Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclası keçirilib

26.04.2017 [09:21]

İclasda 36 məsələyə baxılıb
Dünən Milli Məclisin növbəti iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq 36 məsələnin daxil olduğu gündəliyi təqdim edib. Əvvəlcə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi qəbul olunub.
İclasda Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında layihəyə baxılıb. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, dəyişikliklər “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna uyğunlaşdırma məqsədilə edilib. Eyni məqsədlə “Vətəndaşların müraciətləri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə də dəyişikliklər olunub. Qanun layihələri qəbul edilib.
Daha sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini təqdim edərək bildirib ki, məcəlləyə “korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi ilə əlaqədar qanunvericiliyin tələblərinin pozulması” məzmunlu 594-2-ci maddə əlavə edilir.
Əli Hüseynli “Dövlət qulluğu haqqında” qanunda dəyişikliklər edilməsi barədə sənədlə əlaqədar məlumat verib. Bildirilib ki, sənədə dəyişikliklər Azərbaycan Konstitusiyasına 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş dəyişikliklərə uyğun olaraq, yeni yaradılmış Birinci vitse-prezidentin xidmətində olan dövlət qulluqçularının statusunu, təminatını və dövlət orqanındakı təsnifatını müəyyən etmək üçün təklif edilir. Qeyd olunub ki, inzibati vəzifələrin ali təsnifatında Birinci vitse-prezidentin fəaliyyətini təmin edən struktur bölmələri, rəhbəri, müavin və müşavir vəzifələri nəzərdə tutulur. Bu qanun layihəsi məhz həmin prosedurların yerinə yetirilməsini özündə ehtiva edir. Sənəd səsə qoyularaq qəbul edilib.
Sonra Əli Hüseynli “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə məlumat verib. Qeyd olunub ki, dəyişiklik “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunda dəyişiklik edilməsi barədə 2016-cı il 29 noyabr tarixli 437-VQD nömrəli qanuna uyğunlaşdırma məqsədi ilə edilib. Bu sənəd də deputatların razılığı ilə təsdiqlənib.
İclasda “Yol hərəkəti haqqında” Qanunda dəyişikliklər edilməsi məsələsinə də baxılıb. Komitə sədri Əli Hüseynli bildirib ki, Qanunun 27-ci maddəsi Azərbaycanın ərazisində bütün mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının bu qanunla və ona uyğun olaraq Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınması qaydalarını müəyyən edir. Qeyd edilib ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi zamanı bir sıra tələblər irəli sürülür. Onlardan biri nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və daimi uçota alınması, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, habelə nəqliyyat vasitəsinin müayinəsi ilə bağlı hərəkətlərin fasiləsiz olaraq həyata keçirilməsi, digəri isə nəqliyyat vasitəsinin müayinəsinin növbələrin yaranmasını istisna edən şəraitdə xüsusi avadanlıqlarla təchiz olunmuş yerlərdə aparılmasının təmin olunmasıdır. Texniki baxışın da bu sıraya əlavə edilməsi nəzərdə tutulur.
Yeni təklifə əsasən, nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. Qanuna əsasən, nəqliyyat vasitəsi istehsal olunduqları vaxtdan dörd il keçdikdə iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə ildə bir dəfə texniki baxışın keçirilməsi nəzərdə tutulur. Nəticə etibarı ilə bu təklif texniki baxışı həyata keçirən qurumların fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edir. Qanun layihəsi qəbul edilib.
İclasda “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1295-IVQD nömrəli Qanununda, eləcə də “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunda təkmilləşdirmə məqsədilə təklif edilən dəyişiklik də təsdiqlənib.
Sonra BMT-nin narkotiklərə nəzarət üzrə siyahılarına yeni 2 növ narkotik maddə və 4 psixotrop maddə daxil edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda və Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişikliklər edilməsi haqqında qanun layihələri qəbul edilib.
Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə əsasən isə mehmanxana və bu tipli obyektlər, müvəqqəti yaşayış üçün nəzərdə tutulan digər tikinti obyektləri “yerləşmə vasitələri” adlandırılır və statusuna görə yaşayış sahəsi hesab edilir. Nəticədə, özəl mənzil fonduna aid çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mülkiyyətçi tərəfindən yerləşmə vasitəsi kimi istifadəsi üçün heç bir prosedur qaydası (yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi) tələb olunmayacaq.
İclasda qanunvericiliyin təkmilləşdirilməsi və uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Mülki məcəllələrində, eləcə də “Müflisləşmə və iflas haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihələri də qəbul edilib. Sonra Bakı şəhər prokuroru Əziz Cəfər oğlu Seyidovun Ali Məhkəmənin hakimliyinə namizədliyi məsələsinə də baxılıb. Nəticədə, Əziz Seyidov Ali Məhkəmənin hakimi vəzifəsinə seçilib. Qeyd edək ki, Bakı şəhər prokuroru Ə.Seyidovun səlahiyyət müddəti bu il başa çatıb.
Qanunvericiliyin təkmilləşdirilməsi və uyğunlaşdırılması məqsədilə iclasda Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar, Vergi, Gömrük məcəllələrində, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Dövlət rüsumu haqqında”, “Yol hərəkəti haqqında”, Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri də qəbul olunub.
Sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Valyuta tənzimi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini təqdim edərək bildirib ki, layihə ölkədə yeni lisenziyalaşdırılan fəaliyyət növünün - valyuta mübadiləsi fəaliyyətinin yaradılması məqsədilə hazırlanıb. Belə ki, həmin fəaliyyət növü Azərbaycan Respublikasında xarici valyutanın qanunla müəyyən edilmiş qaydada alınması, satılması və dəyişdirilməsini nəzərdə tutur və lisenziyalaşdırılan fəaliyyət növüdür.
Müzakirələr zamanı çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov təxminən bir il öncə valyutadəyişmə məntəqələrinin bağlanmasının doğru olmadığını bildirib O, ölkəmizdə əvvəl mövcud olan valyutadəyişmə məntəqələrinin təkmilləşdirilməsini təklif edib: “Axı bizdə valyutadəyişmə məntəqələri var idi. Yeni kəşfə ehtiyac yoxdur. Mövcud olanı təkmilləşdirib problemi həll etmək olar. Məsələ ilə bağlı qanunda çatışmazlıq varsa, onu qəbul edək, əgər fərman və ya sərəncama ehtiyac varsa, o zaman bununla bağlı təqdimat verilsin”.
Ölkəmizdə 1 il müddətində 1000-dən artıq valyutadəyişmə məntəqəsinin fəaliyyətinin dayandırıldığını deyən millət vəkili qeyd edib ki, bunun nəticəsində çoxlu sayda insanlar işsiz qaldı, pullar isə qara bazarda dövr etdi: “Bundan əvvəl valyutadəyişmə məntəqlərinin yerləri var idi və bu yerlər hər bir vətəndaşa məlum idi. Vətəndaşlarımız istənilən vaxt gəlib həmin məntəqələrdə valyutasını dəyişirdilər. Bu baxımdan hesab edirəm ki, bu məntəqələr yenidən bərpa edildikdə, bu sahədə çalışanlara üstünlük verilməlidir. Çünki əvvəllər valyutadəyişmə məntəqələrində çalışanların kifayət qədər təcrübəsi var. Hazırda bazar günləri yalnız bir valyutadəyişmə məntəqəsi fəaliyyət göstərir ki, onun da qarşısında növbə olur. Bu məntəqələrin azaldılmasının mənası nədir? Ciddi nəzarət olunduqdan sonra başqa heç nəyə ehtiyac yoxdur”.
S.Novruzov deyib ki, valyutadəyişmə məntəqələri depozit qoymamalıdırlar: “Valyutadəyişmə məntəqələri bank deyil ki, nizamnamə kapitalı qoysun. Banklar ona görə nizamnamə kapitalı qoyur ki, depoziti qaytara bilməsə, bu məsuliyyət dövlətin üzərinə düşməsin. Türkiyədə və digər ölkələrdə bütün kommersiya banklarına dövlət özü qarant verir. Çünki onları elə sistem əsasında qururlar ki, bank müflis olduğu zaman dövlət vətəndaşın hüquqlarını qoruyub, müdafiə edir. Bu baxımdan valyutadəyişmə məntəqələrinə depozit 1000-2000 manat arasında ola bilər. Qalan hallarda böyük miqdarda depozit ola bilməz”.
Məsələ barədə deputatlardan Qüdrət Həsənquliyev, Elmira Axundova, Vahid Əhmədov, Əli Məsimli, Zahid Oruc və Yevda Abramov çıxış edərək fikirlərini bildiriblər. Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.
İclasda uyğunlaşdırma məqsədilə “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Dərman vasitələri haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” və “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə məsələlərə də baxılıb.
Gündəliyin sonuncu məsələsi isə “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsi idi. Bu barədə məlumat verən komitə sədri Ziyad Səmədzadə bildirib ki, yeni hazırlanan qanun 6 fəsil, 29 maddədən ibarətdir. Sənədin reyestrdən istifadə haqqında maddəsinə əsasən, yüklülük, yüklülüyə dəyişikliklər edilməsi və yüklülüyə xitam vermə haqqında bildirişlərin reyestrə daxil edilməsinə, habelə reyestrdə məlumat axtaran şəxsin müraciəti ilə həmin şəxsə axtarışın nəticələrinə dair kağız daşıyıcılarda təsdiqlənmiş hesabatın verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu tutulur.
Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul olunub.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 428 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30