Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ölkəmizdə güclü milli birlik və həmrəylik mövcuddur

Ölkəmizdə güclü milli birlik və həmrəylik mövcuddur

22.10.2020 [09:01]

50 siyasi partiyanın torpaqlarımızın işğaldan azad olunması istiqamətində Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasətini dəstəkləməsi, həmçinin oktyabrın 17-də həmin partiyaların Ermənistanın işğalçılıq siyasəti ilə bağlı beynəlxalq və regional təşkilatlara müraciət ünvanlaması da bu birliyin əyani nümunəsidir
Son illərdə ölkəmizdə aparılan köklü islahatlar bütün sahələrin inkişafını təmin etməklə yanaşı, siyasi platformada da yeni münasibətlər sisteminin formalaşmasına yol açıb. Qeyd etmək lazımdır ki, bu ilin fevralında baş tutan VI çağırış Milli Məclisə seçkilərin ardından yaranan yeni siyasi konfiqurasiya ölkəmizdə siyasi qüvvələr arasında əlaqələrin möhkəmlənməsində əsaslı rol oynadı. Milli Məclisin yeni tərkibdə ilk iclasında Prezident İlham Əliyevin tarixi çıxışının ardından ölkəmizdə yeni yaranan siyasi konfiqurasiyanın əsasında siyasi dialoq mühitinin formalaşdırılması prosesinə başlanıldı və bu Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün vacib şərtə çevrildi. Prezident Adminstrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə siyasi partiyaların rəhbərlərinin görüşləri istər iqtidar-müxalifət, istərsə də partiyalararası münasibətlərdə yeni mərhələnin yaranmasına rəvac verdi. Məhz bu siyasi birlik bu gün Azərbaycan dövlətinin Dağlıq Qarabağın və ətraf rayonların erməni işğalından azad olunması istiqamətində aparılan əks-hücum əməliyyatlarında siyasi həmrəyliyin güclənməsində xüsusi əhəmiyyətə malik oldu. Vurğulayaq ki, hazırda ölkəmizdə fəaliyyət göstərən əksər partiyalar özlərinin siyasi baxışlarından asılı olmayaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin, Ordumuzun yanında olduqlarını bildirirlər və cəbhədə qələbəmizə öz töhfələrini verməyə çalışırlar. Bununla bağlı 50 siyasi partiyanın birgə bəyanat imzalaması, həmçinin oktyabrın 17-də həmin partiyaların Ermənistanın işğalçılıq siyasəti ilə bağlı beynəlxalq və regional təşkilatlara müraciət ünvanlaması da deyilənlərə sübutdur.
Məsələ ilə bağlı Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev deyib ki, Ermənistan 30 ilə yaxındır BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar olsun ki, işğalçı ölkə buna görə cəzalandırılmır. Bu, qəbuledilməzdir. E.Musayev bildirib ki, Ermənistanın işğalçı siyasətinə etiraz, eləcə də xalqın haqq tələbi ölkədəki siyasi qüvvələri birləşdirir: “Siyasi partiyaların rəhbərlərinin birgə bəyanatı, eləcə də videokonfrans formatında keçirilən görüşlər Azərbaycan xalqının və ölkənin siyasi partiyalarının yekdilliklə cənab Prezidentin yanında olduğunu nümayiş etdirir. Ölkənin 50 siyasi partiyasının Ali Baş Komandan İlham Əliyevin yanında olduqlarına dair bəyanatları milli və siyasi həmrəyliyin əyani göstəricisidir. Bu bəyanat, həmçinin ölkədə siyasi dialoqun mövcudluğunun sübutudur”.
Partiya sədrinin sözlərinə görə, bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha çox milli həmrəyliyin şahididir. Ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbərinin Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanatı milli birliyin təcəssümüdür. Başqa sözlə, bu bəyanat təkcə xalqla hökumətin vahid mövqeyindən xəbər vermir, bu, eyni zamanda, Azərbaycanda mövcud olan həmrəyliyin göstəricisidir. E.Musayev deyib ki, düşmənin total hücumlarının qarşısını almaq, əhalimizin təhlükəsizliyini təmin etmək məqsədilə qəhrəman ordumuz əks-hücum əməliyyatlarına başlayıb və təcavüzkara ağır zərbələr endirməkdədir: “Demokratik Maarifçilik Partiyası olaraq Ali Baş Komandan İlham Əliyevi və Silahlı Qüvvələrimizi dəstəklədiyimizi bəyan edirik, ordumuzun əks-hücum əməliyyatlarını alqışlayırıq. İnanırıq ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz uzun illərdən bəri işğala məruz qalan müqəddəs torpaqlarımızı tam azad edəcək, dövlətçilik və hərb tariximizə şanlı səhifələr yazacaq”.
AXCP və “Müsavat”ın həmrəylik bəyanatına qoşulmamasına gəlincə, E.Musayev qeyd edib ki, bu partiyalar antimilli fəaliyyətlə məşğuldur: “Antimilli qüvvələrin ümummilli məsələlərdə həmrəylik göstərməsi mümkün deyil. Bu səbəbdən də onlar siyasi partiyaların birgə bəyanatına imza atmayıblar. Radikal müxalifət partiyaları, eləcə də xaricdəki “mühacirlər” erməni dəyirmanına su tökməklə məşğuldurlar”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini, siyasi ekspert Elçin Mirzəbəyli də Azərbaycan Ordusunun Ermənistanın təxribatına cavab olaraq əks-hücuma keçməsini və işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində ciddi irəliləyişlərə nail olmasını, düşmənə ağır zərbələr vurmasını son 30 ilin ən böyük tarixi hadisələrindən biri adlandırıb. E.Mirzəbəyli bildirib ki, siyasi baxışlarından, ideoloji prinsiplərindən asılı olmayaraq, ölkənin, demək olar ki, bütün siyasi spektrinin - 50 partiyanın bir araya gələrək Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini və Onun yanında olduqlarını bəyan etmələri də bir o qədər tarixi əhəmiyyət kəsb edən hadisədir, milli birliyimizin, həmrəyliyimizin bariz nümunəsidir: “Dövlətimiz və xalqımız üçün həyati əhəmiyyət kəsb edən mürəkkəb bir şəraitdə siyasi partiyalar tərəfindən ölkəmizin bütün vətəndaşlarının, dünya azərbaycanlılarının milli birliyə, vəhdətə səslənməsi siyasi yetkinliyin göstəricisi kimi mühüm əhəmiyyətə malikdir. Amma təəssüf ki, belə bir şəraitdə də iki siyasi partiya - “Müsavat” və AXCP Böyük Qələbə uğrunda mücadilədə Azərbaycan xalqı və dövləti ilə birlikdə olmağı bacarmadılar, öz cılız hislərinə, məhdud dünyagörüşlərinə yenildilər”.
E.Mirzəbəyli sentyabrın 27-də AXCP və “Müsavat”ın digər partiyalarla birgə həmrəylik nümayiş etdirməməsinin heç də təsadüfi olmadığını bildirib. Onun sözlərinə görə, bu iki partiya növbəti dəfə öz antimilli mövqeyini ortaya qoydu. “Bu, ilk deyil. AXCP və “Müsavat” bir neçə ay öncə, daha doğrusu ermənilərin bu ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatlar törətdiyi zaman 43 siyasi partiyanın imzaladığı “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair” bəyanatı da imzalamamışdı. Növbəti dəfə bu addımı təkrarlayan bu iki partiya birliyə, həmrəyliyə kölgə salmaq niyyəti güdür. Bu isə onların əsl niyyətlərini bir daha ictimaiyyətə göstərdi”, - deyə E.Mirzəbəyli söyləyib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 403 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31