Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Nəqliyyat daşımalarında son 5 ilin rekord göstəricisi

Nəqliyyat daşımalarında son 5 ilin rekord göstəricisi

13.08.2026 [11:50]

Hazırda dünyanın ayrı-ayrı regionlarında müşahidə edilən geosiyasi və geoiqtisadi gərginliklər fonunda daşımalar üçün təhlükəsiz marşrutların önəmi heç vaxt olmadığı qədər arıb. Belə bir şəraitdə eyni vaxtda iki mühüm beynəlxalq nəqliyyat marşrutunun - Şərq - Qərb və Şimal - Cənub dəhlizlərinin fəal üzvü olan Azərbaycan diqqət mərkəzinə gəlir. Avrasiyada ayrı-ayrı ölkələr və şirkətlər yüklərinin respublikamız üzərindən lazımi ünvanlara çatdırılmasına üstünlük verirlər.

Yaranmış vəziyyətdə Azərbaycan beynəlxalq nəqliyyat-logistika qovşağı kimi mövqeyini daha da möhkəmləndirir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, eləcə də son illərdə reallaşdırılan iri infrastruktur layihələri nəticəsində cari ilin ilk 7 ayında ölkəmiz üzərindən tranzit daşımaların həcmi 9,1 milyon tonu ötərək son 5 ilin rekord səviyyəsinə yüksəlib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz çoxdur. Xüsusilə tranzit yükdaşımaların həcmi Şərq-Qərb istiqamətində 16,5 faiz, Şimal-Cənub istiqaməti üzrə isə 14,3 faiz artıb.

Azərbaycanın mövqeyinin güclənməsini şərtləndirən əsas amillər

Azərbaycan Avrasiyada son dərəcə əlverişli coğrafi mövqeyə malikdir ki, bu da daşımalar baxımından ölkəmizə böyük üstünlüklər qazandırır. Lakin coğrafiya Azərbaycanın rəqabətqabiliyyətliliyini artıran yeganə amil deyil. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, əldə olunan nəticələr son illərdə nəqliyyat və logistika sahəsində həyata keçirilən islahatlar, rəqəmsallaşma, infrastrukturun modernləşdirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qlobal ticarət marşrutlarında baş verən dəyişiklikləri, həmçinin Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub dəhlizləri üzrə strateji mövqeyinin və rəqabət qabiliyyətinin əhəmiyyətli dərəcədə artdığını göstərir.

Bu dinamika son illər nəqliyyat və logistika sahəsində aparılan islahatların birbaşa nəticəsidir. İnfrastrukturun modernləşdirilməsi, aidiyyəti qurumlar arasında koordinasiya hesabına əməliyyat səmərəliliyinin artırılması, rəqəmsallaşma və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, həmçinin  qlobal ticarət marşrutlarında baş verən dəyişikliklər öz rolunu oynayıb. Bu amillərin məcmusu Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub marşrutu üzrə mövqeyini və rəqabət qabiliyyətini xeyli möhkəmləndirib.

Azərbaycanın nümunəsi həqiqətən unikaldır. Ölkəmiz öz siyasətini hər zaman perspektiv inkişafı nəzərə almaqla qurur. Bu, həmçinin ölkə ərazisi boyunca müasir nəqliyyat-logistika infrastrukturunun yaradılmasına da aiddir. Prezident Özünün müdrik strateji baxışlarını ifadə edərək bildirir ki, nəqliyyat infrastrukturunun inkişafına qoyulan investisiyalar gələcəyə yönəldilən sərmayələrdir. Bu günün reallıqları dövlətimizin başçısının uzaqgörənliyinin əyani təsdiqidir.

Zəruri fiziki infrastrukturun qurulması hər bir ölkənin nəqliyyat-logistika cəlbediciliyinin artmasının əsas şərtlərindən biri qismində çıxış edir.  Prezident İlham Əliyev də son 22 ildə ölkəmizin əlverişli coğrafi mövqeyini nəzərə almaqla strateji baxış nümayiş etdirərək qeyd olunan sahənin inkişafına həssas yanaşma sərgiləyib. Onun qətiyyətli siyasi iradəsi ilə ölkə boyunca böyük həcmlərdə investisiya qoyuluşu hesabına çoxsaylı nəqliyyat-logistika layihələri uğurla icra olunub və respublika ərazisindən keçən bütün marşrutlar üzrə tranzit daşımalarının optimal vaxt rejimində səmərəli şəkildə həyata keçirilməsinə geniş imkanlar yaradılıb. Tam qətiyyətlə deyə bilərik ki, hazırda Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat-logistika mərkəzinə çevrilib ki, bu da respublikamızın regional və qlobal miqyasda önəmini artıran çox mühüm amillərdən biri qismində çıxış edir.

Ötən dövrdə Azərbaycan müasir nəqliyyat infrastrukturunun yaradılmasına kompleks yanaşma sərgiləyib. Belə ki, nəqliyyat-logistika sahəsində reallaşdırılan layihələr müxtəlif istiqamətləri - avtomobil yollarını, dəmiryolunu, su və hava nəqliyyatını əhatə edib. Ölkədə  məqsədyönlü şəkildə həyata keçirilən müasir nəqliyyat infrastrukturu quruculuğu siyasətinin konkret nəticələrini avtomobil yollarının yenilənməsinin timsalında aydın şəkildə görmək mümkündür. Respublikamızda hər il təxminən min kilometr uzunluğunda avtomobil yolları tikilir və yaxud əsaslı şəkildə yenidən qurulur.

Reallaşdırılan çoxsaylı layihələr sayəsində respublikamızda dəmir yolu şəbəkəsinin texniki imkanları və keyfiyyət göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb, texnika parkı  modernləşib. Müvafiq Dövlət Proqramının icrası çərçivəsində çoxsaylı layihələr reallaşdırılıb.  Bu çərçivədə Bakı-Böyük Kəsik istiqamətində 355 km yol əsaslı təmir olunub və 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib.

Həmçinin respublikamızda 10-dək aeroportun inşası təmin edilib. Hazırda ölkənin regionlarında da beynəlxalq səviyyəli hava limanları fəaliyyət göstərir. Füzulidə, Zəngilanda və Laçında olmaqla daha 3 beynəlxalq səviyyəli hava limanı isə işğaldan azad olunmuş ərazilərdə yaradılıb.

Orta Dəhlizin funksionallığı artır - daşıma müddəti qısalır, rəqabət qabiliyyəti yüksəlir

Əlverişli coğrafi mövqeyə malik Azərbaycan Orta Dəhlizin təsisçi dövlətləri sırasında yer alır. Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan,  Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların  sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat  marşrutdur.

İndiyədək Azərbaycan Transxəzər marşrutunun funksionallığının artmasında müstəsna rol oynayıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatında vurğulanır ki, Orta Dəhliz üzrə həyata keçirilən islahatların ən mühüm nəticələrindən biri yükdaşımaların sürətlənməsidir. Bir neçə il əvvəl Çin-Avropa marşrutu üzrə daşımalar 38-53 gün çəkirdisə, hazırda bu müddət orta hesabla 12 günə qədər azalıb. Daşıma müddətinin azalmasına elektron icazə sistemlərinin, e-TIR və e-CMR kimi rəqəmsal həllərin tətbiqi, yüklərin real vaxt rejimində izlənməsi, gömrük və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, eləcə də dövlət qurumları arasında məlumat mübadiləsinin sürətləndirilməsi mühüm töhfə verib.

Bu yanaşma çərçivəsində Azərbaycanda bir sıra genişmiqyaslı layihələr həyata keçirilib. Bakı-Tbilisi-Qars dəmir yolunun buraxılış qabiliyyətinin ildə 5 milyon tona çatdırılması, sərhəd-buraxılış məntəqələrinin modernləşdirilməsi, dəmir yolu şəbəkəsinin elektrikləşdirilməsi və yenilənməsi, avtomagistralların tikintisi və bərpası, habelə hava limanı infrastrukturunun inkişafı bu sırada yer alır.

Bu istiqamətdə mühüm addımlardan biri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yaradılan “Bir Pəncərə” İnformasiya Sistemi - Rəqəmsal Logistika Platformasıdır. Platforma sənəd dövriyyəsini sürətləndirir, prosedurları sadələşdirir və biznes üçün daha çevik logistika ekosistemi formalaşdırır. Növbəti mərhələdə platformanın Orta Dəhliz üzrə tərəfdaş ölkələrin analoji sistemləri ilə inteqrasiyası nəzərdə tutulur ki, bu da marşrut boyunca səmərəliliyin daha da artmasına səbəb olacaq.

Bu günlərdə təqdim olunan platforma Azərbaycan Prezidentinin 15 dekabr 2025-ci il tarixli 547 nömrəli Fərmanına uyğun olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yaradılıb. Yeni sistem idxal, ixrac, tranzit və nəqliyyat əməliyyatları üzrə məlumatları, xidmətləri və sənəd dövriyyəsini vahid rəqəmsal mühitdə inteqrasiya etməklə xarici iqtisadi fəaliyyət iştirakçıları üçün daha sadə, şəffaf və izlənilə bilən xidmət imkanları yaradır.

“Bir Pəncərə” İnformasiya Sistemi sahibkarların inzibati yükünün azaldılmasına, dövlət xidmətlərinə çıxışın asanlaşdırılmasına və xarici ticarət proseslərinin daha səmərəli təşkilinə xidmət edir. Platformanın tətbiqi ilə logistika zəncirində operativliyin artırılması, məlumat mübadiləsinin sürətləndirilməsi və ticarət əməliyyatlarının optimallaşdırılması nəzərdə tutulur.

Paralel olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq tərəfdaşlarla birlikdə “e-CMR”, “e-Permit” və “e-CIM/SMGS” elektron qaimə sistemi kimi müasir rəqəmsal nəqliyyat alətlərinin mərhələli tətbiqi istiqamətində iş aparır. Bu alətlərin tətbiqi beynəlxalq daşımalarda kağızsız texnologiyaların istifadəsini genişləndirəcək və beynəlxalq nəqliyyat dəhlizləri iştirakçıları arasında nəqliyyat məlumatlarının daha səmərəli mübadiləsini təmin edəcək.

İndiyədək  Azərbaycan dövlətinin güclü siyasi iradəsi sayəsində Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstanla Orta Dəhlizdə elektron icazə (E-Permit) sisteminin  tətbiqi razılaşdırılıb. Artıq siyayıya beşinci dövlət - qonşu Gürcüstan da əlavə olunub. Bu günlərdə iki ölkə arasında  avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarında elektron icazə (E-Permit) sisteminin tətbiqinə başlanılıb.

Əməkdaşlıq davamlı olaraq genişlənir

Respublikamız Orta Dəhliz üzrə tərəfdaş ölkələrlə nəqliyyat əlaqələrinin gücləndirilməsi, sərhəd-keçid prosedurlarının optimallaşdırılması və rəqəmsal məlumat mübadiləsinin genişləndirilməsi istiqamətində fəal əməkdaşlıq aparır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi və ötürücülük qabiliyyətinin artırılması, yeni müasir sərnişin və yük vaqonlarının alınması istiqamətində müqavilələrin imzalanması, Xəzər limanları arasında koordinasiyanın gücləndirilməsi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində həyata keçirilən birgə layihələr marşrutun etibarlılığını və rəqabət qabiliyyətini daha da artırır.

Azərbaycan Orta Dəhliz boyunca yerləşən bütün ölkələrlə nəqliyyat infrastrukturunun inkişafının sinxronlaşdırılması və marşrut boyunca daşımaların səmərəliliyinin artırılması məqsədilə fəal əməkdaşlıq aparır. Bu məqsədlə birgə infrastruktur layihələrinin əlaqələndirilməsinə, nəqliyyat əlaqələrinin inkişafına və daşımaların səmərəliliyinin artırılmasına yönəlmiş bir sıra ikitərəfli və çoxtərəfli yol xəritələri, sazişlər və qarşılıqlı anlaşma memorandumları imzalanıb. Hazırda Orta Dəhlizin gələcək inkişafı və institusional möhkəmləndirilməsi yolunda mühüm addım olacaq çoxtərəfli sazişin hazırlanması istiqamətində də iş aparılır.

Dəniz nəqliyyatının inkişafı xüsusi diqqət mərkəzində

Ötən dövrdə həmçinin respublikamızda dəniz nəqliyyatının inkişafı xüsusi diqqət mərkəzində saxlanılıb.  Bu gün Azərbaycan Xəzərdə ən böyük daşıma donanmasına malikdir. Burada əlamətdar məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan nəqliyyat imkanlarını ölkə hüdudlarından kənara çıxarmağı bacarıb. Qara dənizdə daşımalar həyata keçirmək üçün üç böyük tanker alınıb. Onların hər biri 115 min ton yükgötürmə qabiliyyətinə malikdir. Ölkəmizdə gəmiqayırma zavodunun yaradılması da böyük uğurdur.  Bəhs olunan müəssisənin açılış mərasimi dövlətimizin başçısının iştirakı ilə 20 sentyabr 2013-cü ildə baş tutub. İstehsalat Xəzər dənizində ən müasir tələblərə cavab verən istənilən növ müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə, dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatında respublikamızda dəniz nəqliyyatının inkişafına ayrıca diqqət çəkilib. Vurğulanır ki, Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasında Xəzər dənizi seqmentinin səmərəli fəaliyyəti həlledici əhəmiyyət daşıyır. Son illər Ələt Limanının və dəniz nəqliyyatı infrastrukturunun gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər artan tranzit yük axınlarının fasiləsiz və operativ şəkildə daşınmasına əlverişli şərait yaradıb.

Artan tələbatı nəzərə alaraq Ələt Limanının konteyner aşırma gücü 100 min TEU-dan 150 min TEU-ya çatdırılıb, 7-ci körpü istismara verilib və yükqaldırma qabiliyyəti 125 ton olan yeni nəsil kran istifadəyə verilib. Hazırda limanın illik yükaşırma gücü 15 milyon ton təşkil edir. Davam edən genişləndirmə layihəsinin başa çatması ilə bu göstəricilərin müvafiq olaraq 25 milyon tona və 500 min TEU-ya çatdırılması nəzərdə tutulur.

Limanın yüksək tələbatı onun fəaliyyət göstəriciləri ilə də təsdiqlənir: Ötən il Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə 8,2 milyon tondan çox yük və 107 min TEU konteyner aşırılıb.

Ələt nəqliyyat-logistika qovşağının inkişafının digər mühüm istiqamətini Ələtdə yük aeroportunun tikintisi layihəsi təşkil edir. Yeni aeroport dəniz, dəmir yolu, avtomobil və hava nəqliyyatının imkanlarını birləşdirərək multimodal logistika kompleksinin bir hissəsinə çevriləcək ki, bu da yüklərin emalının səmərəliliyini artırmağa və Orta Dəhlizin potensialını genişləndirməyə imkan verəcək.

Eyni zamanda, Xəzər dənizində yükdaşımaların artan həcmlərinin qarşılanması məqsədilə Bakı Gəmiqayırma Zavodunda ilk beynəlxalq kommersiya sifarişi üzrə 4 yük gəmisinin inşası davam etdirilir. Bundan əlavə, 2025-ci il sentyabrın 16-da “Bakı Gəmiqayırma Zavodu” MMC ilə “AD Ports Group” şirkəti arasında Xəzər dənizində istismar üçün nəzərdə tutulan, hər biri 780 TEU tutumlu iki konteyner daşıyıcı gəminin tikintisinə dair müqavilə imzalanıb. Bununla yanaşı, iritutumlu bərə layihəsi, “Ro-Ro” daşımalarının genişləndirilməsi, özəl sektorla birgə həyata keçirilən təşəbbüslər və donanmanın mərhələli yenilənməsi kimi addımlar Xəzər keçidinin ötürücülük qabiliyyətini daha da artıraraq Orta Dəhliz üzrə yükdaşımaların dayanıqlığını gücləndirəcək.

Həyata keçirilən bu tədbirlər artıq konkret nəticələr verir. Belə ki, bu ilin yanvar-iyul aylarında Ələt Limanında konteyner aşırmaları ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artaraq 72,370 TEU, quru yük aşırmaları isə 82 faiz artaraq 1,4 milyon tona çatıb.

Öz növbəsində tranzit yükdaşımalarda müşahidə olunan artım yalnız nəqliyyat sektorunun inkişafını deyil, bütövlükdə qeyri-neft iqtisadiyyatında əlavə dəyərin və iqtisadi fəallığın genişlənməsini təmin edir. Eyni zamanda, tranzit potensialının güclənməsi Azərbaycanın qlobal təchizat zəncirlərində etibarlı tərəfdaş kimi rolunu möhkəmləndirir, xarici investisiyalar üçün cəlbediciliyini artırır və ölkənin geoiqtisadi əhəmiyyətini daha da yüksəldir.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 45 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

İqtisadiyyat

Yeddi ayda...

12 Avqust 15:00

Siyasət

17-ci səfər...

12 Avqust 13:17

Analitik

Məkkə üçbucağı

12 Avqust 10:25  

Analitik

Sosial

Mavi sərvətin taleyi

12 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31