Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanla Türkiyə arasındakı möhkəm əlaqələrin təməlində iki ölkə xalqlarının qardaşlığı və liderlərin siyasi iradəsi dayanır

Azərbaycanla Türkiyə arasındakı möhkəm əlaqələrin təməlində iki ölkə xalqlarının qardaşlığı və liderlərin siyasi iradəsi dayanır

07.05.2021 [08:55]

Prezident İlham Əliyev: Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da bütün məsələlərdə bir-birini dəstəkləyəcək, bütün məsələlərdə bir-birinin yanında olacaq və öz əməli işləri, addımları ilə yaşadığımız bölgədə sülhün bərqərar olmasında səylərini davam etdirəcəklər
Yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətləri dostluğun, qardaşlığın zirvə nöqtəsidir və bütün dünya ölkələri üçün nümunə sayıla bilər. Əlamətdar haldır ki, iki ölkə arasında dostluq və müttəfiqlik münasibətlərinin dərinləşməsinə həm cəmiyyətlər, həm də dövlətlər səviyyəsində böyük maraq göstərilir. Bu da Azərbaycan-Türkiyə əlaqələrinin dinamikliyini şərtləndirir. Hazırda dünyada iki ölkənin münasibətlərinə hansısa bir formada xələl gətirə biləcək qüvvə, amil yoxdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının etimadnaməsini qəbul etdikdən sonra onunla söhbətində ölkələrimiz arasında münasibətlərin hazırkı yüksək səviyyəsindən məmnunluğunu bildirərək vurğulayıb: “Əlaqələrimizin təməlində xalqlarımızın qardaşlığı və liderlərin siyasi iradəsi dayanır. Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da bütün məsələlərdə bir-birini dəstəkləyəcək, bütün məsələlərdə bir-birinin yanında olacaq və öz əməli işləri, addımları ilə yaşadığımız bölgədə sülhün bərqərar olmasında səylərini davam etdirəcəklər”.
Azərbaycan və Türkiyə hər zaman və bütün məsələlərdə bir-birinin yanındadır
Azərbaycanla Türkiyə arasındakı münasibətlər zamanın sınaqlarından çıxıb və hazırda həyatın bütün sahələrini əhatə edir. Bu barədə söhbət açarkən iki ölkə arasında siyasi dialoqun dinamik səciyyə daşımasını xüsusi olaraq vurğulamaq lazımdır. Artıq yaxşı ənənə formalaşıb. Qarşılıqlı hörmətin və etimadın ifadəsi olaraq Azərbaycan Prezidenti dövlət başçısı seçildikdən sonra ilk səfərini, bir qayda olaraq, Türkiyəyə edir, eləcə də Türkiyə Prezidenti dövlət başçısı statusunda ilk səfərini respublikamıza reallaşdırır. Bu ənənə digər səviyyələrdə də davam etdirilir. Eyni zamanda, iki qardaş ölkənin rəhbərləri ikitərəfli və digər platformalarda davamlı olaraq görüşürlər və səmərəli təmaslar qururlar. Bu görüşlərdə və təmaslarda liderlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan koordinasiyalı fəaliyyətlə bağlı aktual müzakirələr aparırlar.
Siyasi dialoqun dinamizminə uyğun olaraq, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq davamlı olaraq genişlənir. Qarşılıqlı investisiya qoyuluşunu və ticarət dövriyyəsini artırmaq üçün möhkəm hüquqi baza mövcuddur. Belə ki, indiyədək Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlığın perspektiv inkişafını özündə ehtiva edən bir sıra sənədlər imzalanıb. Hökumətlərarası Komissiyanın cari ilin fevralında Ankarada baş tutan son iclasında isə sənaye və texnologiya, enerji, müdafiə, mədəniyyət və turizm, nəqliyyat və kommunikasiya, kənd təsərrüfatı və qida təhlükəsizliyi, təhsil, gənclər və idman kimi sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib və bir sıra önəmli qərarlar qəbul olunub. Hökumətlərarası Komissiyanın iclasından sonra keçirilən mətbuat konfransında bildirildiyi kimi, COVID-19 pandemiyasının mənfi təsirlərinə baxmayaraq, Azərbaycan və Türkiyə arasında ikitərəfli ticarət əlaqələri 2020-ci ildə əvvəlki illə müqayisədə 14 faiz artaraq 4,6 milyard dollara çatıb. Ölkələrimiz qarşıya 2023-cü ilədək ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaqla bağlı real hədəf qoyublar.
Bu gün Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlığın dərinləşməsində 2019-cu ildə imzalanmış Preferensial Ticarət Sazişi mühüm yer tutur. Məlumat üçün bildirək ki, Türkiyə şirkətləri Azərbaycanda indiyədək 400-dən çox layihə həyata keçiriblər. Azərbaycanlı iş adamları da qardaş ölkədə yüksək fəallıq nümayiş etdirirlər. Hazırda Türkiyədə Azərbaycan kapitallı 2 minə yaxın şirkət fəaliyyət göstərir.
Azərbaycan-Türkiyə münasibətlərindən danışarkən hər iki ölkənin müxtəlif məsələlərdə bir-birinin ədalətli mövqeyinə dəstək verməsinin önəmini ayrıca qeyd etmək lazımdır. Belə yanaşma regional və qlobal miqyasda ölkələrimizin mövqeyini gücləndirir. Azərbaycan ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində şanlı qələbə qazanaraq üç onillik ərzində düşmənin nəzarətində qalan torpaqlarını işğaldan azad etdi. Bu qələbənin təmin olunmasına dost ölkələr də respublikamıza mənəvi-siyasi dəstək göstərməklə öz töhfələrini verdilər. Heç şübhəsiz ki, bu sırada Türkiyə həmişəki kimi, öndə gəlir. Prezident İlham Əliyev səfirlə söhbətində Türkiyənin Vətən müharibəsində ölkəmizə verdiyi dəstəyi minnətdarlıq hissi ilə xatırladıb. “Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir və bütün məsələlərdə biz hər zaman bir-birimizin yanındayıq. İkinci Qarabağ müharibəsi bunu bütün dünyaya bir daha göstərdi ki, Türkiyə-Azərbaycan bir yerdədirlər və əziz qardaşımın, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilk saatlardan bizi ruhlandırdı. Çünki müharibənin ilk saatlarından başlayaraq Türkiyə və onun Cümhurbaşqanı bizə mənəvi və siyasi dəstək vermişdir. Bu mənəvi və siyasi dəstək müharibənin son gününə qədər göstərildi”, - deyə dövlətimizin başçısı bildirib.
Öz növbəsində, Azərbaycan da beynəlxalq arenada qardaş Türkiyəyə davamlı şəkildə dəstək verir. Məlum olduğu kimi, bir qədər bundan əvvəl ABŞ Prezidenti Co Bayden 1915-ci ildə baş verənlərlə bağlı bəyanatında “soyqırımı” sözünü işlədib. Bu, həmişə arxivlərin açılmasının tərəfdarı olan Türkiyəyə qarşı ədalətsizlikdir. Əslində, soyqırımı törədənlər tarix boyu Türkiyəyə və Azərbaycana qarşı ədalətsizliklər edən, ağlasığmaz müharibə cinayətləri törədən ermənilərdirlər. Ədalət prinsiplərinə əsaslanan Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın mövqeyini ifadə edərək Co Baydenin məlum bəyanatında tarixi səhvə yol verdiyini bildirib. Dövlətimizin başçısı bununla bağlı fikirlərini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla baş tutan telefon danışığında ifadə edib. Dövlətimizin başçısı Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğulayıb. Söhbət zamanı Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu və Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bildirib.
İki ölkənin birgə reallaşdırdıqları layihələr və irəli sürdükləri təşəbbüslər bölgədə sabitliyin, sülhün təmin edilməsində önəmli rol oynayır
Azərbaycan ilə Türkiyənin birliyi təkcə xalqlarımız üçün deyil, bölgə və bütün dünya üçün çox böyük önəm daşıyır. Hazırda ölkələrimiz regional sabitliyin və təhlükəsizliyin təmin olunmasında, Ermənistanın zor tətbiq etməyə, ədalətə və qonşuluq prinsiplərinə məhəl qoyulmamasına əsaslanan siyasətinin qarşısının alınmasında mühüm rol oynayırlar. İki qardaş ölkə öz imkanlarını təqdim edərək Xəzər-Qara dəniz hövzələri regionunun dostluq və əməkdaşlıq məkanına çevrilməsinə davamlı töhfələr verirlər. Azərbaycanın zəngin karbohidrogen resursları qardaş ölkədən keçən diversifikasiya edilmiş marşrutlarla Avropa bazarlarına çatdırılır. Azərbaycanın və Türkiyənin birgə səyləri ilə araya-ərsəyə gətirilən Cənub Qaz Dəhlizinin inşası ötən ilin dekabr ayında tamamlandı. Hazırda bütün iştirakçıların maraqlar balansının təmin edildiyi yeni dəhliz Türkiyənin özünün və Avropanın ayrı-ayrı ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Liderlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan zamanında bir çox dairələrin septik yanaşdıqları və yaxud icrasına maneçilik törətmək istədikləri bu layihənin həyata keçirilməsinə güclü qətiyyət və siyasi iradə göstəriblər. Azərbaycanla Türkiyənin dost Gürcüstanla birgə reallaşdırdıqları Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də regional və qlobal əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, ötən il pandemiya səbəbindən yaranan çətinliklərə baxmayaraq, mühüm infrastruktur layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınan yüklərin həcmi 2 dəfə artıb.
Ötən il 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı qələbə qazanması və işğalçı Ermənistanın kapitulyasiyaya məruz qalması ilə regionda yeni reallıqlar yaranıb. Burada diqqəti çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, artıq regionda müharibə səhifəsi bağlanıb və bütün bölgə dövlətləri arasında yeni əməkdaşlıq imkanları yaranıb. Türkiyə və Azərbaycan bu imkanların reallığa çevrilməsinə, kommunikasiyaların bərpasına öz töhfələrini verməyə hazırdırlar. Bu kimi məqamlara diqqət çəkən Prezident İlham Əliyev deyib: “İkinci Qarabağ müharibəsində Qələbəmiz əlbəttə ki, bölgədə yeni bir reallıq yaratdı. Türkiyə və Azərbaycan bölgədə öz imkanlarını genişləndirdilər, bizim rolumuz, təsir imkanlarımız artdı və artacaq. Birgə həyata keçirdiyimiz bütün layihələr, təşəbbüslər bölgədə sabitliyin, sülhün təmin edilməsi üçün önəmli rol oynayır”.
Qeyd edək ki, ötən il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanata əsasən, yaradılacaq nəqliyyat dəhlizi iki mühüm komponentdən - dəmir yolundan və avtomobil magistralından ibarət olacaq. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, Azərbaycan artıq layihənin ayrı-ayrı seqmentləri üzrə işlərə başlayıb.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 616 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31