Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 45 il əvvəl Mehridən çəkilən yol və Prezidentin Naxçıvan mesajları

45 il əvvəl Mehridən çəkilən yol və Prezidentin Naxçıvan mesajları

14.08.2026 [14:40]

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Zəngəzur dəhlizi - TRIPP marşrutu ilə ilə bağlı dedikləri Ermənistanı əməlli-başlı silkələyib. Düzdür, bir sıra erməni ekspertlər hələ də dövlətimizin və dövlət başçımızın humanizmə, bəşəri ideyalara əsaslanan siyasətini dərk edə bilmir, anlamağa çətinlik çəkir, yaxud uzun illərin xəstəliyi onları normal yanaşma ortaya qoymaqdan məhrum edir...

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bir sıra spekulyasiyalara tutarlı cavab verdi. Bildirdi ki, Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub. Sitat:

“Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub. Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq”.

suhSpexBKsi0XpF7z9U5RPFzu64HYt1756ljQClb_1200.jpg (151 KB)

Bu, Zəngəzur dəhlizini kiminsə adına yazmağa çalışanlara ünvanlanmış mesajdır. Özü də tarixi coğrafiyamız haqqında öz adı ilə danışdı: Zəngəzur dəhlizi!

Cənab Prezident hər zaman Qarabağın azad olunması ilə bağlı əminliklə danışdığı kimi, Zəngəzur dəhlizinin açılacağına da zərrə qədər şübhə etməyib. Ümummilli Lider Heydər Əliyevin zamanında Qarabağa mütləq qayıdacağıq, dediyi kimi, Qərbi Zəngəzura qayıdacağımızı da inamla söyləməsini unutmamışıq. Eyni zamanda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqənin yaradılması üçün Heydər Əliyev hələ ötən əsrin 80-ci illərində əlindən gələni etmişdi. O zaman Azərbaycan SSR-in dəmiryollarının balansında olan Mehri dəmir yol stansiyası Azərbaycan Dəmir Yol İdarəsinə tabe idi. Həmin dövrdə Zəngilan – Ordubad dəmiryolu xəttinə paralel şəkildə avtomobil yolunun tikintisinə də başlanılmışdı. Bununla bağlı həm Kremlin bürokratik aparatının sədlərinin açılması, həm erməniçiliyin maneçiliyinin dəf edilməsi baxımından xeyli işlər görülmüşdü, məhz Heydər Əliyevin nüfuzu, imkanları, böyük təcrübəsi və SSRİ rəhbərliyi ilə birbaşa kommunikasiya imkanlarına malik olması səbəbindən.

WhatsApp Image 2026-08-14 at 13.23.20.jpeg (24 KB)

2021-ci ildə Musavat.com-a bununla bağlı açıqlama verən, əslən Qərbi Azərbaycandan olan, 1991-ci ildə Qərbi azərbaycanlıların sonuncu dayanacağı olan Nüvədi kəndini tərk etmək məcburiyyətində qalan sabiq millət vəkili Alqış Musayev bunları söyləmişdi:

“Ermənilərin bəhs etdiyi, həm də qorxduqları Bakı-Naxçıvan şose yolu Heydər Əliyevin proyekti idi. Həmin yolun tikintisi birbaşa Moskvanın nəzarəti altında idi. Ölkənin tikinti-quraşdırma, körpü salmağa, yol ötürücüləri qurmağa dair ən müasir avadanlıqları bu proyektin reallaşmasına səfərbər edilmişdi. Yolun bütün xərclərini SSRİ Müdafiə Nazirliyi maliyyələşdirirdi. Burada bir incəlik var. Yolun adı hərbi strateji xarakterli ola da, mahiyyətcə siyasi idi, Bakı-Naxçıvan yolu idi. Bu yolun çəkilişi ilə bağlı müzakirələr 79-cu ilin sonlarından başlayaraq start götürmüşdü. Axı Moskvanın ciddi nəzarəti altında Heydər Əliyev “mən Naxçıvana Mehridən yeni yol çəkirəm” düşüncəsini açıq-aşkar həyata keçirə bilməzdi. Ona görə bu yol Müdafiə Nazirliyinin layihəsi kimi Siyasi Büroda təsdiq edilmişdi”.

1643275402_272764185_10220713465966164_6759670985109154486_n.jpg (66 KB)

A.Musayev demişdi ki, Bakıdan Naxçıvana çəkilən yolun Nüvədiyə qədər hissəsi təxminən 430 km-dən bir qədər artıq idi:

“Nüvədiyə yol çəkiləndə Heydər Əliyev Moskvada idi...” 1983-1984-cü illərdə hətta yolun Zəngilanla Nüvədini birləşdirən hissəsində ləngimənin yaranması ilə bağlı Bakıdan yol tikinti idarəsinin nümayəndəsi də Nüvədiyə gedibmiş. Alqiş müəllim həmin şəxsin sabiq baş nazirin müavini Abid Şərifov olduğunu da söyləmişdi.

WhatsApp Image 2026-08-14 at 13.22.53.jpeg (120 KB)

A.Musayevin sözlərinə görə, o zaman Naxçıvan tərəfdən yolun ancaq Mehrinin Aldərə kəndinə qədər hissəsini çəkmək mümkün olub. Haradasa 20 km məsafə qalıbmış, amma ermənilər müxtəlif bəhanələrlə bu yolu tamamlamağa imkan verməyiblər. Əsas məqsəd Bakı-Naxçıvan birbaşa rabitəsini əngəlləmək olub və o zaman ermənilər buna nail olub, üstəlik, 300 min azərbaycanlını deportasiya ediblər, sonuncu kəndi – Nüvədini tərk edənlər də nüvədililər olub...

Deməli, Bakı-Naxçıvan quru əlaqəsini, rabitəsini yaratmaq, Zəngəzur dəhlizini tikmək, Vətənin əsas hissəsi ilə “Yavru Vətən”i birləşdirmək həm də ATA VƏSİYYƏTİni icra etməkdir. Necə ki, cənab Prezident 8 Noyabrda, Fəxri xiyabanda, Ulu Öndərin məzarını ziyarət etdikdən sonra “Mən fəxr edirəm ki, ata vəsiyyətini icra etdim”, söyləmişdi, necə ki, torpaqlarımızın azadlığına, suverenliyimizin təmin olunmasına nail oldu, eynilə paytaxtımızla Naxçıvan yurdumuz arasında əlçatan əlaqənin, sərbəst gediş-gəlişin təmin olunmasına da tarixi imzasını atacaq, buna zərrə qədər şübhəmiz yoxdur. Eynilə Qərbi azərbaycanlıların qarşısında çıxış edərkən biz mütləq Göyçəyə, Zəngəzura, Vedibasara qayıdacağıq, müjdəsinin heç də söz xatirinə deyilmədiyini əməlləri ilə sübut edəcək Qalib Lider! Amma artıq bütün bunlar savaşlarla deyil, sülh yolu ilə, düşməni islah etməklə mümkün olacaq, necə ki, artıq İrəvanda çoxları reallıqları anlayır. Bir gün gələcək: Zəngəzur dəhlizi ilə, Ordubad istiqamətinə qatarlar və avtomobillər paralel yollarla hərəkət edəcəklər...Qərbi Azərbaycandan olan sakinlərimiz də Mehri stansiyasında doğma yurdlarına rahat şəkildə çatacaqlar, inşallah!

DAHLİZ.jpg (240 KB)

Prezident təsadüfən noyabrın 9-da Şuşa işğaldan azad olunandan sonra Rusiya prezidentinin vasitəsilə üçtərəfli danışıqları xatırlatmadı. Sitat: “Mən qəti təkid edirdim ki, imzalanacaq bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhliz mütləq öz əksini tapmalıdır. Ermənistan tərəfi buna razılıq vermək istəmirdi. Ancaq onun o qədər də böyük alternativləri də yox idi. Müharibə davam etdirilsəydi, əlbəttə, biz də itkilər verəcəkdik, amma Ermənistan daha çox itki verəcəkdi. Çünki onların qoşunları demək olar ki, mühasirədə idi və onları məhv etmək faktiki olaraq tam mümkün idi. Ona görə bunu istəməsələr belə, Ermənistan buna razılıq verdi və o bəyanat hamıya bəllidir, orada xüsusi bir bənd var”.

Bəli, bu həm də Zəngəzur dəhlizi ilə bağlı müddəanın ilk olaraq 9-10 noyabr 2020-ci il üçtərəfli bəyanatda əksini tapdığını deyib, özünə dəhlizdə yer etmək istəyənlərə ünvanlanmış xatırlatmadır. Yəni ideya müəllifi Azərbaycan Prezidentidir, digər tərəfdən, Azərbaycan dövləti Rusiya və Ermənistanın hərəkətə keçməsi, Zəngəzur dəhlizində işlərə başlaması üçün 5 ilə yaxın gözlədi. Əgər kimlərsə güman edirdisə ki, Azərbaycanı növbəti dəfə Ermənistanla hərbi qarşıdurmaya sövq edib, özlərinin “sülhməramlıları” ilə dəhlizdə əbədi qalacaqlar, yanıldılar. Azərbaycan Dəmir Yumruqla məsələni birdəfəlik həll edib və sülh planına sadiqdir, əgər kimlərsə yolunu azmasa, beləcə davam edəcək...

Diqqət edin, dövlətimizin başçısı daha sonra Zəngəzur dəhlizinə aparan yolla bağlı nə deyir:

“Amerika Birləşmiş Ştatlarında bu məsələyə yaxınlaşmağa başlayanda, - təqribən keçən ilin yaz aylarından, yazın əvvəlində başlanmış təmaslar nəticəsində artıq bu prosesə start verilmişdir, - təbii ki, Ermənistan-Azərbaycan normallaşma prosesinə öz töhfələrini verməyə çalışırdılar, buna hazır olduqlarını bildirirdilər. Təbii ki, bizim bir neçə önəmli şərtimiz var idi, o cümlədən Zəngəzur dəhlizi”.

Dövlətimizin iradəsinin növbəti dəfə nəzərə alınması, cənab Prezidentin qətiyyətli siyasətinə uyğun anlaşmanın əldə olunması bölgədə diktə edənin kimliyini bir daha nümayiş etdirir. Amma Azərbaycan Prezidenti 44 gündən sonra müharibəni davam etdirib, mühasirədə olan erməni ordusunu sonuncu nəfərinədək məhv etməyi qarşısına məqsəd qoymadığı kimi, döyüş əməliyyatlarını Ermənistanın içərilərinədək davam etdirməyə lüzum görmədiyi kimi, - hansı ki, 30 illik cinayətlər, terror siyasəti, dinc insanlara qarşı soyqırımlar, erməni canilərin bir çoxunun İrəvanda gizlənməsi faktı və s. buna kifayət qədər haqq verirdi – bu gün sülh şəraitində Ermənistanın dalanda qalmasını, məhv olmasını yox, öz siyasəti nəticəsində düşdüyü təcrid vəziyyətindən çıxmasını, kommunikasiyaların qurulmasını, əlaqələrin yaradılmasını, Azərbaycanın yaratdığı imkanlardan bəhrələnməsini, Zəngəzur dəhlizindən keçəcək elektrik enerjisi, qaz xətlərinin imkanlarından istifadəsini təklif edir. Bu, hər liderə, dövlət başçısına xas xüsusiyyət deyil.

Amma ermənilər içərisində elə xəstələr var ki, yenə də ortalığı qarışdırmağa çalışırlar, dövlətimizin humanist siyasətinə qara yaxmağa çalışırlar. Siyasi elmlər doktoru, energetika təhlükəsizliyi üzrə ekspert Vahe Davtyan yerli mətbuata açıqlamasında iddia edib ki, guya Azərbaycanın məqsədi Ermənistanı regionun energetika sahəsindəki unikal strateji mövqeyindən məhrum etməkdir.

a6wPbXzEtPmBXB2sosAH5qRIGCySCTS0nO0Qa1xP_1200.jpg (334 KB)

Təsəvvür edin, Azərbaycan dövləti bir ildir Ermənistan üçün taxıl yolu açıb, bu ölkə Azərbaycan yanacağının sayəsində əlavə imkanlar əldə edib, şərti sərhədlərdə hərbçiləri ölmür, amma yenə də içlərindəki xıltdan xilas ola bilmirlər. Sanki 30 il ərzində Azərbaycan onları işğal altında saxlayıb...Hətta baş nazir Nikol Paşinyan bu günlərdə bildirdi ki, 8 avqust 2025-ci ilədək Ermənistan çıxılmaz vəziyyətdə idi, artıq təcrid durumundan çıxıb və erməniləri təbrik etdi. Davtyan kimilər isə cəmiyyəti çaşdırmağa çalışırlar. Amma başa düşmürlər ki, daha bu cür cəhdlərin mənası yoxdur, uzağı Zəngəzur dəhlizindən keçəcək qatarın altında qalıb əzilmək olar, onun yolunu kəsmək mümkün deyil. Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində bildirdi ki, azərbaycanlı mütəxəssislər hətta Ermənistan ərazisində - Zəngəzur dəhlizinin 42 km-lik hissəsindən söhbət gedir - tədqiqatlar aparıblar və elektrik verilişi xətlərinin dirəklərinin quraşdırıla biləcəyi ehtimal olunan yerləri müəyyənləşdiriblər. Dövlətimizin başçısı həmçinin Ermənistandakı region üçün təhlükəli “Metsamor” AES-i bağlandıqdan sonra ölkənin enerji böhranı ilə üzləşə biləcəyini istisna etməyib və Bakının “əlavə elektrik enerjisi mənbəyi” təmin etməyə hazır olduğunu bildirib. Davtyan bu barədə də danışıb, amma sağlam məntiq əsasında yox.

54ec9b67-92e0-38cf-95a5-6fb45429b5c4_1200.jpg (318 KB)

Azərbaycan Ermənistan üçün də hər an dəhşətli fəlakətlərə səbəb ola biləcək “Metsamor”un ləğvini təklif edirsə, buna görə Prezident İlham Əliyevə minnətdar olmaq lazımdır! Digər tərəfdən, Ermənistanın işğalçı siyasəti nəticəsində 90-cı illərdə Naxçıvanın yarım milyonluq əhalisi qaz və elektrik enerjisi problemi ilə baş-başa qalıb, çox əziyyətlər çəkib. Amma Azərbaycan bunun da qisasını almağı düşünmür, əksinə, Ermənistanı fəlakət saçan “Metsamor”un əlindən alıb, ona Azərbaycanın işığını, qazını təklif edir.

Azərbaycanın enerji imkanlarına şübhə ilə yanaşmağa cəhd edən zavallı Davtyan elə bu günlərdə Naxçıvanda günəş elektrik stansiyalarıyla bağlı yeniliklərin ərsəyə gətirilməsi, Şərqi Zəngəzurda yaşıl enerjinin istehsalı ilə bağlı sürətli işləri görməzdən gəlir, kadastr sənədi olmayan ölkəsinin Rusiya və İran asılılığı barədə reallıqları nəzərə almır...

fb36f55969d1f58a3c936baeaa782.jpg (63 KB)

Zəngəzur dəhlizi – TRIPP marşrutundan bəhs edən erməni ekspert daha sonra iddia edir ki, bu konfiqurasiya Azərbaycanın və Türkiyənin strateji maraqlarına cavab verir. O, Bakının Ermənistanda TRIPP üzrə hazırlıq işlərinin başlanmasını sürətləndirmək cəhdini məhz bununla izah edib...

Deyirlər paxıl insanın duası belə olar: “Allahım, mənim bir gözümü çıxar, qonşunun iki gözünü”. Bax, bizə belə bir paxıl qonşu nəsib olub... Amma... bunların xəstəliyi uzunmüddətli, sistemli müalicə tələb edir, başa düşürük. Vaxtilə süfrəmizin kənarında oturdub, çörək verdiklərimiz sonra torpaqlarımızı qəsb etdilər, indi də işıq, qaz, çörək təklif edirik, qaranlıqdan, tuneldən, dalandan çıxartmaq istəyirik, əvəzində nifrət toxumları səpirlər. Hər kəs öz əkdiyini biçəcək, bu, tarixən belə olub...

Azərbaycan öz işi ilə məşğuldur, ata vəsiyyətinin icrasının növbəti mərhələsindəyik, təqribən 45-46 ildir yarımçıq qalan işlərin reallaşdırılmasına bu dəfə kimsə müqavimət göstərə, onun qarşısını ala bilməz! Müstəqil siyasət yürüdən, heç bir mərkəzdən asılı olmayan, kiminsə diktəsi ilə hərəkət etməyən ölkədən və Qalib Sərkərdədən danışırıq!i

Elşad Paşasoy

Paylaş:
Baxılıb: 120 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Sosial

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31