Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Böyük nəqliyyat və logistika xəritəsinin mühüm qovşağı...

Böyük nəqliyyat və logistika xəritəsinin mühüm qovşağı...

13.08.2026 [09:45]

Naxçıvan Avrasiyanın yeni iqtisadi xəritəsində özünəməxsus yer tutacaq

İlham Əliyev: Əgər biz nəqliyyat dəhlizlərindən danışırıqsa, bu gün təbii ki, Naxçıvanın timsalında yeni nəqliyyat damarlarını görürük

2020-ci ildən sonra Cənubi Qafqazda formalaşan yeni reallıqlar regionun iqtisadi-ticari, eləcə də nəqliyyat potensialının inkişafı istiqamətində də mühüm perspektiv formalaşdırıb. Vətən müharibəsinin nəticələri regionda yeni kommunikasiya imkanlarının yaranması üçün də mühüm siyasi və iqtisadi zəmin formalaşdırıb. Bu gün Bakı Avrasiyanın mühüm geosiyasi məkanlarından birində yerləşən ölkə kimi Şərqlə Qərb, Şimalla Cənub arasında nəqliyyat və logistika əlaqələrinin genişləndirilməsində aparıcı rol oynayır. Son illərdə inkişaf etdirilən iqtisadi layihələr Azərbaycanı böyük mənada Avrasiyanın nəqliyyat xəritəsinin əsas mərkəzlərindən birinə çevirib. Bu geniş xəritədə Naxçıvanın xüsusi yeri var.

Uzun illər Ermənistan tərəfindən yaradılmış blokada şəraitində yaşayan Naxçıvan bu gün tamamilə fərqli perspektivlə üz-üzədir. Azərbaycanın əsas hissəsindən ayrı düşmüş muxtar respublikanın əlverişli coğrafi mövqeyi yeni kommunikasiya imkanlarının formalaşması ilə mühüm iqtisadi üstünlüyə çevrilə bilər. Bu baxımdan Zəngəzur dəhlizi xüsusi əhəmiyyət daşıyır. Dəhlizin reallaşması Naxçıvanı Azərbaycan daxilində mühüm nəqliyyat bağlantısı, daha geniş anlamda isə Şərqlə Qərb arasında yeni tranzit qovşağı kimi ön plana çıxarır. Bu proses həm muxtar respublikanın iqtisadi inkişafına, həm Azərbaycanın tranzit potensialının genişlənməsinə, həm də bütövlükdə regionda yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edəcək. Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, “məsələn, əgər biz nəqliyyat dəhlizlərindən danışırıqsa, bu gün təbii ki, Naxçıvanın timsalında yeni nəqliyyat damarlarını görürük. Biz bunu yaradırıq. Bunu yaratmaq üçün bir çox işlər görülüb və görüləcək. Ona görə bu məsələlərə daim diqqət göstərilir və göstəriləcək”.

Naxçıvanı Şərqlə Qərbin qovşağına aparan yol

Naxçıvanın malik olduğu strateji coğrafi mövqenin yaratdığı imkanların tam reallaşdırılması baxımından ən mühüm istiqamətlərdən biri Zəngəzur dəhlizidir. Azərbaycanın təşəbbüsü kimi postmüharibə dövründə gündəmə gətirilən bu kommunikasiya layihəsi artıq regional nəqliyyat gündəliyinin mühüm elementlərindən birinə çevrilib. Dəhliz ideyasının ətrafında formalaşan siyasi və iqtisadi diqqət onun yalnız Azərbaycan üçün deyil, daha geniş coğrafiyada yerləşən dövlətlər üçün də əhəmiyyət daşıdığını göstərir. Dəhlizin əsas üstünlüklərindən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yeni nəqliyyat bağlantısının yaradılmasıdır. Lakin layihənin əhəmiyyəti bununla məhdudlaşmır. Bu marşrut Şərqdən Qərbə uzanan daha geniş nəqliyyat sisteminin tərkib hissəsinə çevrilməklə Xəzər hövzəsini Cənubi Qafqaz, Türkiyə və Avropa ilə daha səmərəli şəkildə əlaqələndirə bilər.

Vurğulandığı kimi, Azərbaycanın təşəbbüsü ilə gündəmə gətirilən dəhliz zaman keçdikcə müxtəlif ölkələrin və beynəlxalq nəqliyyat aktorlarının diqqət mərkəzinə daxil olub. Çünki müasir dünyada nəqliyyat dəhlizləri yalnız yükdaşımaların həyata keçirildiyi yollar deyil, həm də iqtisadi əlaqələrin, ticarətin və regional əməkdaşlığın əsas dayaqlarıdır. Naxçıvan üçün isə layihənin əhəmiyyəti daha böyükdür. Muxtar respublika bu dəhlizin mühüm həlqələrindən birinə çevrilərək Şərqdən gələn nəqliyyat axınlarının Qərbə istiqamətləndirilməsində əsas tranzit məkanlardan biri kimi çııxış edəcək. Bunun nəticəsində Naxçıvanda logistika mərkəzlərinin, yükdaşıma infrastrukturlarının, anbar komplekslərinin və yeni biznes imkanlarının inkişafı üçün əlverişli şərait yaranacaq.

Ən mühüm məqam isə Naxçıvanın coğrafi mövqeyinin real iqtisadi üstünlüyə çevrilməsidir. Əsrlər boyu Şərqlə Qərb arasında keçid məkanı olmuş Naxçıvan müasir nəqliyyat infrastrukturu hesabına bu tarixi funksiyanı yeni məzmunla bərpa edir. Bu baxımdan Zəngəzur dəhlizi sadəcə bir yol layihəsi deyil, Naxçıvanın gələcək geoiqtisadi mövqeyini müəyyənləşdirə biləcək strateji layihə kimi qiymətləndirilir.

Naxçıvan: Qərbə açılan qapı

Zəngəzur dəhlizinin əhəmiyyəti yalnız Şərq istiqaməti ilə məhdudlaşmır. Bu layihənin əsas strateji perspektivlərindən biri də Naxçıvan üzərindən Türkiyəyə, oradan isə Avropaya çıxış imkanlarının genişlənməsidir. Bu baxımdan Naxçıvan Azərbaycanı Qərb bazarlarına bağlayan mühüm nəqliyyat halqasına çevrilmək potensialına malikdir.

Dəhliz çərçivəsində Naxçıvana dəmir yolu bağlantısının bərpası istiqamətində görülən işlər bu perspektivi daha da gücləndirir. Digər tərəfdən, Türkiyə ərazisində Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin həyata keçirilməsi iki qardaş ölkə arasında nəqliyyat əlaqələrinin yeni mərhələyə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təməlqoyma mərasimi 22 avqust 2025-ci ildə baş tutan layihə Zəngəzur dəhlizinin mühüm hissələrindən biri kimi təqdim edilir. Xəttin ümumi uzunluğu 224 kilometrdir və Qars-İğdır-Aralıq-Dilucu marşrutu üzrə çəkilir. Dilucu məntəqəsi Türkiyənin Naxçıvanla sərhədində yerləşir. Layihə iki xətli, elektrikləşdirilmiş və siqnalizasiya sistemli dəmir yolu kimi inşa olunur. Nəzərdə tutulan xətt üzrə illik təxminən 5,5 milyon sərnişin və 15 milyon ton yükdaşıma qabiliyyəti göstərilir. Layihənin texniki tərkibinə 5 stansiya, 5 tunel, 19 açıq-qapalı tunel, 10 körpü, 3 viyadük, 144 alt keçid, 27 üst keçid və 480 suötürücü qurğu daxildir. Bu layihə Naxçıvanın Türkiyə və daha geniş Avropa nəqliyyat sisteminə inteqrasiyası üçün yeni imkanlar yaradacaq.

Göründüyü kimi, Naxçıvanın coğrafi mövqeyi onu yalnız Azərbaycanın digər əraziləri ilə əlaqələndirilən məkan kimi deyil, həm də Avrasiyanın böyük nəqliyyat şəbəkəsində tranzit seqmenti kimi təqdim edir. Xəzərdən başlayan nəqliyyat marşrutlarının Naxçıvan və Türkiyə üzərindən Avropaya çıxması qlobal mənada yeni iqtisadi və logistika imkanları yaradır.

Beləliklə, Zəngəzur dəhlizi Naxçıvanı yalnız Şərqə bağlayan marşrut deyil. Əksinə, onun strateji mahiyyətində Şərq-Qərb əlaqələrinin təmin edilməsi dayanır. Bu baxımdan Naxçıvan gələcəkdə Qərb dünyası üçün Şərqin qapılarından birinə çevrilə bilər. Bu isə Muxtar Respublikanın geosiyasi əhəmiyyətini artırmaqla yanaşı, onun iqtisadi potensialının da yeni səviyyəyə yüksəlməsinə imkan verəcək.

Azərbaycanın əsas hissəsi ilə birbaşa bağlantı - tarixi ayrılığın aradan qalxması

Zəngəzur dəhlizinin Naxçıvan üçün ən mühüm nəticələrindən biri Muxtar Respublikanın Azərbaycanın əsas hissəsi ilə birbaşa quru bağlantısı əldə etməsidir. Bu məsələ yalnız nəqliyyat və logistika baxımından deyil, həm də milli, siyasi və iqtisadi baxımdan xüsusi əhəmiyyət daşıyır. Uzun illər ərzində Naxçıvan Azərbaycanın digər ərazilərindən ayrı vəziyyətdə qalıb və bu coğrafi təcrid onun iqtisadi inkişaf imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.

Vətən müharibəsindən sonra Azərbaycanın qarşıya qoyduğu əsas hədəflərdən biri məhz regionda bütün kommunikasiyaların açılması və nəqliyyat əlaqələrinin bərpası oldu. Azərbaycanın bu istiqamətdə irəli sürdüyü yanaşma zaman keçdikcə daha geniş məna kəsb etdi. Çünki regionda kommunikasiyaların açılması yalnız Azərbaycan və Ermənistan arasındakı münasibətlər üçün deyil, bütövlükdə Şərq-Qərb nəqliyyat marşrutlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında birbaşa quru bağlantısının yaradılması Muxtar Respublikanın iqtisadi həyatında ciddi dəyişikliklərə yol açacaq. Yük və sərnişin daşımalarının asanlaşması, logistika xərclərinin azalması, yeni ticarət əlaqələrinin yaranması və investisiya imkanlarının genişlənməsi Naxçıvanın iqtisadi fəallığını artıracaq. Eyni zamanda muxtar respublikanın Azərbaycan iqtisadiyyatına inteqrasiyası daha da dərinləşəcək.

Bu bağlantı dövlətlərarası münasibətlər baxımından da mühüm nəticələr doğura bilər. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, kommunikasiyaların açılması və regional iqtisadi əlaqələrin genişlənməsi qarşılıqlı asılılığı artıraraq uzunmüddətli sabitliyə xidmət edə bilər. Yəni nəqliyyat xətti zamanla siyasi və iqtisadi əməkdaşlığın mühüm alətinə çevrilə bilər.

Əslində, Azərbaycanın müharibədən sonra irəli sürdüyü kommunikasiya təşəbbüslərinin əsas məntiqi də bundan ibarətdir: regionda qarşıdurma və təcrid modelindən əməkdaşlıq və qarşılıqlı fayda modelinə keçid. Naxçıvanın Azərbaycanla birbaşa quru əlaqəsinin bərpası bu yeni yanaşmanın ən mühüm nəticələrindən biri ola bilər.

Blokadadan Avrasiyanın logistika mərkəzinə

Naxçıvanın əsrlər boyu malik olduğu strateji coğrafi mövqe Ermənistanın işğalçılıq siyasəti və yaratdığı blokada səbəbindən ciddi məhdudiyyətlə üzləşmişdi. Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsinin kəsilməsi muxtar respublikanın iqtisadi inkişafına, nəqliyyat imkanlarına və xarici bazarlara çıxışına mənfi təsir göstərirdi. Buna baxmayaraq, Naxçıvan bu ağır şərtlər altında öz iqtisadi və sosial həyatını qoruyub saxladı.

Bu mərhələdə Ulu öndər Heydər Əliyevin Naxçıvanın sosial-iqtisadi və siyasi baxımdan ayaqda qalması üçün həyata keçirdiyi siyasət xüsusi əhəmiyyət daşıyırdı. Onun Naxçıvanda fəaliyyət göstərdiyi dövr Muxtar Respublikanın tarixində mühüm mərhələ olmaqla yanaşı, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi baxımından da əhəmiyyətli hadisələrlə yadda qaldı. Blokada şəraitində Naxçıvanın inkişaf etdirilməsi həmin dövrün əsas siyasi və iqtisadi çağırışlarından biri idi.

Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regional nəqliyyat siyasəti Naxçıvanın qarşısında yeni imkanlar açır. Azərbaycanın əsas hissəsi ilə gələcək birbaşa bağlantı, Türkiyə ilə nəqliyyat əlaqələrinin genişləndirilməsi və Şərq-Qərb marşrutlarına inteqrasiya Muxtar Respublikanın iqtisadi potensialının daha geniş miqyasda reallaşdırılmasına imkan verəcək. Naxçıvanın tarixi coğrafi üstünlüyü müasir infrastrukturla tamamlanacaq. Vaxtilə blokada səbəbindən istifadə olunmayan tranzit imkanları yeni nəqliyyat dəhlizləri sayəsində real iqtisadi dəyər qazanacaq. Beləliklə, Naxçıvanın blokada ilə assosiasiya olunan keçmişindən Avrasiyanın mühüm nəqliyyat və logistika qovşaqlarından biri kimi yeni gələcəyinə keçid üçün tarixi imkan yaranır. Vaxtilə blokadanın yaratdığı coğrafi məhdudiyyətlərlə üzləşən Naxçıvan indi həmin coğrafi mövqeyi özünün ən böyük geoiqtisadi üstünlüyünə çevirmək mərhələsinə daxil olur.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 126 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Sosial

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31