Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev: Biz düşmənin belini qırdıq, biz şanlı Qələbə qazandıq

Prezident İlham Əliyev: Biz düşmənin belini qırdıq, biz şanlı Qələbə qazandıq

01.12.2020 [09:00]

Son 17 ildə Azərbaycanın özünün iqtisadi və siyasi müstəqilliyini tam təmin etməsi Vətən müharibəsində tarixi qələbənin əldə olunmasında xüsusi rol oynadı
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üç onillik ərzində həllini tapmadı. Əlbəttə, burada müxtəlif amillər rol oynadı. İlk növbədə, ATƏT-in Minsk qrupu formatında aparılan danışıqların səmərəsizliyini qeyd edə bilərik. Ermənistan hər şeyi edirdi ki, işğal məhsulu olan status-kvo sonsuzadək uzansın. Eyni zamanda, beynəlxalq səviyyədə işğalçıya zəruri təzyiqlər göstərilmirdi, əksinə danışıqlar prosesində zor gücünə qonşu dövlətin ərazisinin 20 faizini öz nəzarəti altına keçirən Ermənistanla təcavüzə məruz qalan Azərbaycan arasında eyniləşdirmə aparılırdı. Məqsəd də o idi ki, Azərbaycan xalqı hər şeyi unutsun və torpaq itkiləri ilə barışsın.
Lakin öz dəyərlərinə, milli maraqlarına böyük önəm verən Azərbaycan dövləti və xalqı üç onillik ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində prinsipial mövqeyindən geri çəkilmədi. Öz fəaliyyətini daim milli maraqlarımız, cəmiyyətin sosial sifarişləri üzərində quran Prezident İlham Əliyev danışıqlar prosesində ölkəmizin mövqeyini Özünəməxsus qətiyyətlə və yüksək diplomatik məharətlə diqqətə çatdırırdı, bildirirdi ki, Dağlıq Qarabağ münaqişəsi tarixi ədalət və beynəlxalq prinsiplər nəzərə alınmaqla həllini tapmalıdır, Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz. Silahlı Qüvvələrimizin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində inamla, qətiyyətlə apardığı Vətən müharibəsi düşmən dövlətin işğalçılıq siyasətini bütünlüklə iflasa uğratdı və ölkəmizin ərazi bütövlüyü tam təmin edildi. Prezident İlham Əliyev bir neçə gün bundan əvvəl Ağdam məscidinin qarşısında etdiyi çıxışında Vətən müharibəsində şanlı qələbəmizdən qürurla söhbət açaraq bildirib ki, biz düşmənin belini qırdıq, biz şanlı Qələbə qazandıq. “Biz bütün bu illər ərzində bir amalla, bir arzu ilə yaşamışıq ki, bu torpaqlara qayıdaq və qayıtmışıq. Ermənistan ordusunu məhv etmişik. Ermənistan ordusu demək olar ki, yoxdur. Hərbi cinayətkarları məhv etmişik, onların tör-töküntülərini məhv etmişik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan bütün dünyaya göstərdi ki, güclü dövlətdir, özünün ərazi bütövlüyünü, suverenliyini təmin etməyə qadirdir
İstənilən müharibədə qan-qada, itkilər olsa da, bəzən ondan qaçmaq mümkün olmur. Tarixən müharibələri iki qismə bölüblər - ədalətli və ədalətsiz müharibələr. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində Ermənistanın ölkəmizə qarşı başladığı müharibə ədalətsiz müharibə idi. Çünki zor tətbiq etməklə qonşu dövlətin beynəlxalq birlik tərəfindən tanınan ərazilərini ilhaq etmək məqsədi daşıyırdı. Həmin müharibədə işğalçı dövlət havadarlarının köməyi ilə respublikamızın tarixi torpaqları olan Dağlıq Qarabağı və ona bitişik 7 rayonu zəbt etdi, həmin ərazilərdə etnik təmizləmə apardı, bir milyondan artıq azərbaycanlını zorla öz ev-eşiyindən didərgin saldı, Xocalı soyqırımını törətdi. Üç onillik ərzində 20 faiz ərazimizi işğal altında saxlayan, orada ağlasığmaz müharibə cinayətləri törədən işğalçı Ermənistan cəzalandırılmalı idi və Azərbaycan cari il sentyabrın 27-də düşmənin cəbhə xəttində törətdiyi növbəti təxribata cavab olaraq başladığı Vətən müharibəsində bunu etdi. Respublikamızın 44 gün davam etdirdiyi genişmiqyaslı əks-hücum əməliyyatları ədalətli müharibə idi. Prezident İlham Əliyevin son çıxışlarında və müsahibələrində də bildirdiyi kimi, bizim düşmən ölkənin torpaqlarında hər hansı bir hərbi niyyətimiz yoxdur. Özünün ərazi bütövlüyünü təmin etmək isə ölkəmizin suveren hüququ idi. Vətən müharibəsində parlaq qələbə çalan Azərbaycan bütün dünyaya göstərdi ki, güclü dövlətdir, özünün ərazi bütövlüyünü, suverenliyini təmin etməyə qadirdir.
Azərbaycan Prezidenti İlham Əliyev bəhs olunan çıxışında Vətən müharibəsində qələbəmizi şərtləndirən bir sıra mühüm amilləri diqqətə çatdırıb. Burada, əlbəttə ki, müharibə şəraitində yaşamağımız nəzərə alınaraq son 17 ildə respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü siyasətin həyata keçirilməsinin, ölkənin iqtisadi və maliyyə imkanlarının genişləndirilməsinin, müasir ordu quruculuğunun önəmini qeyd edə bilərik. Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev son 17 ildə müxtəlif auditoriyalarda çıxışları və görüşləri zamanı həmişə ölkəmizi gücləndirməyə çağırışlar edirdi. Dövlət başçısının aldığı müdrik qərarlar, dünyadakı yeni trendlərə uyğun aparılan islahatlar sayəsində respublikamızın iqtisadi müstəqilliyi tam təmin edilib. Prezident İlham Əliyev Vətən müharibəsində parlaq qələbəmizin təmin olunmasında ölkəmizin güclü iqtisadi və maliyyə dayaqlarına malik olmasının mühüm rol oynadığını bildirərək deyib: “Bizim kifayət qədər güclü iqtisadi potensialımız və maliyyə resurslarımız imkan verdi ki, iqtisadi müstəqilliyi tam təmin edək. Bu da qələbənin əldə edilməsində xüsusi rol oynayırdı. Çünki əgər biz iqtisadi cəhətdən müstəqil olmasaydıq, biz siyasi müstəqillik əldə edə bilməzdik. Siyasi müstəqillik olmadan torpaqlarımızı düşməndən azad edə bilməzdik”.
Bəhs olunan dövrdə Azərbaycan dövləti ölkəmizin müharibə şəraitində yaşadığını nəzərə alaraq müasir ordu quruculuğunu bir nömrəli məsələ kimi diqqət mərkəzində saxlayıb. Qürurverici haldır ki, bu gün Azərbaycan dünyanın bütün parametrlər baxımından ən güclü 50 ordusundan birinə malikdir. Prezident İlham Əliyev son 17 ildə respublikamızda müasir ordu quruculuğu siyasətinin həyata keçirildiyini, bundan ötrü büdcədən böyük həcmlərdə maliyyə vəsaiti ayrıldığını nəzərə çatdıraraq bildirib ki, biz ordumuzun döyüş potensialını gücləndirirdik. Müzəffər Ordumuz öz üstünlüklərini 44 gün davam edən Vətən müharibəsində əyani şəkildə nümayiş etdirdi. Silahlı Qüvvələrimiz bütün döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirərək 300-dək kəndi, həmçinin Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, Hadrut, Suqovuşan qəsəbələrini, çoxlu sayda strateji yüksəklikləri bilavasitə döyüş meydanında işğaldan təmizlədi. Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında duruş gətirə bilməyəcəyini dərk edən düşmən, nəhayət, noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu və işğal altındakı Ağdam, Kəlbəcər, Laçın rayonlarından döyüşsüz çıxmaq barədə öhdəlik götürdü. Şanlı Ordumuzun qələbəsini dəyərləndirən Prezident İlham Əliyev “Bu gün bir çox ölkələrdə, inkişaf etmiş ölkələrdə bizim təcrübəmiz öyrənilir. Bu gün bu məsələ ilə məşğul olan bir çox ekspertlər qeyd edirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb. XXI əsrdə ilk dəfə olaraq, bu miqyasda və bu səmərə ilə qısa müddət ərzində tarixi nailiyyətlər əldə edilib”, - deyə vurğulayıb.
İşğaldan azad olunan bütün torpaqlarımıza həyat yenidən qayıdacaq
“Biz bu şəhərləri, bu rayonları yenidən dirçəldəcəyik. Bu rayonların bərpası ilə bağlı böyük planlarımız var. Artıq, bu planlar reallaşır, infrastruktur layihələri icra edilməyə başlayır”. Bu fikirləri Prezident İlham Əliyev noyabrın 25-də Kəlbəcərin işğaldan azad edilməsi ilə əlaqədar xalqa etdiyi müraciətində səsləndirib. Vətən müharibəsinin davam etdiyi günlərdə işğaldan təmizlənən ərazilərdən çəkilən foto və videomateriallardan görünür ki, düşmən üç onillik ərzində işğal altında saxladığı ərazilərimizdə vandalizm, talançılıq əməlləri törədib. Bəhs olunan dövrdə erməni vandalları ekologiyaya ciddi ziyan vurublar, meşələrimizi qırıblar. İstehsal müəssisələrinin avadanlığı, yaşayış evlərinin mebeli, qapı-pəncərələri sökülərək Ermənistana daşınıb. İşğalçı dövlətin ərazilərimizdə törətdiyi dağıntıların miqyası o qədər geniş olub ki, Vətən müharibəsində Ordumuzun şücaəti ilə geri qaytarılan ayrı-ayrı yaşayış məntəqələrində üçrəngli bayrağımızı asmağa salamat bir bina belə tapılmayıb. Üç onillik ərzində işğal altında qalan ərazilərimizdə törədilən vandalizm əməllərini heç nə ilə müqayisə etmək mümkün deyil. Bunun bircə adı var: Erməni vəhşiliyi. İşğalçılar vəhşi qəbilələrtək ayaq basdıqları hər yerdə gözlə görünən hər şeyi dağıdıblar. Ermənilər və onların havadarları Vətən müharibəsində qazanılan qələbə nəticəsində Azərbaycanın nəzarətinə qayıdan ayrı-ayrı xristian abidələrinin gələcək taleyindən narahatlıqlarını bildirərək vay-şivən qoparırlar. Bəs ermənilərin Şuşada, Ağdamda, Füzulidə məscidləri dağıtmalarına və yaxud həmin məkanlarda donuz, mal-qara saxlamalarına nə ad vermək olar? Görəsən, ermənilərin havadarları məscidlərin dağıdılmasına və təhqir edilməsinə nə üçün seyirçi münasibət bəsləyirdilər? Dağlıq Qarabağdakı xristian abidələrinin taleyinə gəldikdə isə, bununla bağlı ermənilərin və onların havadarlarının yalançı təəssübkeşlik nümayiş etdirmələrinə heç bir lüzum yoxdur. Həmin abidələr Azərbaycanın tarixi və mədəni irsidir. Prezident İlham Əliyevin bildirdiyi kimi, həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. Kəlbəcərdə, aran və dağlıq Qarabağın digər şəhər və kəndlərində mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Ölkəmizin digər yerlərində olan xristian Alban məbədləri kimi, Dağlıq Qarabağdakı eyni tarixi köklərə malik abidələr də bundan sonra Azərbaycan dövlətinin və xalqının himayəsində olacaq.
İşğaldan təmizlənən rayonların iqtisadi potensialından səmərəli istifadə edilməsi də vacib məsələdir. Mütəxəssislər bununla bağlı ilkin proqnozlarını açıqlayıblar. Bəhs olunan ərazilərin su ehtiyatları kifayət qədər çoxdur. Azərbaycanın bir neçə böyük çayı öz mənbəyini bu günlərdə işğaldan təmizlənən Kəlbəcər rayonundan götürür. Bu və ya digər çaylar, eləcə də ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Sərsəng su anbarı ətraf rayonlarda böyük torpaqları qidalandırmaq imkanına malikdir. Müvafiq layihələr icra edildikdən sonra aran və dağlıq Qarabağda dövriyyəyə yeni suvarılan torpaqlar cəlb etməklə kənd təsərrüfatının ənənəvi sahələrini dirçəltmək mümkün olacaq. İşğaldan təmizlənən ərazilərimizin turizm potensialı da kifayət qədər genişdir. Kəlbəcərdəki İstisu kurortu zamanında bütün ittifaq məkanında məşhur idi. Mənfur düşmən burada da hər şeyi dağıdıb. Prezident İlham Əliyev bildirib ki, bütün bunlar bərpa olunacaq.
İşğaldan azad edilən bölgələrimiz, həmçinin böyük mineral ehtiyatlara malikdir ki, bu da emal sənayesi üçün geniş perspektivlər açır. Mütəxəssislər bildirirlər ki, bu ərazilərdə müasir emal sənayesinin, Şuşada yaradıcı sənayenin qurulması, turizmin, kənd təsərrüfatının inkişaf etdirilməsi perspektivdə ölkə üzrə ümumi daxili məhsul istehsalının artmasına, ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə müsbət təsir göstərəcək.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 533 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31