arxitekturaya ehtiyac olduğunu vurğulayır.

İkinci məsələ texnologiyadır. Radar təkbaşına kifayət etmir. Radiofrekans monitorinqi, optik və infraqırmızı kameralar, digər sensorlar və süni intellektlə işləyən məlumat analizi bir sistemdə birləşdirilməlidir. Məqsəd yalnız “havada dron var” demək yox, onun haradan gəldiyini, hansı istiqamətdə hərəkət etdiyini, hansı tip aparat olduğunu və təhlükə səviyyəsini mümkün qədər tez müəyyənləşdirməkdir.

Üçüncü məsələ müdaxilə imkanlarıdır. Hər dron üçün eyni üsul işləməyəcək. Bəzən radioelektron müdaxilə kifayət edə bilər, bəzən tutucu dron lazım olacaq, bəzən isə başqa vasitə seçilməlidir. Buna görə gələcəyin müdafiəsi bir silaha və ya bir texnologiyaya bağlanmamalı, çoxqatlı antidron müdafiəsi qurulmalıdır.

Ən vacib məsələ: qərarı kim verəcək?

Leypsiq-Halle hadisəsinin ortaya çıxardığı başqa bir problem hüquqi və institusional məsuliyyətdir. Dron aşkar edildi, bəs qərarı kim verir? Polis? Federal polis? Bundesver? Hava limanı rəhbərliyi? Kəşfiyyat xidməti? Əgər dronun üzərində partlayıcı olma ehtimalı varsa, təhlükəsizlik tədbiri hansı mərhələdə dəyişir? Əgər aparat xarici dövlət tərəfindən idarə olunan mümkün sabotaj vasitəsidirsə, məsələ hansı anda cinayət işindən milli təhlükəsizlik məsələsinə çevrilir? Belə suallar böhran anında müzakirə edilməməlidir, onların cavabı əvvəlcədən hazırlanmalıdır, çünki dron təhlükəsində vaxt çox qiymətlidir. Bir neçə dəqiqə ərzində düzgün qərar verilməsə, hava limanı bağlana, təyyarələr başqa istiqamətə yönləndirilə və iqtisadi zəncir qırıla bilər. Almaniyanın qarşısında daha böyük problem dayanır. Burada söhbət yalnız dronlardan da getmir.

Dron bir hibrid təzyiq vasitəsinin yalnız bir həlqəsi ola bilər. Onun yanında kiberhücum, sabotaj, casusluq, dezinformasiya və digər vasitələrdən istifadə edilə bilər. Almaniya rəsmilərinin son aylar təhlükəsizlik vəziyyətini daha yüksək səviyyədə qiymətləndirməsinin səbəblərindən biri də məhz müxtəlif təhlükələrin bir-biri ilə əlaqələnməsi ehtimalıdır. Dobrindt iyul ayında ölkədə təhlükə səviyyəsinin yüksək olduğunu, xaricdən gələn məlumatların, casusluq və sabotaj fəaliyyətləri ilə bağlı siqnalların artdığını bildirmişdi. Deməli, gələcəyin təhlükəsizlik modeli belə görünür: bir tərəfdə adi həyat davam edir, digər tərəfdə isə dövlət həmin həyatın arxasında görünməyən təhlükələri daim izləməli olur. Bu, Avropa üçün ciddi sınaqdır.

Avropa nə tədbir görməlidir?

Almaniyanın təkbaşına gördüyü tədbirlər vacibdir, amma problemin ölçüsü milli sərhədlərdən böyükdür. Avropa İttifaqının 2026-cı il üzrə antidron fəaliyyət planında kritik infrastruktur üçün koordinasiyalı risk qiymətləndirilməsi, çoxsensorlu və süni intellekt əsaslı aşkarlama sistemləri, hüquq-mühafizə orqanları üçün hazırlıq, milli qurumlar arasında məlumat mübadiləsi, NATO ilə əməkdaşlıq, illik genişmiqyaslı antidron təlimləri və Avropa antidron mərkəzinin yaradılması kimi istiqamətlər nəzərdə tutulur. Bu istiqamət düzgündür, lakin Avropa daha bir vacib prinsip qəbul etməlidir: kritik infrastrukturun təhlükəsizliyi yalnız dövlətin işi kimi qalmamalıdır, enerji şirkətləri, hava limanları, dəniz limanları, dəmir yolu operatorları, telekommunikasiya şirkətləri və digər strateji müəssisələr təhlükəsizlik sisteminin bir hissəsinə çevrilməlidir. Almaniyada “Deutsche Telekom” və “Rheinmetall” artıq şəhərlərin və kritik infrastrukturun qorunması üçün dronların aşkarlanması, radioelektron müdaxiləsi və ələ keçirilməsini birləşdirən sistem üzərində əməkdaşlıq edir. Bu, gələcəyin istiqamətini göstərir.

Dron özüylə problem gətirir

Leypsiq-Halle hadisəsində hamının cavabını gözlədiyi suallardan biri təbii olaraq budur: dronu kim göndərib? Bu suala cavab tapılması çox vacibdir. Amma bundan əvvəl başqa sual var: nə üçün belə bir dron kritik obyektə qədər yaxınlaşa bildi? Əgər sabah istintaq həmin aparatın kim tərəfindən idarə edildiyini müəyyənləşdirsə belə, təhlükəsizlik sistemindəki boşluq haqqında sual açıq qalacaq, çünki texnologiya artıq mövcuddur və ondan yalnız bir dövlət istifadə etmir. Ucuzlaşan, kiçilən və daha çox avtomatlaşdırılan pilotsuz sistemlər gələcəkdə daha çox insanın və daha çox təşkilatın əlinə keçə bilər. Bu səbəbdən Avropa yalnız konkret hadisənin arxasındakı şəxsi və ya dövləti axtarmaqla kifayətlənməməli, öz təhlükəsizlik sistemini həmin texnologiyanın mövcud olduğu yeni dünyaya uyğunlaşdırmalıdır. Bu gün hədəf Leypsiq-Halledir, sabah başqa bir hava limanı hədəf ola bilər.

Sonra enerji stansiyası, liman, dəmir yolu qovşağı və ya rabitə mərkəzi. Ən təhlükəli səhv kiçik təhlükələri kiçik hesab etməkdir. Bir dron böyük şəhəri dağıtmaq gücündə olmaya bilər, amma hava limanını dayandıra bilər. Bir neçə saatlıq dayanma isə böyük iqtisadi sistemdə zəncirvari problemlər yaradar. Dron elektrik stansiyasını məhv etməyə bilər, amma onun fəaliyyətini dayandırmağa gücü çatar. Hərbi bazaya zərbə endirməyə də bilər, sadəcə orada nə baş verdiyini izləyər. Bu səbəbdən dronun ölçüsü onun strateji əhəmiyyətini müəyyən etmir, əsas məsələ onun nə edə bilməsidir.

Leypsiq-Halle hadisəsinin Avropaya verdiyi ən ciddi mesaj bəlkə də budur: müasir müharibə artıq tanklar, raketlər və böyük ordularla aparılmır, səssiz-küysüz şəkildə, bir neçə yüz metr yüksəklikdə uçan kiçik bir aparatın qanadlarında gəlir. Həmin aparatın özüylə gətirdiyi ən böyük problem Avropanın öz təhlükəsizliyini yeni reallığa uyğunlaşdırmağa nə qədər hazır olmasıdır. Çünki təhlükə artıq uzaqda deyil.

Kəramət Qənbərov,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müəllimi, beynəlxalq hüquq üzrə ekspert və beynəlxalq münasibətlər üzrə tədqiqatçı

Paylaş:
Baxılıb: 15 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Almaniyanın dron problemi

15 Avqust 09:35  

Maraqlı

Mobil qida

15 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Avqust 09:05  

Gündəm

Analitik

Sosial

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31