Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev: Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir

Prezident İlham Əliyev: Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir

08.09.2020 [09:50]

Əməkdaşlıq əlaqələrini getdikcə genişləndirən iki dost, qardaş və strateji tərəfdaş ölkə bütün məsələlərdə bir-birinə qətiyyətli dəstək göstərir
Azərbaycanla Türkiyəni tarixdən gələn dostluq, qardaşlıq ənənələri birləşdirir. Bununla yanaşı, hazırda regional və qlobal müstəvilərdə müşahidə edilən ziddiyyətli geostrateji proseslər fonunda Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin önəmi daha aydın şəkildə nəzərə çarpır. Açıq şəkildə görünür ki, Xəzər və Qara dəniz hövzələrini əhatə edən böyük bir coğrafiyada siyasi proseslərin gedişini, iqtisadi inkişafı, təhlükəsizlik məsələlərini Azərbaycan-Türkiyə əməkdaşlığından kənarda təsəvvür etmək belə mümkün deyil. Azərbaycanın və Türkiyənin öz tərəfdaşları ilə birlikdə reallaşdırdıqları nəqliyyat, enerji layihələri böyük regional, qlobal əhəmiyyət daşıyır, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Azərbaycanla Türkiyənin siyasi, iqtisadi və başqa sahələrdə əlaqələri bütün ölkələr üçün örnəkdir
Getdikcə daha da intensivləşən Azərbaycan-Türkiyə münasibətləri dostluğun, qardaşlığın zirvə nöqtəsi sayıla bilər. Bu münasibətlərin mahiyyəti hələ XX əsrin əvvəllərində Türkiyənin böyük dövlət xadimi Mustafa Kamal Atatürkün ifadə etdiyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, XX əsrin sonlarında isə dünya şöhrətli siyasətçi, böyük dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dilə gətirdiyi “Bir millət, iki dövlət” kəlamında ifadə olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə cari il avqustun 13-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarı, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güleri, Türkiyə Respublikasının Quru Qoşunları komandanı, ordu generalı Ümit Dündarı, Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Hasan Küçükakyüzü, Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı, donanma admiralı Adnan Özbalı və hərbi nümayəndə heyətinin digər üzvlərini qəbul edərkən ölkələrimiz arasındakı əlaqələri bütün dünya dövlətləri üçün örnək kimi səciyyələndirib. “Bildiyiniz kimi, həm siyasi, həm iqtisadi, həm də başqa sahələrdə bizim əlaqələrimiz bütün ölkələr üçün örnəkdir. Siz bilirsiniz, mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, biz - iki qardaş ölkə öz siyasətimizlə bu birliyi daha da möhkəmləndirdik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Bu gün Azərbaycanla Türkiyə arasında siyasi dialoq ən yüksək səviyyədədir desək, əsl həqiqəti ifadə etmiş olaraq. Xatırladaq ki, Türkiyə ən çətin məqamlarda Azərbaycana qardaşlıq köməyi göstərib. Bu barədə söhbət açarkən 1918-ci il sentyabrın 15-də baş verən hadisələri xüsusi qeyd etmək lazımdır. Eyni zamanda Azərbaycan Prezidentinin dövlət başçısı seçildikdən sonra ilk səfərini Türkiyəyə etməsi, eləcə də Türkiyə Przidentinin dövlət başçısı statusunda ilk səfərini respublikamıza reallaşdırması gözəl bir ənənəyə çevrilib. İki qardaş ölkənin rəhbərləri müntəzəm qaydada qarşılıqlı səfərlər edirlər, ikitərəfli və digər platformalarda davamlı olaraq görüşürlər. Bu görüşlərdə regional və qlobal əməkdaşlıqla, təhlükəsizliklə bağlı ciddi müzakirələr aparılır. Qardaş ölkələr beynəlxalq müstəvidə fəaliyyətlərini daim əlaqələndirirlər və müxtəlif məsələlərə münasibətdə bir-birilərini dəstəkləyirlər. Türkiyə respublikamızın bir nömrəli problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində obyektivlik nümayiş etdirərək ölkəmizə hərtərəfli dəstək göstərir. Qardaş Türkiyə Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə cavab olaraq Ermənistanla bütün siyasi-iqtisadi əlaqələri dayandırıb, eyni zamanda, 1993-cü ildən etibarən bu ölkə ilə sərhədlərini bağlayıb.
Öz növbəsində, Azərbaycan da ermənilərin Türkiyəyə qarşı irəli sürdükləri ərazi və qondarma “soyqırımı” iddialarına layiqli cavab verilməsində daim qardaş ölkənin yanındadır. Xatırladaq ki, Azərbaycan qardaş ölkənin FETÖ təşkilatı ilə mübarizəsində, Elazığda yaşanan zəlzələ fəlakətində və digər belə çətin məqamlarda Türkiyəyə hərtərəfli dəstək verib. Digər bir nümunə də Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu təsdiqləmək baxımından olduqca ibrətamizdir. Belə ki, Prezident İlham Əliyev 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə o vaxtkı Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyəyə qarşı hücumlarına sərt cavab verərək bildirmişdi: “Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”.
Azərbaycan Prezidentinin bu cavabı Türkiyədə böyük coşquya səbəb oldu. Təsadüfi deyil ki, qardaş ölkənin mediası, bütün cəmiyyəti bunu Ermənistanın sabiq prezidentinin sifətinə vurulan tərs sillə kimi dəyərləndirdi. Azərbaycan Prezidenti İlham Əliyev qardaş Türkiyəyə növbəti dəstək jestini bu günlərdə Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosu qəbul edərkən nümayiş etdirib. Məlum olduğu kimi, Yunanıstan bir sıra regional və qlobal məsələlərdə Türkiyənin milli maraqlarına qarşı olan, eyni zamanda beynəlxalq səviyyədə təsbit olunan prinsiplərdən kənara çıxan mövqe sərgiləyir. Bu ölkənin Türkiyənin Şərqi Aralıq dənizində fəaliyyətinə mane olmaq cəhdləri deyilənlərə bariz nümunədir. Təbii ki, Azərbaycan bu və digər məsələlərdə Yunanıstanın mövqeyini qəbul etmir və Türkiyəyə dəstək göstərir. Bəhs olunan qəbulda bunu açıq şəkildə Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun diqqə çatdıran dövlətimizin başçısı “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı”, - deyə bildirib. Azərbaycan və Türkiyə arasındakı siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq ölkələrimiz iqtisadi sahədə əməkdaşlığın miqyasını da getdikcə genişləndirirlər. İki ölkə arasında investisiya qoyuluşunun ilbəil artması qarşılıqlı inamı əks etdirir. İndiyədək Azərbaycan Türkiyə iqtisadiyyatına 18 milyard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard dollar sərmayə qoyub.
Ölkələrimiz arasında hərbi-texniki sahədə də əməkdaşlıq sürətlə inkişaf edir
Azərbaycanla Türkiyə arasında çoxvektorlu münasibətlərin mühüm bir istiqamətini hərbi-texniki sahədə əməkdaşlıq təşkil edir ki, bu da strateji önəm daşıyır. Sirr deyil ki, Ermənistan torpaqlarımızın 20 faizini işğal edib. Bu işğal nəticəsində 1 milyondan çox soydaşımız doğma yurd-yerlərindən qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Münaqişənin həllində Azərbaycan tarixi həqiqətlərə və beynəlxalq hüquqa istinad edərək ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasında prinsipial mövqe sərgiləyir. Təbii ki, danışıqlar nəticələr verməyəcəyi təqdirdə, respublikamız ordusunun gücü ilə özünün ərazi bütövlüyünü təmin edəcək. Buna adekvat olaraq respublikamız hərbi qüdrətini daha da artırır və bu zaman dost ölkələrin, o cümlədən dəTürkiyənin hərbi-texniki dəstəyindən faydalanır. Prezident İlham Əliyev qardaş ölkənin hərbi nümayəndə heyətini qəbul edərkən “Bizim bütün sahələrdə olduğu kimi, hərbi və hərbi-texniki sahədə də işbirliyimiz, əməkdaşlığımız sürətlə inkişaf edir. Sirr deyil ki, Türkiyənin hazırda çox güclü hərbi sənaye potensialı vardır və biz də bu potensialdan faydalanırıq. Biz çox sevinirik ki, Türkiyə bu gün ən müasir silahlar, hərbi texnika istehsal edir. Biz əlbəttə ki, bu günə qədər olduğu kimi, bundan sonra da bu imkanlardan faydalanmaq istəyirik. Əminəm ki, yaxın zamanlarda Türkiyə bütün başqa sahələrdə olduğu kimi, hərbi-texniki əməkdaşlıq sahəsində də bizim üçün bir nömrəli tərəfdaş olacaqdır”, - deyə vurğulayıb.
Ümumiyyətlə, Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın əhatə dairəsi kifayət qədər genişdir. İki ölkə arasında hərbi çərçivə müqavilələri imzalanıb, hərbi təhsil sahəsində əməkdaşlığa dair razılaşmalar əldə olunub, həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlıq uğurla inkişaf edir. 2010-cu ildə “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilə imzalanıb və təsdiqlənib. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 fevral 2019-cu il tarixində imzaladığı müvafiq Fərmanla Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi tibb sahəsində təhsil və əməkdaşlıq haqqında Protokol təsdiqlənib. Qeyd olunan sənədlər iki ölkə arasında hərbi sahədə əməkdaşlığı inkişaf etdirmək üçün geniş hüquqi əsaslar yaradıb.
Azərbaycanla Türkiyə arasında getdikcə genişlənən hərbi-texniki sahədə əməkdaşlıqdan söhbət açarkən hər iki ölkənin silahlı qüvvələrinin müntəzəm qaydada keçirdikləri təlimlərin də önəmini xüsusi qeyd etmək lazımdır. Hər il həm Türkiyədə, həm də Azərbaycanda 10-dan çox birgə təlimlər keçirilir. Belə təlimlər imkanların əlaqələndirilməsi və silahlı qüvvələrimizin döyüş hazırlığının artırılması baxımından böyük əhəmiyyət daşıyır.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 348 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31