Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “İçimizdəki düşmənlərə qarşı hər zaman ayıq-sayıq olmalıyıq”

“İçimizdəki düşmənlərə qarşı hər zaman ayıq-sayıq olmalıyıq”

14.07.2020 [08:57]

Erkan Özoral: 15 iyulda baş verənlər FETÖ-nun Türkiyədə hakimiyyəti ələ keçirmək üçün qırx illik hazırlığının nəticəsi idi
Bir neçə gündən sonra Fətullahçı terror təşkilatının (FETÖ) Türkiyədə dövlət çevrilişinə cəhdinin dörd ili tamam olur. Məlum olduğu kimi, 2016-cı il 15 iyul gecəsində terrorla mübarizədə 251 şəhid verən Türkiyə xalqı növbəti dəfə qəhrəmanlıq dastanı yazdı. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral “Yeni Azərbaycan” qəzetinə eksklüziv müsahibəsində də həm dörd il öncə baş verənlər və ondan sonrakı proseslər, həm də iki qardaş ölkə arasındakı əlaqələrlə bağlı məsələlərə toxunub:
- Cənab səfir, 2016-cı il iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhddən 4 il keçir. Bir daha dörd il öncəyə nəzər saldıqda o qanlı hadisəni necə dəyərləndirərdiniz? Ümumiyyətlə, bu çevriliş cəhdi niyə baş verdi?
- Əslində, 15 iyul 2016-cı il tarixində baş verənlər FETÖ-nun Türkiyədə hakimiyyəti ələ keçirmək üçün qırx illik hazırlığının nəticəsi idi. Yəni, 15 iyul dövlət çevrilişinə cəhd Türkiyənin dövlət qurumlarına, dövlətin ən incə damarlarına qədər bütün orqanlarına sızıb sonra dövləti içəridən gəmirərək, ələ keçirməyə çalışan xain bir terror təşkilatının hazırladığı plan idi. Uzun illər dövlət içində təşkilatlanan, öz adamlarını mühüm vəzifələrə təyin etdirməyə nail olan, hətta imtahan suallarını oğurlayıb təşkilatın üzvlərinə verməklə onların müxtəlif dövlət qurumlarında, orduda və polis sistemində vəzifələrdə irəli çəkilmələrinə şərait yaradan bu terror təşkilatı 2016-cı il iyulun 15-də bütövlükdə hakimiyyəti ələ keçirməyə cəhd etdi. Təbii ki, Türkiyə dövləti olaraq zaman-zaman onların xain əməllərinin qarşısını almaq üçün tədbirlər həyata keçirdik. Lakin bu tədbirlər xainləri dövlət çevrilişinə cəhddən döndərmədi. Bununla belə həmin gecə terrorçular qarşısında heç vaxt duruş gətirə bilməyəcəkləri qüvvə ilə - Türkiyə xalqı ilə qarşılaşdılar. Öz liderinin çağırışından sonra küçə və meydanlara axışan Türkiyə xalqı terror təşkilatının dövlət çevrilişi cəhdinin qarşısını mətanətlə aldı və demokratiyaya sadiqliyini nümayiş etdirdi. 2016-cı il 15 iyul gecəsində Türkiyə xalqı növbəti dəfə qəhrəmanlıq dastanı yazdı. Ona görə də çəkinmədən deyirik ki, bu, Türkiyə və dünya tarixində mühüm yeri olan hadisədir.
- Cənab səfir, dediyiniz kimi, bu, qırx illik hazırlıq prosesinin nəticəsi idi. Eyni zamanda, bu, təkcə Türkiyənin daxilində hazırlanmış bir plan təsiri bağışlamır. Yəni bu prosesdə xaricdən də dəstəklər olmamış deyildi. Bəs, sizcə, kimlər idi xaricdəki o qüvvələr?
- Türkiyənin xaricdə düşmənləri hər zaman olub və olacaq. Türkiyənin yerləşdiyi strateji mövqe həmişə kənar qüvvələrin diqqətini cəlb edib. Biz bunu çox yaxşı bilirik və ona görə də düşmənlərimizə qarşı mübarizəni qətiyyətlə davam etdiririk. Ayrıca türk milləti olaraq bizim önəmli bir xüsusiyyətimiz var, biz tarixə şəkil verən, dünyada sülhün, ədalətin keşiyində duran bir xalqıq. 1919-dan 1923-cü ilə qədər Qurtuluş savaşında dünyanın ən böyük yeddi dövlətinə qarşı mübarizə apardıq. Türkün yox edilməsini istəyən düşmənlərimizə Qurtuluş savaşında zərbə vurduq. Eyni zamanda, Çanaqqalada böyük bir zəfər qazandıq. Amma düşmənlərimiz heç zaman sakit dayanmadılar. Elə 15 iyul 2016-cı il çevrilişi də bu baxımdan atılan növbəti addım idi. Yəni FETÖ öz xain niyyətini həyata keçirmək üçün xaricdən də dəstək aldı. Bu hadisəni törədənlər gücünü xaricdən alan satılmış xainlərdir. Lakin həmin gün Türkiyə xalqı kiminsə onun əvəzinə qərar verməsini qəbul etmədiyini bir daha bütün dünyaya bəyan etdi. Bir daha bəlli oldu ki, heç kim, heç bir qüvvə Türkiyə xalqını öz yolundan döndərə bilməz. Bu xalq hər zaman dövlətinə, vətəninə sahib çıxacaq. Türkiyə xalqı vətəni üçün canından keçməkdən heç vaxt çəkinməyəcək.
- Siz maraqlı bir məqama da toxundunuz. Zaman-zaman Türkiyə dünyaya sülh gətirib. Və bu gün də o missiyasını uğurla davam etdirir...
- Türkiyə Cümhuriyyəti olaraq hər zaman dünyada insan hüquqlarının, sülhün, sabitliyin, ədalətin keşiyində dayanmışıq və bundan sonra da dayanacayıq. Biz hər zaman haqqın yanında olmuşuq. Hər zaman bəyan edirik ki, beynəlxalq hüquq güclünün hüququ olmamalıdır, haqlının hüququ olmalıdır. Eyni zamanda, hesab edirik ki, BMT Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik edilməlidir. Cənab Prezidentimizin hər zaman dediyi kimi, dünya beşdən böyükdür. Yəni dünyada sadəcə 5 xalq yoxdur. Ona görə də Təhlükəsizlik Şurasının tərkibi dəyişməli, orada daha çox dövlət təmsil olunmalıdr.
Onu da xüsusi olaraq qeyd edim ki, dünyada çox böyük ədalətsizlik qaynaqları var ki, bunlardan biri də Dağlıq Qarabağ məsələsi, Dağlıq Qarabağın hələ də işğal altında qalmasıdır. Dağlıq Qarabağ bizim içimizdə hər zaman qanayan bir yaradır və bu problem həll edilmədən, 1 milyon azərbaycanlı bacı-qardaşlarımız öz doğma yurdlarına qayıtmadan bu yara sağalmayacaq. Azərbaycanda yetişən gənc nəsillər Qarabağı hələ görə bilməyiblər. Bu günlər gəlmədən biz rahat olmayacağıq. Biz bu məsələdə Azərbaycanın yanındayıq və sonuna qədər dəstəyimizi verməkdə davam edəcəyik.
- Bu gün də Türkiyə daxilində və xaricdə FETÖ-ya qarşı əməliyyatlar davam edir. Amma bu, bir həqiqətdir ki, 40 illik hazırlığa sahib bir terror təşkilatını dörd ilə tamamilə zərərsizləşdirmək olmaz. Elə isə Türkiyədə növbəti dəfə dövlət çevrilişinə cəhd ola bilərmi?
- Bunu hamı bilsin ki, Türkiyədə çevrilişlər seriyasına artıq son qoyuldu. 15 iyul Türkiyə demokratiyası üçün böyük sınaq idi və Türkiyə xalqı bu sınaqdan üzüağ çıxmağı bacardı. Türkiyədə partiya mənsubiyyətindən asılı olmayaraq, hamı demokratiya naminə birləşərək öz gələcəyinə sahib çıxdı. Türkiyə xalqı Vətən, dövlətçilik və demokratiya uğrunda mübarizə apardı. Bundan sonra Türkiyədə çevriliş olacağına inanmıram. Eyni zamanda, dediyiniz kimi, FETÖ üzvlərinə qarşı əməliyyatlar davam edir. Hələ onlar tam təmizlənmədi. Onlar müxtəlif formalara, müxtəlif cildlərə girə bilirlər. Amma əmin olun ki, dövlətə, xalqa xəyanət edən FETÖ tamamilə yox ediləcək və həmin gün uzaqda deyil. Onu da deyim ki, bu terrorçular xarici ölkələrdə də bəzi qaranlıq planlar həyata keçirə bilərlər. Ona görə də FETÖ-ya qarşı mübarizəmiz həm daxildə, həm də xaricdə qətiyyətlə davam edir. Türkiyə FETÖ-nun xaricdə də fəaliyyətinin qarşısını almaq üçün digər dövlətlərlə fəal əməkdaşlıq edir. Belə ki, bəzi ölkələrdə bu terror təşkilatına məxsus təhsil ocaqlarının bir hissənin fəaliyyəti dayandırılıb, digərləri isə Türkiyə Təhsil Nazirliyinin tərkibinə verilib. Çox şadıq ki, Azərbaycan FETÖ ilə mübarizədə Türkiyəyə ilk andan fəal dəstək verdi və hətta bizim xahişimizi gözləmədən lazımi addımları atdı. Azərbaycan FETÖ ilə mübarizədə digər ölkələrə nümunədir. Lakin biz bu cür münasibəti digər dövlətlərdən də gözləyirik. Həmin dövlətlər bilməlidirlər ki, bu gün hədəf Türkiyədirsə, sabah da başqa dövlət ola bilər. Çünki bu terror təşkilatı getdiyi ölkələrdə öz nəsillərini yetişdirib dövləti kadrlarla ələ keçirməyə çalışır. Ona görə həmin ölkələrə mesajımız açıq şəkildə çatdırırıq: sabah bu terror təşkilatının qurbanı ola bilərsiniz.
- Yeri gəlmişkən, “15 iyul Türkiyə üçün həm də dostların sınağa çəkildiyi gün oldu” deyə bilərikmi?
- Tamamilə doğru vurğuladınız. Həmin gün Türkiyənin yanında olmaq haqqın, doğrunun, ədalətin yanında olmaq idi. Qardaş Azərbaycan xalqı və dövləti bu məsələdə də dünyaya nümunə oldu. Yəni iki qardaş ölkə arasında tarix boyu müşahidə edilən həmrəyliyin ən müasir nümunəsi məhz başda cənab Prezident İlham Əliyev olmaqla, Azərbaycan dövlətinin və xalqının hadisələrin ilk anındaca Türkiyə dövlətinə verdiyi dəstəkdir. Belə ki, həmişə Türkiyə xalqının və dövlətinin yanında olan Azərbaycan xalqı və dövləti 2016-cı il iyulun 15-də Türkiyənin Konstitusiyasına, demokratiyasına qarşı yönəlmiş bu cinayəti qətiyyətlə pislədi və qəbuledilməz hesab etdi. Bir daha bəyan edirəm ki, bu dəstək bizim üçün çox mühüm əhəmiyyət kəsb edir və Türkiyə-Azərbaycan münasibətləri 15 iyul hadisəsi zamanı dünyaya nümunə oldu.
- Dediyiniz kimi, bu terror təşkilatının üzvləri tez-tez forma dəyişirlər, müxtəlif cildə düşürlər. Deməli, bunlar, bir növ, buqələmun kimidirlər. Elə isə bunlar sabah da tamamilə başqa bir formada - qiyafədə yenidən meydanda ola bilərlər. Məhz bu terror təşkilatının yenidən meydanda “at oynatmaması” üçün türk gəncliyi nə etməlidir? Bir diplomat kimi türk gənclərinə nə tövsiyə edərdiniz?
- Bizim türk milləti olaraq hər zaman bilməyimiz vacib olduğu məqamlar var: Düşmənlərimiz kimdir, tarix boyunca bizi kimlər yox etməyə çalışdı, kimlər bizə hücumlar etdi, kimlər bizim dostumuz, kimlər düşmənimiz oldu. Yəni FETÖ yaxın tarixin bir gerçəkliyidir. Amma uzaq tarixə baxdıqda dediyiniz buqələmunlar bu və digər cilddə hər zaman olublar. Ona görə də gənclərimizin tarixi çox yaxşı bilmələri vacibdir. Bizim böyüklər olaraq üzərimizə düşən vəzifə gələcək nəsillərə tariximizi öyrətməkdir. Gənclərimiz keçmişi çox dərindən öyrənməlidirlər. Çünki bizim düşmənimiz hər zaman olacaq. Xüsusilə də içimizdəki düşmənlərə qarşı hər zaman ayıq-sayıq olmalıyıq.
- Cənab səfir, bəs FETÖ gələcəkdə bir siyasi partiya cildində Türkiyədə siyasi səhnəyə çıxa bilərmi?
- Hər kəs bilməlidir ki, terror təşkilatının fəaliyyəti təkcə dövləti ələ keçirmək olmayıb. FETÖ xalqın dini etiqadından sui-istifadə edib, qırx il ərzində təhsil adı altında gənclərə təsir göstərərək özünə tərəfdar, mütəxəssis ordusu yetişdirib, onları yüksək vəzifələrə təyin etmək üçün müxtəlif üsullara əl atıb. Dediyim kimi, imtahan suallarını oğurlayıb təşkilatın üzvlərinə verməklə onların müxtəlif dövlət qurumlarında, orduda və polis sistemində vəzifələrdə irəli çəkilmələrinə şərait yaradıblar. Bununla yanaşı, terror təşkilatı ilə əlaqəsi olmayan şəxslərin tutduqları vəzifələrdən və ya imtahanlardan uzaqlaşdırılmalarına da nail olublar. Bu terror təşkilatının daxildə və xaricdə ən önəmli yayılma məkanı isə məktəblər idi. Özü də bunların yayılma üsulları çox təhlükəli idi. Təsəvvür edin bir məktəb Türkiyənin ən Atatürkçü məktəbi kimi tanınırdı, amma sonra bəlli oldu ki, bu məktəb də FETÖ-nundur. Yəni heç gözlənilməyən yerlərdə belə zühur edirdilər. Ona görə də diqqətli olmaq lazımdır. Bunların tək təməl prinsipi var - işinə yarayan nə varsa, istifadə etmək. Ona görə də məqsədlərinə çatmaq üçün hər cür iyrənc yollara baş vurur, hər cür pisliyə, xainliyə əl atırlar. Bunların əxlaqı yoxdur. Əxlaqı olsaydı, minlərlə insanın çörəyi ilə oynamazdılar. Bunların şərəfi yoxdur. Türkiyədə hər kəs bunların şərəfsiz olduğunu bilir. Ona görə də bunların bütün cəhdləri uğursuzluğa məhkumdur.
- Təxminən 4 ildir ki, səfir kimi Azərbaycandasınız. Bu müddət diplomat kimi sizin yaddaşınızda necə qalacaq?
- Bu dörd il mənim yadımda Azərbaycanda yenidən formalaşma, yeniliklərin, islahatların həyata keçirildiyi dövrü kimi yadda qaldı və bu proses hələ də davam edir. Dörd il öncəki Azərbaycanla bu günkü Azərbaycan bir-birindən çox fərqlidir. Əslində, Azərbaycan müstəqillik əldə etdikdən sonra bir-birindən fərqli dönəmlərdən keçib. İlk illər xaos idi. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan dövləti bu xaosdan qurtuldu və sağlam, dünyanın ən güclü dövlətlərindən biri olaraq meydana çıxdı. Bundan sonra Azərbaycan iqtisadiyyatının inkişafı başladı. Prezident İlham Əliyevin hakimiyyəti dövrü isə iqtisadiyyatın gücləndirilməsi dövrü kimi tarixə düşdü və həmin dövr uğurla davam edir. Hazırda Azərbaycan dövləti günün tələblərinə uyğun olaraq yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə həyata keçirilən islahatlar qardaş ölkənin daha da güclənməsinə, inkişafına xidmət edir. Bir sözlə bu dörd il mənim hafizəmdə Azərbaycanda dəyişmənin, yenilənmənin, güclənmənin və çiçəklənmənin dönəmi kimi qalacaq.
- Bu gün dünya gündəmini zəbt edən əsas məsələ yeni növ koronavirus infeksiyasının yayılmasıdır. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi haqqında təşəbbüsünü necə dəyərləndirirsiniz?
- Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi haqqında təşəbbüsü koronavirus pandemiyası ilə mübarizədə beynəlxalq əməkdaşlığa verilən töhfə kimi çox böyük əhəmiyyət kəsb edir. Çünki COVİD-19-la mübarizə heç bir dövlətin təkbaşına bacaracağı bir iş deyil. Bu virus ilk dəfə ortaya çıxanda 200 min insanı xəstə etmək üçün uç ay lazım gəlmişdisə, artıq indi bir gündə 200 min insan virusa yoluxur. COVİD-19 bu halı ilə bütün insanlıq üçün çox böyük bir təhlükədir və heç bir ölkə sadəcə sərhədlərini bağlamaqla bu virusla mübarizə aparıb, uğur qazana bilməz. Buna görə də bütün dünya ölkələri bu virusa qarşı birgə mübarizə aparmalıdır. Azərbaycan Prezidentinin təşəbbüsü də bu məqsədə xidmət edir. Biz Türkiyə olaraq ilk gündən bu təşəbbüsü dəstəkləmişik. İnşallah, tezliklə Azərbaycanın öncülluyü ilə bu təhlükəli virusa qarşı vahid addım atılacaq.
- Sizin səfirlik dövrünüz həm də Azərbaycanla Türkiyə arasında bir sıra strateji sənədlərin imzalanması ilə yadda qaldı. Bəs yeni dönəm üçün yeni anlaşmalar nəzərdə tutulubmu?
- Öncə onu deyim ki, həyata keçirdiyimiz birgə layihələr dünyada böyük rezonans yaradır. Eyni zamanda, iki qardaş ölkə arasında hər keçən gün yeni bir razılaşma əldə edilir, yeni təməllər atılır. Son olaraq güzəştli ticarət haqqında razılaşma əldə etdik. Eyni zamanda, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişə əsasən, Azərbaycana 90 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilir. Eyni hal Türkiyəyə səfər edən Azərbaycan vətəndaşları üçün də keçərlidir. Ancaq hər yeni gün özü ilə yeni tələblər gətirir və iki ölkə bu tələblərdən irəli gələrək yeni razılaşmalar əldə edəcək. Bütün bunlar təkcə strateji əməkdaşlığın deyil, Azərbaycan-Türkiyə qardaşlığının nəticələridir. Hər kəs yaxşı bilir ki, Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü Azərbaycanın gücüdür. Biz birlikdə daha güclü olacağıq.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 317 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31