Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisdə 2017-ci ilin büdcə zərfinə daxil olan məsələlər müzakirə olunur

Milli Məclisdə 2017-ci ilin büdcə zərfinə daxil olan məsələlər müzakirə olunur

07.12.2016 [09:47]

Gələn il üçün dövlət büdcəsinin gəlirləri 15 milyard 955 milyon manat nəzərdə tutulur
Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclasda 2017-ci ilin büdcə zərfinə daxil olan məsələlər müzakirəyə çıxarılıb. Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, dünya iqtisadiyyatında inkişaf templəri zəifləyib, makroiqtisadi göstəricilərin pisləşməsi Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib. Onun sözlərinə görə, ötən dövrdə dünya bazarında xam neftin qiymətində kəskin dəyişikliklərin müşahidə edilməsi, neftin qiymətinin aşağı düşməsi nəticəsində ölkəmizin valyuta gəlirləri gözləniləndən az olub və Mərkəzi Bankın monetar siyasətində müvafiq düzəlişlər edilməsi zərurəti yaranıb: “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bu proseslərin ölkəmizə mənfi təsirini mümkün qədər azaltmağa imkan verib. Mövcud problemlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlayıb. Bizə təqdim edilmiş büdcə zərfinin sənədlərində də göründüyü kimi, 2017-ci il və növbəti 3 il ərzində ölkə iqtisadiyyatında real iqtisadi artım proqnozlaşdırılır”.
O.Əsədov qeyd edib ki, bu artımın əsas amili iqtisadiyyatın neftdən asılılığını tədricən zəiflətmək yolu ilə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi olacaq: “Müzakirəyə çıxarılan sənədlərdən göründüyü kimi, 2017-ci ilin dövlət büdcəsinin gəlir və xərclərində cari illə müqayisədə azalma baş verib. Buna baxmayaraq, əvvəlki illərdə olduğu kimi, büdcənin sosialyönümlülüyü saxlanılır. Gələn il büdcədə sosial müdafiə və ona bərabər tutulan məqsədlər üçün ayrılan, habelə məqsədli dövlət proqramlarına yönəldilən vəsait istisna olmaqla, digər xərclərdə ixtisarlar nəzərdə tutulur. Bununla bərabər, ölkənin müdafiə qudrətinin, milli təhlükəsizliyin gücləndirilməsi üçün büdcədən lazımi qədər vəsait ayrılıb. Növbəti ilin dövlət büdcəsi ilə bağlı əsas məqamlardan biri Vergilər Nazirliyi xətti ilə qeyri-neft sektorundan daxilolmaların artması və Dövlət Neft Fondundan transfertin azaldılmasıdır. Həmin transfertin məbləği 1,5 milyard manat azaldılaraq 6,1 milyard manat proqnozlaşdırılır”.
Sonra çıxış edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, hər il olduğu kimi, bu il də dövlət büdcəsinin müzakirəsi cəmiyyətin diqqət mərkəzindədir. Onun sözlərinə görə, Azərbaycanın iqtisadi qüdrətinin artmasında, ölkəmizin sosialyönümlü problemlərinin həllində dövlət büdcəsi müstəsna rol oynayıb. Məhz büdcə sistemi vasitəsilə reallaşdırılan layihələr Azərbaycanın iqtisadi gücünün artmasına, onun beynəlxalq aləmdəki mövqeyinin formalaşmasına təsir edib.
“Son illər dünyada baş verən iqtisadi sarsıntılar hər bir ölkənin iqtisadiyyatına təsir edir. Bu, eyni zamanda, aparılan siyasətdə müəyyən dəyişmələri də ehtiva edir. Son illər dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar neft iqtisadiyyatı üstün olan ölkələrdə büdcədə azalmalar müşahidə edilir. Əlbəttə ki, Azərbaycan da bu təsirlərdən kənarda qalmayıb. Lakin uzun illər ərzində aparılan düşünülmüş siyasət bu təsirlərin minimuma endirilməsini təmin edib”, - deyə komitə sədri vurğulayıb.
Sonra maliyyə naziri Samir Şərifov 2017-ci ilin büdcə layihəsi barədə məlumat verib. Nazir deyib ki, gələn il üçün dövlət büdcəsinin layihəsi 2017-2020-ci illər üçün ölkəmizin tərtib olunmuş makroiqtisadi proqnoz göstəricilərinin, habelə dünya iqtisadiyyatında gözlənilən meyillərin təhlili əsasında hazırlanıb. Qlobal maliyyə böhranının davam etməsi və son illər növbəti fazaya keçməsi, 2014-cü ilin ikinci yarısından etibarən dünya enerji bazarlarında neftin qiymətinin kəskin enməsinin mənfi fəsadları ölkə iqtisadiyyatında keyfiyyətcə yeni makroiqtisadi şərait formalaşdırıb. Təqdim olunan 2017-ci ilin dövlət büdcəsinin layihəsi bu makroiqtisadi şəraitin yaratdığı yeni iqtisadi təlatümləri və reallıqları, habelə ölkəmizin üzləşdiyi strateji çağırışları nəzərə alır, Azərbaycan Prezidenti İlham Əliyevin ənənəvi olaraq sosialyönümlü siyasətinin davam etdirilməsi üçün müvafiq maliyyə təminatını yaradır.
Nazir qeyd edib ki, 2017-ci il üçün dövlət büdcəsinin gəlirləri 15 milyard 955 milyon manat nəzərdə tutulur. Bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 867 milyon manat və ya 5,2 faiz azdır. “Gələn il üçün neft sektorundan gəlirlər üzrə proqnozların azalması fonunda dövlət büdcəsi gəlirlərinin 8 milyard 100 milyon manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək. Növbəti ildə Vergilər Nazirliyi hesabına 7 milyard 210 milyon manat daxilolma proqnozlaşdırılır. Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 2 milyard 200 milyon manat daxil olacaq”, - deyə Samir Şərifov vurğulayıb.
Bildirilib ki, bir neçə gün əvvəl Tarif Şurası tərəfindən qəbul olunan qərarla bir sıra enerji məhsulları üzrə diferensiallaşmış tariflərin tətbiq olunması məqsədəuyğun hesab edilib. Bununla əlaqədar, 2017-ci ilin dövlət büdcəsinin Milli Məclisə təqdim edilmiş layihəsində nəzərdə tutulan gəlirlər üzrə daxilolmaların artacağı gözlənilir. Nazir deyib ki, Prezident İlham Əliyevin tapşırığı ilə həmin gəlirlərin əhəmiyyətli hissəsi əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinə yönəldiləcək.
Büdcə xərcləri barədə məlumat verən Samir Şərifov deyib ki, 2017-ci il dövlət büdcəsinin xərcləri 16 milyard 600 milyon manat təşkil edəcək. Bu da cari illə müqayisədə 1 milyard 895 milyon manat azdır. Samir Şərifov qeyd edib ki, 2017-ci il dövlət büdcəsi xərclərinin 5 milyard 615 milyon manatı konkret proqram və tədbirlərin maliyyələşməsinə yönəldilmək üçün nəzərdə tutulub. Vurğulanıb ki, Azərbaycan Prezidentinin 2017-ci ilin dövlət büdcəsi xərclərinin sosialyonümlülüyünun təmin olunması ilə bağlı müəyyən etdiyi hədəflərə müzakirə edilən layihədə əsasən nail olunub. Layihədə sosialyönümlü xərclərin ümumi çəkisi 40,3 faiz səviyyəsində müəyyən edilib. Bu xərclər cari illə müqayisədə 292 milyon manat artırılaraq 6 milyard 686 milyon manat nəzərdə tutulub.
Bildirilib ki, ümumtəhsil məktəblərində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi yolu ilə əmək haqlarının əhəmiyyətli dərəcədə - orta hesabla 35 faizədək artırılmasını təmin etmək məqsədilə əvvəlki illərdə başlanılmış işlərin 2017-ci ildə də davam etdirilməsi istiqamətində müvafiq vəsait proqnozlaşdırılır. 2017-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə dövlət büdcəsi xərclərinin 12,4 faizi və ya 2 milyard 53 milyon manatının ayrılması nəzərdə tutulub. Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi üçün dövlət büdcəsindən 178 milyon manat, onların məskunlaşma və yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Dövlət Neft Fondunun büdcəsindən 90 milyon manat və xaricdən cəlb edilmiş kreditlər hesabına 26 milyon manat, ümumilikdə isə 294 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Qeyd edilib ki, Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyaclarını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq və mənzil ipotekasının tətbiqi üçün 2017-ci ilin dövlət büdcəsindən 100 milyon manat ayrılması nəzərdə tutulub. Müdafiə xərclərinə isə 2017-ci ilin dövlət büdcəsinin xərclərinin 16,7 faizi həcmində vəsait nəzərdə tutulub. Bu, cari illə müqayisədə 2,9 faiz çoxdur. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərclərinə gələn ilin dövlət büdcəsindən 517 milyon manat vəsait ayrılacaq. Bu vəsaitin bir qismi kənd təsərrüfatının aparıcı sahələrinin stimullaşdırılması və kompleks inkişafı, o cümlədən torpaqlardan səmərəli istifadə, pambıqçılığın, tütünçülüyün, taxılçılığın və baramaçılığın inkişafı üçün maliyyə təminatı kimi nəzərdə tutulub.
Ərzaq təhlükəsizliyi proqramının icrası üçün 190 milyon manat, əsaslı vəsait qoyuluşu xərcləri hesabına pambıqçılığın inkişafı və xüsusi təyinatlı kənd təsərrüfatı texnikasının alınması üçün 200 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən suvarma sistemləri layihələrinin maliyyələşdirilməsi üçün 70 milyon manat, xaricdən alınan kreditlər hesabına həyata keçirilən layihələr üçün 80 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Eyni zamanda, qeyri-neft məhsullarının ixracının təşviqi üçün Azərbaycan Prezidentinin müvafiq qərarına əsasən gələn ilin dövlət büdcəsindən 10 milyon manat vəsait ayrılacaq.
Qeyd edilib ki, diplomatik xidmət orqanlarının saxlanılması ilə bağlı xərclər üçün gələn ilin büdcəsindən 102 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. 2017-ci ilin dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 620 milyon manat səviyyəsində proqnozlaşdırılır. Bu da cari illə müqayisədə 143 milyon manat azdır. Gələn ildən xərclərini öz gəlirləri hesabına təmin edən rayon və şəhərlərin sayı 6-dan 33-ə çatdırılacaq. 2017-ci ildə rayon və şəhərlərin yerli xərclərinə dövlət büdcəsi xərclərinin 4,2 faizi həcmində vəsait yönəldiləcək.
Nazir deyib ki, 2017-ci ilin dövlət büdcəsinin əsaslı xərcləri 5 milyard 213 milyon manat məbləğində proqnozlaşdırılır. Diqqətə çatdırılıb ki, növbəti il üçün dövlət büdcəsinin kəsiri 645 milyon manat məbləğində müəyyən edilir.
İcmal büdcənin əsas parametrləri barədə danışan nazir məlumat verib ki, 2017-ci il üçün icmal büdcənin gəlirləri 19 milyard 721 milyon manat, xərcləri isə 20 milyard 967 milyon manat nəzərdə tutulub. Dövlət Neft Fondunun büdcəsinin xərcləri 6 milyard 951 milyon manat proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 3 milyard 685 milyon manat azdır.
İqtisadiyyat naziri Şahin Mustafayev isə çıxışında bildirib ki, 2017-ci il üçün əhalinin gəlirləri 46,2 milyard manat, orta aylıq əməkhaqqı 508,4 manat, ölkə üzrə inflyasiya proqnozları da nəzərə alınmaqla yaşayış minimumu 155 manat proqnozlaşdırılır. Onun sözlərinə görə, Azərbaycanın iştirakı ilə reallaşdırılan qlobal əhəmiyyətli layihələr, o cümlədən Bakı-Tbilisi-Qars, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və “Şimal-Cənub” nəqliyyat dəhlizi və digər layihələr nəqliyyat sektorunun artımını təmin edəcək. Eyni zamanda, qeyri-neft sektorunun inkişafı üçün xüsusi əhəmiyyəti olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla, xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı işlər artıq başlanılıb.
“Hazırda ölkədə yeni iqtisadi şəraitə adaptasiyası və iqtisadiyyatın strukturunun yenidən balanslaşdırılması prosesi davam etməkdədir. Bütün bu amillər, o cümlədən neftin qiymət dinamikası, habelə iqtisadiyyatın diversifikasiyası və struktur islahatların sürətləndirilməsi üzrə tədbirlər nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi tərəfindən müxtəlif ssenarilər təhlil edilərək proqnozlar hazırlanıb”, - deyən Ş.Mustafayev əlavə edib ki, növbəti ildə inflyasiyanın birrəqəmli olması əsas şərtlərdəndir. Onun sözlərinə görə, mövcud risklər, habelə neft sektorunun azaldıcı, qeyri-neft sektorunun artırıcı təsirləri nəzərə alınmaqla 2017-ci ildə Azərbaycanda ÜDM-in 1%, növbəti illərdə isə orta hesabla 2%-dən çox artacağı gözlənilir. 2017-ci ildə tədiyyə balansının müsbət olacağı proqnozlaşdılır. Qeyri-neft sktorunun inkişafının növbəti illərdə 2 faizdən artıq olacağı nəzərdə tutulub.
“2017-ci və qarşıdakı 3 il üçün neftin qiyməti 40 dollar götürülüb. Növbəti illərdə sənaye ilə bağlı istehsal sahələrinin artırılması nəzərdə tutulur ki, bu da bir sıra yeni iş yerlərinin yaradılmasına səbəb olacaq. Əczaçılıq sənayesinin inkişafı, eləcə də dərmanla bağlı tələbatın ödənilməsi məqsədilə ölkəmizdə dərman zavodunun təməli qoyulub. Həmin zavodda 90-dan çox adda dərman istehsal olunacaq. Burada vacib olan amillərdən biri ixracyönümlü istehsal edən zavodlarda istehsalın yerli məhsullar hesabına həyata keçirilməsidir. Qeyri-neft sənayesi sahəsində 7,4 faiz artım proqnozlaşdırılır. Respublikanın 19 rayonunda əlavə 29 aqroparkın yaradılması təşviq olunur. Bu parklarda yeni müəssisələrin yaradılması nəzərdə tutulur. Kənd təsərrüfatı torpaqlarından daha səmərəli istifadə olunması, yeni komplekslərin yaradılması da gələcək planlardandır. Nəqliyyat sahəsində 4 faizdən çox artım proqnozlaşdırılır. Ölkə başçısının tapşırığı ilə sosial layihələr gələn il də davam etdiriləcək. İpoteka sistemi genişləndiriləcək, sosial evlərin tikilməsi ilə həm aztəminatlı ailələr evlə təmin olunacaq, həm də məşğulluğun inkişafına öz təsirini göstərəcək”, - deyə nazir vurğulayıb.
“2017-ci ildə makroiqtisadi sabitliyin möhkəmlənməsi, manatın məzənnəsinin sabitləşməsi, təsbit olunması, qiymətlərin sabitliyinin təmin edilməsi, makroiqtisadi sərtliyin azaldılması üçün imkanlar olacaq”. Bu fikri isə Mərkəzi Bankın sədri Elman Rüstəmov çıxışında deyib. E.Rüstəmov bildirib ki, bu gün əsas prioritet makroiqtisadi sabitliyin möhkəmləndirilməsidir. “İlkin olaraq biz sabitləşdirmə siyasətinə keçməliyik ki, investorlar bizə inansınlar və vətəndaşların, dövlətin gəlirinin artırılması həyata keçirilsin. Makroiqtisadi çərçivənin əsas elementlərindən olan bank sektorunda tezliklə sabitliyin və kredit aktivliyinin bərpa olunmasına çalışırıq. Mərkəzi Bankın diqqət yetirdiyi əsas məsələ Maliyyə Nazirliyi ilə birlikdə makroiqtisadi sabitliyin bərpasıdır. Bu istiqamətdə ciddi işlər gedir. Yaxın zamanlarda bu işlər yekunlaşacaq”, - deyən E.Rüstəmov həmçinin qeyd edib ki, Azərbaycan qlobal, beynəlxalq layihələr həyata keçirir. Bu layihələri maliyyələşdirmək üçün ölkə öz valyuta resurslarını müəyyən dərəcədə gərginləşdirməyə məcbur olub. Bunları qiymətləndirsək, bütünlükdə tədiyyə balansının bu il gözlənilən 5 milyard dollar mənfi saldosu əhəmiyyətli rəqəmdir. Bunun 88-90 faizi kapitalın hərəkəti ilə bağlıdır. Bu, keçmiş və gələcək üçün götürülən borclarla, öhdəliklərlə və eyni zamanda, həyata keçirdiyimiz layihələrdən götürəcəyimiz gəlirlərlə əlaqədardır.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxışında qeyd edib ki, Palata tərəfindən 2017-ci il üçün dövlət büdcəsinin layihəsinə rəy hazırlanıb. Təqdim edilən rəydə növbəti il üçün dünya iqtisadiyyatındakı əsas meyillər, ölkəmizdə formalaşan makromühit, 2017-ci il üçün proqnozlaşdırılmış əsas makrogöstəricilərin, dövlət büdcəsinin gəlir və xərclərinin büdcə-vergi siyasətinin əsas istiqamətlərinə və bu göstəricilərə adekvatlılığı qiymətləndirilib, toplu maliyyə balansına münasibət bildirilib, dövlət büdcəsinin bütün parametrləri ətraflı təhlil edilib və qanun layihəsinin qüvvədə olan qanunvericiliyə uyğunluğu araşdırılıb.
“2017-ci il dövlət büdcəsi haqqında qanunun layihəsi “Büdcə sistemi haqqında” Qanunun 16-cı maddəsinə uyğun hazırlanıb. Builki zərfə daxil olan 2017-ci il üçün büdcə-vergi siyasətinin əsas istiqamətləri və vəzifələri daha konstruktiv və praqmatik yanaşma ilə tərtib edilib. Büdcə-vergi siyasətinin əsas prinsipləri müasir dövrün çağırışlarına uyğun müəyyən edilib, eləcə də növbəti ildə büdcəni gözləyə biləcək risklər təhlil olunub, baş verə biləcək təhdidlərə qarşı fəaliyyət və tədbirlərin konturları cızılıb. Gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən 2017-ci ildə gözlənilən gəlirlər 2016-cı ilin gözlənilən gəlirləri ilə bağlı 5,2 faiz azalma ilə proqnozlaşdırılıb. Ümumilikdə qanunda 14 daxilolma ilə artım, 3 daxilolma ilə azalma proqnozlaşdırılıb, 3 daxilolma ilə isə daxilolmanın məbləği sabit saxlanılıb”, - deyə Hesablama Palatasının sədri bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmanı əsasında 9 publik hüquqi şəxs yaradılması təmin ediləcək. Bu isə həmin təşkilatların əlavə maliyyə mənbəyi, əlavə gəlir əldə etməsi, eyni zamanda, dövlət büdcəsinin yükünün azaldılması deməkdir.
Daha sonra iclasda millət vəkilləri çıxış edərək büdcə layihəsinə münasibət bildiriblər.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 602 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

YAP xəbərləri

YAP xəbərləri

Sosial

Gündəm

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30