Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli dövlətçilik tariximizin ən mühüm səhifələrindən biridir

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli dövlətçilik tariximizin ən mühüm səhifələrindən biridir

28.05.2021 [10:08]

Prezident İlham Əliyev: Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq
Müstəqil milli dövlətə sahib olmaq hər bir xalqın ən böyük uğuru və tarixi nailiyyətidir. Bu mənada, Azərbaycan xalqını xoşbəxt xalq adlandırmaq mümkündür. Xalqımız tarixboyu yadellilərlə mübarizə apararaq yurd yerlərini istilalardan qoruyub, həmişə öz taleyinin sahibi olmağa, özünün müstəqil dövlətini qurmağa can atıb. 1918-ci il mayın 28-də öz dövlətini qurması, əslində, xalqımızın milli kimliyinin, hansı arzularla, ideallarla yaşamasının son dərəcə parlaq təcəssümü idi.
103 il əvvəl yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika idi. Bu gün müstəqil dövlətimiz, xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə böyük qürur hissi və hörmətlə yanaşır. Prezident İlham Əliyev xalqımızın müsəlman Şərqində ilk demokratik respublika yaratmasından məmnunluğunu ifadə edərək vurğulayıb: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi xalqdır”.
Azərbaycan Xalq Cümhuriyyəti dövlət idarəçiliyi sahəsində bir sıra mütərəqqi ənənələrin əsasını qoyub
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın zəngin dövlətçilik tarixində çox mühüm bir mərhələni təşkil edir. Bununla xalqımız müstəqil yaşamaq əzmini bütün dünyaya nümayiş etdirib. Xalq Cümhuriyyəti son dərəcə mürəkkəb tarixi şəraitdə yaranmışdı. Lakin Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, dünyada dövlət idarəçiliyi sahəsində bir sıra mütərəqqi ənənələrin əsasını qoydu. Prezident İlham Əliyev “Azərbaycan Xalq Cümhuriyyəti 23 ay ərzində fəaliyyət göstərmişdir. Ancaq bu müddət ərzində böyük işlər görə bilmişdir. Azərbaycanın dövlət bayrağı təsis edilmişdir, Azərbaycan vətəndaşlığı təsis edilmişdir, milli ordumuz yaradılmışdır”, - deyə vurğulayıb.
Azərbaycan Xalq Cümhuriyyətinin qısa mövcudluğu tarixində çox sayda qanun qəbul edilmişdi ki, onların da bir çoxu özündə məhz demokratik dəyərləri ehtiva edirdi. Biz fəxr edə bilərik ki, Azərbaycan Xalq Cümhuriyyəti hələ 103 il bundan əvvəl qadınların seçmək və seçilmək hüququnu tanımışdı. Xalq Cümhuriyyəti respublikada demokratik dəyərlərin təmin olunmasını özünün təməl prinsiplərindən biri kimi bəyan etmişdi. Xalq Cümhuriyyətində milli, dini mənsubiyyətə fərq qoyulmadan respublikanın bütün vətəndaşlarının hüquq və azadlıqları təmin edilirdi. Hazırda dünyada getdikcə artan gərginliklər fonunda multikulturalizmlə, tolerantlıqla bağlı çağırışlar böyük aktuallıq daşımağa başlayıb. Azərbaycan isə bu gün olduğu kimi, o dövrdə multikulturalizm ənənələrinə böyük hörmətlə yanaşırdı. Xalq Cümhuriyyəti dövründə Bakı Dövlət Universiteti yaradılmışdır və bu da Cümhuriyyətin milli kadrların yetişdirilməsi işində, təhsilin inkişafında böyük işlər görmək niyyətində olduğunu təsdiqləyir. Xalq Cümhuriyyəti tərəfindən sərhəd dəstəsinin yaradılması, Gəncənin tarixi adının özünə qaytarılması da xüsusi vurğulanmalıdır.
Xalq Cümhuriyyətini müsbət mənada fərqləndirən əsas məqamlardan biri də onun parlamentli respublika kimi qurulması idi. Cümhuriyyətin parlamentində respublikanın hüdudlarında yaşayan bütün millətlərin nümayəndələri təmsil olunurdular.
Ulu Öndər Heydər Əliyev Azərbaycanın real müstəqilliyini təmin edib
Müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. Biz Azərbaycanın timsalında bu həqiqətin bir daha şahidi olmuşuq. Respublikamız XX yüzillikdə ikinci dəfə müstəqillik qazanmaq şansı əldə etdi. Lakin 1991-ci ildə əldə olunan müstəqilliyimizin ilk illərində onun başı üstünü qara buludlar almışdı. Biz bu dəfə də müstəqilliyimizi itirə bilərdik. Bunun əsas günahı və məsuliyyəti isə 1992-ci ildə respublikamızda qeyri-legitim yolla hakimiyyəti ələ keçirən AXC-“Müsavat” iqtidarının üzərinə düşür. AXC-“Müsavat” cütlüyünün təmsilçilərinin antimilli siyasəti çox qısa müddətdə dövlətimizi uçurumun kənarına gətirib çıxardı. Məhz belə bir ağır şəraitdə dövlətçilik ənənələrinə böyük önəm verən xalq doğru seçimini edərək böyük dövlət xadimi Heydər Əliyevi təkidlə müstəqil Azərbaycanın rəhbərliyinə çağırdı. Ulu Öndər Heydər Əliyevin xalqının çağırışına səs verərək ikinci dəfə siyasi hakimiyyətə gəlməsi dövlətimizin tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxmasını təmin etdi. Ulu Öndər verdiyi müdrik qərarlarla tezliklə respublikamızda hadisələrin axarını dəyişməyə, hərc-mərcliyi aradan qaldırmağa nail oldu. Ölkədə sabitlik və inkişaf dövrü başladı. Bununla da Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanın real müstəqilliyinin möhkəm əsaslarını yaratdı. Prezident İlham Əliyev Ümummilli Liderimizin Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin edilməsi naminə göstərdiyi tarixi xidmətlərə diqqət çəkərək bildirib: “Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir”.
Yeri gəlmişkən, Azərbaycan Xalq Cümhuriyyətinin atributlarının müstəqil Azərbaycan Respublikasının dövlət rəmzləri kimi qəbul edilməsi də Ulu Öndərin müstəsna xidməti idi. Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Heydər Əliyevin Sədrliyi ilə keçən 1990-cı il 17 noyabr tarixli sessiyasında qəbul edilən tarixi qərarlar Ulu Öndərin milli təəssübkeşliyinin, Cümhuriyyət ideyalarına sədaqətinin təzahürü idi. Prezident İlham Əliyev deyib: “Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağını ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında dövlət bayrağı kimi məhz Heydər Əliyev təsdiq etmişdir. Sovet İttifaqının saxlanmasına dair referendumun Naxçıvanda keçirilməsinə imkan verməmişdir, baxmayaraq ki, Azərbaycanın bütün başqa yerlərində bu referendum keçirilmişdir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirmiş və “Sovet Sosialist” sözlərini oradan çıxarmışdır. Yəni, əlbəttə, xalq yaxşı bilirdi ki, Heydər Əliyev güclü liderdir, Vətənə bağlı olan insandır və məhz belə bir insan Azərbaycana rəhbərlik etməlidir”.
Cümhuriyyət dəyərlərinə böyük önəm verən Azərbaycan qısa müstəqillik tarixində böyük uğurlara imza atıb
Bu gün müstəqil Azərbaycanda Cümhuriyyət dəyərlərinə böyük önəm verilir. Azərbaycan dövləti Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə hörmətlə yanaşır. Bir neçə il bundan əvvəl dövlət başçımızın imzaladığı müvafiq Sərəncama əsasən, Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldıldı, Cümhuriyyət qurucularının adları əbədiləşdirildi. Prezident İlham Əliyevin digər bir Sərəncamı ilə 2018-ci il respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu. Dövlətimizin başçısı deyib: “Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq”.
Hazırda respublikamız əlamətdar tarix ərəfəsindədir. Ölkəmiz öz müstəqilliyinin 30-cu ilini qarşılamağa hazırlaşır. Üç onillik dövlət quruculuğu baxımından elə də böyük müddət deyil. Ancaq qısa müstəqilik tarixində respublikamız həyatın bütün sahələrində möhtəşəm uğurlara imza atıb. Ötən dövrdə Azərbaycanın özünün iqtisadi müstəqilliyini tam təmin etməsi böyük nailiyyətdir. Otuz il ərzində milli iqtisadiyyatımız 3 dəfədən çox genişlənib ki, bu da bütün dünya üzrə ən yaxşı göstəricilərdən biridir. Qısa müstəqillik tarixində ölkəmiz güclü iqtisadi zəmin üzərində, həmçinin özünün siyasi müstəqilliyini təmin edib. Dünyada nüfuzu getdikcə artan Azərbaycan beynəlxalq münasibətlərdə önəmli rol oynayır, qlobal iqtisadi və humanitar layihələrdə liderlik keyfiyyətləri nümayiş etdirir. Azərbaycan müstəqilliyinin 30-cu ilinə artıq yalnız regionda deyil, ümumilikdə, dünyada çəkisi və rolu artan, bütün sahələrdə sürətli tərəqqiyə nail olmuş, öz milli maraqlarının müdafiəsində və tarixi ədalətin bərpa edilməsində uğur qazanmış, torpaqlarını işğaldan azad etmiş qüdrətli dövlət kimi daxil olur. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Dünya birliyi Azərbaycana böyük hörmətlə, böyük rəğbətlə yanaşır. Bu gün dünyanın siyasi xəritəsində Azərbaycanın yeri çox möhkəmdir”.
Əlamətar haldır ki, dünyanın ayrı-ayrı ölkələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidentinə ünvanladıqları məktublarda da respublikamızın müstəqillik illərində qazandığı uğurlar, ölkəmizin qlobal əməkdaşlığa verdiyi töhfələr yüksək dəyərləndirilir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 632 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31