Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır

Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır

22.10.2020 [09:14]

Prezident İlham Əliyev: Bütün cəbhəboyu istiqamətlərdə Ermənistan məğlubiyyətə uğrayır və belə olan halda öz heyfini, öz acısını, öz məğlubiyyətini mülki şəxslərdən çıxmaq istəyir
Azərbaycan Ordusunun sentyabrın 27-də düşmənin qoşunların təmas xəttində törətdiyi növbəti təxribatın qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladığı və uğurla həyata keçirdiyi bütün cəbhəboyu əks-hücum əməliyyatları Dağlıq Qarabağ münaqişəsinin həllində keyfiyyətcə yeni bir mərhələ açıb. Artıq üç onillik ərzində davam edən status-kvo dəyişib.
Gözləmək olardı ki, döyüş meydanlarında dərsini alan Ermənistan işğalçılıq siyasətindən əl çəkəcək. Ancaq biz başqa mənzərənin şahidi olduq. Düşmən tərəf son günlərdə iki dəfə elan olunan humanitar aşkəs rejimini pozdu, müxtəlif istiqamətlərdə yenidən hərbi əməliyyatlara başladı, hətta mülki infrastrukturu, şəhər və kəndlərimizi, dinc əhalini belə intensiv artilleriya atəşinə tutdu və öz çirkin əməllərini hazırda da davam etdirməkdədir. Bütün bunlar ona dəlalət edir ki, Dağlıq Qarabağ münaqişəsinin onilliklər boyunca həllini tapmamasının və hazırda vəziyyətin gərginləşməsinin bütün məsuliyyəti işğalçı dövlətin siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev son müsahibələrində və xalqa müraciətlərində münaqişənin yeganə həll yolunun işğalçı qüvvələrin ölkəmizin ərazisini tərk etməsindən ibarət olduğunu birmənalı şəkildə diqqətə çatdırıb. Dövlətimizin başçısı oktyabrın 17-də xalqa növbəti müraciətində bizim haqq yolunda olduğumuzu deyərək vurğulayıb: “Əminəm ki, erməni xalqı da öz cinayətkar xunta rejimi başçılarını məsuliyyətə cəlb edəcək. Biz isə haqq yolundayıq, ədalət yolundayıq. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!”
Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün kifayət qədər gücü var
Dağlıq Qarabağ münaqişəsi Ermənistanın işğalçılıq siyasətinin nəticəsində yaranıb. Qarşı tərəf ötən əsrin doxsanıncı illərində zor tətbiq etməklə Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ora bitişik 7 rayonu işğal altına alıb və həmin ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib. Təxminən bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənilər işğal altındakı ərazilərdə misli görünməmiş vandalizm əməlləri törədiblər. Bu günlərdə işğaldan təmizlənən ərazilərdən təqdim edilən foto və video materiallardan da göründüyü kimi, onlar torpaqlarımızda hər şeyi dağıdıblar, hətta evlərin qapı-pəncərə çərçivələrini, unitazları belə Ermənistana daşıyıblar.
Dünya birliyi, müvafiq beynəlxalq təşkilatlar tərəfindən adekvat şəkildə cəzalandırılmayan işğalçı Ermənistan rəhbərliyi daha da azğınlaşaraq “yeni ərazilər uğrunda yeni müharibə” iddiaları səsləndirirdi. Beynəlxalq hüquqa arxa çevirən düşmən tərəf zəbt olunan torpaqlarımızda müharibə cinayətlərini davam etdirərək qeyri-qanuni məskunlaşdırma aparırdı. Qondarma “DQR”-in qondarma “prezidenti” Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşada “andiçmə” keçirməklə, Ermənistanın baş naziri burada eyş-işrət məclislərinə qatılmaqla və bunu açıq şəkildə nümayiş etdirməklə əslində azərbaycanlıların hisslərinə toxunurdular. Baş nazir Nikol Paşinyan bildirirdi ki, işğal altındakı torpaqların geri qaytarılmasından söhbət belə gedə bilməz. O, “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” deməklə əslində ATƏT-in Minsk qrupu formatında aparılan danışıqları dalana sürükləmişdi. Son vaxtlarda isə düşmənin qoşunların təmas xəttində və iki ölkə arasındakı dövlət sərhədinin müxtəlif istiqamətlərində təxribatlar törətməsi davamlı hal almışdı.
Təbii ki, Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi torpaq itkisinə məruz qalan Azərbaycanı qane edə bilməzdi. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması Azərbaycan dövləti və xalqı üçün prinsipial məsələdir. Respublikamız Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində prinsipial mövqedən çıxış edərkən tarixi ədalət və beynəlxalq hüquq kimi iki fundamental amilə əsaslanır. “Bizim əsas işimiz ondan ibarət idi ki, bu məsələni həll edək, tarixi ədaləti, öz ərazi bütövlüyümüzü bərpa edək. Bunu etmək üçün bizdə kifayət qədər güc var”, - deyə Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində bildirib.
Üç onillik ərzində danışıqlar prosesində fəal şəkildə iştirak etməsi Azərbaycanın sülhə necə böyük önəm verdiyini təsdiqləyir. Lakin danışıqlar prosesinə bəslənən ümidlərin puç olması və düşmənin yeni ərazilər zəbt etmək məqsədilə getdikcə daha genişmiqyaslı təxribatlara əl atması qoşunların təmas xəttində bütün cəbhəboyu hərbi əməliyyatların başlanmasına gətirib çıxardı. Yaranmış vəziyyətdə güclü ordu ölkəmizin özünəinam hissini artıran əsas amillərdən biri qismində çıxış edir. Məlum olduğu kimi, müharibə şəraitində yaşayan Azərbaycanda son 17 ildə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, ordunun peşəkar kadrlarla təchizatı, döyüş hazırlığının artırılması dövlət siyasətinin prioritet istiqamətini təşkil edib və hər il büdcədən qeyd olunan məqsədlər üçün böyük həcmlərdə vəsait ayrılıb. Qürurverici haldır ki, bu gün Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Sentyabrın 27-dən etibarən genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu xilaskarlıq missiyasını yerinə yetirərək hər gün yeni hərbi uğurlara imza atır. Yuxarıda bəhs olunan müraciətində Silahlı Qüvvələrimizin düşmənə ağır zərbələr vurduğuna diqqət çəkən Prezident İlham Əliyev “Müzəffər Azərbaycan Ordusu hər gün yeni strateji məntəqələri, yeni yüksəklikləri, yeni yaşayış məntəqələrini işğalçılardan azad edir. Bizim qisasımız döyüş meydanındadır”, - deyə vurğulayıb.
Azərbaycan Prezidentinin son müsahibələrində və xalqa müraciətlərində diqqət çəkdiyi vacib məqamlardan biri Ordumuzun uğurlu əməliyyatları sayəsində qoşunların təmas xəttində yeni vəziyyətin yaranması ilə bağlıdır. Artıq vaxtilə Ermənistanın xeyrinə olan status-kvo yoxdur. Azərbaycan Ordusu bir neçə istiqamətdən qoşunların təmas xəttini keçib, onilliklər ərzində qurulan beton istehkamlar dağıdılıb. Hazırda işğaldan təmizlənən ayrı-ayrı ərazilərdə üçrəngli bayrağımız dalğalanır. Xalqa son müraciətində vəziyyəti səciyyələndirən Prezident İlham Əliyev deyib: “Uzun illərin doğma torpaq həsrəti sona çatır. Biz öz üzərimizə düşən missiyanı şərəflə yerinə yetiririk, ölkəmizin ərazi bütövlüyünü bərpa edirik və bərpa edəcəyik”.
Mülki şəxslərin qətlə yetirilməsi erməni faşizminin növbəti təzahürüdür
İşğalçı Ermənistanın dövlət siyasətinin əsasında faşist ideologiyası dayanır. Məhz bu ölkədə vaxtilə nasistlərlə işbirliyində olan, onlara donoslar çatdıran şəxslər qəhrəmanlaşdırılır, onların xatirəsinə abidələr ucaldılır. Ermənistanda böyüməkdə olan nəslə azərbaycanlılara və türklərə beşikdən başlayaraq nifrət aşılanması dövlət tərəfindən güclü şəkildə təşviq olunur.
İşğalçı dövlət öz xislətinə, həmçinin son hadisələr zamanı da sadiq qalır. Məlumdur ki, forpost dövlətin ordusu heç vaxt açıq döyüşlərdə qalib gəlməyib. Dağlıq Qarabağ münaqişəsinin xronologiyasına nəzər salsaq, görərik ki, düşmən qüvvələri hərb meydanındakı məğlubiyyətlərinin əvəzini həmişə mülki əhalini hədəfə almaqla çıxmaq istəyib. Humanitar atəşkəslə bağlı əldə olunan razılaşmalardan sonra erməni hərbi birləşmələrinin Azərbaycanın şəhər və kəndlərini artilleriya atəşinə tutması erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür.
Azərbaycanın hər dəfə humanitar atəşkəsə əməl etməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələrinin bu razılaşmaları kobud şəkildə pozmaqda davam etdiyinin şahidiyik. Xəbər verildiyi kimi, Suqovuşan ərazisində sanitar maşınının atəşkəsin müəyyən olunduğu vaxtdan bir neçə saat sonra Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində bir nəfər tibb xidməti qulluqçusu ağır yaralanıb. Həmçinin cəbhə bölgəsindən xeyli kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşlərinə məruz qalıb. Nəticədə aralarında uşaq və qadınlar da olmaqla onlarca mülki şəxs həyatını itirib, çoxlu sayda yaralananlar var. Dinc əhalinin, mülki infrastrukturun düşmən qüvvələri tərəfindən atəşə tutulmasını qətiyyətlə pisləyən dövlətimizin başçısı “Bu, bir daha Ermənistan rəhbərliyinin faşist mahiyyətini göstərir. Birinci dəfə deyil ki, bizim şəhərlərimiz atəşə məruz qalır və demək olar ki, hər gün Tərtər, Ağdam, Goranboy, Ağcabədi və digər şəhərlərə Ermənistan atəş açır. Bu atəş nəticəsində vətəndaşlarımız həlak olur, yaralanır, 2 mindən çox ev dağıdılıb, ya da ki, bu evlərə çox böyük ziyan vurulubdur. Ancaq bu namərd hərəkətlər Azərbaycan xalqının iradəsini qıra bilməz”, - deyə xalqa son müraciətində bildirib.
Ümumiyyətlə, işğalçı Ermənistanın törətdiyi müharibə cinayətlərinin əhatə dairəsi kifayət qədər böyükdür. Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində Ermənistan hərbi birləşmələrinin mülki əhalini hədəf almasına toxunan Prezident İlham Əliyev vurğulayıb: “Bütün cəbhəboyu istiqamətlərdə Ermənistan məğlubiyyətə uğrayır və belə olan halda öz heyfini, öz acısını, öz məğlubiyyətini mülki şəxslərdən çıxmaq istəyir. Bu, onların xislətidir. Çünki Xocalı soyqırımını törədənlər məhz Gəncəyə o hücumu da törətmişlər”.
Düşmən tərəf humanitar atəşkəs rejimini pozduğunu, mülki əhalini, o cümlədən də Gəncəni atəşə tutduğunu hər vəchlə gizlətməyə çalışır. Ancaq dövlətimizin başçısının da bildirdiyi kimi, artıq dünya erməniliyi, Ermənistanın havadarları, onların hamiləri və islamofob dairələr bu cinayəti gizlədə bilməyəcəklər. Çünki artıq hər şey göz qabağındadır.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 354 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31