Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev: Azərbaycanın hazırlıqlı ordusu və çox böyük səfərbərlik ehtiyatı var

Prezident İlham Əliyev: Azərbaycanın hazırlıqlı ordusu və çox böyük səfərbərlik ehtiyatı var

01.10.2020 [09:13]

Hazırda bütün cəbhə boyu əks-hücum əməliyyatı uğurla davam edir, bir neçə yaşayış məntəqəsi işğaldan azad olunub, əlverişli yüksəkliklər ordumuzun nəzarəti altına keçib, düşmən, eyni zamanda, canlı qüvvə sarıdan böyük itkilərə məruz qalıb
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olunması Azərbaycan üçün bir nömrəli ümummilli məsələdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev münaqişə ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün bütün beynəlxalq platformalardan istifadə edir. Bu məqamda qeyd edək ki, ölkəmiz üçün hazırkı önəmli və taleyüklü bir dövrdə Rusiyanın “Rossiya-l” telekanalına müsahibə verən dövlət başçısı sentyabrın 27-də Ermənistanın təxribatı nəticəsində başlanmış müharibə haqqında həqiqətləri geniş auditoriyaya çatdırıb. Prezident İlham Əliyev telekanalın aparıcısının suallarına cavabında Rusiya ictimaiyyətini Ermənistanın təxribatları, işğalçılıq və təcavüzkar siyasəti haqqında ətraflı məlumatlandırıb. Dövlət başçısı Ermənistanın dinc əhaliyə qarşı müharibə apardığını, düşmən ordusunun əsas hədəfinin yaşayış məntəqələri və mülki əhali olduğunu faktlarla sübut edib. Vəziyyəti dəyərləndirən Prezident İlham Əliyev “Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və bizim döyüş mövqelərimiz şiddətli artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Biz təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idik”, - deyə bildirib.
Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür və təxribatlar törədir
Azərbaycan Prezidenti İlham Əliyev bəhs olunan müsahibəsində həm münaqişənin mahiyyətini auditoriyanın diqqətinə çatdırıb, həm də faktlarla Ermənistanın təxribatçı siyasətini ifşa edib. Artıq üç onillikdir ki, davam edən Dağlıq Qarabağ münaqişəsi Ermənistanın işğalçılıq siyasətinin nəticəsində yaranıb. Bu ölkə respublikamızın dünya birliyi tərəfindən tanınan ərazisinin 20 faizini zəbt edib və orada etnik təmizləmə siyasəti həyata keçirərək bir milyondan çox azərbaycanlını doğma ev-eşiyindən məcburi köçkün vəziyyətinə salıb.
Məlum olduğu kimi, ölkəmizə qarşı hərbi təcavüz siyasəti aparan Ermənistan işğal nəticəsində yaranmış mövcud status-kvonun saxlanılmasında maraqlıdır və elə bu səbəbdən də müxtəlif cəfəng bəyanatlar səsləndirməklə danışıqlar prosesini pozub. Bu ölkənin hazırkı siyasi-hərbi rəhbərliyi paralel şəkildə isə təcavüzkar ritorikalar səsləndirir, yeni torpaqlar ələ keçirmək niyyətlərini dilə gətirir, hərbi planlar qurur və qoşunların təmas xəttində ardıcıl təxribatlar törədir.
İşğalçı ölkə planlaşdıraraq həyata keçirdiyi təxribatları son vaxtlarda daha da intensivləşdirib. Belə ki, düşmənin hərbi birləşmələrinin cari il iyul ayının 12-də və sonrakı günlərdə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində qəfil artileriya atəşləri nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olub, eyni zamanda, yaşayış evlərinə, mülki infrastruktura ciddi zərər vurulub. Məhz ordumuzun rəşadəti sayəsində düşmənin bu qəfil hücumunun qarşısı qətiyyətlə alınıb. Bundan bir qədər sonra Ermənistanın diversiya dəstəsi təmas xəttini keçməyə cəhd göstərib. 2020-ci il avqustun 23-də həmin dəstənin başçısı Azərbaycan hərbçiləri tərəfindən ələ keçirilib. Yaxalanan erməni hərbçisi xüsusi hazırlanmış hərbi dəstə tərəfindən azərbaycanlı hərbçilərə və mülki vətəndaşlara qarşı terror aktlarının törədilməsinin planlaşdırıldığını etiraf edib. Bundan sonra Ermənistan hərbi qüvvələri Tovuz rayonu istiqamətində yenidən fəallaşıblar və düşmənin növbəti təxribat cəhdinin qarşısının alınması əməliyyatında iştirak edən hərbçimiz həlak olub. Ermənistanın baş nazirinin Azərbaycana qarşı hərbi əməliyyatlara qatılmağa məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış könüllülər dəstələrinin yaradılmasını bildirməsi də diqqətdən kənarda qala bilməz. Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Bundan başqa, Ermənistanın müdafiə naziri Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyib.
İşğalçı Ermənistan müharibə cinayətlərini davam etdirərək zəbt olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Erməni tərəfi açıq-aşkar, nümayişkaranə şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa şəhərində məskunlaşdırılmasını elan edib. Şuşada - Azərbaycan mədəniyyətinin qədim incisində cinayətkar Dağlıq Qarabağ rejiminin qondarma başçısının qondarma inauqurasiyası keçirilib. Bütün bu kimi faktlar açıq şəkildə göstərir ki, Ermənistan ardıcıl və şüurlu şəkildə Azərbaycana qarşı təxribatlar törədir və respublikamızı cavab hərəkətlərinə təhrik etmək istəyirdi. Düşmən ölkənin danışıqlar prosesinin pozulmasına hesablanan çoxsaylı təxribatlarına diqqət çəkən Prezident İlham Əliyev “Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır” və üstəlik, deyir ki, biz danışıqları Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparmalıyıq. Beləliklə, danışıqların artıq 20 ildən bəri mövcud olan formatını dəyişməyə çalışır. Deməli, Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür və əgər Minsk qrupu son vaxtlar nizamlamaya kimin əngəl olması barədə daha fəal danışmağa başlayırsa, sentyabrın 27-də, bundan əvvəl isə iyulun 12-də olduğu kimi, təxribatlar törədirlər”, - deyə bildirib.
Düşmən ölkənin silahlı qüvvələri qoşunların təmas xəttində sonuncu planlaşdırılmış təxribatı sentyabrın 27-də törədib. Belə ki, həmin gün saat 06:00 radələrində işğalçı ölkənin hərbi birləşmələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və artilleriya qurğularından intensiv atəşə tutub. Yuxarıda bildirdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Əks-hücum əməliyyatı uğurla davam edir. Müdafiə Nazirliyindən verilən məlumata əsasən, bir neçə yaşayış məntəqəsi işğaldan azad edilib, Murov dağ silsiləsindəki,Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər ordumuzun nəzarəti altına keçib, çoxlu sayda texnika, silah-sursat anbarları dağıdılıb, düşmən, həmçinin canlı qüvvə sarıdan böyük itkilərə məruz qalıb.
Erməni tərəfi yalan xəbərlər yaymaqla öz təxribatlarına haqq qazandırmaq məqsədi güdür
Qoşunların təmas xəttində və dövlət sərhədində ardıcıl təxribatların baş verməsinə, gərginliyin artmasına və beləliklə, danışıqlar prosesinin dalana dirənməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Vaxtilə şirin vədlərlə hakimiyyətə gələn N.Paşinyan indi uğursuz siyasətinin girovuna çevrilib. Bu gün Ermənistan cəmiyyətində verdiyi vədlərin heç birini yerinə yetirməyən yeni hökumətə qarşı ciddi narazılıq yaranıb - N.Paşinyandan hakimiyyətdən getməsi tələb olunur. Ölkəsində cərəyan edən hadisələrin fərqində olan baş nazir Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sağlam məntiqdən uzaq sərsəm açıqlamalar səsləndirməklə və qoşunların təmas xəttində təxribatlara rəvac verməklə daxili auditoriyanın ona ünvanlanan qəzəb və nifrətindən yayınmağa çalışır. Yeri gəlmişkən, Azərbaycana hücumdan iki gün əvvəl Ermənistanın əsas müxalifət partiyasının lideri həbs edilib. Bütövlükdə, N.Paşinyanın diktator, despotik rejimi öz ölkəsindəki bütün müxalifəti məhv edib və indi Azərbaycan xalqına qarşı yenidən təcavüz nümayiş etdirir. Bu məqamlara diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Bu gün Paşinyanın şəxsində Ermənistanın rəhbəri Sorosun əlaltısıdır. Bu adam çoxlu vədlər verib və bu vədləri yerinə yetirə bilmir, əslində, ölkə böhran içindədir”.
Bəhs olunan müsahibədə Prezident İlham Əliyev işğalçı dövlətin təbliğatının əsl mahiyyətini açıb, forpost dövlətin hakimiyyəti tərəfindən dövriyyəyə buraxılan yalan məlumatların məqsədini göstərib. Erməni tərəfinin yaydığı yalan məlumatlardan biri guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi ilə bağlıdır. Halbuki bütün belə şayiələr təxribat xarakteri daşıyır. Türkiyə Azərbaycanı, beynəlxalq hüququ dəstəklədiyini bildirib. Türkiyə Azərbaycana mənəvi dəstək verir və hazırkı vəziyyətdə onun başqa rolu yoxdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut tapmaq mümkün deyil. Azərbaycan Ordusu öz xalqının və ölkənin ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır. Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir. Bu gün müasir texnologiyalar dövründə nəyisə gizlətmək çox çətindir. Prezident İlham Əliyev erməni tərəfinin yalanlarının əsl mahiyyətinə diqqət çəkərək bildirib: “Erməni tərəfin bu cür yalan xəbərlər yaratmaqda məqsədi bizə aydındır. Əvvəla, öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin belə təsəvvür yaratmaq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışmaq. Buna görə sizə məsuliyyətlə bəyan edirəm ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur”.
Hazırda Azərbaycan bütün cəbhə boyunca əks-hücum əməliyyyatını öz Ordusunun gücü ilə həyata keçirir. Bu gün Azərbaycanın Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Güclü ordu, heç şübhəsiz, ölkəmizin ərazi bütövlüyünün həllində ölkəmizin özünəinam hissini artırır. “Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var”, - deyən Prezident İlham Əliyev vurğulayıb ki, biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 306 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31