Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Şaumyan və "26-lar"la bağlı yeni faktlar...

Şaumyan və "26-lar"la bağlı yeni faktlar...

30.01.2010 [08:58]

Rəşid Behbudovu Şaumyanın dəfni ilə bağlı kasetə görə qətlə yetiriblər?
“ötən il yanvarın 24-26-da Sahil bağından çıxarılan cəsədlər arasında Şaumyanın cəsədinin olmadığı tam təsdiqini tapıb. Həmin cəsədlər arasında  Stepan Şaumyanın cəsədinin olması barədə iddialar həqiqətə uyğun deyil və təəssüfvericidir”. Bu fikirləri dünən Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov səsləndirib. Onun sözlərinə görə, həmin cəsədlər ümumi şəhər qəbiristanlığına köçürülüb. Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin əməkdaşları 3 gün ərzində ərazidə müvafiq tədqiqatlar aparıb və aşkarlanmış 23 cəsəd üzərində lazımi ekspertiza tədbirlərini həyata keçiriblər: “özlərini tarixçi adlandıran bəzi şəxslər bilərəkdən və ya bilməyərəkdən iddia edirlər ki, guya həmin ərazidə Şaumyan da dəfn olunub. Lakin aparılan ekspertizalar bunun əksini deyir. Belə ki, həmin ərazidə 26 deyil, 23 cəsəd tapılıb. Onların da arasında yalnız bir nəfərin yaşı 40-dan çoxdur. Bilirsiniz ki, “26-lar” qətlə yetirilən zaman - 1918-ci il sentyabrın 20-də Şaumyanın 40 yaşı var idi. Tapılan cəsədin isə yaşı 40-dan çoxdur. Bu daha çox Məşədi Əzizbəyovun yaşı ilə üst-üstə düşür. Cəsədi tapılmayan ikinci şəxs Tatevos Əmiryan, üçüncü şəxs isə İçərişəhərdə komendaturaya rəhbərlik etmiş Arsen Avakyandır. Onu da deyim ki, Avakyan daşnakları silahla təmin edən əsas şəxslərdən biri olub. Həmin vaxt onun 23 yaşı olub. Sahil bağı”ndan həmin yaş həddində bir neçə cəsəd tapılıb. Araşdırma nəticəsində məhz onun orada basdırılmadığı müəyyənləşdirilib. Bunu Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi də təsdiq edir”.
Y.Mahmudov daha sonra Şaumyanın həmin vaxt qətlə yetirilmədiyini təsdiq edən başqa faktları da açıqlayıb: “Bizim tədqiqat qrupumuz bir neçə ölkənin arxivində bununla bağlı araşdırmalar aparıb. Bununla bağlı, bir neçə rəsmi sənəd, o cümlədən, 5 teleqram əldə etmişik. Bu teleqramın biri Türkmənistan arxivindən götürülüb. Həmin teleqramda göstərilir ki, sentyabrın 20-dən sonra 10 gün ərzində Krasnovodskda məhbəsdə Stepan Şaumyana və Anastas Mikoyana “suxoy poyok” verilib. Teleqramda o da göstərilib ki, ona orada ilk günlər gündəlik 1 manat 50 qəpik, ayın 2-dən sonra isə 2 manat, daha sonra 17 manat veriblər”. Halbuki, həmin vaxt Şaumyan artıq güllələnmiş olmalı idi. çünki “26-lar” 1918-ci il sentyabrın 20-də güllələniblər. Deməli, bu fakt da göstərir ki, “26-lar” arasında Şaumyan olmayıb. O, Mikoyan vasitəsi ilə Leninə xəbər göndərib ki, digər əsirlərlə dəyişdirilsin”.
Tarix İnstitutunun direktoru deyib ki, Şaumyan Krasnovodskdakı məhbəsdən azad olunduqdan sonra Hindistanda yaşayıb. Bu faktı təsdiq edən sənədlər də var. “Azərbaycanın görkəmli sənətçisi, SSRİ-nin Xalq artisti Rəşid Behbudov Hindistanda olarkən yerli müxbirlərdən biri ona deyib ki, bu günlərdə burada sizin məşhur həmyerliniz dəfn olunub. R.Behbudov həmyerlisinin kim olduğunu soruşanda ona cavabında Şaumyan deyiblər. Təbii ki, həmin vaxtlar Rəşid Behbudovun ətrafında Sovet kəşfiyyatının nümayəndələri olub. Müğənni Bilal Əliyev də şahidlik edir ki, o zaman rus dilini yaxşı başa düşməsə də, söhbətin mənasını anlayıb. Rəşid Behbudov müxbirdən orada çəkiliş aparılıb-aparılmadığını soruşub. Həmin jurnalist geri qayıdanda həmin kaseti Rəşid Behbudova verib. 1980-ci illərdə Qarabağ hadisələri yenicə alovlananda R.Behbudov Mixail Qorbaçovla mübahisə edib. Eyni zamanda bu kaset məsələsini də ondan soruşub. Sonra isə Rəşid Behbudov xəstələnib. O, Kremlin nəzarətindəki xəstəxanaya yerləşdiriləndə həyat yoldaşına deyib ki, onu xəstəxanada öldürəcəklər və öldürüblər. Başqa bir fakta diqqət yetirək. SSRİ rəhbərliyində təmsil olunan bəzi şəxslər faktları ört-basdır etmək üçün müxtəlif dezinformasiyalar yayıblar. Bu işdə Anastas Mikoyan xüsusi canfəşanlıq göstərib. O və onun oğlu Serqo Mikoyan deyirdilər ki, guya, Şaumyanla bağlı məlumat almaq üçün dəfələrlə Hindistan arxivlərinə müraciət ediblər və arxivdən isə cavab olaraq onlarda hər hansı bir məlumatın olmadığını bildiriblər. İngilis jurnalist Brayan Piirs isə Hindistana gedərək arxivlərə belə bir müraciətin daxil olub-olmadığını araşdıranda məlum olub ki, SSRİ rəhbərliyindən heç kəs belə bir təşəbbüslə çıxış etməyib. Deməli, bu məlumatlar da yalan olub” - deyən Y.Mahmudovun sözlərinə görə, sovet dövründə turizm xətti ilə Hindistana gedən şəxslərdən Stepan Şaumyanın Hindistanda qaldığı evlərdə olanlar da olub: “Həmin adamların çoxunu üzə çıxaranda biri xəstələnir, biri demək istəmir. Vəd edirəm ki, bu məsələ dərindən araşdırılacaq. Hazırda xarici ölkələrin arxivlərində iş gedir. Mən bunu bütün təfsilatı ilə açmaq istəmirəm, çünki dərhal bunun əleyhdarları meydana çıxır. Biz Hindistandakı arxivlərlə əlaqədar işlər də görürük. Yəqin ki, bu iş bir nəticə verəcək”.
“26-lar”ın cəsədləri ilə bağlı DNT analizinin aparılması məsələsinə gəldikdə isə Y.Mahmudov deyib ki, bu, həddən artıq vəsait tələb edir. Bundan əlavə, onların qohumlarının qan qohumluğu sübuta yetirilməlidir: “Əgər “26-lar”ın qohumları bu məsələni qaldırarlarsa və bunun üçün pul ayrılarsa, cəsədlərin DNT analizi mümkündür. Amma mən hesab edirəm ki, buna ehtiyac yoxdur. çünki burada şübhə doğuracaq heç bir məqam yoxdur. Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyi o vaxt II Nikolayın kəllə sümüyünün dəqiqləşdirilməsində müstəsna rol oynamışdı və buna görə təşəkkür almışdı. Hesab edirəm ki, II Nikolayın kəlləsini dəqiqliyi ilə təyin edən birliyə Şaumyan məsələsində də inanmaq lazımdır”.
Digər bir sənəddə isə Şaumyanın Daşnaksütyun Partiyasının Bakı komitəsinin üzvü olduğu və partiyanın rəhbərliyində təmsil olunduğu bildirilir. Bununla bağlı, 1909-cu ildə Tiflisdən göndərilmiş məxfi agentura sənədi var: “Şaumyanın ətrafındakı Laloyan və digərləri də daşnak zabitləri olub. Şaumyanın qarşısında duran əsas vəzifə Azərbaycanda və Şərqi Anadoluda türkləri qətlə yetirmək, Ermənistan dövlətinin yaradılması üçün zəmin hazırlamaq olub. Ona bu məsələdə “26-lar” kömək edirmiş. çox təəssüf edirəm ki, Məşədi Əzizbəyovun da adı həmin siyahıda var. Məşədi Əzizbəyov o vaxt Stepan Şaumyanla Nəriman Nərimanov kimi davranmayıb, onun hərəkətlərini tənqid etməyib. Gərək o, Şaumyana qoşulmayaydı. Ən azı, o, daşnakların məhv edilməsi xəttini tutmalı idi. Amma ondan istifadə etdilər. çünki Əzizbəyovu “26-lar”a beynəlmiləl görkəm verməkdən ötrü əlavə ediblər. Başqa bir fakt isə Məşədi Əzizbəyovun Biləsuvar, Salyan bölgələrində cəza dəstələrinə başçılıq etməsi və kütləvi qırğınlar həyata keçirməsi ilə bağlıdır. Bütün bunları nəzərə alaraq isə tam səmimi olaraq, söyləyə bilərəm ki, “26-lar” soyqırım cəlladlarıdır”.
Sonda Yaqub Mahmudov deyib ki, tarixi dəlillər də sübut edir ki, “26-lar” Azərbaycan xalqının qatı düşməni olublar: “Amma biz onların cəsədlərini ipək tabutlarda və dini qaydalara uyğun dəfn etdik və onlar heç bir yerə aparılmayacaq”.
Aqşin ŞAHİNOÄžLU

Paylaş:
Baxılıb: 1273 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30